KISI

Qadınların evdən qovduğu kişilər – ARAŞDIRMA

Baxış sayı: 184

Dünyada hər 100 qadından 71-i, hər 100 uşaqdan 45-i, hər 100 kişidən 27-si şiddətlə üzləşir. Şiddətlə qarşılaşan hər 100 insandan 51-i yenidən dünyaya gəlsəydi, qarşı cins olmaq istədiyini bildirib. Əslində bu rəqəmlər kifayət qədər yüksəkdir, amma insanların çoxu bu gün şiddət kəlməsini qadınların döyülməsi kimi qəbul edir. Halbuki şiddət və təzyiqə məruz qalan tək qadınlar deyil. Bu gün şiddətlə qarşılaşan kişilər də az deyil. Kişiləri arvadları döyür və o “evlərə” yollayır… 

Amma bu təzyiqin ailədaxili miqyasda olanı da var. Kişilərin öz həyat yoldaşları tərəfindən döyülməsi, mənəvi təzyiqə məruz qoyulması, aldadılması… bunlar da təzyiq kateqoriyasına daxildir. Məsələn, qonşu Türkiyədə xanımının şiddətindən bezən kişilər üçün Kişi sığınma evləri mövcuddur. Bu evlərin ən məşhuru Konyada yerləşir. Bura müraciət edənlərin böyük əksəriyyəti həyat yoldaşı və uşaqları tərəfindən zorakılığa məruz qalmış kişilərdir. Bir qeyri-hökumət təşkilatı tərəfindən açılan  ev “zərərçəkənin cinsi olmaz” şüarını deviz seçib. Evdə eyni vaxtda 40-50 kişi sığınacaq tapa bilir. İldə isə ən azı 400-500 nəfər yardım məqsədilə bura müraciət edir, bəziləri oranın uzunmüddətli qonağına çevrilirlər.

Bura müraciət edənlər arasında kimlər yoxdur ki? Keçmiş milyonçular, iş adamları, müəllimlər… Bir sözlə, uğurlu həyatlarını keçmişdə, tarixin tozlu qatlarında qoyanlar. Xanımının xəyanətinə uğrayan, borc bataqlığında üzən, övladları tərəfindən atılan, pulsuz-parasız erkəklər ordusu. Konya sığınma evinin yaradıcısı Xeyrəddin Bulan deyir ki, 2001-ci ildə – bu evi yaratdıqları vaxt bir çox kişilər ora müraciət etməkdən çəkinirmiş. Amma zaman keçdikcə həyat şərtləri kişiləri bu kompleksdən azad edib və indi onlar bu evdə yaşaya bilmək üçün növbəyə dayanıblar.  Bu günə qədər evin 12 minə yaxın sakini olub. Zərərçəkən kişilər bura üz tutub, bir müddət burda reabilitasiya dövrü keçəndən sonra onları incidən qadınlarından uzaqda, yeni bir həyata başlayıblar.

İlk baxışda bizlərə qəribə görünən, amma qonşu ölkədə adiləşmiş bu tendensiyanı yaradan səbəblərə keçək. Daha doğrusu, “qəhrəmanlar” danışsın, dinləyək.

4 il sığınma evində yaşamış Əhməd Ağırdıcın Türkiyə mətbuatına açıqlamasına diqqət yetirək: “Bizlər ağlamışıq, qadınlarımız tərəfindən döyülüb-söyülmüşük. Amma cəmiyyət içində gülüş hədəfi ola biləcəyimizdən qorxub bunu açıb-ağartmamışıq. Şəxsən mən başıma gələnləri 7 il boyunca gizli saxlamışdım. Təsəvvür edin ki, arvadım illərlə başıma qazan çırpdığı üçün beyin  silkələnməsi keçirmişdim. Amma bunu kiməsə danışanda qəhqəhə çəkib gülürdülər. Necə olur ki, qadınlar döyüləndə hamı ah-vay edir, amma qadınlar bizi döyəndə gülürlər? Bu, böyük haqsızlıqdır”.

Evin yaradıcısı isə bildirib ki, qurbanlar arasında, həmçinin, bəzi bölgələrdə hakim olan adət-ənənə (törə) cinayətlərinə görə qaçıb burda sığınanlar da az deyil: “Elə olub ki, qadın ərini sevgilisinə öldürtmək istəyib. Ər də bundan xəbər tutanda canını qurtarmaq üçün bu evə üz tutub. Təcrübəmizdə ən çox bu hallarla rastlaşırıq”.

10 ildir sözügedən evin sakini olan, eks-məmur Adnan Özdil isə deyib ki, həyatı 12 il əvvəl qaralıb. Həyat yoldaşı tərəfindən daima döyülüb-söyülən Adnan bəy bu basqılarla əlaqədar 10 gün işə gedə bilməyib və işdən çıxarılıb. Bundan xəbər tutan həyat yoldaşı isə “ya 2 gün içində özünə iş tap, ya da ölümlərdən ölüm bəyən” deyərək onu təhdid edib. Özdil isə düşdüyü depressiyadan və qorxudan qurtula bilmədiyi üçün bir müddət ruhi xəstəxanada müalicə olunub. Sonra isə həyat yoldaşından ayrılıb. O gündən bəri nə evə gedir, nə də utandığından dost-tanış, qohum-əqrəba arasına çıxa bilmir: “Bu yaxınlarda təsadüfən köhnə məhəlləmizin yanından keçdim. Gördüm, keçmiş qonşularımız məhəllədə nərd oynayır. Məni uzaqdan görən kimi gülə-gülə dedilər ki, ”bu arvaddan qorxan Adnan deyilmi?” Aradan 10 il keçib, amma insanlar belə şeyi unutmur, lətifə kimi dildən-dilə yayırlar”.

Sığınma evinin Halil Özbildin adlı sakininin hekayəsi də  ilgincdir. Uğur qazanmış bir makler olan Halil bəy həyat yoldaşı ilə iş ortağı olub. Amma evliliklərində problem yaşandığı üçün boşanmaq istəyəndə bütün həyatı qaralıb. Danışdığına görə, keçmiş xanımı boşanma qərarına görə ondan intiqam alıb – bütün sənədləşmələri, borc sənədlərini onun ayağına yazaraq, müflisləşməsinə səbəb olub: “Maşınımı, evlərimi, şirkətlərimi itirdim. 9 ay İzmir küçələrində səfil həyatı yaşadım. Sonra buranı tapdım, indi dincliyim var”.

 

Niderlandda da kişilər üçün sığınma evləri var 

Bu vəziyyətə ancaq türk kişiləri düşmür. Niderlandda, Amerikada da kişi sığınacaq evləri çoxluq təşkil edir. Baxmayaraq ki, oranın sakinləri tamam fərqli səbəbdən bura üz tuturlar. Məsələn, Niderlandda aparılan araşdırma sübut edib ki, ölkədə hər 5 təzyiq faktından biri kişilərin payına düşür. Bu təzyiqlər daha çox psixoloji xarakter daşıyır. Kişilərin bu təzyiqi etiraf edib, sığınma evlərinə üz tutması isə bir az zaman alır.

Niderlanddakı kişi sığınma evində daha çox qeyri-ənənəvi oriyentasiyalı kişilər üstünlük təşkil edir. Onlar yaxın çevrəsi, qohum-əqrəbası tərəfindən psixoloji təzyiqlə üzləşdiyi üçün bura müraciət edir. Sözügedən layihənin rəhbəri Patrisiya Qo bildirib ki, Niderlandda hər il 63 min ailədaxili zorakılıq hadisəsi qeydə alınır ki, onun 20 faizində də kişilər zərərçəkən olur.

Sığınma evlərindən birinin rəhbəri Karin Gerts də Niderlandda da kişilərin təzyiq faktları barədə danışmaqdan çəkindiyini söylədi. Onun sözlərinə görə, qadınının tez-tez “məni sevirsənmi” sualına və ya “evlilik ildönümümüzü unutma” kimi “təzyiqləri”nə davam gətirməyib, bura üz tutanlar da az deyil: “Kişilər bütün çıxış yolları tükənəndə sığınacaq evinə gəlir”.

Kanadanın bir çox bölgələrində mövcud olan bu tipli evlərinin sakinləri isə daha çox işsizlikdən, təbii fəlakətlərdən əziyyət çəkənlərdir. Sözügedən ölkədə ilk belə ev 1931-ci ildə yaradılıb və sayı dayanmadan artır.

 

Bu adada isə kişilər rəsmən “ərə gedirlər”, arvadın soyadını götürürlər və… 

İndoneziyanın Qərbi Sumatra adasında yaşayan 4,5 milyon əhalisi olan minanqkaban dilli cəmiyyət dünyanın ən böyük “matriarxal” (qadın hakimiyyəti) birliyidir. Burada kişilər evləndikdən sonra qadın evinə gəlin gedirlər. Evlənən kişilər qadın soyadını götürürlər. Arvadı tərəfindən küçəyə atılan kişilər üçün sığınacaqlar təşkil edilir. Arvadı ölən kişilər çöldə qalmalı olurlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir