asif

“Qəbələ”nin kapitanı: “Meydanda futbolçu, evdə baş məşqçiyəm”

Baxış sayı: 337

“Gencaile.az” saytının “Ailədən danış” rubrikasənən budəfəki qonağı “Qəbələ” futbol klubunun kapitanı Asif  Məmmədovdur.

 

– Futbolçu olmağınıza valideynlərinizin münasibəti necə olmuşdu?

– Valideynlərimin münasibəti heç də yaxşı deyildi. Xüsusən atamın. Atamla müqayisədə anam nisbətən normal yanaşırıdı, amma atam oxumağımın tərəfdarı idi. Ancaq iş orasındaydı ki, mənim oxumaqla aram yox idi.

 

– Belə narazılıqla üzləşən uşaqlar adətən futbola gizli şəkildə gedir. Sizdə də belə olmuşdu, yoxsa sonradan razılıq almışdınız atanızdan?

– O dövrdə əksər valideynlər futbola ciddi peşə kimi yanaşmırdı ki, mənim valideynlərim də istisna deyildilər. Valideynlərim futbola getməyimə ancaq bir şərtlə razılaşmışdılar ki, məktəbdən gələndən sonra dərslərimi öyrənib danışmalıydım və ancaq bundan sonra məşqə gedə bilərdim. Mənim də oxumaq həvəsim yox idi deyə gözüm kitabda, ürəyim futbolda olurdu ki, məşqə gecikməyim. Sonra elə oldu ki, Gürcüstana yarışa getməli olduq və ancaq bundan sonra valideynlərim futbolu ciddi iş kimi qəbul etməyə başladılar.

asif m 1

– Maraqlıdır, futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?

– Bu haqda fikirləşmək üçün vaxtım olmayıb, çünki 7 yaşımdan futbola getmişəm. Amma indi düşünürəm ki, hansısa sahədə biznes qurardım. O vaxt bu haqda fikirləşmirdim, amma futbol məni yetkin adam etdikdən sonra belə variant ağlıma gəlir. Həm də biznes qurmaq üçün müəyyən vəsait lazımdır ki, o dövrdə belə bir imkan yox idi. Allaha şükür ki, indi az-çox nəsə qazanmışam deyə mənə elə gəlir ki, hansısa bizneslə məşğul ola bilərəm.

 

– Yuxarıda qeyd etdiniz ki, əvvəllər futbola münasibət birmənalı deyildi. Ailə quranda necə, həyat yoldaşınız futbolçu ilə evlənməkdə tərəddüd etmədi ki?

– Yox, heç bir problem olmadı, normal qarşıladılar. Müğənni deyiləm ki, problem yaratsınlar (gülür-red.)

 

– Müğənnilər qədər olmasa da, futbolçular da gündəmdə olur. Bu hal ailənizdə hər hansı qısqanclığa yol açmır?

– Yox, düzünü deyim ki, heç vaxt belə bir hal yaşanmayıb.

asif m 3

– Futbolçu peşəsi elıdir ki, adətən evdən kənarda olursunuz. Belə vəziyyətdə ən çox hansı çətinliklərlə üzləşirsiniz?

– Düzü, işlərimi elə planlaşdırıram ki, problem olmasın. Demək olar ki, çətinlik yaranmır. Ara-sıra gözlənilməz nəsə çıxanda da həll yolunu tapıram.

 

– Sizcə, bir futbolçu üçün ailə qurmağın mənfi və müsbət tərəfləri hansılardır?

– Hamı bilir ki, futbolçular gənc yaşlarında yaxşı qazanc əldə edir. Futbolçuların çoxu kasıb ailələrdən çıxdığı üçün birdən-birə pulun gəlməsi gənc futbolçuların düzgün olmayan həyat tərzinə üstünlük verməsinə zəmin yarada bilər. Odur ki, futbolçunun tez evlənməsi daha yaxşıdır ki, başı ailəsinə, övladına qarışır. Məncə, futbolçu ya tez ailə qurmalıdır, ya da gec. İkisinin ortası olmamalıdır.

 

– Yaşıl meydanda yarımmüdafiəçi kimi gördüyümüz Asif Məmmədovun evdəki statusu nədir bəs?

– Evdə “komandir” mənəm. Futbol dili ilə desək, meydanda yarımmüdafiəçi, evdə baş məşqçiyəm.

 

– Bildiyimiz qədəriylə 2 övladınız peşənizi davam etdirir. Onların futbolla məşğul olmasında sizin rolunuz daha çoxdur, yoxsa öz istəkləridir?

– Düzü, futbolçu olmaqlarını istəmirdim. Mənim heç bir rolum yoxdur. Öz seçimləridir. Mən dərslərinə fikir vermələrinin tərəfdarıyam. Ola bilsin, bu gün futbolla məşğuldurlar, amma gələcəkdə karyeraları alınmaya bilər. Həm buna görə, həm də çətin peşə olduğuna görə istəmirdim, amma onu da deyim ki, “qablarında” az-çox nəsə var.

asif m 4

 

– Futbolçu kimi reallaşdıra bilmədiyiniz elə bir arzunuz varmı ki, onu övladlarınızın həyata keçirməsini arzulayırsınız?

– Ölkə səviyyəsində müəyyən uğurlarım var. Ölkə çempionu olmuşam, Azərbaycan kubokuna yiyələnmişəm. Avropa liqasının qrup mərhələsində çıxış etmək imkanı qazanmışam. Amma bütün bunlar futbolçu kimi hədəflərimin sadəcə 20-30 faizi idi. Məsələn, yaxşı bir əcnəbi klubda top qovmaq, Çempionlar Liqasının qrup mərhələsində oyunlara çıxmaq, milli kamada ilə uğurlar qazanmaq istərdim, amma bu gedişlə sadaladığım arzularım elə arzu olaraq da qaıacaq. İnşallah, övladlarım bu arzularımı gerçəkləşdirər.

 

– Futbolçu kimi ən çox hansı qərarınıza görə təəssüf hissi keçirirsiniz?

– “İnter” klubunda forma geyəndə “Xəzər Lənkəran”a transfer olunmağım yanlış addım idi. Bakı klubunda hər şey yaxşı getdiyi vaxtda Lənkərana yollanmamalıydım. Bunu görə məyusam. O vaxt “Xəzər Lənkəran”a başçılıq edən Ağasəlim Mircavadova söz vermişdim deyə “İnter”i “Xəzər Lənkəran”a dəyişmişdim, amma indi düşünəndə səhv qərar olduğu qənaətinə gəlirəm.

 

Söhbətləşdi: Tural Məmmədov

 

asif m

asif m2




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir