endirim

Qiyməti endirilməyən endirim məhsulları

Baxış sayı: 480

Həm real, həm də online mağazaların sevimli təbliğat və müştəri cəlb etmə taktikası olan endirim kampaniyalarının toruna çox insan düşür. Mağazaların vitrinlərində, iri reklam şitlərində, telefonumuza gələn reklam və xəbərdarlıqlarda satış qiymətlərinin хeyli dərəcədə aşağı salınması barədə israrla məlumat verilir. Rəqəmlər də adamı şirnikləndirir, 50 %, 70%, 80% endirimə kim biganə qala bilər ki?

Əksəriyyətimiz üçün zəruri mallar kateqoriyasında geyim hətta qidadan da öndə yer alır. Geyinməyi, üstəlik yaxşı və dəblə geyinməyi sevən insanlar çoxdur aramızda. Ən ucuz və keyfiyyətsiz ərzaqla qidalanan, həyat standartları minimumda olan, amma bahalı və dəbdə olan geyimə üstünlük verən insanlar sizin də ətrafınızda var. Xüsusilə bayram ərəfələrində hər tərəfdən hücuma keçən endirim kampaniyaları onlar üçün fürsət olur.

Əslində, endirim kampaniyası, müəyyən bir müddət çərçivəsində istehlakçılara yüksək keyfiyyətli malları güzəştli qiymətlərlə satmaqdan ibarətdir. Ölkəmizdə isə, məlum prosesin reallaşdırılmasında məqsəd yalnız satılacaq mal və məhsullara tələbatı artırmaq üçün onların reklamının təşkili, satılmayan malları baha qiymətə alıcılara sırımaqdır. Belə vəziyyətdə, il boyu 100 manata təklif edilən paltonu noyabr ayında 150 manata qaldırıb yeni il öncəsi 110 manata təklif etmək də endirim kampaniyası deməkdir.

Hazırda paytaxtın geyim mağazalarının əksəriyyəti böyük “endirim” kampaniyasına start versə də, qiymətlərdə ciddi ucuzlaşma müşahidə olunmur. Həmin mağazaların əksəriyyətinin vitrinlərində yazılmış lövhələrdə 30, 50, hətta 70 faiz endirim elan edildiyi yazılır. Real dəyərinin 10-20 manat olduğu geyimlər süni qiymət artımı ilə təqdim edilir, yeni il öncəsi isə bayram endirimi adı ilə yenə də dəyərindən baha təklif edilir. Əgər bir məhsulun qiyməti 20 manat idisə, hazırda həmin rəqəm 40 manat göstərilir və 50 faiz endirimlə yenidən 20 manata satılır. Hər bir halda belə “endirim” kampaniyaları zamanı mağaza heç nə itirmir, əksinə, əvvəlkindən çox qazanır. Çünki endirim adı eşidərək mağazaya daxil olan alıcıların sayı artır.

Dünyada endirim kampaniyalarının bir mahiyyəti də məövsüm və ya il sonu geyim kolleksiyasını növbəti ilə ötürməmək üçün maya dəyərinə təqdim etməkdən ibarətdir. Bu həm mağazaların anbarını növbəti kolleksiya üçün boşaltması, həm də insanların ehtiyacını keyfiyyətli təmin etməsi deməkdir. Hər mövsümün sonuna doğru geyim kolleksiyalarında endirim kampaniyaları elan olunur və beləliklə də bu malların demək olar ki hamısı satılır. Bizdə isə, əksər hallarda satılmamış mallar növbəti ilə saxlanılır, anbarda köhnəlir. Biz bu prosesi məktəbli geyimləri satışı zamanı da müşahidə etdik. Məktəbin açılmasına 1 gün qalanadək bir anbar məhsulu olan sahibkar əlindəki məhsulu satmaq üçün endirim etmədi, dolayısı ilə növbəti il məktəb mövsümünədək o məhsullar anbarda qalacaq.

Məlumat üçün qeyd edək ki, endirim kampaniyaların təşkilinin də standartı olur. Rusiyada 25 faizdən, Rumıniyada 30 faizdən artıq endirim dərəcəsi təyin etməyə icazə verilmir. Bu da onunla bağlıdır ki, satılan malın maya dəyərinin üzərinə ən çoxu 25-30 faiz əlavə oluna bilər. Maya dəyərindən aşağı qiymətə malın satılması sahibkara sərf etmir. Deməli, burada nə isə uyğunsuzluq var.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir