insan alveri

Qadın bazarı: İnsan alverinə qarşı mübarizə necə aparılmalıdır? – ARAŞDIRMA

Baxış sayı: 440

Normal insan cəmiyyətinin və ailə institutunun dayaqlarına, dolayısı ilə genefonda ağır zərbə vuran fahişəlik haqlı olaraq ən böyük mənəvi problem kimi xarakterizə edilməkdədir. İnsan alverinin çiçəklənməsi üçün ən yaxşı stimul yaradan fahişəliyin tarixinin insanlığın tarixi qədər qədim olduğu bildirilir. Son vaxtlar dünyada və ölkəmizdə bu problemin aktuallaşdığını nəzərə alıb fahişəliyinin səbəblərini və problemi həll etməyin yollarını araşdırmağı məqsədəuyğun uyğun hesab etdik.

 

Ən boyuk mənəvi problem: dünyada real vəziyyət

Fahişəliyin yaratdığı problemlər arasında qanunsuz insan trafiki, köləlik və cinsi yolla keçən xəstəliklər əsas yeri tutur. Son vaxtlar hər 3 istiqamətdə də problemlər kəskinləşdiyindən problem daha da aktuallaşb.

Fahişəlik sosial təzahür olub qadınların nigahdankənar seks fəaliyyətinə deyilir. Ölkədən asılı olaraq, fahişəlik ya leqaldır, ya da hətta ölüm cəzası ilə cəzalandırılır.

Bir sıra ölkələrdə isə fahişəlik dövlət tərəfindən leqal biznes fəaliyyəti siyahısına salınır, məsələn İsveçrə, Tailand, ABŞ, Türkiyə kimi ölkələrdə fahişəxanalar leqal fəaliyyət göstərir.

Bir çox ölkələrdə isə (Səudiyyə, Hindistan, İran və s.) fahişələr cəmiyyətdə çox sərt reaksiya ilə üzləşir. Azərbaycan mentalitetində belə qadınlara yanaşma bir qədər sərt olsa da, sivil çərçivələri aşmır. Yalnız xəyanət halları istisnadır.

Hazırda fahişəliyin yayılması xristian ölkələrində daha çox müşahidə olunur. Bu ölkələrdə sözügedən xidmət aşkar şəkildə, bəzi ölkələrdə isə qadağan olunduğuna görə gizli şəkildə inkişaf edir.

Bəzi müsəlman ölkələrində geniş tətbiq edilən “mutaa”, başqa sözlə, siğə, müvəqqəti nikahdır, burda tərəflərin heç bir məsuliyyəti yoxdur, siğə üçün molla da lazım deyil. Müqavilə çox sadədir: qadın deyir ki, “mən filan müddətə, filan mükafata sənə ərə gedirəm”, kişi cavab verir ki, “mən qəbul edirəm”. Siğənin müddəti danışıqdan asılıdır, 1 saat da ola bilər, 1 il də.

Ərəb ölkələrində çoxarvadlılığa icazə verilməsi də problemlər yaradır. Hətta bəzi şeyxlərin yüzlərlə arvadı olması faktı var. Bu, fahişəliyin qanuniləşdirilmiş halıdır.

Varlı ərəb ölkələrinə son zamanlar Avropa və keçmiş SSRİ məkanından qadınların axını çoxalıb. Azərbaycandan da xeyli sayda qadının bu ölkələrdə fahişəliklə məşğul olduğu məlumdur.

Hər il Azərbaycandan ərəb ölkələrinə, Türkiyəyə əxlaqsızlıq məqsədilə yüzlərlə qadın aparılır. Onların demək olar ki, təxminən yarısı işləmək və işlə təmin ediləcəyi barədə vədlərə inanaraq könüllü gedirlər. Ora çatandan sonra isə şəxsiyyət sənədləri əllərindən alınır və məcburən fahişəlik etdirilir. Digərləri isə məhz bu işlə məşğul olmaq üçün könüllü gedirlər.

 

Fahişəliyə məcbur etmə necə cəzalandırılır?

Qadınların cinsi istismara məruz qalması təkcə xaricə aparılma ilə məhdudlaşmır, ölkəmizdə də bu proses həyata keçirilir. Heç kimə sirr deyil ki, bu küçədə, meydanlarda, nəqliyyatda tez-tez rast gəldiyimiz, müxtəlif sahələrdə iş yerlərinin təklif olunduğu elanların böyük əksəriyyətində bir şərt qoyulur- gənc qızlar tələb olunur. Aydın məsələdir ki, belə elanlarla işəgötürən işçinin bacarığına deyil, başqa kriteriyalarına görə qiymət verir. Çünki bəzi iş yerlərində qadınlar cinsi istismara təhrik edilir.

Bir sıra obyektlər isə başqa adlar altında (otel, restoran, sauna və s) qeyri-qanuni fahişəxana fəaliyyəti göstərirlər. Bəzi hallarda bu obyektlərdə yetkinlik yaşına çatmamış yeniyetmə qızların cinsi xidmətlər göstərdiyi haqda faktlar aşkar olunur. Onların bəziləri bunu maddi ehtiyac ucbatından, bəziləri isə sadəcə əxlaqsız həyat tərzini seçdikləri üçün edirlər.

Hüquqşünas Nübar İsmayılova deyir ki, Cinayət Məcəlləsində (149, 150, 151, 152, 153 və s) insan alverinin müxtəlif formalarında təzahür edən fahişəliyə cəlb etmə, seksual xarakterli zorakılıq hərəkətləri, seksual xarakterli hərəkətlərə məcbur etmə, yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız hərəkətlərə cəlb etmə, yetkinlik yaşına çatmayanın alqı-satqısı və s. cinayət əməllərinə görə bir neçə müstəqil normalarda cinayət məsuliyyəti nəzərdə tutulub.

“Cinsi istismara məruz qoyulan əksər qadınlar hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət etmirlər və bildirirlər ki, əksinə, onlar məhkəməyə müraciət edəndə rüsvay olurlar. Buna görə də, belə hallar aşkarlandıqda qarşı tərəf yüngül pul cəzası ilə yenə canını qurtarır. Qadın yenə də əzilmiş və hüququ tapdanmış olaraq qalır”- ekspert bildirdi.

 

“Əsas səbəb mənəvi deqradasiya və maddi imkansızlıqdır”

Hesab olunur ki, fahişəliyə səbəb yaradan əsas faktorlar mənəvi deqradasiya, sosial problemlər, asan qazanc əldə etmək arzusu, insan alveridir. Sağlam Cəmiyyət Hərəkatının (SCH) eksperti, sosioloq Lalə Mehralı deyir ki, bir çox ölkələrdə qadınları fahişəliyə cəlb edən sutenyorlar cinayət məsuliyyətinə cəlb edilir: “Çox təəssüf ki, bizdə qadınların cinsi istismara məruz qoyulmasına görə, bunu edən şəxslər cinayət məsuliyyətinə cəlb olunmur, onlara İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə tətbiq olunur”.

SCH ekspertinin sözlərinə görə, cəmiyyətdə bu problemin getdikcə daha çox kəskinləşdiyi qənaəti var: “Bir neçə ay əvvəl təşkilatımızın sosial şəbəkə səhifəsində bir internet sorğusu keçirdik. Sorğuda iştirak edən 142 nəfərdən 103-ü cəmiyyətdə əxlaq kriteriyalarının dəyişməyə doğru getdiyini bildirdi, 39-u isə fahişəliyin artmasında sosial problemlərin rolunu vurğuladı. Hesab edirəm ki, hər iki faktor ciddi problemdir.

Problemin həllinə gəlincə, sosioloq hesab edir ki, həm qeyri-hökumət təşkilatları, həm də dövlət strukturları tərəfindən müxtəlif mübarizə üsulları həyata keçirilməlidir: “Adətən, bu problemin kökündə mənəvi deqradasiya, işsizlik, yoxsulluq, ailə zorakılığı, boşanmalar kimi faktorlar durur. Ən əsası da, təhsilin və hüquqi maariflənmənin aşağı olması”.

Psixoloq Naib Allahverdiyevin fikrincə isə, qadına ailədə, cəmiyyətdə lazımı qədər diqqət, qayğı göstərilmirsə, qız uşaqlarına valideyn tərəfindən nəzarət edilmirsə, o zaman onların asanlıqla bu yola düşməsi faktı başadüşüləndir.

“Başqa sözlə desək, qadının ailədə qayğı görməməsi, atası, həyat yoldaşı və ya qardaşı tərəfindən cəmiyyətdən müəyyən mənada təcrid edilməsi onların yüngül həyat tərzinə marağının artmasına səbəb olur. Bu isə insan alverinə şərait yaradan əsas faktordur. Bəzi qadınlar bu cür həyatdan qurtulmaq üçün önünə gələn ilk fürsəti dəyərləndirməyə çalışır və ən dəhşətlisi də bundan sonra başlayır”- ekspert bildirdi.

 

Çıxış yolu: mənəvi dəyərlərə və təhsilə üstünlük verilməli

Göründüyü kimi, fahişəliyə səbəb yaradan əsas məqamlar asan qazanc əldə etmək və əyləncəli həyat tərzi sürmək arzularıdır. Cəmiyyətdə mənəvi dəyərlərin, əxlaqi kriteriyaların ciddi şəkildə dəyişməsini, başqa sözlə azad cinsi münasibətlərə baxışın yumşalmasını, boşanmaların kəskin artmasını da buraya əlavə etmək olar. Bunlar isə insan alverinə şərait yaradan əsas faktorlardır. Son nəticədə bu problem milli genefondumuz üçün ciddi təhlükə yaradır. Bu problemin həllində və ya tənzimlənməsində dövlətin xüsusi siyasəti olmalıdır.

Sağlam ailələrin formalaşmasına çalışan və bu istiqamətdə müxtəlif tədbirlər, layihələr həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin araşdırmalarına görə, bu kimi halların çoxalmasında qadınlara ailədə zorakılıq, təhsilin aşağı olması, öz hüquqlarını bilməməsi, qadınların ictimai həyatda zəif təmsil olunması kimi faktorlar əsas rol oynayır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmizdə əhalinin 52%-ni qadınlar təşkil edir, hər 1000 nəfər kişiyə 1041 nəfər qadın düşür. Ölkəmizdə qadınlar rəhbər vəzifələrdə çox az təmsil olunsalar da, bəzi sahələrdə- xüsusən humanitar və xidməti iş sahələrində üstünlük təşkil edirlər. Məsələn, təhsil sistemində- təxminən 70-80%, səhiyyədə- 60-70%, ticarət və xidmət müəssisələrində- təxminən 80%.

Ümumiyyətlə, fahişəliyin artması cəmiyyət və dövlət üçün ciddi problemlər yaradır. Bunun qarşısını almaq üçün milli-mənəvi dəyərlərimizə söykənərək, qadınların ailədə və ictimai həyatda normal mövqe tutmasını, gənclərin vaxtında və sağlam ailə qurmasını, boşanmaların qarşısının alınmasını təmin etmək lazımdır. Bunun üçün isə bu istiqamətdə xüsusi dövlət siyasətinin gücləndirilməsi, həmçinin maarifləndirmənin artırılması vacibdir.

 

Elçin Bayramlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir