psixoloq

Ölkənin psixoloq bəlası – “bazar var, gəlim” fəlsəfəsindən necə qurtulaq?

Baxış sayı: 538

Son illərdə dəbə düşən işlərdən biri də psixoloq xidmətidir. Sosial şəbəkələrdə, telekanallarda, saytlarda reklamına ən çox rast gəlinən xidmətə çevrilib. Sirr deyil ki, cəmiyyətdə kifayət qədər gərginliklər var, habelə ailə münaqişələri, uşaqların psixoloji durumu ilə bağlı mənzərə ürəkaçan deyil. 

Bunlardan dolayı insanlara psixoloji yardım almalarına dair çağırışlar da çoxalıb. Ancaq müşahidələr göstərir ki, ölkədə özünü psixoloq elan edənlərin bir çoxunun özünə psixoterapevt lazımdır. Faktiki olaraq bir çoxları psixoloji yardım tələbatının artdığını müşahidə edərək, diplomsuz, bacarıqsız olduğu halda, “burada yaxşı qazanmaq olar” düşüncəsi, bazar fəlsəfəsi ilə bu sahəyə soxulurlar. Efirlərdə, sosial şəbəkələrdə qalmaqallı, əslində insan psixologiyasına, dəyərlərə ciddi ziyan vuran açıqlamaları pullu reklamlara qoymaqla böyük aidutoriyaları cəlb edir və piarlarını aparırlar. Faktiki olaraq məqsədləri yardım etmək yox, qaz vurub qazan doldurmaqdır. Araşdıranda bəlli olur ki, psixoloq xidməti təklif edənlərin əksərinin ali təhsili yoxdur, sadəcə, haradasa 3-6 aylıq kurslar keçiblər, sertifikatla bu xidməti göstərirlər. Nəticədə isə psixoloji yardıma gedənlər daha aqressiv duruma düşür, cəmiyyətə mənfi mesajlar ötürülür və s. Psixoloq xidməti göstərənləri, xəstəxanalarla, həkimlərlə əlbir işləyən belə mərkəzləri kim, hansı qurum yoxlamalı və nəzarət etməlidir?

Belə bir iddia da var ki, psixologiya mərkəzlərində fəaliyyət göstərənlər bəzi tibb müəssisələri ilə əlbir olub, maddi maraq zəminində həkimlərin öz əli ilə səhiyyə sisteminə, təbabətə, həkimlərə, psixiatriya mütəxəssislərinə qarşı açıq mənfi təbliğat aparırlar. Nəticədə həkim-psixiatrlara qarşı xəstələrdə neqativ münasibət formalaşdırır, “Psixiatrlara getməyin” deyərək ruhi xəstələri səhv istiqamətdə yönəldirlər, əsassız olaraq öz yanlarında saxlayırlar. Nəticədə xəstələrin vəziyyəti ağırlaşır, onların müalicəsi qeyri-mümkün olur.

Bizimlə söhbətdə psixoloqdan şikayət edən valideyn Nəzrin Əliyeva (ad şərtidir) deyib ki, övladına bir il ərzində psixoloji xidmət edən psixoloqun heç bir faydasını görməyiblər: “Övladımda qidanı çeynəməkdə problemi var idi, yedirdə bilmirdik. Dedilər, psixoloqa gedin. Bir psixoloq tapdıq, evimizə bir il gəldi, hər ay min manat pul ödəyirdik. Amma heç bir faydasını görmədik. Həm pulumuz getdi, həm də əsəblərimiz korlandı. Halbuki əvvəldən bizə bildirmişdi ki, nəticəsi olacaq”.

Yeri gəlmişkən, Nazirlər Kabinetinin “Psixoloji yardım göstərmək hüququ olan şəxslərə dair Tələblər”in təsdiq edilməsi haqqında qərarı var. 2020-ci ildə təsdiqlənən qərarda bildirilir ki, psixoloq kimi fəaliyyət göstərmək istəyən şəxs psixologiya ixtisası üzrə ali təhsilə və ya “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlavə təhsilalma formasında psixoloq ixtisasına malik olmalıdır. Eyni zamanda klinik (tibbi) psixoloq kimi fəaliyyət göstərmək istəyən şəxs bir sıra tələblərə cavab verməlidir. Belə ki, klinik (tibbi) psixologiya üzrə magistr dərəcəsindən aşağı olmayan təhsilə malik olmalı, psixologiya ixtisası üzrə ən azı 1 (bir) il iş təcrübəsi olmalıdır. Qərarda o da göstərilib ki, klinik (tibbi) psixoloq psixopatologiya, inkişaf psixologiyası, neyro-psixologiya, davranış psixologiyasının əsasları, sağlamlıq psixologiyası və psixoterapiya sahələrində biliklərə malik olmalıdır. Eyni zamanda  kliniki psixoloq psixoloji testlər vasitəsilə psixi (zehni, emosional, davranış) və (və ya) interpersonal pozuntuların, psixoloji tələbatların və ya problemlərin müəyyənləşdirilməsi və qiymətləndirilməsini, psixoloji və psixi sağlamlıqla bağlı olan məsələlər üzrə tövsiyələrin (məsləhətlərin) verilməsini, psixi və ya fiziki sağlamlıqla bağlı olan problemlərdən əziyyət çəkən insanlara müxtəlif psixoloji yardım növlərinin, o cümlədən psixoterapiya, ailə terapiyası və psixoloji reabilitasiya və psixoloji korreksiya yardımlarının göstərilməsini  bacarmalıdır.

Professor Fuad İsmayılov: Qazilərimizin hamısının psixoloji vəziyyəti tam normallaşacaq - AZƏRTAC

SN rəsmisi: “Bu məsələ hazırda böyük problemə çevrilib”

Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktoru, professor Fuad İsmayılov dedi ki, bu məsələ hazırda böyük problemə çevrilib: “Əslində bizdə bu məsələni tənzimləyəcək çox yaxşı qanun var. “Psixoloji yardım haqqında” Qanunda yazılıb ki, magistr dərəcəsindən aşağı olmayan psixoloqlar yalnız  səhiyyə sistemində işləyə bilər. Amma burada problem ondan ibarətdir ki, psixoloqların çalışdığı mərkəzlərin əksəriyyəti müalicə müəssisəsi kimi fəaliyyət göstərmir. Həmin o psixoloqlar şirkət kimi mərkəz açır, qeydiyyatdan keçirir və orada xəstə qəbul etməyə başlayır. Bu böyük problemdir, amma təəssüflər olsun ki, səhiyyə sisteminə aid deyil. Çünki onlar tibb ocağı kimi qeydiyyatdan keçməyiblər. Əslində bu böyük bəladır. Çox zaman da psixoloq olmayan insanlar özünü psixoloq adlandırır, insanlara yanlış xidmət göstərirlər. Bu məsələdə xarici ölkələrin təcrübəsindən yararlanmaq lazımdır. Necə ki, İngiltərədə, Türkiyədə və digər ölkələrdə psixoloji yardımdan sonra insanlarda problem yaranırsa, yaxud insan nəticəni görməyib narazılıq edirsə, gedib həmin psixoloqu məhkəməyə verir. O cür psixoloqlar ya cəza alırlar, ya cərimələnirlər. Bizdə də bu üsul tətbiq edilməlidir”.

Mərkəz rəhbəri “psixoloji mərkəzlərə kim nəzarət etməlidir” sualına isə belə cavab verdi: “Buna nəzarət etmək çətin məsələdir. Misal üçün, Səhiyyə Nazirliyi bunu edə bilməz, çünki bunlar tibb sahəsinə aid deyil. Təhsil Nazirliyi də nəzarət edə bilmir. Bunu icra hakimiyyətinin nümayəndələri ərazi üzrə nəzarət apara, yoxlama apara bilərlər. Amma bu da asan olmayacaq. Ən yaxşı halda insanlar özləri keyfiyyətsiz xidmətə görə narazıdırsa, məhkəməyə, hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər. Bəzən bizə də müraciətlər olub, bəzən özüm də müşahidə etmişəm ki, səhv müalicə aparılıb, yanlış xidmət göstərilib. Ümumiyyətlə, biz çalışırıq, protokollar tərtib etmişik, istəyirik ki, protokollara uyğun müalicələr olsun. Sertifikasiya prosesi gedir, bütün həkimlər sertifikasiyadan keçir. Sözün açığı, yavaş-yavaş müsbətə doğru irəliləyiş var. Əgər biz 10 il əvvəlki dövrlə müqayisə etsək, xeyli fərq var. Artıq insanlar da əvvəlki kimi aldanmırlar, səviyyəsiz psixoloqlara müraciət etmirlər. Onlar istəyirlər ki, normal təhsili olan mütəxəssis olsun, peşəkar olsun”.

Qarabağ Azərbaycandır!” ideoloji mübarizəsi davam edir – Rövşən Nəcəfov | Yeni Gündəm

Klinik psixoloq: “Diplomsuz işləyən psixoloqlara qarşı aidiyyəti qurumlar ən sərt addımlar atmalıdır”

Klinik psixoloq Rövşən Nəcəfov da mövzu ilə bağlı fikirlərini açıqladı: “Psixoloq kimi fəaliyyət göstərmək üçün şəxsin bakalavr təhsili psixologiya ixtisası olmalıdır. Bakalavr təhsili psixologiya ixtisası olmayan, amma özünü ictimaiyyətə psixoloq kimi təqdim edən şəxslər var. Həmin şəxslər keçdikləri 3, 6 ay və ya 1 illik kursların onlara psixoloq kimi fəaliyyət göstərməklərinə icazə verdiyini iddia edirlər. Bu doğru deyil. Həmçinin hansısa xarici ölkədə və ya xarici ölkənin Azərbaycan nümayəndəliyində təhsil aldıqlarını deyirlər. Belə olan halda Elm və Təhsil Nazirliyi tərəfindən həmin sənədlər təsdiqlənməlidir. Hər iki hal aldadıcıdır.

Bakalavr təhsili psixologiya ixtisası olmayan şəxslər özlərini sosial platformalar üzərindən ictimaiyyətə mütəxəssis kimi tanıdıblar. Televiziya və digər media qurumlarının layihələrində psixoloq kimi çıxış edirlər. Hüquqi və ictimai nəzarət olmayanda təəssüf etdiyimiz mənzərə yaranır. İnsanlar psixoloq yanına gedəndə, mütəxəssisin diplomunu tələb edə bilərlər. Televiziya və digər media qurumları psixoloqları layihələrinə dəvət edəndə diplom tələb etsinlər. Bu onların haqqıdır. Diplomsuz fəaliyyət göstərən psixoloqlara qarşı aidiyyəti qurumlar ən sərt addımlar atmalıdırlar. Onlar qanun qarşısında cavab verməlidirlər.

Nəzəri biliklərsiz təcrübə peşəkarlıq göstəricisi ola bilməz. Psixologiya elmi əsaslı sahədir. Ona görə təhsil vacibdir. Həm hüquqi, həm ictimai qaydalarla yaranmış mənzərəni dəyişmək olar”.

 

Afaq MİRAYİQ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir