market

Qiymət artımları büdcənizə necə təsir edib?

Baxış sayı: 673
Son dövrlər Azərbaycanda ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri kəskin artıb. Un və un məmulatlarının bahalaşmasından sonra çörəyin, o cümlədən ətin, yağın, çayın, qəndin, düyünün, qənnadı məhsullarının və istehlakçıların gündəlik qida rasionuna daxil olan onlarla məhsulun qiymətləri qalxıb.

Bu da öz növbəsində pandemiyadan çıxan və sosial qayğılardan əziyyət çəkən insanların maddi durumunu daha da çətinləşdirib. Eyni zamanda, daşınmaz əmlak və avtomobil, tikinti materialları bazarında da artım müşahidə olunur. Əksər ekspertlər son bahalaşma dalğasının dünyada baş verən proseslərlə bağlı olduğunu desələr də, əks qənaətdə olanlar, inhisarçı şirkətlərin bundan sui-istifadə etdiyini iddia edənlər də var.

“Son qiymət artımları büdcənizə necə təsir edib” sualı ilə müxtəlif sahələrdə çalışan respondentlər arasında kiçik sorğu keçirdik.

 

YAP-çı professor, keçmiş deputat Əli Əlirzayev:

“Qiymət artımları əmtəənin kəmiyyətinə və keyfiyyətinə təsir edir. Qiymət artımlarını doğuran səbəblər müxtəlifdir. Burada dünya miqyasında baş verən bahalaşmanın təsirlərindən tutmuş bəzi işbazların süni qiymət artımına getməsinə qədər fərqli səbəblər mövcuddur.

Etiraf etmək lazımdır ki, ölkədə qiymətlər ciddi şəkildə artıb. Demək olar ki, bütün sahələrdə bu artımları müşahidə edirik. Koronavirus pandemiyasının hökm sürdüyü hazırkı şəraitdə bunun insanların büdcəsinə necə təsir etdiyini bilmək üçün iqtisadçı alim və ya professor olmağa da gərək yoxdur.

Hesab edirəm ki, hökumət vəziyyətə müdaxilə etməlidir. Mübarizə tədbirləri müxtəlif istiqamətlərdə aparıla bilər – sahibkarlara güzəşt edilməsi, onların fəaliyyətinin stimullaşdırılması, süni qiymət artımlarının qarşısının alınması, yerli istehsala olan marağın gücləndirilməsi və s.

Düzdür, mənim məvacibim yüksəkdir. Bu qiymət artımları şəxsi büdcəmə bir o qədər də ciddi təsir etmir. Lakin çox insanlar var ki, onların vəziyyəti yaxşı deyil və bu bahalaşma onlara böyük zərər vuracaq”.

 

Yazıçı-publisist Aydın Canıyev:

“Azərbaycanda qiymətlər yalnız artır, bu günə qədər bircə dəfə olmayıb ki, hansısa məhsul ucuzlaşsın. Neftin qiyməti qalxanda deyirlər, “benzinin maya dəyəri artıb, qiymətləri buna görə qaldırırıq”. Qiyməti düşəndə isə bunu büdcə kəsirləri ilə əsaslandırırlar. Son beş ildə qiymətlər o qədər artıb ki, düşünəndə az qalırsan, dəli olasan. Əslində hər il olduğu kimi, hökumətin bu ilin əvvəlində də “bayram təbriki” gözlənilən idi.

Strateji məhsullarda olan qiymət artımları daha çox ictimailəşir. Əvvəllər bazarlığa gedəndə 100 manatla yola vermək olurdusa, artıq 130-150 manat xərcləməlisən. Biz diş çöpü də alırıq, sabun da alırıq və s. Onların hamısının qiyməti qalxıb. Yekunda 30 faiz daha artıq pul ödəməli olursan. Bu 30 faiz fərq isə cəmi bir ayın içərisində yaranıb. Hesab edirəm ki, bahalşma dalğası bitməyəcək və bundan ən çox ziyan çəkən təbii ki, sadə vətəndaşlar olacaq”.

 

Hüquqşünas Mirismayıl Hadıyev:

“Əhalinin gəlirləri sürətli bahalaşmaya adekvat deyil. Bahalaşma o qədər sürətlə gedir ki, əhali bununla ayaqlaşa bilmir. Düzdür, son bahalaşmadan sonra əməkhaqlarında müəyyən artımlar oldu. Lakin bu artımlar yetərli deyil.

Digər yandan rəsmi olaraq maaş almayan milyonlarla insan var. Onlar öz ailələrini dolandırmaqda çətinlik çəkirlər. Ən dəhşətlisi isə odur ki, dünya bazarında bir balaca artım olan kimi, bizim işbazlar bunun üzərinə süni qiymət artımlarını da əlavə edirlər. Müvafiq qurumlar məsələyə təcili müdaxilə etməli, heç olmasa süni yolla bahalaşmanın qarşısını almalıdır.

Təkcə son bir ayda baş verən qiymət artımları vəziyyətin qəlizliyindən xəbər verir. Mən özüm avtomobil istifadəçisiyəm. Yüksək keyfiyyətli benzin markaları çox bahadır. Ucuz benzin isə maşını dağıdır. Belə olduqda ustalara və ehtiyat hissələrinə pul tökürsən. Onların da qiymətləri demək olar ki, hər həftə qalxır.

Bir ay öncə aldığınız dərmanla bu gün aldığınız dərmanı müqayisə edin. Fərqi özünüz görəcəksiniz. Bu, həm də istehlakçıları keyfiyyətsiz məhsullara təşviq etməkdir”.

 

Politoloq Əhəd Məmmədli:

“Qiymət artımlarından bütün əhali qrupları təsirlənib. Bəzən belə açıqlamalara rast gəlirik ki, guya qiymətlər 20-30 faiz həddində bahalaşıb. Çörək və digər məhsullar strateji məhsullardır və onların qiymət artımları daha çox diqqət çəkir. Lakin kiçik bir bazar araşdırması aparsaq, görərik ki, bahalaşmayan məhsul yoxdur. Adi qabyuyan mayedən diş pastasına qədər hər şey qalxıb.

Özü də bu qiymət artımları iddia edildiyi kimi, 20-30 faiz həddində yox, 50-60 faiz civarındadır. Təbii ki, qısa müddət ərzində belə bir artım xüsusilə maddi durumu aşağı olan insanlara sarsıdıcı təsir göstərib.

Nə qədər ki, idxaldan asılıyıq, qiymətlər arta-arta gedəcək. Artıq daxildə istehsal müəssisələrini yaratmağın zamanı çatıb. Bu, həm işsizliyi aradan qaldırar, həm də daxili bazarı formalaşdırardı. Bu proses baş verməyənə qədər biz daim sosial təzyiqlər altında olacağıq.

Təsəvvür edin, bir dəfə marketə gedəndə 150 manat pul xərcləyən insan 400 manat məvaciblə necə dolansın?! Bunun işləməyəni də var, gəliri olmayanı da. İnsanları Allahın ümidinə buraxmaq olmaz.

Hökumət üç istiqamətdə fəaliyyətini gücləndirməlidir: Daxili istehsal müəssisələri yaratmaq, süni bahalaşmaya qarşı mübarizə tədbirləri görmək və işsizliyi aradan qaldırmaq”.

 

Azər Niftəliyev (Ayna.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir