SIFET

Pozitiv olmaq üçün nələrə diqqət etməliyik?

Baxış sayı: 451

Bəzən gənclərin arasında elə böyük səbəb olmadan həddindən artıq pessimist aurada olanlarını görürük. Həyatdan küskün olurlar, insanlardan uzaq qaçırlar, heç kimin onları başa düşmədiyini deyirlər və s. Amma özünü pozitivə kökləmək kimi mövzular da tez-tez müzakirə olunur, bu cəhətdən bir çox şeyin insanın özündən asılı olduğu deyilir. Bu, həqiqətən belədir? Əgər belədirsə, pozitiv olmaq üçün biz nələrə diqqət etməliyik?

 

Xarakter məsələsi

Psixiatr Orxan Fərəcli bunun həm də bir az xarakter məsələsi olduğunu bildirdi: “Əgər hər şey qaydasındadırsa, amma insanda pessimistlik varsa, burda depressiya halı olması ehtimalı böyükdür. Çünki depressiya geniş yayılıb, bu fonda onların depressiv olma ehtimalları xeyli yuxarıdır. Yaxud onların xarakter tipi ilə bağlı ola bilər”.

Valideyn amili

Psixoloq Vəfa Əkbərin sözlərinə görə, yeniyetmə və gənclərin pessimist ruhda olmasının əsas səbəbi valideynlərdir: “Biz uşaq, yeniyetmə və gənclərdə bu problemi görürüksə, deməli, onu rəssam elə çəkib. Yəni valideyn elə formalaşdırıb. Çünki hər bir övlad valideyninin şah əsəridir. Ümumiyyətlə, uşaqlara yanaşmada təbii və standart – süni olan yanaşma var. Valideynlər daha çox standartı sevirlər. Onlara bəlli olan davranışlar var ki, onu göstərirlər və nəticəsinin də planlaşdırdıqları kimi olmasını istəyirlər. Peşə, həyat yoldaşı və s. seçimə də qarışırlar. Gənclərin pozitivə köklənməsi üçün maariflənmə işi onların özləri ilə yanaşı, ümumilikdə valideynlərilə də getməlidir. Təsir əks-təsirə bərabərdir. Biz nəyi diqtə etməyə, inandırmağa çalışsaq, bir o qədər də haqsız, inandırmamış kimi çıxacağıq. İlk olaraq yeniyetmənin, gəncin nə istədiyini bilməmiz önəmlidir. Ona görə də valideyn uşağı dinləməlidir. Çünki uşaqları dinlədikcə onlar seçim haqları olduğunu görəcək, təsirə məruz qalmadığını hiss edəndə ən azından içində mübarizə aparmayacaq. Düzdür, bu təsirə məruz qalanların içərisində pozitivi də olur, neqativi də. Pozitivlərə gəlincə, o demək deyil ki, onlar fikirlərini deməkdə çətinlik çəkmirlər. Onlar da bəzən valideynləri tərəfindən təzyiq altında olurlar”.

Psixoloq qeyd etdi ki, pozitivliyin kökü uşağın özünü tanımasındadır: “Erkən yaşda uşaq özünü tanımalıdır. Buna da valideyn şərait yaratmalıdır. Uşaq əyləncəsini, ona zövq verən şeylərin nə olduğunu bilməlidir. Bu gün valideynlərin əksəriyyəti uşağın mədəsini düşünür, beynini inkişaf etdirmir”.

Həyat tərzi

Gündəlik rejimi necə qurmaqdan da çox şey asılıdır. Orxan Fərəcli deyir ki, gündəlik həyat tərzinin də burada rolu az deyil: “Həyat tərzi, insanlarla ünsiyyət qurma kimi məsələlər də burda önəmli faktorlardır. Gecə yuxusunu qaydasında saxlamaq, tez yatıb tez oyanmaq önəmlidir. Mümkün qədər kriminal xarakterli xəbərlər, qorxu filmlərindən uzaq durmaq lazımdır. Xüsusilə, bu cür məlumatların daha çox təsir etdiyi adamlar bunu diqqətdə saxlamalıdırlar. Bir də aktiv idmanla məşğul olmaq yaxşı təsir edir. Bunlar insanı müsbətə kökləyir”.

 

Motivator-təlimçi Murad Məmmədov deyir ki, pozitivliyini qorumaq üçün günü daha dinamik keçirmək lazımdır: “Ola bilər ki, kiminsə fiziki imkanı fərqlidir deyə, çox gəzə bilmir. Amma mümkün qədər aktivliyi qorumaq lazımdır. Fərqli yerlərdə olmağın insana pozitiv yöndən təsiri böyükdür. Mən hər zaman günümü daha dinamik keçirməyə çalışıram”.

 

Musiqilər, kitablar

Bəzən gəncləri dinlədikləri musiqilərin, oxuduqları kitabların pessimistliyə yüklədiyini də deyirlər. Vəfa Əkbərin sözlərinə görə, uşaq yaşlardan zövq düzgün formalaşdırılanda gənc artıq nəyə qulaq asacağını, hansı kitabları oxuyacağını bilir, doğru nəticə çıxarmağı bacarır: “Əslində, kiçik yaşlarından maarifləndirmə aparılsa, dərnəklərə gedilsə, uşaq öz maraq dairəsini biləcək. Uşağın öyrənməyə, oxumağa, analiz etməyə ən azı qabiliyyətini formalaşdırmaq lazımdır ki, nəyi oxuyacağını bilsin, kitabdan düzgün nəticə çıxarmağı bacarsın. Bu, bir tərbiyə, mədəniyyətdir. Musiqi də elə. İnsan bir şeyi nə qədər çox görürsə, eşidirsə, istər-istəməz onun yaddaşa yazılır. Zövqə təsir edir. Lağ etsən belə, çox dinlədikcə zövqünə təsir edə bilir”.

Orxan Fərəcli bildirdi ki, kitab məsələsində dəqiq fikir demək çətindir: “O kitabı oxuyan hər kəs pessimist olmur. Müəyyən insanlara təsir edir. Bu da qeyd etdiyim kimi depressiya əlamətlərindən dolayı ola bilər. İnsan depressiyada olanda həmin halına uyğun kitablar seçib oxuya bilər”.

 

Kiçik uğurlar qazanmağa çalışın

Murad Məmmədov deyir ki, insanı pozitiv edən əsas faktorlardan biri də qazandığı uğurlardır: “Uğurların sayının az olması, yaxud heç uğur qazanmamaq da insanı mənfiyə yükləyə bilir. Uşaqlıqdan başlayaraq insan nə qədər çox uğur qazansa, o qədər pozitiv, özünə inamlı olur. Söhbət böyük miqyaslı sosial uğurlardan getmir. Sadəcə, fərd olaraq insanın təkbaşına ayaq üstə dayanması kimi bir uğurdan gedir. Məsələn, hansısa bir dili öyrənmək, kursu bitirmək və s. kimi uğurlar. Adam passiv həyat tərzi keçirib, heç bir bacarıq əldə etməyib və sonda da bunları əldə edənləri görəndə pessimist olur. Kiçik uğurları olmayan adamlarda pessimistlik olur. Ona görə insan bu kimi məsələləri özünə aşılamalı, xırda uğurlar əldə etməyə çalışmalıdır. Çünki böyük uğurları məhz bu toplanan xırda uğurlar gətirir”.

Problemli mövzuları çox müzakirə etməyin

Murad Məmmədov bildirdi ki, pessimistliyə yükləyən mövzuları gün ərzində müzakirə etmək də insana pis təsir edir: “Nə isə bir çətinliyim olduğu zaman onu özüm üçün analiz edirəm. Bəzən görürəm ki, onun həlli bu an üçün mümkün deyil. Bu zaman o mövzunu dost-tanış arasında çox da müzakirə etmirəm. Məsləhət almaq üçün bir dəfə deyə bilərəm. Amma problemli mövzuları gün ərzində çox da müzakirə etmirəm. Bu, insanı mənfiyə yükləyə bilir. Pozitivliyi qoruyub saxlamaq üçün problemli mövzulardan qaçıram”.

 

Düzgün ətraf seçimi

Bir də ətraf seçimi önəmli məqamlardandır. Murad Məmmədovqeyd etdi ki, bunu da düzgün etmək lazımdır: “Mənə pozitiv əhval verən insanların ətrafında olmağı seçirəm. Elə insanlar var ki, daim bədbin mövzulardan danışırlar. O cür adamlarla ünsiyyətdən qaçıram. Çevrəmizi də düzgün seçməliyik. Pozitiv ruhlu, enerjili adamları ətrafımıza yığmalıyıq ki, bizə də o enerjini ötürsünlər”.

İşgüzar inkişaf, motivasiya kitabları…

Hüquq üzrə fəlsəfə doktoru, dosent, işgüzar inkişaf yazarı Nadir Adilov deyir ki, işgüzar inkişaf, motivasiya kitablarının gənclərin ruh halının yaxşıya doğru dəyişməsində rolu çoxdur, amma bəzən bu kitablar gənclərə pessimistlik də ötürə bilir: “Ümumiyyətlə, hər bir insan az və ya çox oxuduğu kitabın təsiri altına düşə bilir. Bu, normaldır. Söhbət fərdi inkişaf kitablarından gedirsə, bəzən bu kitabların pozitiv deyil, əks təsiri də ola bilir. Bu, hansı hallarda olur? Məsələn, bir gənc fərdi, yaxud işgüzar inkişaf kitabı oxuyur. Kitabın müəllifi əcnəbidir və kitab həmin müəllifin təmsil etdiyi coğrafi məkanın tələbləri, şərtləri və sair bütün xüsusiyyətlər nəzərə alınaraq yazılıb. Təbii ki, belə bir kitabın bədii və ədəbi üslubu nə qədər gözəl olsa da, onu oxuyan gənc orada praktikada tətbiqi təklif edilən modelləri, alətləri istifadə edə bilməyəcəksə, təbii ki, pessimistliyə düşəcək. Yox əgər, gəncin müqayisələndirmə və məntiqi güclüdürsə, təbii ki, bir çıxış yolu tapacaq. Ümumiyyətlə, müasir gənclər oxuyub müqayisə aparır.

Bir çox gənclər, bəzən oxuduqları kitabların tətbiqi sahəsində maraqlı olur. Təbii ki, bir çox gənc tətbiqlər üzrə oxuduqları kitablar zamanı bu qənaətə gələ bilir ki, bizdə mən belə etsəm, alınmayacaq. Deyək ki, kitabını oxuduğu müəllifin təmsil etdiyi ölkənin nəinki qanunvericiliyi üst-üstə düşür, hətta iqlimi, təbiəti də tam fərqlidir. Ona görə, işgüzar və fərdi inkişaf cəhətdən yerli ədəbiyyatların çox olmasına ehtiyac var. Bizdə bu sahədə az da olsa güclü yazarlar var. Xarici müəlliflər də peşəkardır, gözəl əsərlər yazıblar, məktəblər qurublar. Sadəcə, subyektiv fikrim ondan ibarətdir ki, müəlliflər milli düşüncəyə əsaslanan məktəblər yaratmalıdır. Yerli təcrübə məsələsi çox önəmlidir. Əgər bir əcnəbinin kitabını bir gənc oxuyur və təsirə düşürsə ki, heyf burda olan ülvi ideyaları öz ölkəmdə tətbiq edə bilmirəm, bura filan ölkə olsa, böyük enerji ilə bunu edərdim. Bu artıq nə o yerli oxucunun, nə də ki əcnəbi müəllifin problemidir. Bu, biz yerli müəlliflərin problemləridir ki, gənclərə yerli nümunələr əsasında özlərini inkişaf modellərini ya göstərə bilmirik və yaxud da bu modelləri göstərə bilən bir cərəyan və bir məktəbə malik deyilik”.

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir