Qadina zorakiliq

Qadın zorakılığına niyə susuruq?

Baxış sayı: 604

Baş Prokurorluq qadınlara qarşı zorakılıq və artan qətl halları ilə bağlı müraciət edib. Müraciətdə deyilir ki, qadınlara qarşı psixi və fiziki zorakılıq sağlam cəmiyyət üçün ciddi təhdid olaraq qalır: “Təəssüflər olsun ki, təkcə bu ilin I yarımili ərzində baş verən qəsdən adam öldürmə cinayətləri nəticəsində 33 qadın zərər çəkib. Qadınlara qarşı zorakılıqla mübarizədə ən böyük maneə susmaqdır! Susaraq cinayətə ortaq olma! Qadına qarşı zorakılıq halları ilə üzləşdikdə dərhal Baş Prokurorluğun ”961″ Çağrı Mərkəzinə müraciət et!”

Qadınların zorakılığa məruz qalması artıq bəşəri bir problemdir, dünyanın əksər ölkələrində bu müxtəlif şəkildə özünü göstərir. Ancaq zorakılığa susmağın səbəbi nədir? Bu  yalnız mentalitetləmi bağlıdır, yoxsa ümumən qadının zəif cinsin nümayəndəsi olması və ya özünü güvəndə hiss eləməməsi ilə? Döyülən qadın çox hallarda həm də anadır və övladlarına görə zorakılığa dözür, sonda bunun qurbanı olur. Necə etmək olar ki, qadınlar bu stereotipi qırsın və zorakılığa dözməsin? Bu məsələdə qadın və kişilərin yetişdirilməsində ailə tərbiyəsinin rolu hansı dərəcədədir?

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu: "YER ÜZÜNÜ İNDİKİ AĞIR DURUMDAN TÜRK BİRLİYİ QURTARA BİLƏR"

Mövzu ilə bağlı danışan sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, qadınlara qarşı zorakılıq hallarına özünün və cəmiyyətin səssiz qalması bir qədər də bizim adət-ənənədən irəli gəlir: “Bizim adət ənənəmiz elədir, ki, ailədə olan söhbət kənara çıxmamalıdır. Digər tərəfdən isə hüquq-mühafizə orqanlarına bu məsələdə etibar azdır. Bir çox inkişaf etmiş ölkələrdə qadınlar hüquq- mühafizə orqanlarına müraciət edəndə, orada bu məsələlər daha sivil şəkildə, hüquqi müstəvidə öz həllini tapır. Bizdə isə təəssüf ki, hüquq-mühafizə orqanları belə deyil, onlara müraciət edəndə bəzən qarşı tərəf öz missiyasına  uyğun hərəkət etmir. Get-gəllər olur, süründürməçiliyə salınır. Ailə üzvləri arasında daha böyük qarşıdurma yaranır ki, bu da vəziyyəti gərginləşdirir. Burada həm adət -ənənəmiz rol oynayır, həm də hüquq-mühafizə orqanları lazımi səviyyədə  iş aparmır”.

Ə.Qəşəmoğlu bildirdi ki, biz təkcə xəstəliyin əlamətləri ilə deyil, həm də səbəbləri ilə  mübarizə aparmalıyıq: “Elə etməliyik ki, ümumiyyətlə, ailə daxilində bu cür hadisələr baş verməsin. Onun üçün də mənim iki konkret təklifim var ki, hər bir ölkədə olduğu kimi Azərbaycanda da ərazi  , məhəllələr üzrə polis xidməti olduğu kimi sosial iş xidməti də olsun. Çünki cəmiyyət günü-gündən mürəkkəbləşir və sosial vəziyyət gərginləşir, problemlər artır. Bu səbəbdən profilaktik tədbirləri daha çox önə çəkməliyik. Sosial işçi hər məhəllədə nə baş verdiyini onu aydınlaşdıra bilər. Çünki bizdə insanlar birbaş polisə getməkdən çəkinirlər. Bu bir qədər normal qarşılanmır, amma sosial işçilərlə daha rahat ünsiyyət qurmaq mümkündür. Əgər qadının ailədə problem varsa, bunu birinci sosial işçiyə deyəcək. Əgər sosial işçi məsləhət bilərsə, bu məsələyə polis də daxil olacaq. Məsləhət bilməzsə, hansısa qadın hüquqlarını müdafiə təşkilatı və ya hansısa maarifləndirici bir təşkilat məsələyə müdaxilə edə bilər.  Azərbaycanda hələ bilmirlər ki, sosioloqun işi nədir, bu sahənin digərlərindən fərqi nədir. Sosioloqlar bunu havadan təklif etmir, xeyli tədqiqatların nəticəsi olaraq biz bu qənaətə gəlmişik. Mən təklif edirəm ki, Azərbaycanda sosial iş sahəsi yaransın. Hər ərazi üzrə iki-üç nəfər sosial işçi işləyə bilər. Hazırda Azərbaycanın bir neçə universitetində sosial işçilər hazırlanır. O kadrlar bu işin öhdəsindən gələ bilər. Hazırkı vəziyyətdə Azərbaycanda sosial iş xidmətinin yaranması zamanın tələbidir. O zaman siz dediyiniz məsələlər sivil qaydada həll olunacaq, evə polis gələnə qədər, qadın polisə gedənə qədər sosial işçi hər şeyi çox asan şəkildə tənzimləyəcək”.

Sosioloq vurğuladı ki, qadınların zorakılığa susmasının səbəblərindən  biri də  onların iqtisadi baxımdan zəif olmasıdır: “Bunun da səbəbi bizim təhsil sistemimizdədir. Çünki bizim təhsil sistemi gənclərimizin həyata lazımı səviyyədə hazırlamır. Laqeydlik var, savadsız müəllimlər heyəti var. Azərbaycanda əvvəllər rüşvətin ən çox yayıldığı yer məhz müəllim hazırlayan universitetlər idi. Xüsusən də regionlardakı filiallarda vəziyyət biabırçılıq həddində idi. Bu təhsil müəssisələri Azərbaycan üçün xeyli savadsız müəllimlər ordusu hazırladı. İndi isə hamısı gəlib məktəblərdə oturublar və kimi tənqid edirsinizsə ağlayır, ki, çörəyimizə bais olmayın. Nəticədə həyata hazırlıqlı olmayan savadsız gənclər yetişdirilir. Gənc qadınlarımızı yetişdirən də təhsil sistemidir. Vaxtında qızlarımıza normal təhsil versəydik, nəticə belə olmazdı. Hazırda bu məsələ ilə bağlı bölgələrdə vəziyyət daha bərbaddır”.

 

Nərgiz LİFTİYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir