taninmislar

Onlar Facebook-da kimləri izləyirlər? – SORĞU

Baxış sayı: 154

Sosial şəbəkələrdə aktiv olan hər kəsin izlədiyi hansısa istifadəçilər var. Tanınmış şəxslərin, jurnalistlərin, ekspertlərin, yazıçıların ya da sənət adamlarının yazdıqları statusları oxuyur, bəzilərinin hər paylaşdığını görmək üçün onları izləməyə götürürük. Maraqlıdır, Facebook sosial şəbəkəsindəki aktiv istifadəçilərin xüsusi olaraq izlədikləri kimlərdir?

“Gencaile.az” “Modern.az” saytına istinadən sosial şəbəkə istifadəçisi olan bir qrup ziyalı, jurnalist, yazıçı və ekspertin fikirlərindən ibarət sorğunu təqdim edir:

 

Millət vəkili Tahir Mirkişili:

– “Facebook”da dostluğumda olan insanların maraqlı statuslarını oxuyuram. Həmkarlarımın yazılarını izləyirəm. Bundan başqa, müxtəlif insanların və beynəlxalq səhifələrin paylaşdığı iqtisadiyyatla, innovasiyalarla bağlı məlumatlar diqqətimi çəkir. Amma xüsusilə izlədiyim şəxslər yoxdur. Qeyd etdiyim kimi, daha çox lazımi məlumatlara, maraqlı xəbərlərə diqqət ayırıram.

 

Əməkdar jurnalist, BDU-nun professoru Qulu Məhərrəmli :

– Hazırda “Feysbuk” insanların məlumat almaq, fikir bölüşmək, hər hansı fakt, proses və ya hadisə barədə rəy bildirmək üçün fəal istifadə etdiyi platformalarından biridir. Ona görə də həmin virtual məkanda hansı xəbər və fikirlərin dolaşmasını bir media adamı kimi mən də izləyirəm. Müəyyən qədər vaxt aparsa da, bir çox tanınmış şəxslərin yazılarını, başqa dillərdə olan ayrı-ayrı səhifələri nəzərdən keçirməyi vacib hesab edirəm. Xəbərlərə dərhal baxır, amma irihəcmli yazıları işarələyib boş vaxtıma saxlayıram. Mənim üçün yazıları maraqlı olan xeyli insan var və hamısını burada sadalaya bilmirəm.

 

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid:

– Sosial şəbəkələr və burada paylaşılan məlumatlar son illər çox müzakirə olunur. Tanınmış türk yazıçısı Orhan Pamuk Bakıya gələndə demişdi ki, Facebook-da paylaşılan statuslar bəlkə də yeni ədəbiyyatdır. Hətta sosial şəbəkə statuslarından ibarət kitablar da çap olunub.

Sosial şəbəkələrdə yazılan fikirlərdən daha çox sərrast, iti ağıla, yumora söykənən yanaşmaları, hadisələrə həssas, nisbətən ironik münasibət ifadə edənləri izləyirəm. İkinci Mahmud adı ilə tanınan yazıçı Mahmud Ağakişioğlunun statusları bu baxımdan diqqətimi cəlb edir, oxuyuram.

Bundan başqa, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncayın da paylaşımlarını maraqla izləyirəm. Həkim Pəri Həsənovanın statusları da diqqətimi cəlb edənlər sırasındadır. Onu şəxsən də tanıyıram. Məlumatlı, ədəbiyyatı, sənəti bilən xanımdır.

Maarifləndirici yanaşması cəhətdən millət vəkili Fazil Mustafanın fikirləri, hökmləri də çox əhəmiyyətlidir. Onu da sosial şəbəkə üzərindən təqib edirəm. Bundan əlavə, redaktor həmkarlarımı, jurnalistlərin paylaşımları da mənim üçün maraqlıdır. Məsələn, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sonuncu dəfə oxuduğum Azərbaycan dili haqqında statusu diqqətimi cəlb etmişdi.

 

Tanınmış jurnalist İbrahim Nəbioğlu:

– Sosial şəbəkələrdə, əsasən, yaxın dostlarımı, şəxsən tanıdığım yazarları və təbii ki, “Ayna-Zerkalo” qəzetinin yazarlarını izləyirəm, imkan daxilində status və paylaşımlarını oxuyuram. Əksər hallarda paylaşılan statuslara şərh yazmağa zaman çatdırmadığım üçün ancaq bəyənməklə kifayətlənirəm.

 

“Radio Antenn-101FM”in aparıcısı Əzizə İsmayılova:

– “Feysbuk”da xüsusi təqib etdiyim kimsə yoxdur, qarşıma çıxan bütün statusları oxumağa çalışıram. Əgər hüquqi, iqtisadi, siyasi, sosial və s. mövzuda hər hansı məsələ diqqətimi çəkərsə, onunla bağlı fikirləri, yanaşması mənə maraqlı olan şəxsin profilinə daxil oluram. Xüsusilə, izlədiyim məsələyə həmin şəxsin münasibətinə baxıram. Kimləri təqib etdiyimlə bağlı ad çəkməyə tərəddüd edirəm. Düşünürəm, adını çəkmədiklərim inciyər. Çünki nəticə etibarı ilə bu siyahı hər gün dəyişə bilir.

Bu arada məni təqib edən, paylaşımlarımı oxuyan hər kəsə təşəkkür edirəm. Oxuyub, “layk” etməyənlərə isə deyirəm ki, niyə belə acımasızsınız?

 

Sosioloq Əhməd Qəşəmoğlu:

– Xüsusi olaraq kimi isə ardıcıl izləmirəm. Buna vaxt imkanım yoxdur. Amma hər dəfə rast gələndə mənimlə əlaqə saxlayan jurnalistlərin, sayt, qəzet rəhbərlərinin yazılarını oxuyuram. Eyni zamanda qarşıma çıxdıqca Fazil Mustafanın, Sabir Rüstəmxanlının, Etibar Əliyevin, Almaz Həsrətin, digər təhsil ekspertlərinin, musiqiçilərdən Mənsum İbrahimovun, Mehranə Vəliqızının yazılarını oxuyuram. Başqa maraqlı yazıları da imkan olduqca, rastıma çıxdıqca izləyirəm.

 

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay:

– Xüsusi olaraq izləməyə aldığım sosial şəbəkə istifadəçisi yoxdur. Amma çalışıram ki, dostluğumda olanlardan maraqlı statuslar yazan, paylaşımları diqqət çəkən şəxsləri izləyim. Hər gün “Feysbuk”u açdıqda qarşıma çıxan statusları oxuyuram, arasında mənim üçün maraqlı olan, əhəmiyyətli informasiyalar yer alan yazılar da olur.

 

QHT təlimçisi Sənan Nəcəfov:

– Ən çox izlədiyim səhifələrdən biri və birincisi prezident İlham Əliyevin Facebook və Twitter    səhifələridir. Xüsusən də Prezidentin rəsmi səhifələrində xaricdə yaşayan şəxslərin, eləcə də ermənilərin şərhlərini izləyir və gücüm çatdığı qədər cavablandırıram. Siyasətçilərə, deputatlara gəldikdə isə ilk olaraq, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevi həm Facebook, həm də Twitter-də izləyirəm. Bundan başqa, deputat Sahib Alıyevin paylaşımlarını oxuyuram. Fikrimcə, deputatın gündəlik statusları mükəmməldir, siyasi baxışlarımız üst-üstə düşdüyü üçün Sahib müəllimin dəst-xəttini çox bəyənirəm və paylaşıram. Həmçinin, aspirant dostum, millət vəkili Zahid Orucu, siyasi yazılarına görə deputat Elşən Musayevi və deputat Fazil Mustafanı daha çox izləyirəm. Siyasi şərhçilərdən son vaxtlar daha çox diqqətimi Yeganə Hacıyeva cəlb edir. AZƏRTAC-ın Avropa təmsilçisi Vüqar Seyidovu isə mükəmməl qələm sahibi olmaqla yanaşı, dəyərli insan kimi qəbul edirəm.

Fikrimcə, qeyri-hökumət təşkilatları sektorundan Sahib Məmmədov , Elməddin Behbud gündəlik izlədiklərim sırasındadır. Nadir Adilov isə indi QHT sektorunda deyil, amma o da maraqla izlənəcək motivasiya mənbəyidir.

Əlavə etmək istərdim ki, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov, tarixçi Rizvan Hüseynov da maraqla oxuduğum profillərdilər.

 

 Müstəqil jurnalist Azər Rəşidoğlu:

– Bir cümlə ilə cavab versəm, deyə bilərəm ki, anlaqlı insanları izləyirəm. Siyasi mövqeyindən, dini və milli baxışlarından asılı olmayaraq, tərbiyəsizlik edənləri “qara siyahı”ya salıram. Daha çox informativ status və paylaşmaları izləməyi xoşlayıram. Siyahı uzundur, İlqar Atabəyli, Tural Ağatlı, İlqar İbrahimoğlu, Mehriban Zeynalova, Ruhəngiz Hüseynli, Səbuhi Rəhimli, Qadir ibrahimli və s. istifadəçilərin statuslarını oxuyuram.

 

“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov:

– Sosial şəbəkələrdə izlədiyim insanların adlarını çəkmək istəməzdim. Düşünürəm ki, bu, düzgün olmaz. Amma ola bilər, izlədiklərim arasında tanınmış şəxslər var. Bu məsələdə kütlənin zövqü mənim üçün əsla meyar deyil. Ancaq özümə maraqlı gələn insanları izləyirəm.

 

Şair Aqşin Yenisey:

– Sosial şəbəkələrdən ancaq Facebook-da varam. Burada yazanları bir neçə yerə, daha doğrusu, bir neçə növə bölürəm həmişə: oxuduğu kitablardan paraqrafları olduğu kimi paylaşıb özlərinə asan yolla intellektual imici yaradanlar, oxuduqlarından çıxardıqları nəticələri başqaları ilə paylaşan zehni zəhmətkeşlər, sosial şəbəkələrə özlərinin şəkil albomu kimi baxan özünəvurğunlar, sosial şəbəkələri çayxana ilə eyniləşdirən avara gündəmçilər, sosial şəbəkələri xeyir-şər evi zənn edən liriklər, ancaq sosial şəbəkəyə girdikdə şair, yazıçı olduqlarını yada salıb, millətin gözünün önündə yazıb-yaradanlar, bir də cənnətə gedən yolun sosial şəbəkələrdən keçdiyini zənn edən texnogen cahillər.

Bəri başdan deyim ki, əyləncəli mühitdir. Demək olar ki, dostluğumda bu virtual növlərin hamısından var, hamısını da oxuyuram. Hətta bəzən onlardan ilham da alıram. Amma sosial şəbəkədə ictimai əhəmiyyətinə görə qiymətləndirdiyim şəxslər də az deyil. Müşfiq Şükürov, Vüsal Məmmədov, Famil Cəfərli, Salam Sarvan, Tariyel Abdullayev və s. izlədiyim onlarla istifadəçi var ki, sosial şəbəkədən təyinatı üzrə istifadə edirlər. Burada şəxsi həyatının gündəlik bivecliyini ictimailəşdirən heç kimə rəğbət bəsləmirəm. İctimai yerdə ictimai məsələlər müzakirə olunmalıdır. Bu məsələdə kifayət qədər köhnəfikirliyəm.

 

Gənc yazar Kəramət Böyükçöl:

– Düzü, ədəbi, ictimai, siyasi çəkisi olan adamlar içərisində xüsusilə axtarıb oxuduğum, yaxud, oxumaq istədiyim adamlar yoxdur. Mənim üçün daha çox keçmiş sevgililərimin statuslarını oxumaq maraqlıdır. Görüm, nə yazırlar, nə paylaşırlar? Paylaşdıqları mahnıların içində mən varammı? Yazdığı cümlələrdən hiss eləyirəm ki, məndən heç olmasa, bir tikə onların içində nəsə qalıb, ya yox? Belə bir düşük xasiyyətim var. Ta unudulub, qurtarana kimi o qızları izləyirəm. Hətta məni bloka atıblarsa, dostlarımın “Feysbuk”  səhifəsindən onları güdürəm. Təbii, bir müddət sonra yadımdan çıxır, daha onlar da maraq dairəmdə olmur. Bir də illər sonra yadıma düşərsə, sosial şəbəkədə axtarıb tapıram. Görüm, xoşbəxtdirmi? Boşanıbmı? Neçə uşağı var? Arıqlayıbmı, kökəlibmi? Nə işlə məşğuldur? Belə… Yenə deyirəm, başqa xüsusilə izlədiyim adamlar yoxdu. “Feysbuk”da qarşıma çıxanları oxuyuram, vəssalam.

 

Türkiyədə yaşayan jurnalist Könül Şamilqızı:

– Əslində sosial şəbəkələri izləmə səbəbim “kim” deyil, “nə”dir. Ona görə, adları çəkmək mənə çətindir. Twitter-dən daha çox xəbər almaq, paylaşmaq üçün istifadə edirəm. İnstaqram-da yemək, dekorasiya və səyahətlə bağlı hesabları izləyirəm – amma sayları çoxdur. Facebook-dan isə daha çox Azərbaycanla, dostlarımla bağlı xəbər almaq, xəbərləşmək üçün yararlanıram.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir