Husniyye Abbasova

Övladıma necə doğru sərhəd qoyum? – PSİXO-PEDAQOQ YAZIR

Baxış sayı: 602

Dəyərli valideynlər, bu dəfə sizə serhedlerden danışmaq istəyirəm, çünki hazırda qarşılaşdigim valideyn uşaq münasibətlerində valideynlərin ən çətinlik çəkdiyi mövzulardan biridir sərhəd qoymaq. Bir çoxu deyir ki, sərhəd qoyuram, amma uşağım məni eşitmir və ya mənim uşağım heç vaxt “yox” sözü nədir bilmir, uşağıma yox deyə bilmirəm, uzun-uzadı məsləhətlər verirəm, ancaq yenə də faydasızdır və s.

Bəs necə edək ki, övladımız bizi dinləsin? Öz sərhədlərini bilsin!

Çünki sərhəd uşağın sağlam psixoloji inkişafının göstəricisidir.

Doğru sərhəd qoymaq, uşaq inkişafının ən mühüm mərhələlərindən biridir.

Doğru sərhədlər uşaqların yaşadıqları dünyanı kəşf etməyə, insanları daha yaxşı tanımaları və həyatı öyrənmələri üçün önəmlidir.

Valideynlərdə ise sərhəd qoymaq barədə yanlış inanclar formalaşıb.

– Uşaq valideyndən qorxmalıdır.

– Uşağı döyməsək tərbiyələnməz.

– Uşaqlari idarə etmek valideynlərin vəzifəsidir.

– Uşaqların bütün problemlerini valideynlər həll etməlidir və s.

valideyn

Sərhədlər sakit, səbrli və səmimi şəkildə bildirilməlidir. Tələsik qoyulan sərhədlər valideynin narahatlığını və uşağa güvənmədiyini göstərir.

Valideyn uşağının məsuliyyətli olacağına inanırsa, uşaq sərhədi daha rahat qəbul edir.

Dünyadakı bütün insanlarin həmçinin uşaqların sərhədlərə ehtiyacı var.

Uşaqlar onlardan nə gözlədiyimizi, nə qədər irəli gedə biləcəklərini görmək üçün sərhədləri pozurlar.

Qoyulan sərhədlərdən əmin deyiliksə və o sərhədlər qəti deyilsə, o zaman onların heç bir mənası yoxdur.

Davamlı sərhəd qoymamağın nəticəsi;

Öyrənməkdən və məsuliyyətdən məhrum olur.

Həddindən artıq sərhədlər

Kəşf etməyə və öyrənməyə mane olur, üsyana səbəb olur.

NƏTİCƏDƏ: Uşağın psixoloji inkişafı geriləyir.

valideyn

Uşaqlar daim sərhədlərimizi yoxlayırlar!

Uşaqlar sərhədləri pozduğu zaman onların nəticələrini də qəbul etməyi öyrənməlidirlər.

UŞAQLARIN DAVRANIŞLARININ NƏTİCƏLƏRİNİ QƏBULLANMALRINA MANE OLMAQ, ONLARIN ÖYRƏNMƏLƏRİNƏ MANE OLMAQDIR. Bəzən uşaq sərhədi pozduqda valideyn həddindən artıq reaksiya verir  və daha sonra peşman olursa, uşağının öyrənməsinə mane olmuş olur. Məsələn, uşaq  oyuncağı hər dəfə qəsdən vurub sındırır, valideyn ani olaraq uşağa qışqırır, daha sonra uşaq yeniden istəyir və valideyn oyuncağın yenisini alır. Belə halda uşaq heç vaxt ona qoyulan sərhədi qəbul etməyəcək, çünki valideynin tutumu yanlışdır.

Uşaqlara 1 yaşından başlayaraq sərhəd qoya bilerik. Bunun üçün ilk növbədə uşağın duyğularını və istəklərini anlamağa çalışmalıyıq, bunu sözlə ifadə etməliyik. Bu çox vacibdir, çünki bu onun duyğularının normal olduğunu və valideyninin  bu duyğuları  qəbul etdiyini ona hiss etdirir.

Uşağın duyğularını, istəklərini anlamadan və qəbul etmədən sərhəd  qoymaq onun duyğularının, istəklərinin  önəmli olmadığını və dəyərsiz olduğunu göstərir. Bu isə uşaqda aqressiyaya səbəb olur. Uşaq zamanla özünü dəyərsiz hiss etməyə başlayır. Bu xüsusilə uşaq əsəbləşdiyi zaman, öz aqressiyasının fərqində olması və onu doğru yönləndirməsi üçün önəmlidir.

Uşaqla ünsiyyətdə xoşgörülü, mülayim olmaq uşağın bütün davranışlarını qəbul etmək mənasına gəlmir.

Uşağın sağlam şəxsiyyətinin formalaşması və özünü tanıması üçün müəyyən fürsətlər çərçivəsində sərhədlər qoyulmalıdır.

Sərhədin içində seçimlər olur, uşaqlar seçim etməyin verdiyi duyğunu yaşayır və məsuliyyətin nə olduğunu öyrənir. Buna görə də, sərhəd qoyulması lazım olan yerdə sərhəd   qoyulmadığında uşaqlar özləri haqqında öyrənmələri vacib olan şeyləri öyrənmə fürsətindən məhrum olurlar.

Sərhəd qoyan zaman uşağa seçimlər verilməlidir.  Beləliklə, uşaqlar öz məsuliyyətlərinin fərqində olurlar.

Sərhədlər müəyyən olmalı və nə qadağandırsa, açıqca bildiriməlidir. Uşaq beynində nəyi edib, nəyi edə bilməyəcəyi haqqında şübhəsi olmamalıdır.

Qeyri-müəyyən və açıq olmayan qadağalar uşağın məsuliyyət almasına mane olur.

Doğru sərhədlər valideynin özünə,uşağa və münasibətə dəyərin göstəricisidir.

Uşağın duyğu durumu, sosial inkişafı qarışıq münasibətlərdə formalaşa bilməz. Sərhədləri qəti və davamlı olan münasibətlər uşağın dünyasında çox önəmlidir.

Sərhədləri pozmaq, ümumilikdə müəyyən sərhədlərin var olduğunu önəmsəməyən, özünə inamı az olan bir uşağın köməyə ehtiyacı olduğunun siqnalıdır. Həmin anda, o uşağın o vaxta qədər heç vaxt olunmayan anlayışa və qəbul edilməyə ehtiyacı vardır.

valideyn

Uzun-uzadı izahlardan çəkinmək lazımdır.

Sərhədləri pozduqda qarşılaşacağı nəticələrlə uşağı təhdid etmək doğru deyildir.

Qadağalar əsla uşaqları cəzalandırma yolu olaraq işlədilməməlidir.  Bu səbrin, soyuqqanlılığın və ciddiyətin ölçüldüyü bir andır.

Qadağaları pozsa belə, valideyn uşağı qəbul  etməlidir.

Burda uşağı “qəbul etmək” onun hər istəyini yerinə yetirmək demək deyildir. Uşağı qəbul etmək onun duyğularını, arzu və istəklərini qəbul etməkdir. Bu zaman uşaq özünün anlaşıldığını görür və özünü dəyərli hiss edir, belə etdikdə uşağa doğru sərhəd qoya bilirik. Əks halda o israrla öz istədiyini əldə etmək üçün hər cür davranışa əl atacaq.

Hər bir uşağa yaşına uyğun doğru sərhəd qoymaq çox önəmlidir.

valideyn

UŞAQLAR BÖYÜDÜKCƏ SƏRHƏDLƏRİ DƏ BÖYÜMƏLİDİR

Məsələn, yeniyetmə bir uşağa günlük 30 dəqiqə televizora baxa bilərsən və ya bu gün şokolad yeyə bilməzsən kimi sərhədlər qoymaq yersiz və mənasız olacaqdır. Uşaqlarda güvənsiz hiss etdikləri yerdə psixoloji olaraq böyüməz və inkişaf etməzlər. Onlara doğru sərhəd qoymadıqda özlərini narahat və gərgin hiss edərlər. Sərhədlər uşaqlar üçün təhlükəsiz mühit deməkdir.

 

Psixo-pedaqoq Hüsniyyə Abbasova




1 şərh “Övladıma necə doğru sərhəd qoyum? – PSİXO-PEDAQOQ YAZIR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir