qadin

Ölkədə “itkin gəlinlər” dalğası niyə səngimir?

Baxış sayı: 155

Son zamanlar Azərbaycanda evindən qaçan gəlinlərlə bağlı statistika xeyli zənginləşib. Bu hekayələrin hər biri digərindən fərqlidir. Səbəblər müxtəlif olsa da, nəticə eynidir. Lap yaxınlarda baş verən belə hadisələrin bəzilərini yada salaq.

İsmayıllının Qalınçaq kəndindən yoxa çıxan 3 uşaq anasının yazdığı məktub tapılıb. 2007-ci ildə Göyçayın Mallı Şıxlı kəndindən İsmayıllının Qalınçaq kəndinə gəlin köçən və hazırda 3 uşaq anası olan Pərvanə Bədəlova ötən ayın 28-i gecə saatlarında uşaqlarından birini götürərək evdən gedib.

Qohumların sözlərinə görə, P.Bədəlovanın anası qızının yoxa çıxmasından sonra məktub tapıb. Məktubda “Məndən nigaran qalmayın, gəlib o biri uşaqlarımı da aparacam” yazılıb.

İsmayıllı Rayon Polis Şöbəsində Pərvanə Bədəlova  itkin düşmüş  şəxs elan edilərək, tapılması üçün zəruri tədbirlər həyata keçirilir.

Avqustun 4-də 28 yaşlı Nərgiz Qasımova azyaşlı uşaqları – 8 yaşlı Günel Qasımova və 6 yaşlı Elgün Qasımov ilə birlikdə Qazax rayonu, Ağköynək kəndindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bir neçə gün sonra onlar Bakı şəhərində tapılıblar. Qadın izahatında bildirib ki, öz istəyi ilə Bakı şəhərinə gedib.

Bundan başqa, avqustun 22-də də Astara rayonu, Məscidməhəllə kənd sakini Hənifəyeva İradə Nəbi qızı Astara Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək qızı, 28 yaşlı Aytən Hənifəyevanın övladları ilə birgə yaşadığı evdən çıxıb getdiyini və bir daha geri dönmədiyini bildirib.

Sentyabrın 1-də Daşkəsən rayonunda gənc qadın itkin düşüb. Daşkəsən şəhər sakini Bəxtiyar Abbasov polisə müraciət edərək həyat yoldaşı, 2000-ci il təvəllüdlü S.Tahirinin gecə saatlarında evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib. O, bir neçə ay əvvəl ailə həyatı qurduğu qadının gecə saat 12 radələrində Daşkəsən şəhəri Nizami küçəsində yerləşən mənzili tərk etdiyini və naməlum istiqamətə getdiyini bildirib.

Şəmkirdə 28 yaşlı Bahar İsmayılova evdən qaçıb. Bir neçə gündür ki, onunla bağlı axtarış verilib və yaxınları polisə müraciət ediblər. O, evdən qaçanda 10 ildir nikahda olduğu əri Tural İsmayılova yazıb: “Məni bir daha axtarmayın, qayıtmayacam. Məni axtarsan da tapmayassan. Tapsan meyitimi tapacaqsan”. Amma sonra ismarıc cırılaraq atılıb.

internet

Sosial şəbəkədə tanış olub qaçdığı şəxs narkoman çıxıb

Amma bir çox hallarda bu hekayələrin nəticəsi heç də xoş olmur. Çünki evdən qaçan gəlini bəzən daha pis bir tale gözləyir. Bu günlərdə məhkəmələrdən birində bacısının yaşadığı kişini öldürdüyü üçün ittiham olunan şəxsin başına gələnlər barədə mətbuatda oxuduq. Elşən Abdullayev adlı şəxs onun evli və iki uşaq anası olan bacısını yoldan çıxarıb qaçıran, daha sonra Qəbələyə geri yola salan Murad Quliyevi qətlə yetirmişdi. O, bu yolla ailələrinin “namusunu təmizlədiyini” bildirmişdi. Bacısı isə məhkəmədəki ifadəsində demişdi ki, on il boyunca əri ilə yaşayıb.

sevgi

Elnur Rüstəmov: “Bizdə qadınlar dözür, dözür, sonda elə addım atırlar ki, bütün nəsil bundan əziyyət çəkir”

Amma evliliklərinin ilk günündən ərinin ailəsində ona xoş münasibət olmayıb. Buna səbəb də toyun səhəri günü baldızının ölməsi və ona “qaradaban” damğasının vurulması olub. Bu illər ərzində iki övladı dünyaya gəlib. Günlərin birində sosial şəbəkədə tanış olduğu şəxsə özü barədə danışıb, yenidən ailə quracağını düşünüb, qadın kimi xoşbəxt olacağına ümid edib. Lakin bu dəfə də bəxti gətirməyib. İkinci cəhd birincidən də uğursuz alınıb. Onun ərini və iki uşağını atıb qaçdığı adam narkoman çıxıb, qadını da narkotikə qurşadıb, pis rəftara məruz qoyub və nəhayət, Qəbələyə geri göndərib.

Psixoloq Elnur Rüstəmov ile ilgili görsel sonucu

“Qaçan qadının sonrakı taleyi barədə də yazılmalıdır…”

Psixoloq Elnur Rüstəmov “Yeni Müsavat”a açıqlamasında bu sayaq situasiyaları təhlil edib. Deyib ki, insanların həyat, yaşam haqqında fikirləri son dönəmlərdə dəyişib. Onun sözlərinə görə, insanlarda gərginlik, narahatlıq artıb və ailə dəyərlərinə münasibət də fərqli hala salınıb: “İstər ailə dəyəri olsun, istər mental dəyərlər – böyük-kiçiyə, anaya münasibətdə dəyişikliyin şahidi oluruq. Bunu özgələşmə kimi dəyərləndiririlər. Valideynlə övlad arasında münasibət əvvəlki illərlə müqayisədə fərqlidir. Bunlar ailə dəyərlərinə də təsir göstərir. Burda bir mühüm məqam var, araşdırma aparmaq lazımdır. İstər sosial şəbəkədə, istər mediada bir xanımın evdən getməsi barədə xəbər verilir. Amma o, xoşbəxtliyi tapa bildimi? Xəyal qırıqlığı yaşadımı? Bütün bunlar araşdırılmır, göstərilmir. Onun bu qaçış hekayəsinin nəticələri barədə məlumat verilmir. Yaxşı olardı ki, evdən qaçan insanın sonrakı taleyi barədə məlumat verilsin. O, xoşbəxtliyini tapdı, yoxsa bütün dəyərlər itdi, gününü yaşamağa başladı?”

 

Psixoloq hesab edir ki, bir insanın həyatını formalaşdıran məqam onun həyata verdiyi dəyərdir. Müsahibimizin fikrincə, bu dəyər nə qədər köklü, fundamental olarsa, heç bir kənar problemlər ailə dəyərlərinin dağılmasına səbəb ola bilməz: “Ailə dəyərləri güclü olan insanlar ailə stresslərinə qarşı daha dözümlüdür. Əks halda kiçik bir problem  – bəzən bu problemə 5-6 il dözürlər – dağılmaya səbəb olur. Gənclərimiz ailə dəyələri ilə bağlı maariflənməli, tədqiqatlar genişlənməlidir. Biz bu qaçış hekayələrini informasiya kimi verəndə  – tendensiya kimi görünür. Amma hadisələr daha çox bölgələrdə baş verir. İnsan o addımı atandan sonra hər şey onun üçün dəyərini, mənasını itirir. Ən təhlükəli insan isə itirəcək heç nəyi olmayan insandır. O adam sabah başqasının da ailəsini rahatlıqla dağıda bilər. Boşanan hər bir ailə sağlam bir ailənin dağılmasına təsir göstərə bilər. Bu gün boşanmayan ailələr barmaqla sayılacaq qədərdir. Dövr dəyişir, zaman dəyişir. Texnologiya əsrində yaşayırıq. Gender bərabərliyi qorunmalı, hörmət edilməli, insanlar vəzifələrini yerinə yetirməlidir. Milli mənəvi dəyərlər üzərində formalaşmalıdır. Bu hüquqlara hörmət edilməlidir. Kişi ilə bərabər qadın da bu hüquqları tələb etməli, bu istiqamətdə təbliğat aparılmalıdır”.

virtual sevgi

E.Rüstəmov dedi ki, seriallar, sosial şəbəkə, mobil vasitələr bir çox hallarda qadınların düşüncələrinə təsir göstərir. Onun fikrincə, məhz bu səbəbdən qabaqlayıcı tədbirlər görülməlidir:“Və şiddət varsa, qadın orda qalmalı deyil. Qadın hara müraciət etməli olduğunu bilməlidir. Tədbir görülməlidir. Biz onun tərəfdarıyıq. Zərərli vərdişlərdən asılı olanlar var. Bunun həlli istiqamətində addım atılmalıdır. Bunlar nəticə verməyəncə ”ailə necə ayrıla bilər” mövzusunda tərəflər müzakirə aparmalıdır. Bizdə isə vəziyyət tamam fərqlidir. Qadınlar dözür, dözür, bundan sonra elə addım atırlar ki, bütün nəsil bundan əziyyət çəkir. O zaman artıq səbəblər mənasını itirir”.

SEVGILILER

Müstəqil olmaq istəyənlər, zorla ərə verilənlər və sosial şəbəkə qurbanları

Qadın haqları müdafiəçiləri isə məsələyə fərqli situasiyalardan baxmağın tərəfdarıdır. Belə ki, gəlinlər ailədaxili konfliktlərə, dözülməz şəraitə və s. müxtəlif səbəblərə görə evdən qaçırlar. Belə ki, araşdırmalar bəzi gənc xanımların müstəqil olmaq istədiyini üzə çıxarıb. Onlar özlərini müstəqil şəkildə idarə edə biləcəklərini hesab edirlər. Müstəqil yaşaya bilmək üçün də evdən qaçırlar.

Digər səbəb, ailədə uşaqla valideyn arasında münasibətlərin tənzimlənməməsidir. Məcburi ərə verilən qızlar da evdən qaçmağa meyilli olurlar. Valideynlər əksər vaxtlarda qız uşaqlarını təhsildən yayındırırlar. Məcburi ərə vermək halları baş verə bilir. Burada əsas sosial psixoloji amildir ki, valideyn övlad ilə münasibətləri tənzimləyə bilmir, psixoloqa müraciət etmir, özündə günah görmür.

Qızların bir qismi isə sosial şəbəkələrdə yazışır və yazışdığı insanın inandırıcı təklifləri qızların evdən çıxmasına səbəb olur.

 

“Bu məsələdə Azərbaycan kişisi günahkardır”

Ümid Partiyasının sədri İqbal Ağazadə isə mövzu ilə bağlı tamam fərqli fikirdədir. Müsahibimiz bu məsələdə kişilərin üzərinə yük düşdüyünü düşünür: “Bu, cəmiyyət üçün ağrılı problemlərdən biridir. Azərbaycan cəmiyyəti qapalı və mental dəyərlərə aşırı aludə olan cəmiyyətdir. Azərbaycanda bundan əvvəlki dönəmlərdə ünsiyyət imkanları o qədər zəif olub ki, qadınlar kənar çevrə ilə ünsiyyətdən məhrum olublar. Azərbaycan kişisi bu istiqamətdə günahkardır. Biz eşitmişik ki, qadınlar qulağı ilə sevər. Azərbaycan kişisinin hər biri papağını qabağına qoyub desin: öz qadınına, sevgilisinə sonuncu dəfə nə vaxt ”səni sevirəm” deyib?  Bunu eşitməyən və bir qədər kobud münasibət görən birdən-birə facebookda birindən “nə gözəlsiniz” eşidir.

İqbal Ağazadə ile ilgili görsel sonucu

İqbal Ağazadə: “Kişilər öz qadınlarına ”səni sevirəm” deməyincə başqa birisi deyəcək və qadın çıxıb gedəcək…”

Bir-iki dəfə. O adamı heç tanımır, olsa-olsa şəklini görüb. Heç bunu sosial vəziyyətlə də bağlamaq olmaz. Çünki o adamın sosial imkanlarından da xəbəri yoxdur. Eşitdikləri ilə ailəsində gördükləri, dediklərini müqayisə edir. Amma mən sizi əmin edirəm ki, o kişi xanımına o gözəl sözləri tez-tez desəydi, xanımı sosial şəbəkədə kimdənsə “nə qədər gözəlsiz” cümləsini eşidəndə buna təəccüblənməz və deyərdi ki, mən bu sözü ərimdən tez-tez eşidirəm. Adamlar o xəyalın, xoş sözün dalınca gedirlər. Münasibətlər mental dəyərlərdən dolayı dəyişməlidir. Əvvəllər deyirdilər ki, ata-anamın yanında uşağımı qucağıma almaram. Bundan imtina etmək lazımdır. Qədim mental dəyərlərimiz olub ki, ondan imtina etmişik və çox daha rahat vəziyyətə çatmışıq. Kişilər, siz bu cür gözəl sözləri onlara deməyəndə bir başqası gəlib deyəcək. Gəlib deyəndə də təəccübləndirəcək onları. Təəccübləndirəndə isə o qadın çıxıb gedəcək”.

 

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir