qumru E

Nikahın ləğvi və ya etibarsızlığı – “VƏKİL BÜROSU”

Baxış sayı: 688

Ailə insanın sahib ola biləcəyi ən qiymətli varlıqdır. Ailə cəmiyyətin təməlidir. Ailə qanunlarla minimum səviyyədə tənzimlənən sahələrdən biridir. Həyatda ən böyük xoşbəxtlik ailənizin sizi sevdiyinə, sizi kim olduğumuza görə sevdiyinə və ya biz olduğumuza rəğmən sevdiyinə inamdır. Ailə xoşbəxtliyinin açarı xeyirxahlıq, səmimiyyət və cavabdehlikdir.

 

Bəs nikah nədir?

Nikah ailə yaratmaq məqsədi ilə qanunla müəyyən edilmiş qaydada tərəflərin azad və qarşılıqlı razılığı ilə bağlanan kişi və qadın arasında (Qanunvericiliyə uyğun olaraq hər ikisinin yaşı 18-dən az olmamalıdır) bərabər və könüllü birlikdir. Nikah dövlət orqanında (qeydiyyat şöbəsində) rəsmi qeydiyyata alınır, bundan sonra ər-arvadın qarşılıqlı hüquq və vəzifələri olur. Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir. Yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah rəsmi qəbul edilir. Lakin, Azərbaycanın bəzi bölgələrində nikah bağlanmasını kəbinlə əvəz edirlər, bu da rəsmi qaydada qəbul edilmiş bir izdivac sayılmır, yəni kəbin (dini nikah) heç bir hüquqi əhəmiyyətə malik deyildir.  Bu o deməkdir ki, arvadla ər arasında mülkiyyət və şəxsi hüquqlar yaranmır. Onlar rəsmi olaraq ər-arvad sayıla bilməz, onlar yalnız birgə yaşayan şəxslər kimi sayılırlar, başqa sözlə desək vətəndaş nikahı ilə yaşayan şəxslər kateqoriyasına aid edilirlər. Buna görə də, nikahınızı qeydiyyat şöbəsində qeyd etmək vacibdir, çünki bu, Sizin, həm də uşaqlarınız hüquq və mənafelərini qoruya bilər və gələcəkdə nikaha xitam verilərsə. Birgə nikah dövründə əldə edilmiş əmlaklara nisbətdə də pay hüququ əldə etmiş sayılarsınız.

 

Nikahın bağlanmasına mane olan hallar hansılardır?

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar), eləcə də, övladlığa götürənlər və övladlığa götürülənlər və sadalananlardan ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər nikaha daxil ola bilməzlər. Həmçinin, yuxarıda da qeyd edildiyi kimi, nikaha daxil olarkən, mütləq şəkildə tibbi müayinədən keçməni təsdiq edən arayış təqdim olunmalıdır, əgər olunmazsa o zaman nikaha daxil olmaqdan imtina ediləcəkdir. Nikaha daxil olmaq istəyən qadın və yaxud kişi və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmişlərsə, qeydiyyat orqanı onları da nikaha daxil olmalarına icazə verməyəcəkdir.

 

Nikaha hansı hallarda xitam verilir?

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 16-cı maddəsinə əsasən, nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, məcəllədə nəzərdə tutulmuş hallarda məhkəmə tərəfindən həyata keçirilir. Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanında aparılır:

– ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;

– ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə.

 

Nikah hansı halda etibarsız hesab edilə bilər?

Yuxarıda sadalanan şərtlər pozulduqda, eləcə də, tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikahın etibarsız hesab edilməsi yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Etibarsız hesab edilmiş nikah ər-arvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır. Nikahı etibarsız sayılmış şəxslərin birgə əldə etdikləri əmlaka Azərbaycan Respublikası Mülki Məcəlləsinin ümumi paylı mülkiyyət haqqında müddəaları tətbiq edilir. Nikahın etibarsız sayılması bu nikahdan doğulan və ya nikahın etibarsız sayılması günündən sonra 300 gün ərzində doğulan uşaqların hüquqlarına təsir etmir. Nikah etibarsız hesab edilərkən məhkəmə, belə nikahın bağlanması nəticəsində hüquqları pozulmuş ərin (arvadın) saxlanması üçün digər tərəfdən vəsait tuta bilər, habelə nikah etibarsız hesab edilən vaxtadək həmin şəxslərin birlikdə əldə etdikləri əmlakın bölgüsü zamanı qanunvericiliklə müəyyən edilmiş normaları tətbiq edə, həmçinin nikah müqaviləsini tamamilə və ya qismən etibarlı hesab edə bilər. Ər (arvadın) ona vurulmuş maddi və ya mənəvi ziyanın mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalar üzrə ödənilməsini tələb edə bilər. Nikah etibarsız hesab edildikdə, ər (arvad) nikah qeydə alınan zaman keçdiyi soyadı saxlaya bilər.

Ailə – nikahdan, qohumluqdan, övladlığa götürmə və ya uşaqların tərbiyəsi üçün övladlığa götürmənin digər formalarından irəli gələn hüquq və vəzifələrlə bağlı olan və ailə münasibətlərinin möhkəmlənməsinə və inkişafına töhfə verən şəxslər dairəsidir. Ailəni qorumaq hər bir vətəndaşın mənəvi borcu olmalıdır.

 

Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir