bromans

Qol-qola gəzən kişilər: bromans, yoxsa seksual münasibətlər?

Baxış sayı: 587

Əgər Bakıda yaşayırsızsa, əminəm ki, dəfələrlə qol-qola gəzən, qol-boyun olmuş cisgender heteoseksual cütlükləri də şəhər mərkəzində tez-tez görürsüz. Bu cütlüklər adətən maskulin, tünd geyimlərdə olurlar, səs-küylü və yüksək səslə danışıb diqqət çəkməyə çalışırlar.

Bromans cisgender heteroseksual kişi cütlüyü arasında seksual olmayan çox yaxın dost münasibətləridir. Adətən bu cütlüklər arasında qucaqlaşma, yanaqdan öpmə və sairə kimi yaxınlıq əlaqələri, eyni zamanda da homoerotik zarafatlaşma müşahidə olunur.

Qadınlar arasında da yaxın dostluqlar olsa da, bunun üçün xüsusi sözdən və ya termindən istifadə olunmaması qəribədir. UrbanDictionary bromansın tərifini verərkən “İki cisgender heteroseksual kişinin bölüşdüyü qarışıq sevgi və bağlanma” olaraq qeyd edib.

Bromansın cisgender heteroseksual kişilər arasında olması (hazırda homoseksual və biseksual kişilər arasında da müşahidə olunur) qadınlar arasındakı yoldaşlıq və dostluğu kölgə altına qoymaqdadır. Belə ki, seriallarda, filmlərdə, TV proqramlarında və ictimai yerlərdə, əsasən, kişilər arasındakı sıx dostluq olan bromansı görmək mümkünür.

Belə nəticəyə gəlmək olar ki, patriarxal cəmiyyətlər ancaq cisgender heteroseksual kişilər arasındakı çox yaxın dostluğu rahatlıqla qəbul edir. Məsələn, küçədə feminin kişilərin qol-qola girib gəzməsinə qarşı cəmiyyətimiz dözümlü deyil və “petux” deyə çağırır. Eyni şeyi maskulin kişilər edəndə isə petuxluq unudulur.

Bir neçə il əvvəl Çexiyadan Bakıya eks-partnyorum gəlmişdi. Onunla şəhər mərkəzində gəzişirdik ki, qəfildən mənə: “Sizdə nə qədər gey oğlan var”, – dedi. Mən də ona bizim maskulin cisgender heteroseksual kişilər arasındakı bu yaxınlıq haqqında danışmağa başladım.

Gender özünüifadəsinin əslində seksual oriyentasiya ilə əlaqəli olmadığını bilməyən cəmiyyət maskulin kişiləri qəbul edir. Bütün günü idman zallarına gedib, bədən çıxaran maskulin geylər də var ki, onlar diskriminasiya ilə az qarşılaşırlar, ya da heç qarşılaşmırlar. Bu tendensiya Azərbaycanda gey və biseksual icmasında da var. Seks zamanı sikən tərəf bir az da maskulindirsə, özünə “KİŞİ” deyə müraciət edəcək, qarşısında sikilən tərəf passivdir və “KİŞİ” deyil, çünki heteronormativ cəmiyyətin çaldığı havaya görə sikilən tərəf qadın olmalıdır.

Yeni bir dostluq forması olan bromans kişilər arasında homofobiyanın azalmasına gətirib çıxarsa da, daha çox homofob olan qadınlarda bu hissi artırmaqdadır. Bromans yaşayan kişilər maskulin davranmaqla “Biz gey deyilik” mesajı verməyə çalışırlar. Belə ki, 19 və 20-ci əsrlərə qədər kişilər fiziki yaxınlıqda daha rahatlıqla olub, birlikdə intim şəkillər çəkdirib, eyni yatağı bölüşə bilirdilər. 20-ci əsrin ortalarından homoseksuallıq daha görünən olduğu üçün kişilər arasındakı yaxınlıq daha maskulin oldu və stiqmadan qorunmaq üçün bir vasitəyə çevrildi.

Homososial maskulin kimlik kimi bromans həm də kişilərin emosiyalarını ifadə etmək üçün bir vasitədir. Son dövrlərin trendlərindən olan bromans kişilərə emosional rolları ifadə etməkdə əsas dayaqdır, çünki illər boyu emosional davranışların qadınlara aid olunması fikri qəlibləşmişdir.

Bromans qadınlar arasında yaşanmır. Mədəni institutlarımız kişilərin müəyyən çərçivəyə salınmış homososiallıqlarını qəbul edir. Cəmiyyət olaraq şəxsi homoseksual davranış və münasibətləri rədd edir, di gəl ki, qadınları kənarlaşdıran ictimai homososial kişi davranışlarını rahatlıqla qəbul edirik.

Qiselda Pollok “Görüntü və Fərqlilik: Feminizm, femininlik və incəsənətin tarixi” kitabında bromansı “qadınlar üzərində dominantlıq etmək və onları kənarlaşdırmaq üçün kişilər arasında həmrəylik və müstəqil münasibətlərin yaradılması” kimi təsvir edərək, onu emosional homoseksual münasibət adlandırmışdır.

Təbii ki, bromans təkcə şəhər mərkəzində müşahidə olunmur, dini institutlar, tarix kitabları, filmlər, siyasət və biznes, idman kimi sahələrin hamısı 99 faiz hallarda – bir-birinə qarşı olan, birlikdə çalışan, bir-biri üçün vuruşan – dünyanın ən vacib işlərini görən kişiləri əhatə edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir