pirsinq

Pirsinqin hansı fəsadları ola bilər?

Baxış sayı: 2. 206

Yəqin ki, hamınız şəhərdə burnuna, dodağına, qaşına sırğa taxan gəncləri görmüsünüz. Bu sırğalar, yəni pirsinq bir neçə il öncə daha çox dəbdə idi. Belə ki, roksevər gənclər, əsasən də emolar pirsinqdən çox istifadə edirdilər.

Pirsinqin çox qədim tarixi var. Məlumatlara görə, Almaniya ərazisində tapılan pirsinqlərin tarixi VI, VII əsrlərə dayanır. O dövrlərdə cəngavərlər döşlərinin ucuna pirsinq taxırlarmış. Bu, öz aralarında dözüm, mətanət rəmzi sayılırmış. Qulağa sırğanın taxılması isə daha da əski tarixə malikdir. Belə ki, bu barədə İncildə də qeyd olunub. Avropa ölkələrində pirsinq IV, XVI əsrlərdə dəbə düşüb. Bu dövrlərdə xüsusi olaraq kişilər pirsinqdən istifadə etməyə başladılar. Pirsinqin yenidən gündəmə gəlməsi isə 30-cu illərdən sonrakı dövrə təsadüf edir. Bu dövrdə pirsinqin daha müasir növləri İtaliya, İspaniya, İngiltərə və Fransada da dəbə mindi. Burun pirsinqi isə Hindistanla əlaqələndirilir. Orada qadınlar ilahə Lakşminin şərəfinə burunlarının sağ tərəfinə pirsinq taxırlar. Bu, bir ritual kimi toy günündə həyata keçirilir.

Pirsinq bədənin müxtəlif nahiyələrinin deşilərək, sırğa taxılması prosesinə deyilsə də, bu sırğalar da qısaca olaraq, pirsinq adlanır. Pirsinq taxmanın müxtəlif səbəbləri var. Bir çoxları dini inanclarına, estetik görünüşə görə, ya da seksual həzzin artırılması üçün pirsinqdən istifadə edirlər.

Bakıda da pirsinq taxdıranlar az olmadığı üçün bəzi gözəllik salonlarında bu xidmət həyata keçirilir. Ancaq bədənin müxtəlif nahiyələrini deşmək və sırğa taxmaq ağrılı və xüsusi təmizlik tələb edən proses olduğundan pirsinq taxdırarkən ehtiyyatlı olmaq lazımdır.

Həkim dermo-kosmetoloq Sevinc Əzimovanın sözlərinə görə, pirsinq taxdırmaq orqanizm tərəfindən müxtəlif reaksiyalarla qarşılaşa bilər. Belə ki, gigiyenik amillərə diqqət yetirilmədiyi təqdirdə pirsinq edilən nahiyəyə infeksiya düşmə ehtimalı var. Deşilən nahiyədən asılı olaraq, pirsinqin yeri 1 ay və ya 2 ilə sağala bilər: “Bilirsiniz ki, qadınlar pirsinqə kişilərdən daha çox üstünlük verirlər. Amma bu, o demək deyil ki, bizə pirsinq taxdırmaq üçün kişilər müraciət etmir. Sadəcə olaraq, kişilərin orqanizmi pirsinqə, deşilməyə qarşı daha həssasdır. Yəni onlarda pirsinqin yeri aylarla sağalmaya bilər. Qadınlarda isə əksinə, yaraların yeri daha tez sağalır. Bu da qadınların daha ehtiyyatlı və səliqəli olmasından irəli gəlir”.

Kosmetoloqun sözlərinə görə, pirsinq arasında ən çətini, yəni daha çox ağrı verəni dildə pirsinqdir. Bu, ağrılı proses olsa da, müraciət edənlər də az deyil.

Pirsinq prosesi ağrılı olsa da, bu ağrı keçicidir. Əsas məsələ pirsinqin yerinə edilən qulluqdur. Müsahibim bildirir ki, əgər deşilən yerə lazımi qulluq edilməsə, bu, böyük fəsadlara yol aça bilər: “Ən çox bizə qulaq pirsinqi üçün yaxınlaşırlar. Bu da çox asan posesdir. Deşilmə çox tez bir zamanda həyata keçirilir və müştərinin istəyinə uyğun olaraq sırğa taxılır.  Pirsinq taxmaq gözəllikdir. Amma bu işi də peşəkarlara həvalə etmək lazımdır. Çünki gigiyenik qaydalara əməl olunmadığı təqdirdə pirsinq vasitəsi ilə də müxtəlif infeksion xəstəliklərə yoluxmaq mümkündür”.

Onu da demək lazımdır ki, pirsinq müxtəlif nahiyələrə vurula bilər. Burnuna, qulağına, dilinə, göbəyinə, qaşına, dodağına və intim bölgələrə də pirsinq vurduranlar var. Gözəl görünməsinə baxmayaraq, pirsinqin fəsadları da az deyil. Belə ki, pirsinqin yerinə düzgün qulluq edilməsə, bu, yaranın dərinləşməsinə və müxtəlif xəstəliklərin yaranmasına səbəb olar. Digər fəsadı isə pirsinq metalının orqanizmlə əks reaksiyasıdır. Həkimin sözlərinə görə, metal orqanizmlə reaksiyaya girmirsə, deşilən hissədə iltihablanma baş verir. Belə olan təqdirdə pirsinqi çıxartmaq və deşilən yerə xüsusi qulluq göstərmək lazımdır: “Əgər deşilən yer iltihablanıbsa, mütləq həkimə müraciət edilməlidir. Metalın əks reaksiyası qanın zəhərlənməsinə də səbəb olar”.

“Pirsinq gözəllik hesab edilsə də, ağrılı və təhlükəli prosesdir” – deyən 31 yaşlı oxucumuz Günel Qəhrəmanova özünü “dəb qurbanı” adlandırır. O deyir ki, 10 il öncə ölkədə pirsinq dəbə düşəndə o da valideynlərinin etirazlarına baxmayaraq, pirsinq etdirib: “Mənim pirsinq vurdurmağıma anam qarşı çıxırdı. Deyir ki, bizim nəsildə belə şey yoxdur. Ayıbdır. Mən qulaq asmadım. Burnuma, dilimə və göbəyimə pirsinq vurdurdum. Ağrılı proses idi. Bu, bir kənara, yaralar sağalana kimi qulluq etmək adamın səbrini daşdırırdı. Qulağım və göbəyim zamanında sağaldı, amma dilim…”

Günel deyir ki, dilindəki pirsinq yerinin sağalması ondan illərini və külli miqdarda pulunu alıb, əvəzində də ömürlük qüsur bağışlayıb: “Uzun müddət danışa bilmədim. Zamanla danışmağa başlasam da, dilimdə qüsur yarandı. Sözləri düzgün deyə bilmirəm”.

Günel Qəhrəmanova bütün gənclərə məsləhət görür ki, dəbdir deyə təhlükəli gözəlliklərə heç bir zaman aldanmasınlar: “Bəzi dəblər ölüm belə gətirə bilər” .

Pirsinq insanları nə qədər gözəl, cazibədar göstərsə də, İslamda qəbul edilmir. İslam dininə görə, insanın bədəninə bilərəkdən zərər vurması günah sayılır. Ümumiyyətlə, insanın Allahın yaratdığına etdiyi hər bir müdaxilə qəbul edilməz və günahdır. İslam dini pirsinq və bu kimi dəyişikliklərə səbəb olan heç nəyi qəbul etmir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir