valideyn

Qışqırmaq döyməkdən yaxşıdırmı? – VALİDEYNLƏR OXUSUN!

Baxış sayı: 514

Son zamanlar bir çox valideynlər arasında belə bir tendensiya dəb halını alıb – “Uşağı vurmuram, əvəzində qışqırıram. Bu ki, vurmaqdan yaxşıdır”.

Türkiyəli psixoloq Adəm Günəşin sözlərinə əsasən, çox sərt və yüksək səslə bağırmaq uşağın ürəyində çox dərin yaralar açır. Odur ki, bu cür bağırmağın döyməkdən heç bir fərqi yoxdur. Döyüldükdə də uşaq döyüldüyü üçün deyil, ürəyi ana-ata tərəfindən qoparıldığı və içinə qorxu düşdüyü üçün ağlayır.

Bir anlıq düşünün: övladımız bir kəsdən qorxduqda və ya kimsə tərəfindən incidildikdə bizim üstümüzə qaçır. İncidən şəxs özümüz olduqda isə biz uşaqlarımızın ümidsizliyə qapılmasına səbəb ola bilərik.

Biz valideynlər əksər hallarda uşaqlarımızın diqqətini cəlb etməyin başqa yolunu tapa bilmədiyimiz üçün qışqırırıq. Bu yolla biz onlara diqqət cəlb eləməyin yalnız qışqırıqla mümkün olduğunu öyrədir və beləliklə gələcəkdə insanlarla münasibətdə hansı üsula əl ata biləcəkləri barədə onlara yalnış istiqamət vermiş oluruq. Çünki, övladı ilə bağıra-bağıra danışan valideyn ona öz emosiyalarının öhdəsindən necə gəlməyi öyrədir. Kiçik yaşlardan qışqırtı eşidən uşaqların qəlbi valideynlərinə qarşı sərtləşir və gələcəkdə onların pis mühitə düşmələri üçün şərait yaranır. Bu cür uşaqlarda valideynlərinin səsinə qarşı bir növ “karlıq” meydana gəlir.

valideyn

Ümumən qışqırıq yalnız qısamüddətli perspektivdə imdadımıza çata bilər. Əgər bağırmaqdan fayda gəlsəydi, bütün problemlər bir bağırmaqla həll olunardı. Bəs problemlər həll olubmu? Əlbəttə ki, xeyr. İllərdir uşaqlarımızla ünsiyyətdə onlara bağırmağımıza rəğmən, onlar bizi yenə də eşitmir.

Əgər sosial şəbəkələrdə hər hansı bir istifadəçi bizimlə dialoqda Caps Lock düyməsini basaraq ünsiyyət qurarsa, biz özümüzü təhqir edilmiş hesab edirik. Çünki, Caps Lock düyməsi basılı vəziyyətdə fikir irəli sürmək qarşı tərəfə bağırmaq kimi dəyərləndirilir. Bəs necə olur ki, həddi-büluğa çatmış insanlardan özümüzə qarşı təhqir olaraq qəbul etdiyimiz bu hərəkəti biz beyin qabığı hələ tam inkişaf etməmiş övladlarımıza qarşı tərəddüdsüz tətbiq edirik? Gəlin etiraf edək: axı övladımıza qışqırmaq heç də ürəyimizcə deyil. Bəs bəzən boğazımızda düyünlənən qəzəb hissinin qışqırığa çevrilməməsi üçün nələr etmək olar?

Əgər qışqırmaq istəyinizin səbəbini yorğunluğunuzda görürsünüzsə, dincəlin. Çünki, yorğunluğumuzun günahı uşaqlarda yox, vaxtımızı düzgün planlaşdırmamağımızdadır. Adətən həyatımızda baş verən və bizi qıcıqlandıran, yoran hadisələrin heç birinin səbəbi uşaqlarımız olmur.

Uşaqlarda beyin qabığının tam inkişaf etmədiyini nəzərə alsaq, onları nədəsə günahlandırmaq çox da məntiqli deyil. Bunun əvəzində fizioloji səbəbləri aradan qaldırmağa çalışın: acsınızsa, yemək yeyin, yuxunuz gəlirsə, yatın. Sizi qışqırmağa vadar edən səbəb aradan qalxdıqdan sonra eyni vəziyyət qarşısında daha adekvat reaksiya verdiyinizin şahidi olacaqsınız.

valideyn

 

Bir çox hallarda insan hər hansı bir məsələ ilə bağlı əsəb hissi keçirdikdə, acıqlandıqda, öz acığını qarşısına çıxan ilk insandan çıxır. Valideynlərin isə adətən əli altına düşən hər hansı bir ehtiyacından dolayı ata-anasına üz tutan uşaqlar olur. Nəticə etibarilə, uşaqlar haqlı olduqları halda haqsız durumuna düşmüş olurlar. Kanadalı psixoloq Qordon Nyufeld hesab edir ki, bu qəzəb, acıq hissini kədər hissinə çevirmək və həyatımızda dəyişməsi mümkün olmayan məqamları qəbul edərək bu kədəri yaşamaq lazımdır.

Müəyyən anda övladınızın sizin istəyinizə cavab verə biləcək enerjiyə, həvəsə sahib olub-olmadığını nəzərə alın. Əgər onun başı oyuna qarışıbsa, sizin “tez elə dur nahar elə” deyərək bağırmağınızın faydası az olacaq.

Bağırmaq istəyinizin gəldiyi an dərindən nəfəs alın. Əgər qışqırmağa başlamısınızsa, dayanın. Sakitləşməyə çalışın. Səsinizə mərhəmət qatın. Bu minvalla davam etsəniz, bir də görəcəksiniz ki, artıq qışqırmaq vərdişindən əl çəkmisiniz. Biz öz övladlarımıza onların tərəfində olduğumuzu hiss etdirsək, tədricən onların davranışlarında müsbət dəyişikliklərin şahidi ola bilərik. Əsas məsələ odur ki, məqsədiniz uşağa qalib gəlmək yox, vəziyyəti həll etmək olsun. Çünki, bağırtıya öyrəşmiş uşaq, valideyni bağırana qədər öz bildiyini etməyə alışır.

VALİDEYN

Hər dəfə övladınıza bağırdıqda, onu mənəvi cəhətdən itirəcəyinizi göz önünə gətirin. Ona təfsilata varmadan üstüörtülü olaraq vəziyyəti izah edib üzr istəyin.

Əziz valideynlər, unutmayın, övladlarımız Allahın bizə əmanətidir və uşaqlıq, uşaqların valideynləri ilə yaxın olmağı ən çox istədikləri dövrdür. Bu dövr bir göz qırpımında keçib qəlbinizi peşmançılıqla doldurmamış, övladlarınızın qəlbində özünüzə qarşı kin oyatmamağa və onların könlünü ələ almağa səy göstərin.

 

Xumar Ərşadlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir