1478204110_11milligeyimlerimiz11.jpg7

Onlar tarixi geyimlər toplayır – GƏNC KOLLEKSİONERLƏR

Baxış sayı: 2. 030

Onlar üçün tarixin yaddaşından süzülüb gələn hər bir şey müqəddəsdir. Birinin 26, o birinin 23 yaşı olsa da, yaşıdlarından fərqli olaraq, maraqları Azərbaycan tarixini geyimlərdə qorumaq və saxlamaqdır. Topladıqları qədim eksponatların sayına görə, Tarix Muzeyindən sonrakı yeri tuturlar. Boğazlarından kəsərək, qəpiyi qəpik üstə yığıb, aldıqları eksponatlar onlar üçün də, elə bizim üçün də böyük bir xəzinədir. Tarixin qoxusu gələn bu xəzinəni qorumaq üçün isə təkcə səy göstərirlər. Özü də yorulmadan, usanmadan. Müsahiblərimiz tariximi geyimlərdə yaşadan gənclərimiz – Ruslan Hüseynovla Fuad Cəbrayılovu yaxından tanıyaq…

Ruslan 10 yaşından incəsənətə maraq göstərir, Hindistan qabları toplayır. 12 yaşında Qız Qalasında Hindistan qablarından ibarət sərgisi keçirilir. Beləcə,  İçərişəhəri tanımağa başlayır və hind qablarını satıb, əvəzində milli qablar toplamağa qərar verir. 14 yaşında qonşularından biri ona kitab bağışlayır – “Azərbaycan milli tikmələri” kitabı. O vaxtdan qarşısına məqsəd qoyur ki, bu kitabda nə tikmə nümunəsi varsa, hamısını yığacaq. Evdən yemək üçün verilən pulları üst-üstə yığıb, İçərişəhərə qaçır və hər dəfə bir əl işi ilə evə dönür. 2007-ci ildə oxuduğu 18 nömrəli məktəbdə onun eksponatlarından ibarət sərgi keçirilir. 2012-ci ildə İçərşəhərdə keçirilən sərgidə Ruslanın da əl işləri olur və sərgiyə gələn Fuadla tanışlığı baş tutur. İkincu kursda oxuyan Fuadın da sərgiyə gəlməsi və Ruslanla söhbət əsnasında 19-cu əsrə aid tikmələr (möhür qabı, pul qabı, saat qabı və s.) yığmağa başladığını deməsi onların dostlaşmasına səbəb olur. Bir yerdə işləmək qərarına gəlirlər. Ruslanın təklifi ilə özəl bir emalatxana açıb, işə başlayırlar. İşə elə başlayırlar ki, gözlərini açanda kolleksiyalarında 3 mindən çox eksponatın olduğunu görürlər.

“Bir də görürdün ki, qaldığımız evin qapısı döyülürdü…”

– Eksponatlarınıza nələr daxildir?
– Əsasən 18-19-cu əsrin milli geyimləri, mis qab nümunələri,qədim məişət əşyaları olan gülabdanlar, kasalar, parfum qabları və şüşə mücrülərdir. Bundan başqa, Səfəvilər dövrünə, Qacarlara aid orijinal parça nümunələri də var. Yayda biz Bakıda tapılmırıq, regionları gəzirik. İnsanlarla həmsöhbət olur, kimdə nə qaldığı ilə maraqlanır, eyni zamanda qədimdə geyimlərin necə geyinildiyi ilə maraqlanır, məlumatlar toplayırıq. Kolleksiyamızada qadın paltarları, papaq nümunələri, ayaq geyimləri – başmaqlar, çarıqlar, çəkmələr, baş örtükləri, boxçalar, zinət əşyaları – kəmərlər, sırğalar, sinəbəndlər, eyni zamanda, qacarlara məxsus məişət əşyaları, mis qab nümunələri, gülabdanlar, kasalar, parfum qabları və şüşə mücrülər də var.

– Eksponatlarınız arasında ən qədimi hansı dövrə aiddir?
– Eramızdan əvvəl tunc dövrünə aid bilərziklər, saxsı qablar, qadın zinət əşyaları var. Regionlarımızda yaşayan soydaşlarımızdan almışıq. Qazarkən öz həyətlərində tapıblar. Əvvəlcə biz onun orijinal olub-olmadığını yoxlatdırırıq, sonra alırıq. Amma bu cür eksponatlara çox da üstünlük vermirik. Bizdə əsasən parça məmulatlarıdır.

– Rayonlarda əhalinin sizə münasibəti necə olur? 
– Əvvəl bir az çəkinirdilər. Onları aldadacağımızdan, onlardan alıb, aparıb baha qiymətə satacağımızdan qorxurdular. Üç ay Lahıcda  və başqa kəndlərdə qaldığımız vaxtlar olub. Bir də görürdün ki, qaldığımız evin qapısı döyülürdü, açırdıq ki, bir nənə əlində boxçası ilə gəlib. Boxçanın da içərisində qayınanasından qalma ətək, arxalıq, kələğayı və s. var. Artıq güvən qazanmışıq, bizə öz övladları kimi  münasibət göstərirlər. İnsanlar inanırlar ki, biz geyimləri alıb-satmırıq, toplayıb, qoruyuruq.

– Sizə pulsuz eksponat bağışlayanlar olub?
– Bir qadın nənəsinin tirmədən olan cənamazını qoruyacağımıza güvənib, hədiyyə edib. Fuadın nənəsi öz tikməsini, nənəsinin qayınanasından qalma mücrünü, mənim nənəm isə öz anasının gəlinlik fitəsi və hamam ayaqaltısını hədiyyə kimi verib.


“Biz satmaq üçün deyil, qorumaq üçün çalışırıq”

– Eksponatları təxminən neçəyə alırsınız?
– Qiymətlər müxtəlifdir. Ən çox alverçilər gətirir. Onlar gətirəndə bir az ucuz olur. Amma bəzən baha da olur. Məsələn, bəzən bir arxalığı 200 manata, bəzən 1500 manata gətirirlər.

 

– 1500 manata olanda alırsınız?
– Bəli. Biz nəinki Azərbaycanın bölgələrindən, hətta dünyanın 18 ölkəsindən  Azərbaycana məxsus qədim tekstil nümunələrini alıb gətirmişik. Bura Fransa, Almaniya, İtaliya, Türkmənistan, Dağıstan, Türkiyə, İran və s. ölkələrə daxildir. Məsələn,  Fransanın şəhərlərindən birində şənbə-bazar günləri qədimi əşyalar satılan yarmarka olur. Biz də həmin yarmarkaya getdik. Fransız qadının satdığı parçalarla maraqlandıq. O, qədim geyimlər yığdığımızı bilib, evlərində belə eksponatların çox olduğunu dedi və bizi baxmağa dəvət etdi. Getdik və içərisindən Azərbaycana aid geyim çıxdı, aldıq.

– Qədim geyim tapanda hansı hissləri keçirirsiniz?

– O geyimlər məhv olmayacaq, qorunacaq, gələcək nəsillərə ötürüləcək deyə, uşaq kimi sevinirik. O eksponatın xilası bizə hədsiz sevinc yaşadır. Hətta, sərgilər zaman geyimlər bizdən kənarda olduğundan, öz övladımız kimi onlar üçün darıxmağa başlayırıq. Çünki onların alınması üçün boğazımızdan kəsmişik, sonuncu qəpiyimizə qədər üst-üstə qoyub, onları almağa çalışmışıq. İnsan nəyəsə zəhmətsiz nail olanda, onun gözündə həmin şeyin dəyəri olmur. Amma qəpiyi-qəpiyin üstünə qoyub alanda o, adama doğma, əziz gəlir.


– Xaricdən gəlib sizdəki eksponatları almaq istəyənlər olurmu?

– Olur. Səfəvilər dövrünün parçasını yüksək qiymətə almaq istədilər, vermədik. Yaxud, Londondan gələn, ayaqqabı muzeyi olan lord nəslli ingilis Cənubi Azərbaycana məxsus, 18-ci əsrin sonu 19-cu əsrin əvvələrinin uzunboğaz çəkməsini yaxşı qiymətə istədi, satmadıq. Amerikadan gələn qonaqlar kolleksiyamızdakı bir neçə eksponata elə bir məbləğ verirdilər ki, o pulla Azərbaycanda yaxşı biznes qurmaq, fərqli həyat yaşamaq olardı. Amma biz razılaşmadıq. Biz bu yola çıxmışıqsa, sona kimi getmək fikrindəyik. Biz satmaq üçün deyil, qorumaq üçün çalışırıq. Bəzən bizə məsləhət verirlər ki, satıb daha çox eksponat alaq. Düşünürük ki, biz cavanıq və o pulu qazana bilərik, amma dünyada tək olan o eksponatı satsaq, bir də heç vaxt əldə etməyəcəyik.

“O vaxtkı xanımlarımız daha incə olublar”

– Geyimlər yəqin regionlara görə fərqlənir…
– Elədir. Regionlara görə formaları ilə yanaşı, rəngləri də dəyişir. Məsələn, Bakı  tərəf qəhvəyi, süd rənglərindən, Qax, Balakən, Şəki yaşıl, zoğalı rənglərdən, Qarabağ tərəf qırmızı, tünd qırmızı, çəhrayı rənglərdən daha çox istifadə ediblər.

Naxçıvan tərəfdə ətək qısa, üst geyimi uzun olub. Altdan isə şalvar tipli çaxçur geyiniblər. Qalan regionların hamısında ətək topuğa qədər olub, 20-ci əsrdə bir az topuqdan yuxarı olub ki, gəzəndə narahatçılıq doğurmasın. Üst geyimlər isə dizə qədər, dizdən yuxarı, beldən olub. Altdan geyilən köynəklərin hamısının qolları uzun olub. Amma üst geyimlərinin hamısının qolları qısa, yaxud açıq olub.


– Bəs xanımlarımız 18-19-cu əsrlərdə başlarına nə örtüblər?

– Cutku deyilən baş geyimi var. Dindar ailələr o cutkudan istifadə edirdi. Saçı birçəyə qədər tamamilə yığırdılar onun içinə və üstündən sadəcə, kəlağayı atırdılar. Amma evdə kəlağayı atılıb, saçlar görünüb, araqçın, cığcığa qoyulub. Çölə çıxanda isə heç bir qadının saçı görünməyib. Kəlağayı, bunun üstündən çarşab, çarşabın da üstündən niqab olub. Üzləri örtülü, yaxud da sima yarıya qədər bağlı olub. 20-ci əsrin əvvələrinə qədər çarşab geyilib. Qədim şəkillər buna sübut ola bilər.


– Baş örtüklərindən söz düşmüşkən, o vaxt kəlağayılar da deyəsən, müxtəlif cür olub və müxtəlif məna daşıyıb…

– Bəli. Məsələn, “Sönən ulduz” kəlağayısını əri vaxtsız vəfat edən qadınlar taxırdı və buna görə onu rəqsə dəvət etməzdilər, ərindən söhbət açmaz, kimsə yanında  xoşbəxtliyindən danışmazdı. “Qızıl örpək” kəlağayısını taxtdan düşmüş – zamanında varlı olub, kasıblayan xanımlar taxıb, məclisə gələrdilər. Məclisdəki qadınlar bilirdilər ki, indi kasıb olsa da, vaxtilə xanım olub, yenə də ona hörmət edir və başda əyləşdirirdilər. “Cüt gələn” kəlağayını isə iki oğlu, yaxud oğlu ilə əri rəhmətə gedən qadınlar taxardılar. “Yaxınlarımı cüt yola salmışam” mənasını verərdi. “Yaşıl gələnlər” kəlağayısını əkiz oğlan anası taxardı. Zənginlər isə üzəri tamamilə naxışdan ibarət olan “Herat” kəlağayılarından istifadə edərdilər. “Herat” o biri kəlağayılardan ölçüsünün böyüklüyünə görə fərqlənirdi.
Küçədə qadınların hamısı çarşablı olduğundan, tanımaq olmurdu. Çarıqlarından bilirdilər ki, orta yaşlıdır, subaydır, evlidir, nişanlıdır. Çarığı sadə dəridən olanda bilinirdi ki, yaşlı qadındır, qırmızıdırsa, ərə getməyə hazırlaşan qız, yaxud təzə gəlindir, üstü bəzəklidirsə, deməli, ailə qurmamasına,  subay olmasına işarədir.

– Geyimlərinə əsasən, 18-19-cu əsrlərdə xanımlarımızın bədən ölçüləri necə olub?

– Bəzi geyimlər indiki xanımlara kiçik gəlir. Bu da onu göstərir ki, o vaxtkı xanımlarımız daha incə olublar. Özü də paltarlar elə biçilib ki, kim əyninə  geyinsə, onu şux saxlayıb. Ümumiyyətlə, o vaxtkı geyimlər xanımlarımızı bədən formasını dik saxlamağa kömək edib. Buna görə də qədimi fotolara baxanda görürük ki, xanımlar dik dayanıb – foto xatirinə yox, geyimləri onları elə dayanmağa məcbur edir. Hətta ayaqqabılar da dabandan 4 sm balaca olub. Buna görə də qadının fikri ayaqlarında olduğundan dik gəzmək məcburiyyətində qalıb.

“18-19-cu əsrlərdə bir qadın 4 kq-dan artıq zinət əşyası daşıyırdı”

– Kasıblarla varlıların geyimlərində hansı fərqlər olub?
– Kasıblar çox sadə paltarlar geyinirdilər, varlıların geyimlərində isə bər-bəzəyə çox yer verilib. Paltarın kənar kantları belə qızıldan olub. Varlıların qış geyimlərinin içi də, kənarları da xəz olurdu. Kasıblar isə içərisini xəz edə bilməsələr də, üst tərəfdən paltarlarının kənarlarına xəz qoydururdular ki, guya içərisi də xəzdir. Ümumiyyətlə, 3 təbəqə olub – kasıb, orta və varlılar.  Günümüzə qədər gəlib çatan əsasən varlıların geyimləridir. Kasıblar eyni geyimi çox geyindiklərindən cırılıb, dağılırdı.  Kolleksiyamızda cəmi iki ədəd kasıb geyimi var. Kasıblar olduqca sadə və təktonlu paltarlar geyiniblər. Amma biçim olaraq, varlıların paltarlarının ölçülərilə eyni idi. Sadəcə, parça və bəzəyində fərq var idi. Bəzən parça çatmayanda, baş örpəyinin arxasında qalan hissəsinə bir neçə kiçik parçaları birləşdirib, tikirdilər. Bizdəki kasıb geyimlərindən birinin astarı 12 müxtəlif cür parçadan ibarətdir. Çünki kasıbların bütöv parça almağa imkanı olmayıb.
Varlıların üst geyiminin kənar hissələri, ətəyin aşağı hissəsi, köynəyin qolu qızıl pullardan ibarət olurdu. Qızıl və gümüşdən olan bijüteriyalarda rəngli şüşə qaş, yaqut, zümrüd daşlar yer alırdı. 18-19-cu əsrlərdə bir qadın 4 kq-dan artıq zinət əşyası daşıyırdı. Bu, qanun idi. Özü də varlı xanım kimi elə addım atmalı idi ki, şaqqıltısı eşidilməsin.
Yeri gəlmişkən, “Əli və Nino” filmində bizim qədimi geyimlərdən istifadə edilib. O kinoya milyonlarla adam baxacaq deyə, istəyirdik ki, geyimlər gözəl olsun. Paltarların tikilməsinə də yardım etdik. Bəzilərinin də tikilməsində təmənnasız iştirak etdi ki, biçimlər və formalar yaxşı olsun. Tikdiyimiz 5-6 dəst kostyumu filmin fonduna hədiyyə etdik.

– Nədənsə, heç vaxt kişi geyimlərindən danışmırıq… 

– Kişilərin sandığı olmayıb axı… Amma qadınlar yığımcıldır, analarının, nənələrinin, qayınanalarının paltarlarını sandıqlarında saxlayıblar. Həm də Qafqazda kişi geyimləri demək olar, eyni olduğundan, o qədər də maraq kəsb etməyib. Hamıda çərkəzi libas, çuxa, arxalıq, uzunboğaz çəkmələr və buxara papaq olub.

“Bakı qolunu Qarabağ geyimi, Qarabağ yaxalığını Naxçıvan geyimilə qarışdırırlar”

– Həm də bərpa işi ilə məşğulsunuz. Bunu haradan öyrənmisiniz?
– Xarici ölkələrdən Azərbaycana gələn bərpaçılardan və müxtəlif ölkələrdə bərpa işi ilə məşğul olan dostlarımızdan öyrənmişik. Əlimizdə olan eksponatların bərpasını güvənib, heç kimə verə bilmirik. Düşünürük ki, biz bu paltarları  toplayırıqsa, hər bir incəliyini bilməliyik. Ana öz övladını tanıdığı kimi, biz də kolleksiyamızın hər birini tanımalıyıq.

– Yeriniz dar olduğu üçün kolleksiyanızın hamısını bir araya toplaya bilmirsiniz. Heç yardım etmək üçün əlaqədar qurumlara müraciət etmisiniz? 

– Bizim maddi yardıma ehtiyacımız yoxdur. 3 mindən artıq eksponatımız var. Bu, böyük sərvətdir. Biz təklif edirik ki, Azərbaycan Geyimləri Muzeyi, yaxud Azərbaycan Tekstili Muzeyi açsınlar, kolleksiyamızı o muzeyə bağışlayaq, sərgilənsin. İnsanlar qədimdə necə zəngin geyimlərimizin olduğunu bilsinlər. Sadəcə, dövlətimizin bizim üçün şərait yaratmasını istəyirik. Yaxın gələcəkdə Azərbaycandan getmək və işimizi xaricdə davam etdirmək istəyirik. Gedəcəyimiz ünvan Fransanın Paris şəhəridir. Çünki Azərbaycanda bizə çox çətindir. Gözümüzün qabağında Azərbaycandan nə qədər eksponat çıxır, amma biz heç nə edə bilmirik, əlimizdən yalnız onlardan bir-ikisini xilas etmək gəlir. Parçaları ölkədən daha rahat çıxarırlar, çünki üstündə metalı yoxdur, aparılması rahatdır.


– Azərbaycandan köçsəniz, kolleksiyanızın taleyi necə olacaq?

– Özümüzlə aparacağıq. Burada kimsəyə etibar edə bilmərik.

– Maraqlıdır, bu geyimləri əldə etmək üçün gəliri hardan alırsınız?

– Əl işlərimizdən. Mən vitrajla məşğulam. Vitraj sənəti -şüşə üzərində xüsusi rənglərdən ibarət rəsmdir. Uşaq vaxtı rəsm çəkməklə məşğul olurdum, amma vitrajı Ruslanla tanış olandan sonra tanıdım. Armudu stəkanların üzərində işləyirəm. Bəzən xüsusi ev pəncərələrinin bəzənməsini sifariş verirlər. Uzun zaman alsa da, bu işi sevdiyim üçün mənə zövq verir. Bundan başqa, gil ustaları ilə işləyirik, onlar hazırladıqları keramikaları bizə verirlər ki, üzərini onların istədikləri kimi bəzəyək. Yeni il üçün yolka oyuncaqlarını vitraj rənglərlə dekor edirik. Ruslan kukla işi ilə məşğuldur. Kuklaların əl və üzü keramikadan, geyimləri isə parçadan olur. Geyimləri orijinalda necədirsə, elə də hazırlayır. Hər kukla bir regionu təmsil edir. Kuklaların hər birinin öz pasportu olur. Geyimin adı, neçənci ilə məxsus olması pasportun içərisində qeyd edilir və kuklanın yanında etiket kimi asılır.
Bundan başqa, üzəri əqiqlə, yaqutla, gümüşlə bəzədilmiş kitab üzlükləri, çərçivələrinin kənarları xalça ilə bəzədilmiş miniatürlər hazırlayırıq.
Bundan başqa, üzərində Azərbaycanın milli elementləri olan, qədimi kilimlərdən hazırlanan bel çantaları, kilimlə tikilmiş və ya rənglərlə işlənmiş müasir ayaqqabılar hazırlayırıq.
Xaricə gedəndə də öz əl işlərimizlə dolanacağıq. Çünki inkişaf etdmiş ölkələrdə əl işlərinə daha çox dəyər verilir.

 

– Sifarişləri hardan alırsınız?
– Bu işlə çoxdan məşğul olduğumuzdan bizi həm kolleksioner kimi, həm də əl işlərimizlə tanıyanlar çoxdur. Muzeylərdən, hotellərdən, səfirliklərdən, şirkətlərdən sifarişlər alırıq.

– Çox yerdə icarəyə milli paltar adı ilə geyimlər verilir, eyni zamanda satılır. Amma həmin geyimlər heç də sizdə olan qədim paltarlara bənzəmir.
– Biz bəzən buna görə müharibəyə çıxırıq. Bakı qolunu Qarabağ geyimi, Qarabağ yaxalığını Naxçıvan geyimilə qarışdırırlar. Zərli kantlardan istifadə edirlər ki, bu da bayağı görünür. Onların  məqsədi oxşatmaqdır, bu da biabırçı vəziyyət yaradır. Milli geyimlərin icarəyə verilməsi ilə bağlı bizə çox zənglər olur. Amma biz bununla məşğul olmuruq. İki ilə yaxındır ki, kolleksiya yönündə işləyir, müxtəlif tədbirlərdə iştirak edərək, Azərbaycanı xaricdə layiqincə təmsil etməyə çalışırıq.

Lalə  MUSAQIZI



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir