qaz saygaci

Qaz sayğaclarında balans artırılan zaman kartın bloklanması nə ilə bağlıdır?

Baxış sayı: 417

“Qaz sayğaclarında balans artırılan zaman kartın bloklanmasının bir neçə səbəbi var. Sayğacların klapanlarının müvafiq açılıb-qapanma sayı olur və buna uyğun batareya sərfiyyatı olur. Digər bir problem isə kartlara balans artırılması xidməti göstərən provayderlərin fəaliyyəti ilə bağlı olur”.

Bunu SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin (İB) SƏTƏM və Təhlükəsizliyə Nəzarət Şöbəsinin müdiri İlkin Behbudov bildirir.

Behbudov deyir ki, sayğacların iş prinsipi hesablanan zaman onların istismar müddəti nəzərə alınır:

“Həmin istismar müddətində sayğacın klapanlarının açılıb-bağlanma sayından asılı olaraq içərisindəki batareyanın ömrü beş il, üç il və ya daha fərqli müddətə qədər ola bilir.

Bəzən abonentlər sayğac kartına az məbləğdə və tez-tez pul yükləyirlər. Bu zaman isə sayğacın klapanları istismar müddəti ərzində nəzərdə tutulan saydan çox açılıb-bağlanır. Digər problem provayderlərdən yararlanaraq balans artırılan zaman məbləğin karta oturmasında gecikmələrin olmasıdır. Bu, “Azəriqaz” İB-nin problemi deyil. Lakin sayğaclarda istehsalat zamanı texniki nasazlıqların olduğunu da istisna etmirik.

Əgər abonentin müraciəti əsasında araşdırma zamanı sayğacda texniki nasazlıq aşkarlanarsa, həmin sayğacların dərhal dəyişdirilməsi həyata keçirilir. Son dövrlərdə rastlaşdığımız və bizə də daxil olan şikayətlər arasında daha çox provayderlərin iş fəaliyyəti səbəbindən məbləğin karta gec oturması faktı üstünlük təşkil edir. Çox nadir hallarda isə sayğacların istismar müddətini başa vurması zamanı da belə hallar baş verə bilir”.

Kartlarının bloklandığı və həftəsonu idarələr işləmədiyi üçün qaz təchizatında fasilə yaranan abonentlərin şikayətlərinə cavab olaraq isə Azəriqaz” İB-nin Mətbuat Xidmətinin rəisi Eldəniz Vəliyev qurumun “104 Çağrı Mərkəzi”nin fəaliyyət göstərdiyini deyir:

“Bu və digər problemlərlə bağlı “104 Çağrı Mərkəzi” fəaliyyət göstərir. Həftənin bütün günləri, eləcə də bayram günlərində də bu mərkəzdə abonentlərin zənglərinə cavab verən əməkdaşlar çalışırlar. Abonentlərin bunu bilməsi və problemlə bağlı aidiyyəti üzrə müraciət etməsi kifayətdir. Müraciətə və problemə müvafiq olaraq əməkdaşlardan abonentin mənzilinə baxış keçirir. Problemdən asılı olaraq, yerində və ya idarəyə yönləndirməklə yaranmış problem aradan qaldırılır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir