istilik

Qışda evi isti saxlamağın 14 sadə və ucuz üsulu

Baxış sayı: 639

Son bir ildə təbii qazın qiyməti bir neçə dəfə artdığı üçün qışda evlərimizi isitmək bizə daha baha başa gələcək. Qış yaxınlaşmaqdaykən evinizin izolyasiyasını sadə, tez və sərfəli şəkildə necə yaxşılaşdıra biləcəyinizi araşdırdıq.

 

1) Alüminium folqa

Radiatorlarda, xüsusən də divar dibində quraşdırılmış olanlarda istilik itkisinin qarşısını almağın ən sadə yollarından biri onların arxasına alüminium folqa yapışdırmaqdır. “Yerin Dostları” (“Friends of the Earth”) adlı qeyri-kommersiya təşkilatının enerji məsələləri üzrə mütəxəssisi Sophie Neuburg həmin materialın istiliyi otağa tərəf əks etdirdiyini deyir.

Bunun üçün xüsusi olaraq istehsal olunan folqa da var.

Qənaət üsulları haqqında məlumatlar dərc edən “Moneymagpie” saytının əməkdaşı Carl Brennand keyfiyyətli mətbəx folqasından da istifadə edilə biləcəyini, ancaq xüsusi folqaların daha yaxşı nəticə göstərdiyini bildirir.

 

2) Qalın pərdələr

Pəncərələrdə istilik itkisinin qarşısını almağın bir üsulu qalın pərdələrdən istifadə etməkdir. Brennand istilik izolyasiyası olan pərdələrdən istifadə etməyi məsləhət görür.

“Moneysavingexpert.com” saytının istehlak üzrə analitiki Archna Luthra deyir ki, pərdələr nə qədər qalın olsa, bir o qədər yaxşıdır.

Brennand yeni pərdəyə pul xərcləmək istəməyənlərə köhnələrin arxasına parça, hətta duş pərdəsi tikərək onları qalınlaşdırmağı tövsiyə edir.

Evin çöl qapısının arxasını qalınlaşdırmaq da eyni effekti verir.

“Nənəm köhnə bir kilim asardı” – interyer dizayneri Claire Potter belə deyir.

Pərdə

3) Açıq pərdələr

Günəşli günlərdə pərdələri açmaq da onların qalın olması qədər vacib məsələdir. Bu, günəşin təbii və pulsuz istisindən mümkün qədər çox faydalanmaq imkanı verir. İstilik itkisinin qarşısını almaq üçün günəş batan kimi pərdələri örtmək lazımdır.

 

4) İkiqat şüşəli pəncərə və alternativlər

İkiqat şüşəli pəncərələr izolyasiya baxımından effektli olsa da, onların quraşdırılması əlavə xərc tətəb edir.

Bunu etmək istəmirsinizsə, daha uyğun alternativlər var.

Neuburg təkqatlı pəncərələrə izolyasiya lenti çəkməyi tövsiyə edir.

Onu arxasına yapışqan çəkib saçqurutma maşınını vasitəsilə yapışdırırlar.

Bu üsulun bir mənfi cəhəti var: pəncərəni açmaq üçün tez -tez lenti çıxarmaq lazım gəlir. Əlverişlili tərəfisə odur ki, hər il yeniləmək və ya heç açılmayan pəncərələrə vurmaq olur.

Evində istilik sistemi olmayan Potter qeyd edir ki, nisbətən ucuz qiymətə evin bütün pəncərələrinə lent vurmaq mümkündür. O öz evində bir lentin 2-3 il qaldığını söyləyir.

Pəncərələrinizin kənarlarında boşluqlar varsa, onları köpük və ya yapışqan süngərlə də qapada bilərsiniz.

 

5) Baca şarları

Evinizdə kamin varsa, bacasında istilik itkisi olacağını unutmayın. Potterin sözlərinə görə, insanların çoxu kaminlərdən qızdırıcı kimi yox, dekorasiya məqsədilə istifadə edir və bu halda bacanın içinə şar yerləşdirməklə istilik itkisinin qarşısını almaq mümkündür.

Amma kamini yandırmaq istəyəndə şarı çıxarmağı unutmayın.

 

6) Kiçik dəliklərin böyük təsiri

Evinizin qapısında məktublar üçün dəlik və ya ev heyvanlarının girib-çıxması üçün yer varsa, bunlar gözlədiyinizdən daha çox istilik itkisinə səbəb ola bilər.

Bu dəlikləri yun materiallarla örtərək izolyasiyanı yaxşılaşdıra bilərsiz.

Potter deyir ki, kiçik bir hava cərəyanı belə otağı xeyli soyuda bilir.

Qapialti

7) Qapıların altı

Qapıların altını qapatmaq üçün adi süngərlərlə yanaşı, dekorativ əşyalardan da istifadə etmək olur

Qapıların altını qapatmaq üçün adi süngərlərlə yanaşı, dekorativ əşyalardan da istifadə etmək olur

Yaşlı nəsillərdən öyrənə biləcəyimiz daha bir şey çöl qapısının alt hissəsiylə döşəmə arasındakı boşluğu sadə materiallarla qapatmaqdırr.

Bunun üçün qapı altı üçün olan izolyasiya süngəri ala bilərsiniz, ya da taytlarınızın içini parça və ya corabla doldurub içəri tərəfdən qapıya söykəyə bilərsiz.

istilik sistemi

8) Radiatorların təmizliyi

Radiatoru təmizləmək istilik keçiriciliyini yaxşılaşdırır. Onların qarşısına böyük əşyalar qoymamaq da istiliyin otaqda daha səmərəli yayılmasına imkan verir.

 

9) Radiatorun üstündəki rəf

Neuburg deyir ki, radiatorun yuxarısına rəf vurmaq istiliyin daha yaxşı paylanmasına kömək edir. Ancaq cihazın üstünə heç bir şey qoymaq olmaz.

Bundan başqa, radiator pəncərənin altında olan hallarda pərdəni çəkmək məsləhət görülmür, çünki bu, isti havann pərdəylə pəncərə arasında qalmasına səbəb olur.

Belə hallarda rəflər daha böyük əhəmiyyət daşıyır.

 

10) İstifadə olunmayan otaqlar

Evinizdə istifadə olunmayan otaq varsa, radiatorunu söndürüb qapısını örtülü saxlayın. Bu, soyuq havanın digər otaqlara yayılmasını əngəlləyər.

 

11) Döşəmənin izolyasiyası

Döşəməyə bir şey salmaq evin istilik izolyasiyasını artırır. İngiltərədəki Milli Enerji Dərnəyinin (NEF) məlumatına görə, istilik itkisinin təqribən 10%-i döşəmələrin payına düşür.

Taxta döşəmə bu məsələdə digərlərindən daha effektli olsa da, istilik itkisinin qarşısını tam almır. Yerə xalça və ya kilim salmaq izolyasiyanı artırar və ayaqlarınızı daha isti saxlayar. “Bunun bəzən sadəcə psixoloji təsir də kifayət edir” – Potter belə deyir. NEF döşəmədəki çuxur və ya çatlaqları doldurmağı tövsiyə edir.

Dam izolyasiyasi

12) Damın izolyasiyası

Evin izolyasiyasını peşəkar bir komandaya həvalə etmək baha başa gələr. Ən azı damınızı özünüz izolə edə bilərsiniz.

Brennand damın içi üçün izolyasiya yununu tövsiyə edir və qiymət baxımından bu məhsulun daha əlverişli olduğunu deyir.

Nəm əmələ gəlməsin deyə damın kənarlarında boşluqlar buraxmaq lazımdır.

Bu işi özünüz görəcəksizsə, maska, eynək və qoruyucu vasitələrdən də istifadə etməyi unutmayın.

 

13)Çardaq qapağı

Çox vaxt insanlar çardaq qapağını izolyasiya etməyi unudurlar. Bu detalı da pəncərələrdə istifadə etdiyiniz yapışqan süngər vasitəsilə izolyasiya edə bilərsiniz.

Damın kirəmitlərində və ya hər hansı başqa örtüyündə qırıqlar olmamasına diqqət edin.

“Damınız zədələnibsə, su keçirəcək və bu, izolyasiya materiallarının keyfiyyətini aşağı salacaq” – deyə, Potter xatırladır.

 

14) İsitmə vaxtı

Yaşlılarla bağlı araşdırmalar aparan “Age UK” (İngiltərə) qeyri-hökumət təşkilatı evi yüksək temperaturda tez qızdırmaqdansa, aşağı temperaturda yavaş qızdırmağın daha səmərəli olduğunu açıqlayıb.

Luhtra deyir ki, istilik mənbəyini gün boyu işlək saxlamağın daha səmərəli olması şəhər əfsanəsidir.

Evinizi elektrik enerjisi ilə qızdırırsınızsa və tariflər saata görə dəyişirsə, istilik cihazınızdan bu enerjinin ən baha olduğu saatlarda istifadə etməməniz faydalı olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir