Melita Norvud

Onun qızı belə anasının casus olduğunu bilmirdi – Ömrünü dar ağacından asılmaq təhlükəsi ilə keçirən qadın – FOTOLAR

Baxış sayı: 351

Belə bir fikir var ki, casuslar  əsasən kişilər olurlar. Ancaq tarixdə bəzi faktlar göstərir ki, bu, heç də belə deyil. Kişilərlə paralel qadın casuslar da mövcud olub. Bu gün sizə casus  qadın Melita Norvudun həyatından maraqlı məlumatları təqdim edəcəyik.

 

Melita Norvudun həyatı

Atası latviyalı, anası ingilis Melita Sirnis Norvud mart ayının 25-i 1912-ci ildə İngiltərənin Bornmut şəhərində anadan olub. Onun hər iki valideyni sosialist dairələrdə  böyük nüfuza malik idilər. Atası Aleksandr Sirnis özünün təsis etdiyi  “Cənub İşçisi və  Əmək və Sosialist “ jurnalında Lenin və Trotiskidən məqalələr yazaraq Böyük Britaniyanın yerli Kommunist Partiyasına paylayırdı.

Norvud 1928-ci ildə oxuduğu İtçen kollecində məktəb birincisi seçilir. Daha sonra o, universitetin latın dili və məntiq fakültəsinə qəbul olur. Lakin bir ildən sonra universiteti yarımçıq tərk edərək Londona iş axtarmağa gedir. Və elə nə baş verirsə, bu illər ərzində baş verir…

1930-cu illər ərzində o, Müstəqil İşçi Partiyasına (Independent Labour Party (ILP) qoşulur. 1936-cı ildə isə partiyadan ayrılaraq Kommunist Partiyasına üzv seçilir. Lakin onun bu üzvlüyündən uzun müddət İngiltərə rəsmi  orqanlarının xəbəri olmur.

Melita 1935-ci ildə Britaniyanın Kommunist Partiyasının aparıcı üzvü Andrey Rotşeynin  tövsiyəsi ilə KQB-yə casus kimi yönləndirilir. 2 ildən sonra o, casusluq fəaliyyətinə başlayır.

 

Casusluq fəaliyyəti

Norvud 1937-ci ildən 1972-ci ilə qədər KQB-nin agenti olur. Norvud  1932-ci ildən etibarən Britaniyanın Qeyri-Dəmir Maddələri Araşdırma Assosiasiyasında katibə  vəzifəsində işləməyə başlayır. O, casusluq karyerasına başladığında 5 il idi ki, bu şirkətdə katibə olaraq çalışırdı. Şirkət İngiltərənin nüvə silahlarını təkmilləşdirən önəmli araşdırmalar aparırdı. Çox güvənilən imic fomalaşdırdığından  vacib məlumatların hamısı onun əlinin altından keçirdi. Amma heç kimin diqqətini çəkməyən  bu qadın  tez-tez rus agentləri ilə görüşərək  əldə etdiyi  gizli bilgilərin nüsxəsini  onlara verirdi.

1945-ci ildən etibarən gizli məlumatlara belə əli çatan Norvudu Böyük Britaniyanın kəşfiyyat orqanı  “Gizli Kəşfiyyat Xidməti” ( Mİ6 (Millitary İntelligence, Section 6) Red: 1909-cu ildə yaradılıb)  artıq izləməyə  başlayır. Buna görə də 1949-cu ildə gizli bilgilər Norvudun əlindən çıxır. Lakin izlənməsinə baxmayaraq, qadın casusla bağlı heç bir  tutarlı dəlil tapılmadığından 1951-ci ildə  ona qoyulmuş məhdudiyyət götürülür və o, yenidən gizli nüsxələri rus kəşfiyyatına ötürməyə davam edir.

Lakin xanım Norvud yenə də vəziyyətdən tam yaxa qurtara  bilmir. 1965-ci ildə “Mİ6”  üzvləri onun Rusiya məxfi orqanlarına xidmət etdiklərini öyrənirlər, lakin əllərində yetərli dəlillər olmadığından, həmçinin araşdırma prosesinə də təsir göstərməmək üçün hərəkətə keçmirlər.

Melita Norvudun  rəsmi olaraq KQB-yə işlədiyini sübuta yetirən isə 1992-ci ildə İngiltərəyə sığınmış KQB arxiv idarəsinin işçisi Vasili Mitroxin olur. Belə ki, Mitroxin əlində olan rəsmi 6 qutu sənədlə  aralarında Melita Norvudun da olduğu bir çox ingilis casusunun  maaşla rus agentasına işlədiyini “Gizli Kəşfiyyat Xidmətinin”  şeflərinə məlumat verir.

Beləliklə də, 1992-ci ildə hər nə qədər xanım casus şübhələrdən yayınmaq üçün araşdırmalar mərkəzində kiçik vəzifəli məmur kimi çalışsa da, atom bombasının sirləri haqda məlumatları təqaüdə çıxdığı vaxta qədər, yəni 1972-ci ilə qədər ruslara ötürməyə müvəffəq ola bilib.

Lakin yenə də maraqlı bir məqam ondan ibarətdir ki, bütün bu rəsmi sübutlara rəğmən  İngiltərə məxfi orqanları əməliyyatların fiaskoya uğramaması üçün casus qadın barədə  heç bir tədbir görmürlər və bu haqda nazirlər kabinetinə heç bir məlumat verilmir.

Lakin çox keçmir ki, 1996-cı ildə Vasili Mitroxinin  əlindəki məlumatlar mediaya açıqlanır. Nazirlər kabineti  isə Melita Norvudun casus olduğunu 1998-ci ildə öyrənə bilir. Lakin uzun aradan sonra həm kəşfiyyat orqanları, həm də hökumət yaşlı qadının aqibəti haqda nə edəcəklərinə qərar verə bilmirlər. Qanuna əsasən, Melita Norvud  mühakimə olunmalı və edam edilməli idi. Lakin yaşlı və sevimli nənə imicində olan casus qadının asılmağının ictimaiyyət arasında xoş qarşılanmayacağını düşünən məsul şəxslər bu fikirdən daşınırlar.

1999-cu ilin aprel ayının 22-i məsələ ilə məşğul olan baş hakim  1992-ci ildən etibarən uzun zaman keçdiyindən  casus qadının mühakimə olunmasının və edam edilməsinin “uyğunsuz” olacağı haqda qərarı ictimaiyyətə açıqlayır. Beləcə, “yüksək  idealları” uğrunda ölkəsinin  nüvə silahı sirlərini Rusiyaya satan qadın,  belə demək olarsa,  ölkəsinin  mərhəməti sayəsində  kəndirdən  xilas ola bilir.

 

Pul üçün deyil, yüksək ideallarım üçün casusluq etmişəm!

Xanım Norvud 30-cu illərdə kommunizmə bağlanmış və gizlicə kommunist partiyasına üzv olmuşdu. Heç kim kommunist oldugunu bilmirdi. Şirin və sevimli görünüşlü  bu xanımın yüz ilin ən önəmli  casuslarından  biri olması şübhəsizdir. O zamanlar onun əlinə elə önəmli bilgilər sızmışdı ki, ruslar onu ən yüksək medallardan biri ilə təltif etmişdilər.

Melita  ruslar üçün casusluğa başladığında 25 yaşında gənc bir qız idi.  Kommunist sevgisi ona latviyalı atasından miras qalmışdı. O, Stalinin Rusiyada iqtidara gəlməsindən 4 il sonra casusluq fəaliyyətinə başlamışdı.

Bu illər ərzində  Melitanın casus  olmasından xəbərdar  olan tək insan isə ancaq həyat yoldaşı Hilari idi. Xanım Norvudun sözlərinə görə, yoldaşı onu vaxtilə casusluq yolundan döndərməyə çox çalışsa da, o da eynən Melita kimi kommunizmə inanan biri idi. Hətta Norvudun qızı belə onun tutulmasına qədər anasının casus olduğundan xəbərdar deyildi.

Lakin 40 ilə yaxın ruslar üçün  çalışan Melita Norvudun  bank hesabında heç bir dəyişiklik olmamışdı.

Casusluq fəaliyyətini dayandırdıqdan sonra onu Rusiyaya dəvət edirlər. O, 1979-cu ildə əri ilə Rusiyaya gedir, lakin ona verilən pul mükafatını qəbul etmir. Özü bu haqda sonralar müsahibəsində  belə deyib:

 

“Pul üçün deyil, yüksək ideallarım üçün casusluq etmişəm. Peşman deyiləm”

O, hətta sirri ifşa olunduqdan sonra da “etdiklərimdən  peşman deyiləm və lazımı  şeyləri etdiyimə inanıram” deyirdi.

Melita Norvud rus kəşfiyyatına casusluq etməyi özü üçün qürur hesab  edirdi. O, ifşa olunduqdan sonra dindirilmə zamanı bildirmişdi:

“SSRİ təhsil və səhiyyə sahəsində hamıya bərabər  imkanlar verən, zənginliyi bərabər paylayan bir sistem idi. Qərblilər isə onu ortadan qaldırmağa çalışırdılar. Amerika və İngiltərənin sahib olduğu atom bombasına Rusiyanın sahib olmaması böyük haqsızlıqdır”.

Beləliklə də, onun göndərdiyi bilgilər sayəsində  Stalin İngiltərənin nüvə silahlanma proqramı haqqında bəzi ingilis nazirlərindən daha çox məlumatlı idi. O dövrün İngiltərə  baş naziri Klement Attilinin kabinetindəki dostlarından belə gizlətdiyi məlumatlar birbaşa Kremlə ötürülürüdü.

Melita Norvudun sonrakı həyatı

1935-ci ilin sonunda  Melita Norvud rus əsilli  riyaziyyat müəllimi Hilari Nusbaumla evlənir. Cütlük  1937-ci ildə  Londonun cənubunda kiçik bir  ev satın alaraq həyatlarının sonuna qədər burada  ömür sürürlər.  Melita 90 yaşına qədər bu evdə yaşayır.

1989-cu ildə yoldaşı Hilari Norvud dünyasını dəyişir. Bundan sonra o, uzun müddət  Londonun cənubundakı  kiçik evində tək-tənha  yaşamağa davam edir.

Melita Norvud 2005-ci ildə 93 yaşında dünyasını dəyişib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir