qoturluq

Qoturluq xəstəliyi və onunla mübarizə üsulları

Baxış sayı: 1. 326

Qoturluğa dəri xəstəlikləri arasında tez-tez rast gəlinir. Dərinin parazitar xəstəliyi olan və mikroskopik gənələr tərəfindən törədilən bu xəstəlik bütün canlılar arasında yayıla bilər. Çox vaxt qoturluq xəstəliyini neyrodermit, ekzema, kontakt dermatit və psoriaz xəstəlikləri ilə səhv salırlar.

Həkim-dermatoveneroloqu Emil Əlizadə deyir ki, qoturluğa yoluxma riskləri barədə məlumat verən həkim deyib: “Yoluxma xəstə ilə birbaşa təmasda olduqda və ya yoluxmuş xəstənin paltar və yatağından istifadə etdikdə baş verir. İnfeksion xəstəlik olan qoturluq əsasən insanların çox toplandığı və bir-biri ilə təmasda olduğu məkanlarda daha sürətlə yayılır. Qoturluğa səbəb olan gənələr asanlıqla ailə üzvlərinə də keçə bilər. Xəstəli ilk olaraq özünü qaşınma ilə büruzə verir və bu əlamətlər 1-6 həftədən sonra meydana çıxır. Qaşınma əsasən axşam saatlarında intensivləşir. İlkin mərhələdə dəridə qoturluq yolları gözə çarpmağa başlayır və 4-6 həftə ərzində bədənin bütün nahiyələrinə yayılır. Qoturluq yolu tünd qara rəngdə və 0,5-1 sm-ə qədər uzunluqda olur. Yolun səthində-gənənin girdiyi və çıxdığı yerdə iki qara nöqtə görünür. Problem ən çox əl barmaqlarının arasında, büküşlər, dirsək, bilək və sağrı nahiyələrində müşahidə edilir. Qoturluq çox vaxt piodermiya xəstəliyi ilə fəsadlaşır, çünki qaşınma zamanı dırnaq sıyrıntıları dərinin tamlığını pozur və irin törədən mikrobların orqanizmə keçməsi üçün şərait yaranır.

Həkim-dermatoveneroloqun verdiyi məlumata görə, xəstəliyin diaqnozu adətən həkim səpgilərə baxandan sonra qoyulur: “Mikroskopik olaraq dəridə gənə yumurtaları və konkrementləri tapılır. Əgər mikroskopik və biopsiyanın nəticəsi mənfidirsə, bu diaqnozu tamamən inkar etmir. Adətən yoluxmuş orqanizmdə 10 dənədən çox varsa, qızdırmaya da səbəb ola bilər. Bu da infeksiyanı üzə çıxarmağı asanlaşdırır.

Qoturluğun müalicə olunan xəstəlik olduğunu bildirən Emil Əlizadə deyir ki, onu nə qədər tez aşkar etmək mümkün olsa, müalicə də o qədər də tez və səmərəli aparılar. Müasir müalicə üsulları arasında əsasən losyon və məhlul növlərindən istifadə olunur. Lakin istifadə zamanı həmişə həkimin göstərişlərinə əməl etmək lazımdır. Dərman vasitəsi boyundan aşağı ətrafların barmaqlarına qədər sürtülür, ən azı 8 saat qalır. 7-10 gündən sonra losyon təkrar istifadə oluna bilər. Müsbət nəticə alındıqda, bir-iki sutkadan sonra heç bir yeni səpgi yaranmır.

Həkimin dediyinə görə, qaşınma müalicədən sonra dərhal dayanmır: “Bu onunla izah olunur ki, bədən hələ də ölü gənələrə, onların yumurtalarına və ifrazatlarına cavab verir. Həmin hal 2-3 həftə davam edə bilər. Qaşınma çox narahat edəndə həkim bununla bağlı təyinat verə bilər, antihistamin və sedativ preparatlarından istifadə etməklə əlamətləri sakitləşdirmək olar.

Xəstəliyin profilaktikasına gəldikdə isə bütün paltarlar, yataq dəstləri, dəsmallar qaynar su ilə yuyulmalı, isti quruducuda qurudulandan sonra istifadə edilməlidir. Yuyulma mümkün olmadıqda plastik paketlərdə 5 gün ərzində bağlı saxlanılmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir