bey-gelin-nigah-A620x350

Nikahöncəsi müayinənin aylıq dəhşətli STATİSTİKASI

Baxış sayı: 1. 778

Son bir ay ərzində nikaha girmək üçün tibbi müayinədən keçən cütlüklərin dəhşətli statistikası açıqlanıb. Belə ki, iyun ayı ərzində ailə qurmaq istəyən 12959 nəfərin icbari tibbi müayinəsi həyata keçirilib. Onlardan 332 nəfərdə talassemiya daşıyıcısı aşkarlanıb. Cəmi 2 cütlüyün hər ikisində bu qan xəstəliyi aşkar edilib. 12  nəfərdə QİÇS, 49 nəfərdə isə sifilis aşkarlanıb. 

Bu barədə müvafiq mərkəzlərə geniş məlumat verilib. Bu cür yoluxucu xəstəliklərin məhz Azərbaycanda olması və sayının çoxluğu həyəcan təbili çalmağın zamanı olduğunu deməyə əsas verir. Maraqlıdır, bu cür yoluxucu xəstəliklərin Azərbaycanda peyda olmasına səbəb gigiyenik qaydalara riayət etməməkdirmi? Ümumiyyətlə, hökumət bununla bağlı ciddi tədbirlər görməlidirmi?

Bir çox mütəxəssislər bu cür məcburi tibbi müayinənin evlilik yaşamasının bir addımlığında deyil, nişanlılıq dönəmində edilməsinin tərəfdarıdır. Onlar evlilik ərəfəsinə qədər gənclərin bir-birinə öyrəşdiyini, qohumların yaxınlaşmasını, bu günə qədər nişan, toya hazırlıq prosesində çəkilən xərcləri nəzərə alaraq belə məcburi müayinənin hələ yolun başlanğıcında – gənclərin nişanlanmağa qərar verdiyi ərəfədə həyata keçirilməsini daha məqsədəuyğun hesab edir.

Sosioloq Əhməd Qəşəmoğlu da bu cür düşünənlər sırasındadır. Sosioloq bu statistikanın həyəcan təbili çalınası və ürək ağrıdan bir statistika olduğunu bildirdi: “Uyğun strukturların hamısı bu məsələdə çox diqqətli olmalıdır və hər kəs öz öhdəsinə düşən sahədə fəaliyyətə keçməlidir. İstər kütləvi informasiya vasitələrində, istər də televiziyalarda maarifləndirmə işi aparılmalıdır. Amma bu, insanları incidəcək şəkildə aparılmamalıdır. Burada xüsusi metodlarla maarifləndirmə işi sürətlə getməlidir. Ortada sərbəst davranış, xalqımızın adət-ənənəsinə uyğun olmayan normalarda davranış formalarında olmağın yayıldığını göstərir. Ona görə istər qanunvericilik orqanları, istər humanitar siyasətlə məşğul olanlar, ümumiyyətlə, bütün strukturların hamısının həyəcan təbili çalacağı bir məsələdir. Təcili və fövqəladə vəziyyət olaraq uyğun strukturlarda mütəxəssislər toplaşmalı, burada psixoloqlar, sosioloqlar da olmalıdır. Həmçinin inzibati, qanunverici orqanların nümayəndələri də təmsil olunmalıdır. Bu məsələ ciddi şəkildə müzakirə edilməli və operativ qərarlar qəbul olunmalıdır”.

Ekspertin fikrincə, yaranmış durum eyni zamanda gənclərin, elə yaşlıların da bu sahədə münasibətlərdə bir mədəniyyət səviyyəsinin aşağı olmasının göstəricisidir: “Dünyada qəbul olunmuş normalar var. Biz bu normaları bilmirik. Bu statistika hələ evlənmək istəyib yoxlanılanlardır. Təsəvvür edin ki, nə qədər adam elə, sadəcə, görüşür, heç bir nikah kəsdirmədən birlikdə yaşayır. Görün onların arasında nə qədər belə xəstəliklər var. Bu insanlar hələ abırlı, qanacaqlı evlənmək istəyən insanlardır. Bunların arasında bu qədər faktlar çıxıbsa, sərbəst davranışlı insanların arasında inanın ki, bu statistika qat-qat yüksəkdir. Ona görə bu faciəvi bir mənzərədir. Bununla bağlı, dediyim kimi, operativ olaraq qərarlar qəbul olunmalıdır”.

Sosioloq gənclərin nişanlılıq dönəmində bu cür tibbi müayinədən keçməsinin hər iki tərəf üçün daha əhəmiyyətli olduğunu dedi: “Axır mərhələdə bu cür xəstəliklərin üzə çıxması çox qorxunc bir vəziyyət yaradır. Əvvəla, insanlar bir-birinə öyrəşir, qohumlar arasında get-gəl münasibətləri çoxalır, ortada hədiyyələr alınır, xərclər çəkilir. Toy ərəfəsində bunun ortaya çıxması daha faciəvidir. Amma gənclər evlənmə qərarına gəldikdə heç kimə bildirmədən gedib tibbi müayinədən keçsələr, bunu bir-birilərindən tələb etsələr, daha doğru olar. Burada da heç bir tərəf utanmamalıdır ki, məni niyə tibbi müayinəyə getməyə məcbur edirsən. Həyat norması kimi olmalıdır”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə bu statistikanın dəhşətli dərəcədə olduğunu düşünmür:“Talassemiya xəstəliyi genetik keçən bir xəstəlikdir. Bu gen daşıyıcıları ölkəmizdə çoxdur. Yəni mən bu statistikanı dəhşətli adlandırmazdım. Sifilisli xəstələrə gəlincə isə, Azərbaycan əhalisinin üç milyona yaxın əhalisi miqrasiya durumundadır. İran, Rusiya, Türkiyə kimi müxtəlif ölkələrə gedib gələnlərin də bu cür xəstəliklərin daşıyıcısı olması mümkündür. Biz qloballaşan bir dünyada yaşayırıq və təbii ki, dünyanın problemlərindən təcrid oluna bilmirik. Bunu öncədən bilmək bu xəstəliyin yoluxma qaydalarına riayət etmək, profilaktik tədbirlər görmək baxımından yaxşıdır. Sadəcə olaraq, bu cür xəstələrdə talassemiyalı uşaqların doğulmasının qarşısını almaq üçün mexanizmlər var. Bu, dövlətin talassemiya əleyhinə proqramında da göstərilib. Bununla bağlı mərkəz artıq mövcuddur və bu cür şəxslər həmin mərkəzdə qeydiyyatda və nəzarətdə olurlar. Belə yoxlanmaların müsbət tərəfi odur ki, yoluxucu xəstəliklər vaxtında aşkar olunur və müvafiq tədbirlər görülür. QİÇS və sifilis xəstəliklərinin isə tam müalicəsi yoxdur. Bu virus bədəndən tam çıxmır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir