yatmaq

“Qış yuxusu”ndan necə oyanaq?

Baxış sayı: 242

Qışda insanların çoxu apatiyadan, əhvalının pisləşməsindən şikayətlənir. Mütəxəssislərin fikrincə, buna səbəb qışda günlərin qısalması və gecələrin uzanmasıdır. Bu dönəmdə soyuqdəymə və başqa infeksiyon xəstəliklərin artması, immun sisteminin aşağı düşməsi, vitamin çatışmazlığı da əhvala təsirini göstərir.

Psixoloq Həmidə Ağayevanın bildirdiyinə görə, soyuq havalarda çox adam səhər yuxudan çətinliklə durduğunu deyir, heç nəyə həvəsinin olmadığını bildirir: “Gecə vaxtı insanın beynində melatonin adlanan hormon daha çox yaranır ki, bu da beyində əhvalı yüksəldən, insanı özünü xöşbəxt hiss etməyə yardım edən bir sıra hormonların yaranmasına maneə törədir. Bu səbəbdən də insan qış vaxtı məhz havanın təsirindən əhvalının aşağı düşməyini hiss edirsə, evdə daha çox işıq yandırmalıdır. Xüsusilə, axşam düşdükdə, çalışın ki, otaq işıqlı olsun. Bu, bir növ adamı “qış yuxusu”ndan ayıldır”.

Müsahibimiz bildirir ki, hava qaralanadək bir-iki saat təmiz havada olmağın da xeyri çoxdur. Gündüz vaxtı idmanla məşğul olmaq da insanı apatiyadan, ruh düşkünlüyündən xilas edir. “10 dəqiqə olsa belə, hər gün idman etmək əhvalı yüksəldir. İdman hərəkətlərini pozitiv musiqi sədaları altında etmək yaxınlaşan depressiv hisslərin də uzaqlaşmasına yardım edir”.

H.Ağayeva qeyd edir ki, insanın əhvalı onu əhatə edən rənglərdən də asılıdır: “Yaz və yay aylarında yarpaqların, otların yaşıllığı, çiçəklə bəzədilmiş parklar göz oxşayır. Gözəllik insanda müsbət hisslər yaradır. Qışa doğru getdikcə, çox vaxt qarşılaşdığımız rəng fonu boz çalarlarda olur. Yağış bizi romantik ab-havaya aparsa da, rənglərin azlığı öz sözünü deyir” deyən psixoloq bu səbəbdən də qışda əlvan rənglərdən çox istifadəyə üstünlük verməyi məsləhət görür. Dediyinə görə, interyerdə narıncı, sarı, yaşıl kimi rənglər gün ərzində insanı daha enerjili edərək onun yuxululuğunu da aradan qaldıracaq. “Yaxşı olar ki, əlvan və parlaq rənglərdən geyimlərimizdə də istifadə edək. Parlaq göy, qırmızı, narıncı geyimlər ya da sevdiyimiz qara və qəhvəyi çalarların üzərində olan əlvan rəngli aksessuarlar ən pessimist insanın belə əhvalını qısa zaman ərzində müsbətə doğru dəyişər”.

 

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir