parkinq

Parkinq qiymətləri niyə ceyran belinə qalxıb?

Baxış sayı: 404

Bakıda avtoparklar inşa olunmalıdır. Əks halda parklanma yerlərində qiymət artımı davamlı olacaq.

Bu sözləri son günlər parklanma yerlərində qiymət artımını şərh edən əmlak eksperti Elnur Fərzəliyev bildirir. O qeyd edir ki, artıq yaşayış binalarında da parklanma qiymətlərində bahalaşma olduğu barədə məlumatlar yayılır. Bəzi binalarda MTK rəhbərliyi zirzəmilərindəki parklanma yerlərini icarəyə verə bilir.

“Bakıda avtoparklara təlabat artıb. Buna səbəb yeni inşa olunan binaların birinci mərtəbələrinin iaşə obyektləri kimi istifadə olunmasıdır. Hər binanın birinci mərtəbəsi iaşə obyekti olduğundan, insanlar bu xidmətlərdən istifadə etdikdə parklanma yerlərinə təlabat artır. Bura gələn şəxslərin böyük əksəriyyəti avtomobillə gəlir. Lakin həmin obyektlərin avtomobil saxlamaq üçün yeri olmur. Bu da böyük problemlərdən biridir. Əvvəllər köhnə binaların həyətində avtomobil saxlamaq üçün boş yerlər olurdu. Yeni binalarda isə belə yerlər yoxdur. İnsanlar məcbur olub avtomobili ya iaşə obyektlərinin qarşısında saxlayır, yaxud da yaxında parklanma yeri axtarır. Bakıda isə parklanma yerlərinin sayı tələbata uyğun deyil. Ona görə də yeni avtoparklar yaradılmalıdır” – Elnur Fərzəliyev bildirir.

Ekspert əlavə edir ki, çoxmənzilli binalar tikilərkən parklanma mütləq nəzərə alınmalıdır. Çünki paytaxtda insan sayı getdikcə artır. Bu səbəbdən də avtomobillərin sayı artır.

Onun fikrincə, Bakının yeni Baş Planına əsasən, binalar söküləndə belə hallar mütləq nəzərə alınmalıdır. Son illərədək çoxmərtəbəli binaların inşası zamanı tikinti şirkətlərinə zirzəmilərdə parklanma yerlərinin inşası tələbi qoyulmayıb. Bu isə paytaxtda sıxlığın yaranmasına, parklanma yerlərinin çatışmazlığına səbəb olub.

Ekspert deyir ki, problem dövlət səviyyəsində həll olunmalıdır. Parklanma yerləri ayrılmalı, bunun üçün vəsait xərclənməlidir. Əks halda bu sahədə qiymət artımı davamlı olacaq.

E.Fərzəliyevin sözlərinə görə, vətəndaşlar yeni tikililərdən mənzil alarkən ilk növbədə çoxmənzilli binanın layihə sənədinə diqqət yetirməlidirlər. Əgər sözügedən sənəddə zirzəmi hissəsi avtodayanacaq kimi layihələndirilibsə, dayanacaqların satışı həyata keçirilə bilər və həmin dayanacaqlara görə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması mümkündür.

Qeyd edək ki, 1 aprel tarixindən etibarən Azadlıq meydanınındakı yeraltı dayanacaqda avtomobil park etmək üçün yeni tariflərin tətbiqinə başlanılıb.

0-1 saat üçün 1 AZN, 1-3 saat üçün 2 AZN, 3-6 saat üçün 3 AZN, 6-12 saat üçün 5 AZN, 12-24 saat üçün 10 AZN ödəniş tələb olunacaq. Bundan başqa, təklif olunan aylıq paketə görə, hər gün 12 saat maşını park etmək üçün 100, 24 saat üçün 140 manat ödəniləcək. “Qonşular” paketinə görə 75 AZN ödəniləcək.

Bakıda Qış parkının yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlər bahalaşıb. Yeni tariflər aprelin 1-dən tətbiq edilir.

Gündəlik tariflər aşağıdakı kimi olacaq:

0-2 saat – 1 manat;

2-4 saat – 2 manat;

4-6 saat – 3 manat;

6-10 saat – 4 manat;

10-12 saat – 5 manat;

12-24 saat – 8 manat.

Aylıq tariflər isə belə olacaq:

Bir günə 12 saatlıq – 80 manat (köhnə tarif 30 manat);

Bütün günü (24 saatlıq) – 120 manat (60 manat);

Qonşular tarifi – 50 manat (20 manat).

Göründüyü kimi, aylıq tariflər 100-170% artıb.

Qeyd edək ki, bu parkinqdə 4000-dək avtomobilin parklanması üçün şərait var.

Zülfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir