GEYIM 1

Paltarların geyinilib-soyunulması yoluxma riski yaradır? – İZAH

Baxış sayı: 677

Nazirlər Kabineti Yanında Operativ Qərargahın qərarına əsasən, bu gündən etibarən qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin fəaliyyətinə icazə verilib. Dükanların açılması xəbərini eşidən insanlar elə bu gündən geyim mağazalarına axın etməyə başlayıb.

Maraqlıdır, geyim mağazalarında paltarların mütəmadi olaraq müxtəlif insanlar tərəfindən geyinilməsi koronavirusa yoluxma riski yarada bilərmi?

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Müşfiq Məmmədlinin açıqlamasına görə, mövcud qaydalara əməl etməklə ticarət mərkəzləri və digər iaşə obyektlərinin  açılmasının yoluxma riskini artırması çox aşağıdır. Pandemiya dövrünün qaydalarına əməl edərək bir çox ölkələrdə paltar mağazalarının açıq olduğunu  xatırladan deputat deyib ki, bu cür iaşə obyektəri  heç bir ölkədə yoluxma sayının artmasına səbəb olmayıb:

“Çünki paltar mağazalarına yalnız ehtiyacı olanlar gedir. Amma istənilən halda bu mağazalarda sosial məsafənin qorunması, maska taxmaq və əllərin dezinfeksiya edilməsi və  digər gigiyena qaydalarına riayət olunması təmin edilməlidir. Geyim və digər dükanlarda gün ərzində bir neçə dəfə dezinfeksiya işləri aparılmalıdır.

Alış-veriş mərkəzlərinin özündə satış mexanizminin yenilənməsi vacibdir. Nəzərə almaq lazımdır ki, geyim və digər satılan vasitələrlə insanlar əl ilə təmas edirlər. Bu zaman istənilən virus, o cümlədən, koronavirus da əl ilə toxunuş vasitəsilə başqa insanlara keçə bilər. Bu səbəbdən dükanlar qabaqlayıcı tədbirlər görməlidirlər. Biz bu qaydalara əməl etməsək, yumşalmalar olsa da, olmasa da problemlər yaşanacaq. Cənab prezidentin söylədiyi kimi nəzarət mexanizmləri qurulmalıdır.

Bu nəzarət mexanizmlərinə əsasən də mərhələli şəkildə yumşalmalara təbii ki, getməliyik. Çünki iqtisadiyyatın çarxı daim dönməlidir. Ölkə iqtisadiyyatı inkişaf etməlidir. Pandemiya reallıqdır. Pandemiyanın nə zamana kimi davam edəcəyi bilinmir. Ehtimal var ki, bütün dünya üzrə 2 il ərzində koronavirus enmə və yüksəlmə tempi ilə davam edə bilər.

 

Belə olan halda da biz mərhələli şəkildə yumşalmalara gedərək həm ölkəmizin iqtisadiyyatını dayanıqlı edərək insanlarımızın sağlamlığını qorumalıyıq. Bunların arasında seçim etməli olsaq, biz sağlamlığı seçirik. Bu da onu göstərir ki, əgər yoluxanların sayı artarsa, yenidən məhdudiyyətlərə dönüş ola bilər. Ölkə rəhbərliyinin də mövqeyi budur.

İkinci məsələ isə bunun mexanizmlərinin qurulmasıdır.  Müxtəlif ölkələrdə bunun üçün müəyyən addımlar atılır.  İlk olaraq cəmiyyətdə immunitet faiz nisbəti ölçülməlidir. Bunun üçün də müayinə metodları var. Bu müayinə metodlarından istifadə edərək cəmiyyətin nə qədər üzvünün yoluxmasını müəyyən etmək olar. Bunun əsasında da karantin tədbirlərinin idarə olunması mexanizmini qurmaq mümkündür”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir