Övladınıza məsuliyyətli olmağı necə öyrədə bilərsiniz?

Baxış sayı: 1. 318

Övladını məsuliyyətli, sevgi dolu, digərlərinə hörmət etməyi bacaran və s. kimi xüsusiyyətlərlə böyütmək istəyiniz olsa da bəzən müəyyən çətinliklərlə qarşılaşırsınız. Nəzərə alsaq ki, məsuliyyət hissi övladınıza hər zaman gərəkli olacaq və öyrənməsi vacib olan bir hissdir, demək ki, bunun  üzərində daha ciddi çalışaraq məqsədinizə nail olmağınız önəmlidir.

Bunu necə etmək, hansı yaş dövründən başlamaq, bu kimi xüsusiyyətləri öyrətmək üçün hansı addımları atmaq lazımdır kimi suallar sizi düşündürürmü?

Övladınızı elə lap kiçik yaşlarından məsuliyyət hissi ilə tanış etməyiniz faydalıdır. Övladınızın edə biləcəyi işləri ona etibar etsəniz və məsuliyyəti onun üzərinə qoymuş olsanız  bu zaman övladınızda bu işi uğurla başa vurmaq istəyi özünü göstərər. Ona inandığınızı hiss etdirin. Tapşırığınızın onun edə biləcəyi imkanda olmasına diqqət etməniz önəmlidir.

Övladınızın köməyindən istifadə edin. Ev işləri ilə məşğul olarkən bəzi işləri ona həvalə edin. Bu zaman övladınız  məsuliyyət hissi duyaraq bu işlərin öhdəsindən gəlməyə çalışacaq.

Görüləcək işlərin siyahısını hazırlayarkən övladınızın da adını bu siyahıya yazaraq görəcəyi işləri qeyd edin. Qeydlər edərkən övladınızı kənarda qoymayın.

Övladınızın edə biləcəyi işi əlindən alaraq özünüz etməyə çalışmayın. Təhlükəsizliyini təmin etməniz şərtilə  ona icazə verin ki, müəyyən işlərdə üzərinə məsuliyyət götürərək onu tamamlamağa çalışsın.

Övladınızı cəsarətləndirin. Hər hansı işi edə bilmədiyində  “bacarmadın, mən edərəm” ifadəsi ilə övladınızı həvəsdən salmayın.  Cəsarətləndirərək ona dəstək olun. Ehtiyac yarandıqda kömək edərək işi tamamlamasına yardımçı olun.

Siz özünüz məsuliyyətlisinizmi? Hər zaman olduğu kimi siz övladınız üçün nümunəsiniz.  Əgər övladınız sizin məsuliyyətsizliyinizin şahidi olursa bu zaman ondan məsuliyyət tələb etmənizin  və eyni zamanda  məsuliyyətsiz davrandığında cəza tətbiq etmənizin  nə qədər doğru olacağına siz qərar verin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir