nobel

Nobel mükafatı barədə bilmədiyimiz həqiqətlər, pərdəarxası nüanslar…

Baxış sayı: 173

“Nobel Komitəsindən mənə zəng edəndə elə bildim bu, bizim “feyk xəbərlər” dövrünün ruhuna uyğun olan bir zarafatdır.” Bu fikirləri mətbuata açıqlamasında 2017-ci il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Kazuo İşiquro səsləndirib.

Bəli, Azərbaycan oxucusunun Nobel mükafatı ilə bağlı təsəvvürləri azərbaycanlı alimlərin orda görünməməsi, bizim bu mükafatla bağlı nəticələrimizin bol olmamasıdır. Amma dünya üçün bu mükafatların yeri və rolu başqadır. Hər il bu vaxt aktuallaşan mövzunun detallarını bilməyənlər üçün “Yeni Müsavat” aktual bir dosye hazırlayıb. “Gencaile.az” sözügedən yazını təqdim edir.

 

Mükafatın təkcə adı yoxdur, hədiyyəsi də var

Nobeli kimlər ala bilər, onları necə seçirlər, seçim nə qədər davam edir? Sizin ağlınıza gələn və gəlməyən bütün sualların cavabı ilə bu yazıda tanış olacaqsız. Öncə bilməyənlər üçün xatırladaq ki, Nobel mükafatı dünyaca məşhur kimyaçı, mühəndis və ixtiraçı Alfred Bernard Nobelin vəsiyyəti əsasında 27 noyabr 1895-ci ildə təsis edilib. Onun vəsiyyətinə əsasən beş sahə üzrə bu mükafat verilir:

1.Nobel Kimya Mükafatı

2.Nobel Fizika Mükafatı

3.Nobel Tibb və Fiziologiya Mükafatı

4.Nobel Ədəbiyyat Mükafatı

5.Nobel Sülh Mükafatı

Əlavə olaraq vəsiyyətdən kənar 1969-cu ildən başlayaraq İsveç Bankının təşəbbüsü Nobel İqtisadiyyat Mükafatı təsis edilib. Hər il 10 dekabr tarixində Nobel mükafatları mərasimlərində laureatlara diplom, medal və mükafatı təsdiq edən sənəd təqdim olunur. İsveçli və norveçli rəssamlar tərəfindən hazırlanan Nobel Diplomu əslində unikal incəsənət əsəri hesab oluna bilər. Nobel medalları isə çox qiymətli əl işidir, 18 karatlıq yaşıl və 24 karatlıq sarı qızıldan hazırlanır. Fizika, kimya, fiziologiya, tibb və ədəbiyyat üzrə verilən Nobel medalları üzərində Alfred Nobelin rəsmi, doğum və ölüm ildönümləri qeyd edilir.  İlk mükafat Alfred Nobelin vəfatından beş il sonra verilib.

Dinamiti kəşf edən Alfred Nobelin sərvətini fonda bağışladığını eşidən qohumları məhkəmə vasitəsilə onun vəsiyyətinə etiraz etmişdilər. Beləliklə, ilk Nobel mükafatı ixtiraçının ölümündən düz 5 il sonra sahiblərinə təqdim olunub. Üç elmi nominasiyada ən çox Nobel mükafatı alan ölkələr arasında ABŞ başda dayanır. Fizika, kimya və tibb sahəsində mükafatların 43 faizi ABŞ-dan olan elm adamlarına verilib. ABŞ-ın ardından müvafiq olaraq Almaniya, İngiltərə və Fransa gəlir.

 

Müsəlman nobelçilər – sayları niyə bu qədər azdır?

Bu mövzuda diqqət çəkən nüanslardan biri də Nobel mükafatı alanlar arasında müsəlmanların sayca azlıq təşkil etməsidir. Nobel mükafatının verilməyə başlandığı 1901-ci ildən bəri, cəmi 11 müsəlman mükafatçı olub. İkisi Ədəbiyyat üzrə Nobel alıb. Elmlə bağlı Nobel mükafatlarının indiyəcən yalnız ikisində – fizika və kimya nominasiyalarında müsəlman qaliblər olub. Tibb və iqtisadiyyat üzrə Nobeli alan müsəlman yoxdur.

Abdus Salam – Pakistanlı fizik. Nobel mükafatı almış ilk müsəlman alimidir. 1979-cu ildə amerikalı alimlər. Sheldon Lee Glashow və Steven Weinberg ilə şərikli olaraq Fizika üzrə Nobel Mükafatına layiq bilinib – “elementar hissəciklər arasında zəif və elektromaqnit əlaqəyə aid nəzəriyyənin yaradılmasında xidmətlərinə görə”.

Ahmed Zewail – Misir-Amerika alimi. 1999-cu ildə Kimya üzrə Nobel Mükafatını qazanıb. Mükafat ona “Femtosaniyə texnikasından istifadə etməklə aparılan kimyəvi reaksiyalar zamanı keçid hallarının öyrənilməsinə görə” verilib.

Anwar al-Sadat – Misir prezidenti . 1978-ci ildə İsrailin baş naziri Menachem Begin ilə birgə Nobel Sülh Mükafatına layiq görülüb. İsraillə Misir arasında əldə olunan sülhə görə.

Yasser Arafat – Fələstin Muxtariyyətinin rəhbəri. 1994-cü ildə İsrail siyasətçiləri Shimon Peres və Yitzhak Rabin ilə birgə Nobel Sülh Mükafatına layiq görülüb. “Yaxın Şərqdə sülh yaratmaq səylərinə görə”.

Shirin Ebadi – İranlı hüquq müdafiəçisi. İranda insan haqları uğrunda, xüsusən qadın və uşaqların hüquqları uğrunda mübarizəsinə görə 2003-cü ilin Sülh Mükafatı ona verilib.

Mohamed El Baradei – Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri kimi “nüvə enerjisinin yalnız sülh məqsədləri üçün istifadəsinə çalışdığı üçün” 2005-ci ilin Nobel Sülh Mükafatına layiq bilinib. Misirlidir.

Muhammad Yunus – banqladeşli iqtisadçı. 2006-cı ildə Nobel Mükafatı onunla birlikdə Grameen Banka verilib. Kasıblar üçün əlyetərli kredit sistemi yaratdıqları üçün.

Tawakel Karman – yəmənli insan haqları müdafiəçisi. 2011-ci ildə liberiyalı Ellen Johnson Sirleaf və Leymah Gbowee ilə birlikdə dinc üsullarla qadın hüquqları uğrunda mübarizəsinə görə Nobel Sülh Mükafatına layiq görülüb.

Naguib Mahfouz – Misir yazıçısı. Ədəbiyyat üzrə Nobel Mükafatını 1988-ci ildə alıb.

Orhan Pamuk – Türk yazıçısı. Ədəbiyyat üzrə Nobel Mükafatını 2006-cı ildə qazanıb.

Əziz Sancar – ABŞ-da yaşayan türk 2015-ci ildə alim biokimya sahəsində ali mükafatı alıb

Namizədləri kim irəli sürə bilər – iki qızıl qayda

Image result for Nobel

Nobel mükafatı yalnız qalibləri tanıyır. Yəni burada ikinci və üçüncü yeri tutmaq mümkün deyil. Namizədlərin adı və səsvermənin necə keçdiyi isə ictimaiyyət üçün gizli qalır. Yalnız kimin qalib gəldiyi bildirilir. Verilmiş qərarlar qətidir və yenidən baxıla bilməz. Hər bir kateqoriya üzrə Nobel Komitəsi mövcuddur və laureatları onlar müəyyən edir. Alfred Nobel öz vəsiyyətində bu işə məsul olan klubları onların özlərindən belə soruşmadan təyin edib.

1901-ci ildən başlayaraq hər il mükafat fizika, kimya, tibb və fiziologiya, ədəbiyyat və sülh uğrunda mübarizə sahələrində görkəmli fəaliyyətə görə verilir. 1968-ci ildə İsveç Bankı 300 illik yubileyində iqtisadiyyat üzrə də Nobel mükafatının verilməsi təklifi ilə çıxış etmişdir. Bir qədər tərəddüddən sonra İsveç Kral Akademiyası bu sahə üzrə də mükafatın təsis olunmasına razılıq verdi. Təsis olunduğu zaman bir sahə üzrə iki dəfə mükafat verilmə və ölümdən sonra təltif edilmə nəzərdə tutulmurdu.

Hər bir nominasiya üzrə namizədlərin irəli sürülmə qaydaları müxtəlifdir. Amma iki əsas qayda mükafatların hamısı üçün eynidir: birincisi, heç kim öz namizədliyini irəli sürə bilməz; ikincisi, komitə üzvləri və əvvəlki laureatlar namizədlər irəli sürə bilərlər. Bundan başqa, Nobel mükafatı üzrə hər bir komitənin dünyanın istənilən yerində öz sahələrində tanınmış institutlarla şaxələnmiş əlaqə sistemi var. Bu dairə bir neçə min adamı əhatə edir və onlar məktublar göndərərək Nobel mükafatlarına namizədlər təklif edirlər.

Image result for Nobel

1 milyon avroluq mükafat – dünyada bunun örnəyi yoxdur

Cari ildə baxılmaq üçün təklif olunan namizədlər uyğun Nobel komitələrinə fevral ayının 1-nə qədər təqdim olunmalıdır. Fevralın 1-dən sonra isə Nobel komitələri namizədləri qiymətləndirməyə başlayır. Bu işdə xüsusi təsis olunmuş Nobel institutları iştirak edir. Çünki beş nəfərdən ibarət komitənin əhəmiyyətli sahə ədəbiyyatları ilə tanış olması, namizədlərin gördükləri işləri qiymətləndirməsi imkan xaricindədir.

Nobel Komitəsi yalnız öz qərarını hazırlayır, amma onu qəbul etmir. Nobel mükafatının verilməsi ilə bağlı qərarı Nobel Cəmiyyəti verir. Komitənin vəzifəsi yalnız oktyabrın əvvəlində olacaq iclasa qədər seçilmiş namizədlərin siyahısını təqdim etməkdir. Praktikada komitələrin təklifləri əksər hallarda mükafatın əvvəlcədən kimə veriləcəyini həll etmiş olur.

Lakin cəmiyyət bu təklifləri nəzərə almaya da bilər. Yəni nəzəri olaraq komitənin təklif etmədiyi şəxsi də seçə bilər. Məsələn, 1979-cu ildə Kral İnstitutunun əlli professorundan ibarət olan Nobel Cəmiyyəti biotibb üzrə fundamental tədqiqatlarla məşğul olan alimin komitə tərəfindən təklif olunmuş namizədliyini rədd etmiş, mükafatı kompüter tomoqrafiyasını kəşf edən alimə vermişdi (bu, çox sonralar məlum olmuşdu).

Səsvermədən dərhal sonra qalibə və ya qaliblərə zənglər başlayır və mətbuat konfransında laureatların adları elan olunur. Alfred Nobelin qərarına görə, Nobel mükafatı ən çoxu üç qalib arasında bölünməlidir. Burada sülh üzrə Nobel mükafatı müstəsnalıq təşkil edir. Belə ki, bu mükafat ayrı-ayrı şəxslərə, təşkilatlara və qruplara da verilə bilər. Digər sahələr üzrə Nobel mükafatları yalnız fərdi şəxslərə verilir və seçki ərəfəsində həmin insanlar sağ olmalıdılar.Yalnız oktyabrda qalib gəlmələri elan olunan və dekabrda mükafatı alana qədər dünyasını dəyişən laureatlara mükafat ölümündən sonra verilir.

Son belə hadisə 1996-cı ildə baş vermişdi. İqtisadiyyat sahəsində mükafata layiq görülməsi haqqında xəbəri eşidən Vilyam Spenser Vikri ürək tutmasından dünyasını dəyişib.

Bu il Nobel mükafatın məbləği 9 milyon İsveç kronu (təxminən 1 milyon 119 min ABŞ dolları) təşkil edib. Beləliklə, mükafatın məbləği ötən illə müqayisədə 12,5 faiz artıb.

 

Nobel ziyafəti – bütün detalları ilə

Nobel mükafatı ilə bağlı daha bir fakt da ondan ibarətdir ki, indiyədək laureatların seçilməsinə nə rəsmi, nə də diplomatik təzyiqlərin təsir edə bilir. Nobel Komitəsi maraqlı dairələr tərəfindən lobbiləşdirilməyə qarşı öz davamlılığına xüsusi əhəmiyyət verir. Keçək mükafatın təqdimetmə mərasiminə. Ziyafətdən sonra bələdiyyə restoranında bütöv ilboyu sonuncu Nobel menyusunu sifariş etmək olur. Hər nəfər üçün bu yemək 130 avroya başa gəlir ki, İsveç ölçüləri ilə bu heç də baha deyil. Təxminən, beş dəfə baha qiymətə xüsusi olaraq Nobel ziyafəti üçün hazırlanmış yemək dəsti də satın almaq olar. Bu dəstdə keramikanın ağlığı nəzərə alınmasa, qızıl və parlaq yaşıl rəng üstünlük təşkil edir. Metal süfrə ləvazimatı cəmi altı predmetdən ibarət olur. Bura gözəl yaşıl “gözlə” bəzədilmiş balıq üçün bıçaq, həm də qızıl suyuna çəkilmiş dörd bakal da daxildir.

Image result for Nobel

Amma Nobel ziyafətinə heç bir maddi vəsaitlə qatılmaq mümkün deyil. Bu, insan təxəyyülünün təsəvvür etmədiyi ən eksklüziv ziyafətdir. Yalnız dahilik və ya bəxtin gətirməsi, ən yaxşı halda isə hər ikisi birlikdə insana şərait yarada bilər ki, bəşəriyyətə ən böyük intellektual kəşflər və elmi uğurlar gətirmiş adamların təntənəli təbrik olunma məclisində iştirak etsin.

Xyortorqet konsert salonunda mükafatların təqdimat mərasimi bitdikdən sonra Melarzedə yerləşən möhtəşəm bələdiyyə binasının 1923-cü ildə tikilmiş giriş qapısı məşəllərlə işıqlandırılır. Laureatlar və dəvət olunmuş qonaqların bir qismi buraya limuzində, xeyli hissəsi isə piyada gəlir. Bütün proseslər kral dəbdəbəsi ilə keçirilir.

Qadınların əlləri öpülür, ziyafət iştirakçıları bir-birini başəymə və təzimlə (kniksen) salamlayır, hətta ən qatı respublikaçılar da qədim saray mərasimində özlərini çox həyəcanlı hiss edirlər.

Kral ailəsi Şahzadələr Qalereyasında Nobel mükafatı laureatlarını və fəxri qonaqları salamladığı zaman digər qonaqlar foyedə gözləyir və yalnız 18:30-da Mavi Salonda hazırlanmış masalar arxasına dəvət olunurlar (əslində, bu salon heç də mavi deyil). Axşam saat 19:00-da qranit qalereyanın sonunda – yuxarıda hündür qapılar açılır. Aşağıdakı salona aparan və bəzəkli məhəccərlə əhatələnmiş mərmər pilləkənə qədər cəmi 50 addımdır. Bayramın başlanmasını xəbər verən şeypur siqnalı eşidilir və Skandinaviyada ən böyük orqanlardan birinin səsi yayılır. İsveç kralı Nobel laureatı olan qadının qolundan tutaraq salona daxil olur (əgər laureatlar arasında qadın olarsa). Əgər qadın laureat olmasa, onda fizika üzrə laureatla salona daxil olur. Onlar adi insanların, laureatların qohumlarının, dostlarının və gənclərin yanına enirlər. Qeyd edək ki, hər il Nobel mükafatının təqdimat mərasimində iştirak etmək üçün İsveç universitetlərindən püşkatma ilə 250 tələbə seçilir. Onlar (bilet üçün) İsveç kronuna hesablanmaqla 100 avro ödəyərək arkanın altında, ən pis yerdə oturmaq imkanı əldə edirlər. Tələbələr eleqant kostyum və ya don geyinirlər, çiyinlərinə sarı-mavi (İsveçin milli rəngləri) rəngdə enli lent atılır.

 

Qaliblər 3 dəqiqədən artıq danışa bilməz

Nobel ziyafətinin sonunda yenidən laureat saatı başlayır.  Onlar növbə ilə kiçik tribunaya qalxır və təşəkkür sözləri söyləyirlər, bəziləri titrəyən səslə, əksəriyyəti təvazökarlıqla danışır. Lakin çıxış edənlərin heç biri danışmaq üçün üç dəqiqə vaxtı olduğunu unutmur.  Nəhayət, ziyafət başa çatır. Yazılmamış qanun var: salonda olanların heç biri salonu kraldan əvvəl tərk edə bilməz. Odur ki, kral bununla bağlı işarə verir. Təbii ki, kral da masa arxasından istədiyi vaxt qalxmır, bunun üçün protokolda nəzərdə tutulmuş vaxt mövcuddur.

Həmin zamana qədər Qızıl Salonda masalar da yığışdırılır və rəqs orkestri artıq hazırdır. Kral ailəsi, laureatlar, professorlar, tələbələr və digər qonaqlar pilləkənlərlə yuxarı qalxır və musiqi başlayır: əvvəlcə Vyana valsı səslənir.  Qızıl Salonda rəqslər gecə saat 1-də başa çatır. Kral ailəsi yenidən Şahzadələr Qalereyasına keçir ki, bir daha laureatlarla söhbət etsinlər, sonra ailə qalereyanı tərk edir, qonaqlar isə qış gecəsinə baş vururlar. Amma bu hələ son deyil. Elə laureat yoxdur ki, Stokholm tələbə birliklərinin təşkil etdiyi çoxsaylı bayramlardan birinə dəvət olunmasın. Stokholmda olduqları müddətdə laureatların ixtiyarına verilən “Volvo-palmon” limuzinlərin sürücüləri yolları yaxşı tanıyırlar. Bununla belə, hər laureatı böyük tələbə korteji müşayiət edir.

Bu bayramlarda Nobel Komitəsinin üzvlərini də görmək olar. Onların simasında xüsusi sevinc və rahatlıq hiss olunur: bu dəfə də hər şey yaxşı keçdi. Sanki onlar hamıdan çox rahatlanırlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir