Nadim Elixanov

“Qadın müğənnilər pullu sponsor tapmağımı istəyir” – Ekstrasensdən ŞOK AÇIQLAMALAR

Baxış sayı: 241

“Gencaile.az” “Ailem.az”-a istinadən tanınmış ekstrasens Nadim Əlixanovun müsahibəsini təqdim edir.

 

– Nadim bəy, bütün dövrlərdə cadu-pitinin köməyi ilə insanlara kənardan təsir etdiyini iddia edən baxıcılar, ekstrasenslər olub. Onlara inananlarla yanaşı, buna cəfəngiyat kimi yanaşanlar da kifayət qədərdir…

– Cadu, nəfs, göz olduğunu bütün dini kitablar qəbul edib. Əgər bu, ali kitablarda qəbul olunubsa, mübahisə etməyimizə heç bir əsas yoxdur. Özüm bu işin içində olduğum üçün bilirəm ki, bu hallar 100 faiz realdır. Amma bəziləri ondan pul qazanmaq üçün yanlış şəkildə istifadə edirlər. Mən bəzi adamlar tanıyıram ki, gedirlər rayon, kənd yerlərinə, özləri haralarasa cadu qoyur, ya da məsələn tanıdıqları vasitəsilə bunu həyata keçirirlər. Xüsusən də bu, qadınlar arasında çox baş verir. Sonra da qoyduqları yerdən onu tapırlar ki, özlərini reklam etsinlər.

 

– Sizə müraciət edənlərin sayı çoxdur?

– Düzünü desəm, mən insanları qəbul etmirəm. Bir neçə tanınmış adam var ki, sırf onların ailələri ilə işləyirəm. Nazir, nazir müavini, icra başçısı və müğənnilər də var onların arasında. Ona görə də mən kimi gəldi qəbul etmirəm.

 

– Ekstrasenslə baxıcını hansı xüsusiyyətlər fərqləndirir? 

– Baxıcı ilə ekstrasens arasında böyük fərq var. Cadu özü bir qara enerjidir, qara fikir kimi bir şeydir. Deyək ki, virus kimi insan beyninə yerləşir və onu məhv edir. İnsanın yolunun bağlı olması, işinin getməməsi qara magiyanın işidir. Onu açan isə ağ magiyadır. Hər bir canlı və ya cansız əşyanın öz enerjisi var. Misal üçün, bir neçə cür vitamin var – A, B, C və sair. Həmin vitaminlərin adı olduğu kimi, magiya və caduların da öz elmi adları var. Amma bu barədə baxıcıların, hətta ekstrasenslərin də çoxu bilmir. Bunu bilməsi üçün Rusiyada, Ukraynada və dünyanın bir çox yerlərində fəaliyyət göstərən enerji ilə bağlı məktəblərdə, universitetlərdə, mərkəzlərdə təhsil almalıdırlar. Amma onların heç biri belə təhsil almadığına görə bu barədə heç nə bilmir. Hansı əşyanın nə enerji verdiyini bilmədiyinə görə də magiyanı aça bilmir.

 

– Bəzi falçılar, ya da elə ekstrasenslər deyir ki, cadudan dini dualar oxumaqla da azad olmaq mümkündür…

– Bəli, bu işlə məşğul olanlardan bəzisi “Qurani-Kərim”də olan duaları oxuyurlar, ya da yazıb verirlər ki, cadu-piti yox olacaq. Mən elə şeylər etmirəm. Təbii ki, deyirəm, duaları oxuyun, bu, sizə rahatlıq verəcək, dinə bağlanmaq üçün də köməkdir. Amma iş orasındadır ki, dua oxumaqla cadudan qurtulmaq mümkün deyil. Deyirlər, biz dualar oxuyuruq, bizə cadu batmır. Quranda da qeyd olunur ki, Məhəmməd peyğəmbərə cadu, sehr ediblər. Hansı ki, elə həmin dualar peyğəmbərə vəhy olunub. Bəzi efirə çıxan dindarlar, heç onların əksəriyyətinə mən dindar kimi baxmıram, bunu danırlar. Üzümü tutub onlara deyirəm ki, Məhəmməd peyğəmbərə sehr ediblərsə, siz kimsiz ki, sizə cadu batmasın?

 

– Axı din fala baxanları, öncə görənləri qəbul etmir, lənətləyir və cəhənnəm odu ilə hədələyir…

– Mən şəxsən o fikirlərə inanmıram. Çünki dində belə bir şey yazılmayıb. Bayaq dediyim kimi, bəzi özünü dindar adlandıranlar Quranda yazılanları öz məqsədlərinə uyğun yozurlar. Mən demirəm ki, falçılara inanın, dindara yox. Amma əsl dinlə məşğul olana inanmaq lazımdır. Məsələn, əgər bir ekstrasens yaşı keçmiş qadının bəxtini açıb ərə verirsə, kiminsə dayanmadan başına hadisələr gəlirsə, həkimdən əlac tapa bilmirsə və biz bu kimi insanlara öz enerjimizlə kömək ediriksə, bu, nəyə görə günahdır və nəyə görə Allah bunu günah sayır? Onu da deyim ki, biz Allahın izni olmadan heç bir şey görə bilmərik. Kim Allahın izni olmadan yalandan özündən uyduraraq, pul qazanmaq üçün bu işlərlə məşğul olursa, əlbəttə, bu, günahdır. Hansısa cin, ya da mələk mənim qulağıma pıçıldayırsa ki, bu qızın filan yerdə cadusu var, təmizlə, qoy xəstəlikdən sağalsın, ya da uşağı olmur, yolu açılsın. Biz bu cür yaxşılıqları ediriksə, bu, dinə ziddir bəyəm?

 

– Deyirsiniz ki, dualarla işləmirsinizBəs sizin iş üsulunuz necədir?

– Mən enerji ilə işləyirəm. Yanıma gələn adama baxmaq üçün bir gün əvvəldən qüsul alıb, sakit olmalıyam. Qüsul rahatlıq, təmizlikdir. Sonra otağımda sakit otururam. Həmin otaqdakı bütün əşyaların enerjisi mənə tanışdır. Buna görə də bilirsən ki, burada olan başqa bir enerji gələn adama aiddir. Mən burada hər bir əşyadan başqa enerji alıram və özümü tam toparlaya bilirəm. Mənə çox yerlərdə, hətta efirdə də deyirlər ki, burada öz bacarıqlarını göstər. Amma bu, mümkün deyil. Bizə gələn informasiya deyirik ey, onun bizə çatması, qəbul etməyimiz çətindir. O, çox uzaqdan gələn səs kimi, torlu vəziyyətdə görünən şəkil kimi bir şeydir. Təsəvvür edin, dumanlı havada maşın sürürsən, qarşına adam çıxır və sən yalnız yaxınlaşdıqca bilirsən, o kimdir, qadındır, ya kişidir. Dediyim odur ki, sakit otağımda oturduğum zaman bu, daha yaxşı alınır. Yanıma gələn insanın üzünə baxıb ondan ad-soyad, təvəllüd soruşuram. Cəfr deyilən bir elm var. Necə ki, insanın əl izi özünəməxsusdur, doğulduğu il, ay, gün, saatla bağlı da pin kodu var. Bunlar dünyada eyni ildə, ayda, gündə saatda olan insanların pin kodları ilə eynidir. Qadınından, kişisindən asılı olaraq, bir az enerjisində dəyişiklik olur. Yəni dünyada misal üçün, bu saniyədə doğulan insanlar uzaq başı 5-10 min təşkil edir. Ondan da fərqli enerjililəri ayıranda yerdə 1000 nəfər qalır. Yəni dünyada tutaq ki, 1000 nəfər eyni pin kodu daşıyır. O kodları cəfr elmi ilə gərək tapasan. Bunu isə Azərbaycanda uzaq başı 10-15 nəfər bilir, ya da bilmir.

 

– Adını çəkdiyiniz bu elmi haradan öyrənirsiniz?

– Yuxarıda da dediyim kimi, dünyada enerji mərkəzləri fəaliyyət göstərir və orada əşyalarda hansı enerjilər olduğu öyrədilir. Bunlar sırf ekstrasenslərə aid olan mərkəzlər deyil. Mərkəzə psixoterapevtlər, psixoloqlar, yoqa ilə məşğul olanlar da gedir. Məsələn, ekstrasens enerjiləri öyrəndiyi zaman öz gördüyü əşyanın, ya adamın enerjisini oxuya bilir. Və pin kodu da tətbiq edəndə 100 faiz əmin olur ki, bu, filan enerjiyə məxsus adamdır. Onda bu cür bir bədən enerjisi olmalıdır, amma elə deyil, yüklənmə var. Bu zaman həm də bilirsən ki, bu, əsəb yüklənməsidir, yoxsa magiyaya aid olan yüklənmədir. Magiya insana edilən əlavə təsirlərə deyilir. İnsan var ki, onun bütün əsəbləri yerindədir, hətta 2-3 dənə diplomu da var, amma işləri getmir. Bu, qara enerjinin təsiri ilə bağlıdır. Bunu təmizləməyin yolunu isə ekstrasenslər bilir, baxıcılar yox.

 

– Özünüzdə bu cür qeyri-adi bacarıq olduğunu necə hiss etdiniz?

– Balaca olanda anam bəzən falçıların yanına gedirdi və məni də özü ilə aparırdı. Hara gedirdimsə deyirdilər, bu uşaqda qeyri-adi qüvvələr var. Biz buna fikir vermirdik. Mənim əsas istəyim idmançı olmaq idi. Ömrümü idmana həsr etmək istəyirdim. Əvvəl güləşə gedirdim, qaydasız döyüşlə məşğul olurdum. Amma məni əsasən futbolçu kimi tanıyırdılar, Qusar rayonunun “Şahdağ” komandasında oynayırdım. Hətta idman sahəsində yavaş-yavaş güclü nailiyyətlər qazanmağa da başlamışdım. Bir dəfə əsgərlikdən ezamiyyətə gələndə güclü avtomobil qəzası keçirdim. Hadisə nəticəsində 15 gün komada yatdım. Komadan ayılanda 15 gün ərzində baş vermiş hadisələrin hamısını danışmağa başladım. Tutaq ki, filan qonşu o səbəbdən rəhmətə getdi. Hətta dedim, bizim kənddəki pomidor sahələrini hazırda qoyunlar yeyir. Onlar mənə inanmadı, amma zəng edib öyrəndilər ki, həqiqətən də bu belədir. O zaman mənə dedilər ki, gündə gic-gic şeylər deyirsən, hamısı da düz çıxır. Sən bunları haradan bilirsən? Atam müəllim idi və belə şeylərə inanmırdı. Mənə də icazə vermirdi bu işlə məşğul olum. Aramızda böyük söz-söhbətlər yaranıb buna görə. Düzü, mən özüm də istəmirdim, amma anam dedi, bax görürsənmi gündə bir problem yaşayırsan. Çünki sənə verilən vergini qəbul etmirsən. Özüm də görürdüm ki, bütün gün yuxulayıb yatıram və əcaib bir enerji var üzərimdə…

 

– Necə hesab edirsiniz, bu informasiyalar haradan ötürülür sizə?

– Təbii ki, beyindən. Bu, üçüncü göz, altıncı hiss ilə bağlıdır. Bu cür insanların beyninin bir fazası digər insanlardan fərqli işləyir. İnsanların deyək ki, beyni ən çox işləyəndə 4-5 faiz işləyir, bizdə isə 6 faiz.

 

– Bilirik ki, məşhurlar arasında falçı, ekstrasenslərə müraciət edənlərin sayı çoxdur. Onlardan hansılar sizə müraciət edir, adlarını çəkə bilərsiniz?

– Mən sizinlə müsahibədən əvvəl bir efirdə qonaq idim. Sevda Kazımova və Naibə Allahverdiyeva da orada idi. Hər iki məşhur da məni tanıyan və qəbulumu xahiş edən adamlardır. Təsəvvür edin ki, təsadüfən getdiyim bir yerdə iki məşhurun ikisi də məni tanıyan, qəbuluma düşmək istəyəndirsə, başqa şou-biznes nümayəndələri də belədir. Onların 70 faizi ilə münasibətim var, hamısına kömək etmişəm. Bu günə qədər də onların problemi olanda ilk axtardıqları ekstrasens mən oluram. Qadın müğənnilər var idi ki, yaşları keçmişdi və ailə qura bilmirdilər. Yanıma gələndən 6-7 ay sonra ərə gediblər, indi də xoşbəxtdirlər. Adlarını ona görə çəkmək istəmirəm ki, onlarla münasibətim yaxşıdır və öz reklamıma görə bundan istifadə etmək yaxşı deyil.

 

– Məşhurlar ailə qurmaqdan başqa, hansı problemlərinin həlli üçün sizə müraciət edirlər?

– Məşhurların daha çox iki istəyi olur. Ən birincisi puldur, gəlir mənbəyidir. Məşhurlar bu dəqiqə öz işindən çox, əsasən də qadınlara aiddir bu, hansısa pullu sponsoru necə əldə etmək barədə mənə müraciət edirlər. Çox tanınmış qadının ən böyük istəyi odur ki, hansısa sponsoru necə əldə edim, məni qabağa çəksin. Həmin sponsorlar da kişilərdən ibarət olur.

 

– Bəs onlara bu yolda necə köməklik göstərirsiniz?

– Mən həm qara, həm də ağ magiyanı bilirəm. Amma heç vaxt qara magiyadan istifadə etmirəm. Çünki qara magiya ilə məşğul olmaq bütün enerjini qaraya çevirir. Qara magiya ilə bağlı mənə müraciət edəndə deyirəm, mənlik deyil. Nə qədər pul təklif etsə belə… Və onu yönəldirəm qara magiya ilə məşğul olan birinə ki, get, işini onunla həll et.

Bəziləri ceyran dərisi, duz, yağ, qurğuşun, canavar dişi və sairlərlə işləyir. Mən isə gül yağları ilə işləyirəm. Amma hər mağazada satılan gül yağlarını demirəm, burada təbii güldən sıxılmış yağdan söhbət gedir. Hər insanın öz enerjisinə uyğun gül yağı var. Amma ondan necə istifadə etmək mənim sirrimdir. Desəm, dələduzlar bundan istifadə edərlər.

 

– Vergi ödəyirsiniz?

– Müsahibənin əvvəlində də dediyim kimi, mən hər kəsi qəbul etmirəm və bununla bağlı hansısa bir ofisim yoxdur. Onu da deyim ki, mənim başqa biznes sahəm var. Kənddə torpaq sahələrimiz var və son 3-4 ildir ki, təsərrüfat işi ilə məşğul oluram. Əsas gəlir mənbəyim budur. Belə də baxanda mənə nə qədər lazımdır ki, aya 1000-1500 manat gəlir gəlsə, Bakıda yaşamaq olur.

 

– Bildiyimizə görə, ailəli deyilsiniz. Bu yaxınlarda belə bir xeyir iş gözlənilir, yoxsa…?

– Bu barədə mənim uzun bir hekayəm var və deyim ki, sevgi barədə yanılmış bir adamam. 9 il bir qızla bir-birimizi sevdik, amma sonda qovuşmadıq. Onun valideynləri razı olmadı bizim evliliyimizə.

 

– Nə əcəb bir ekstrasens kimi sevginizin nakam bitəcəyini əvvəlcədən bilməmisiniz?

– Bilirsiniz, ürək istəyi deyilən bir şey var. Mən də öz ürəyimə söz keçirə bilmədim. Qızın yaxınları onu daha varlı birinə vermək üçün mənə “torba tikdilər”. Mən də qara magiyaya əl atmadım. Çünki əl atsam, bu gün də onları yox edərəm. Amma qıza qarşı olan hisslərimə görə bunu etmərəm. Bu yaxınlarda o qız ailə qurdu, özü istəmədən. Mənə SMS də yazdı ki, bağışla məni, ona ərə getsəm də, səni sevirəm. Amma buna məcburam, ya ailəmi atmalıyam, ya da səni. Hətta dedi, gəl məni qaçır, mən bunu da etmədim. Təki xoşbəxt olsun, amma hiss edirəm ki, ailəli olması çox çəkməyəcək, uzağı il yarıma boşanacaq. Mən isə o zaman artıq evli olacam… İndən sonra sevəcəyimə inanmasam da, ən azından bağlanacağım birini tapmalıyam və tapacam da inşallah. Çünki o qız var idi deyə mən heç kimə baxmırdım. İndi isə özümə uyğun biri ilə evlənəcəm. Amma o, boşanandan sonra düşünsə ki, biz bir-birimizi sevmişik və yenidən bir araya gələk bu, heç vaxt ola bilməz. Mən başqa biri ilə xoşbəxt olacam…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir