abort

Oğlan şirin, qız acı paydır?

Baxış sayı: 377

Peyğəmbərimizin “Övladlarınız arasında fərq qoymayın, əgər qoymaq lazım gəlsəydi, mən qızlarıma üstünlük verərdim” kimi dəyərli kəlamı var. Lakin zaman-zaman şahidi oluruq ki, əksər insanlar nədənsə oğlan övladına qızdan üstün baxırlar. İnsanlar psixoloji amillərin təsiri ilə, xüsusilə ata nəslinin, ocağın davam etməsi arzusu ilə ailədə, heç olmasa, bir oğlan uşağının doğulmasını istəyirlər. Gözlədikləri oğlan uşağı doğulmadıqda ər arvadını məzəmmət edir, qadın da oğlan istədikləri halda qız olduğu üçün haqsız yerə özünü günahkar sayır. Quranın Nəhl surəsinin 58-59-cu ayələrində buyurulur ki, İslamdan əvvəlki cahiliyyə dövründə ərəblərdən birinə “qızın oldu” xəbərini verdikdə o, həddindən artıq kədərlənər, üzü qəm-qüssədən qapqara qaralar, xalqdan gizlənməyə çalışar, yenicə doğulmuş qız uşağını utana-utana əlində tutar, yaxud da onu diri-diri torpağa basdırarmış.

 

Niyə məhz oğlan?

Ölkəmizdə də hər zaman oğlan uşağı qızdan daha çox arzulanıb, bu, faktdır. Bir-birinin ardınca doğulan qız uşaqlarına görə dağılan ailələrin də sayı çox olub, oğlan övladı dünyaya gələnədək kəskin qayınana-gəlin münasibətləri də olub, hər kəs tərəfındən haqsız yerə qınanılan analarımız da olub. Hətta oğlan övladı ilə qız övladına münasibətdə kəskin fərq ötən əsrin əvvəllərində ölkəmizdə o dərəcədə özünü büruzə vermişdir ki, “Molla Nəsrəddin” jurnalında da həmin mövzuya münasibət bildirilmişdir. Aşağıdakı karikaturalar o dövrdə ailələrimizdə dünyaya gələn oğlan və qız övladlarına münasibəti aydın şəkildə əks etdirir.

Oğlan olanda…

Qız olanda…

Zəmanəmizdə də ümumiyyətlə, qız övladını istəməyən adamlar çoxdur. Yaxud da bir və ya iki qız övladı olan, növbətinin hökmən oğlan olması arzusu ilə yaşayır. Bizim cəmiyyətimizdə yeni ailə quran gənclərə, yaxud uşaq gözləyən gəlinlərə, övladı olmayan adamlara deyirlər: – “Allah sənə şirin bir pay versin”. Yaxşı bilsəm də ki, bu şirin pay deyiləndə nə nəzərdə tutulur, lakin hər dəfə bu sözləri yenidən eşidəndə onu ikrah hissi ilə qarşılamışam. Bu yaxınlarda belə bir deyimlə yenidən qarşılaşdım. Orta yaşlı bir qadın uşaq gözləyən qadınla söhbətinin sonunda “Allah sənə şirin bir pay versin” deyirdi. Yenə də həmişəki ikrah hissi ilə soruşdum: – “Siz şirin pay deyəndə nəyi nəzərdə tutursunuz?”. Cavabımı belə aldım: – Oğlan uşağını deyirəm də… Mən də ona belə dedim: – Məgər qız acı paydır? Qadın tutuldu və “Yox, amma oğlan daha yaxşıdır axı. Oğlan düşmən çəpəridir, kökün daşıyıcısıdır”,- dedi. İçimdə yeni bir ikrahın baş qaldırdığını hiss etdim və dedim: “Bəs o düşmən çəpəri dediyiniz övladları kim gətirir dünyaya? Acı pay hesab etdiyiniz qızlar gətirmirmi? Deyirsiniz ki, oğlan düşmən çəpəridir. Bizim qızlarımız da elə oğlanlarımız kimi yeri gələndə düşmən çəpəri olurlar. Onlar nə vaxt kişilərdən bir addım geri qalıblar ki?..”.

 

Çox qəribədir…

Qəribədir ki, bəlkə də kişilər oğlan övladını qadınlardan çox arzulayırlar. Ancaq bu istəklərini qadınlar qədər qabartmırlar. Özümüz qadın ola-ola hər kəsə “şirin pay” arzulayırıq. Lakin dərk etmək lazımdır ki, oğlan, yaxud qız olsun, fərqi yoxdur, ta ki sağlam, yaxşı, xeyirli övlad olsun. Elə bir adam tapılmaz ki, o, qonşuluğunda, qohumları arasında yaxşı və yaxud pis övlada rast gəlməmiş ola. Bu, qız da ola bilər, oğlan da. Bir ailə tanıyırdım, dörd oğlan övladı var idi. Ata vəfat etmişdi, ana isə tək yaşayırdı. Övladları uzaqda deyildilər, amma anadan ayrı yaşayırdılar. Günlərin birində ana vəfat edir, oğlanları iki gündən sonra xəbər tuturlar. Bunun əksi olaraq çox sədaqətli, ata-ana qədrini bilən övladlar var ki, xəstə, yaşlı valideynlərinə ömrünün sonunadək böyük hörmətlə yanaşır, onları əzizləyir, qayğılarını çəkirlər.

 

USM-nin bəhrələri

Oğlan övladına olan istəyi USM müayinələri son illərdə o həddə gətirib çatdırmışdır ki, 2011-2015-cü illərdə doğulan uşaqların statistik məlumatlarına görə hər 100 qıza 116 oğlan düşürdü. Bu nisbətə görə Azərbaycanın dünyada Çindən sonra ikinci yeri tutduğu qeyd olunurdu. Sosialoqlar hesablamışdılar ki, belə davam edərsə, 2020-ci ildə doğulan hər dörd oğlana bir qız düşəcək. Bu isə demoqrafıyanın pozulması, gələcəkdə böyük problemlərin yaranacağına yol açılması deməkdir. 2017-ci ildə ölkəmizdə doğulan uşaqlarm 53,1 faizini oğlanlar, 46,9 faizini qızlar təşkil edib. 2020-ci ildə isə doğulan 126 571 uşağın 67 407 nəfəri oğlan, 59 164 nəfəri isə qız olub. 2022-ci ildə isə bu rəqəm oğlanlar üçün 64940, qızlar üçünsə 57906 olub ki, yenə də göründüyü kimi, oğlan uşaqları üstünlük təşkil edir. Bu da balanslaşmada yenə də xeyli fərq var deməkdir Burada elimizin bir deyimini xatırlayıram: – “Qız qaldıqca qızıla dönər”. Lakin belə davam edərsə, deyəsən qız tapıb evlənmək oğlanlar üçün qızıl tapmağa bənzəyəcək.

 

Oğlan, qız fərqi olmaz

Düşünürəm ki, ailələrimizdə oğlan və ya qız övladları arasında ayrı-seçkilik olmamalıdır. Biz həyata özümüz gəlmədiyimiz kimi, alın yazımızı da özümüz müəyyənləşdirmirik. Hər kəsin övlad payı Ulu Yaradan tərəfindən göndərilir. Bir övlad üçün illərlə gözləyənlər var, bunu da unutmayaq. Həmin ailələr oğlan və ya qız olsun, bu barədə düşünmürlər, Allahdan tək bir övlad istəyirlər.

Cəmiyyətimizdə əsas meyarlardan biri ailədə qadınlarla yaxşı rəftar etməkdir ki, İslam dini bunu çox təkidlə buyurur. Belə ki, hətta qadınları Allahın əmanətləri kimi təqdim edərək onların hüquqları barəsində azacıq belə laqeydliyi, etinasızlığı, diqqətsizliyi ilahi əmanətə xəyanət hesab edir. Məhəmməd Peyğəmbər (s) qızı Fatiməni Əli ibn Əbutalibin (ə) evinə köçürən zaman “Ya Əli, qızım sənin əlində əmanətdir”, – buyurur.

Qız övladına daim üstünlük verən Məhəmməd peyğəmbər belə bir dəyərli fıkir də söyləyirdi: “Kim iki qıza baxıb yetkinlik çağına qədər onları yetişdirərsə, Qiyamət günündə o, mənimlə belə olar”. (Peyğəmbər belə deyib barmaqlarını bir-birinə keçirmişdir). Belə isə yenə də düşünüb-daşınıb cəmiyyətimizi oğlan və qız övladları arasında bu xoşagəlməz fərq qoymadan xilas etməliyik. Qoy ta ki evlərimizdən uşaq səsi gəlsin. İstər oğlan, istər qız olsun, fərqi yoxdur.

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir