AILE

Övladlığa uşaq verilməsi barədə bilmədikləriniz – MÜTƏXƏSSİS YANAŞMASI

Baxış sayı: 402

Xoşbəxt ailə sağlam cəmiyyətdir. Hər bir fərd ayrılıqda cəmiyyət üzvü olaraq, onun inkişaf etməsində müəyyən rol oynayır. Övlad ailə xoşbəxtliyini tamamlayır. Övlad barı olmayan ailələr övladlığa uşaq götürməklə əsl ailəyə çevrilirlər.

Ailələrin övladlığa uşaq götürməsi ilə bağlı bir çox çətinliklər var. Uşaq dünyaya gətirə bilməyən vətəndaşların övlad sahibi olmaq arzusu bəzən elə arzu olaraq qalır…

Azərbaycanda bu ilin altı ayında 458 nəfər övladlığa götürülüb. Onlardan 223 nəfəri qız, 235 nəfəri oğlandır. Övladlığa götürülənlərdən bir yaşa qədər olanlar 117 nəfər (66 qız, 51 oğlan), bir-beş yaşda olanlar 191 nəfər (83 qız, 108 oğlan), altı-on yaşda olanlar 87 nəfər (40 qız, 47 oğlan), 11-17 yaşda olanlar 63 nəfərdir (34 qız, 29 oğlan).

Hesabat dövründə övladlığa götürülməsi barədə qərarları ləğv edilmiş uşaqların sayı isə 36 nəfər təşkil edib. Onlardan 11-i qız, 25-i oğlandır. Biri bir-beş yaş aralığında (qız), səkkizi 6-10 yaş aralığında (üç qız, beş oğlan), iyirmi yeddisi 11-17 yaş aralığındadır (yeddi qız, 20 oğlan).

 

Məsələnin hüquqi tərəfinə nəzər salaq.

Vəkil Xəyal Bəşirov bildirir ki, övladlığa götürmə ilə əlaqədar işlərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulduğu kimi, xüsusi icraat qaydasında baxılır:

“Məhkəmə prosesinin iştirakçıları övladlığa götürmə sirrinin, həmçinin şəxsi və ailə hәyatının intim məsələlərinin qorunması məqsədilə məhkəmə baxışını qapalı keçirməyi tələb edə bilərlər. Övladlığa götürülən uşaqların və övladlığa götürənlərin hüquq və vəzifələri məhkəmənin uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranmağa başlayır.

Qanunvericiliyimizə görə, hansısa şərtlər altında, hər hansı müddətə və ya nümayəndələr vasitəsilə övladlığa götürmək və yaxud da ölmüş uşağın övladlığa götürülməsi qadağandır. Ailə qanunvericiliyinə əsasən, hər iki cinsdən olan yetkinlik yaşına çatmış şəxslər övladlığa götürən ola bilərlər, lakin, qanunda müəyyən istisnalar da mövcuddur.

Belə ki, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər, məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər, əvvəllər məhkəmə tərəfindən təqsirli hesab olunaraq bu hüququ ləğv edilmiş şəxslər, səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər tərəfindən övladlığa götürmə yolverilməzdir. Eyni zamanda, aralarında rəsmi nikahı olmayan şəxslərin birlikdə eyni uşağı övladlığa götürməsi qanunla qadağan olunur”.

Vəkil bildirir ki, bir uşağın iki şəxs tərəfindən övladlığa götürülməsi qanunla qadağan olunur:

“Ailə məcəlləsinə əsasən, övladlığa götürmə yetkinlik yaşına çatmayan şəxslər barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu Ədliyyə Nazirliyinin şəhər və ya rayon qeydiyyat şöbələrində qeydə alındıqdan sonra mümkündür.

Nikahda olan ər-arvad tərəfindən uşağın birlikdə övladlığa götürülməsi istisna olmaqla, bir uşaq iki şəxs tərəfindən övladlığa götürülə bilməz. Ərin və yaxud arvadın özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürməsi mümkündür.

Qanunla uşağın mənafeyinə cavab verən hallar istisna olmaqla, qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən uşaqların övladlığa götürülməsinə, həmin uşaqlar ölkəmiz ərazisində daimi yaşayan Azərbaycan vətəndaşlarının ailələrinə tərbiyəyə vermək mümkün olmadıqda və ya vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq, qohumları (bacıları, qardaşları, nənələri, babaları, valideynlərinin bacıları, qardaşları, onların övladları) övladlığa götürmədikdə icazə verilir.

Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin razılığı əsasında mümkündür”.

“Qanununvericiliyin tələbinə əsasən, övladlığa götürmənin sirri qanunla mühafizə olunur və övladlığa götürənlərin razılığı olmadan, onlar öldükdə isə qəyyumluq və himayə orqanının razılığı olmadan övladlığa götürmə haqqında hər hansı məlumat vermək qadağandır.

Ailə Məcəlləsinə əsasən, uşağı övladlığa götürmək istəyən şəxsin nikahı yoxdursa, həmin şəxsin yaşı ilə övladlığa götürülən uşağın yaşı arasında ən az 16 yaş fərq olmalıdır. Məhkəmə tərəfindən üzrlü hesab edilən səbəb olduqda, yaş fərqinin qısaldılmasının mümkünlüyü nəzərdə tutulub.

Lakin ögey ata və ya ögey ana uşağı övladlığa götürəndə yaş fərqi ilə bağlı qeyd olunan məhdudiyyət tətbiq olunmur. Valideynləri olan uşaq müəyyən hallar istisna olmaqla, yalnız valideynlərinin razılığı ilə övladlığa götürülə bilər. Belə ki, istisna hallar kimi bunları göstərə bilərik. Valideynlər valideynlik hüquqlarından məhrum ediliblərsə və bu məhrumetmənin üzərindən bir il müddət keçibsə və ya qanunla müəyyən olunmuş qaydada valideynlər fəaliyyət qabiliyyəti olmayan, yaxud xəbərsiz itkin düşmüş hesab ediliblərsə, övladlığa götürməyə onların razılığı tələb olunmur.

Eyni zamanda, valideynlər altı aydan artıq müddətdə uşaqla birlikdə yaşamırlarsa, bununla bağlı qəyyumluq və himayə orqanlarının xəbərdarlığına baxmayaraq, onun tərbiyəsində və ya saxlanılmasında iştirak etməkdən boyun qaçırırlarsa, uşağa valideynlik diqqəti və qayğısı göstərmirlərsə, övladlığa götürmə onların razılığı olmadan da həyata keçirilə bilər.

Valideyn himayəsindən məhrum olan uşaqların övladlığa götürülməsinə qəyyumların və ya himayəçilərin, himayədar ailənin və yaxud da uşaqların yerləşdiyi müəssisələrin rəhbərlərinin razılığı tələb olunur. Bununla yanaşı, işə baxan məhkəmə uşağın mənafeyini nəzərə alaraq, bu şəxslərin razılığı olmadan da onun övladlığa götürülməsi barədə qətnamə qəbul edə bilər.

Qanunla 10 yaşına çatmış uşağın övladlığa götürülməsi zamanı uşağın mövqeyi nəzərə alınmalıdır. Əgər övladlığa götürmə haqqında ərizə verilənə qədər uşaq övladlığa götürmək istəyənin ailəsində yaşayıbsa və onu öz valideyni kimi qəbul edirsə, övladlığa götürmə övladlığa götürülən uşağın razılığı olmadan da həyata keçirilməsi mümkündür”, – deyə vəkil qeyd edib.

Xəyal Bəşirovun sözlərinə görə, övladlığa götürmənin ləğv olunması yalnız müvafiq məhkəmə qətnaməsi əsasında mümkündür:

“Bunu övladlığa götürənlərin özləri, uşağın valideynləri, övladlığa götürülən 14 yaşına çatmış uşaq, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tələb edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118-ci maddəsinə əsasən, uşaq öldükdə övladlığa götürməyə yol verilmir”.

 

Bəs, əcnəbilər azərbaycanlı uşaqları necə övladlığa götürə bilər?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin sektor müdiri Vəfa Ələkbərova bildirir ki, övladlığa uşaq götürmək istəyən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs ilkin mərhələdə Komitəyə ərizə ilə müraciət edir:

“Şəxsin müraciətinə cavab olaraq ona müvafiq sənədlərin təqdim olunması tövsiyə olunur. Sənədlər qanunvericiliyə uyğun təqdim edildikdə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Komitədə övladlığa götürməyi arzu edən şəxs kimi uçota alınır. Daha sonra ona övladlığa götürmək istədiyi uşağın yaşına uyğun Komitənin ümumi uçotunda olan valideyn himayəsindən məhrum uşaq barədə məlumat verilir.

Övladlığa götürmək üçün arzu edilən uşaq müəyyən olunduqda, həmin uşaq barəsində məruzə Konvensiyanın 16-cı maddəsinə əsasən (uşağın şəxsiyyəti, keçmişi, yetişdiyi sosial mühit, övladlığa götürülə bilmək imkanı, ailə tarixçəsi, tibbi tarixçəsi və vəziyyəti və hər hansı xüsusi qayğıya ehtiyacı olub-olmadığı barədə məlumatlar daxil olmaqla), övladlığa götürməyi arzu edən şəxsin yaşadığı ölkənin mərkəzi orqanına ötürülür.

Qəbul edən dövlətin mərkəzi orqanının rəsmi məktubu ilə övladlığa götürmənin davam etdirilməsi mümkün hesab edilərsə, o zaman komitə tərəfindən uşağın övladlığa verilməsinə dair hazırlanmış razılıq məhkəməyə təqdim edilməsi üçün övladlığa götürmək istəyən şəxsə verilir. Uşağın daimi yaşadığı yer üzrə birinci instansiya məhkəməsi şəxslərin övladlığa götürüb-götürməməsi barədə qərar çıxarır”.

Komitə rəsmisi qeyd edir ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülən uşaqların sonrakı həyatına nəzarət Komitə tərəfindən müvafiq rayon məhkəməsinin çıxardığı qətnaməyə əsasən həyata keçirilir:

“Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 350-ci maddəsinə əsasən, məhkəmə qərarı ilə övladlığa götürən şəxslərin üzərinə hesabatların verilməsinin məcburiliyinə dair öhdəlik qoyulur.

Belə ki, Azərbaycan vətəndaşı olan uşaq əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü zaman uşağın səhhəti, təhsili, inkişafı, davranışları, ətraf mühitə uyğunlaşması və sairə məlumatlardan (uşağın inkişaf mərhələlərini özündə aydın əks etdirən fotoşəkillər və ən azı 15 dəqiqəlik videoyazılar əlavə olunmaqla) ibarət hesabatlar üç il ərzində ildə iki dəfə olmaqla, hər altı aydan bir Komitəyə təqdim edilir.

Komitə də öz tərəfindən ildə iki dəfə (hər altı aydan bir) Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məsələ ilə bağlı hesabat verir”.

Vəfa Ələkbərova deyir ki, övladlığa uşaq götürmək üçün komitəyə müraciət edənlər sırasında əslən azərbaycanlı olan xarici ölkə vətəndaşları çoxluq təşkil edir:

“Əksər hallarda isə Azərbaycan vətəndaşı ilə nikaha daxil olmuş əcnəbilər olur ki, onlar da həyat yoldaşlarının birinci nikahından dünyaya gəlmiş Azərbaycan vətəndaşı olan uşağı övladlığa götürməyi arzu edir. Uşaqlar ABŞ, İngiltərə, Almaniya, Türkiyə Respublikası, Gürcüstan Respublikası və başqa ölkələrin vətəndaşları tərəfindən övladlığa götürülüb. 2014-2018-ci il üzrə 27 uşaq, 2017-ci il ərzində səkkiz uşaq ölkələrarası övladlığa götürülüb”.

Qeyd edək ki, statistikada göstərilən uşaqların əksəriyyəti birinci nikahdan olan valideynlərin övladlarıdır. Bu, o deməkdir ki, övladlığa götürən və xarici vətəndaş olan şəxs Azərbaycan vətəndaşı olan şəxslə nikaha daxil olduqdan sonra onun əvvəlki nikahdan olan uşağını övladlığa götürdüyü üçün icraat ölkələrarası övladlığa götürmə proseduruna uyğun aparılır.

Məlumat üçün bildiririk ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 547 saylı, 12 mart 2007-ci il tarixli Fərmanına əsasən “Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında” Haaqa Konvensiyasının 6.1-ci maddəsinə müvafiq olaraq Azərbaycanda ölkələrarası övladlığa götürmə məsələləri üzrə Mərkəzi orqan kimi müəyyən edilib.

 

 

İlhamə Əbülfət




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir