qrip

Qrip, COVID-19, yeni ştamm, yoxsa yeni virus?

Baxış sayı: 568

Bir müddətdir ölkəmizdə uşaqlar və böyüklər arasında boğaz ağrısı,  baş ağrısı,  burun axması qızdırma, öskürək, üşütmə və halsızlıq kimi müşahidə edilən respirator virus infeksiyaları yoluxmada artım müşahidə olunur. İnfeksiyalar müəyyən xroniki xəstəliyi olanlar, immuniteti zəif insanlar və azyaşlılar arasında müəyyən fəsadlara gətirib çıxara bilər. Qısa müddətdə geniş yayılan virus əhali arasında əməlli -başlı təşvişə səbəb olub.

Mövsümi infeksiyalara yoluxma hallarının artması gözlənilən idi

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov diqqətə çatdırır ki, əhali arasında hərarət, baş ağrıları, ümumi zəiflik, boğazda ağrılar, öskürək, burun axması və ya tutulması kimi və s. əlamətlərlə müşayiət olunan çoxsaylı xəstələnmə hallarına rast gəlinir. Bildiyimiz kimi, müxtəlif ölkələrdə, o cümlədən qonşu ölkələrdə qripin H1N1variantı (donuz qripi) yayılmaqdadır. Ölkəmizdə də epidemioloji vəziyyət diqqətlə izlənir. Belə ki, bu mövsümdə ölkə ərazisində donuz qripi virusu aşkarlanmayıb. Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən verilən məlumata görə, bu şəxslərdən götürülmüş nümunələrdə arabir koronavirus aşkarlanır və bu halların sayı gündəlik statistik məlumatlarda öz əksini tapır. Bildirilir ki, qeyd olunan şikayətlər digər kəskin respirator virus infeksiyalarının əlamətləridir. Bu infeksiyalar mülayim iqlimə malik ölkələrdə mövsümü qrip xarakteri daşıyır. Yəni, hər ilin soyuq aylarında vəziyyət təkrarlanır. Bu mövsüm də istisna deyil. Təsadüfi deyil ki, sərt karantin tədbirlərinin tətbiq olunduğu dövrlərdə qrip və bu tip virus infeksiyaların da yayılma səviyyəsinin azalması müşahidə olundu. Beləliklə, viruslara qarşı əvvəllər əldə edilmiş, o cümlədən çarpaz immunitet son dövrlərdə yenilənmədiyi üçün müəyyən qədər zəiflədi. Buna görə də məhdudiyyətlərin aradan qaldırılması zamanı mövsümi infeksiyalara yoluxma hallarının artması gözlənilən idi.”

 

İsrarla tövsiyə edirik ki…

T.Eyvazov vurğulayır ki,  yoluxmadan qorunmaq tədbirləri hava-damcı yolu ilə yayılan bütün infeksiyalar (qrip, koronavirus, digər respirator viruslar) üçün eynidir: “Son 3 ildə infeksiyadan qorunmaq üçün əhali arasında “koronavirus davranışı”, yəni təmasların sayının məhdudlaşdırılması, qapalı məkanlarda, ictimai nəqliyyatda maskanın taxılması, əl və respirator gigiyena qaydalarına əməl olunması, otaqların tez-tez havalandırılması, düzgün qidalanma və sağlam həyat tərzi vərdişləri formalaşıb. Əhaliyə, xüsusən də risk qrupuna aid olan şəxslərə qripə qarşı peyvənd olunmaları israrla tövsiyə edilir. Bunun üçün ərazi üzrə klinikaya müraciət  edilməlidir.”

 

Xəstəliyin ağır keçməsi arzuolunmaz nəticələrə səbəb ola bilər

Mütəxəssis bildirir ki, qrip istisna olmaqla, bu tip kəskin respirator virus infeksiyalarının əksəriyyəti yüngül keçir, fəsadlaşmır, tezliklə hərarət normallaşır, baş və əzələ ağrıları, ümumi zəiflik kimi intoksikasiya əlamətləri səngiyir, iştah yaxşılaşır, boğaz ağrıları və öskürək keçib gedir və xəstəlik qısa vaxt ərzində sağalma ilə nəticələnir. Lakin xəstəliyin, xüsusən də qeyd olunan risk qruplarında ağır keçməsi, fəsadlaşması, arzuolunmaz nəticələrə səbəb olması mümkündür. Bunları nəzərə alaraq, yüksək temperatur 5-7 gündən çox davam etdikdə, hərarətsalıcı dərmanlara tabe olmadıqda, kəskin zəiflik, halsızlıq, təngnəfəslik, boğulma halları müşahidə edildikdə, habelə oksigen saturasiyasının aşağı düşməsi, arterial təzyiqin enməsi, döş qəfəsində darlıq hissinin, ağrıların olması, müxtəlif nahiyələrdə qansızmalar və qanaxmalar, huşun pozulması əlamətləri, ürək ritminin pozulması, qusma ilə müşayiət olunan güclü baş ağrıları, nevroloji defisit və s. rast gəldikdə təcili olaraq həkimə müraciət olunmalıdır.”

 

Məsləhətim odur ki, maye və mineral balansını təmin etsinlər

Həkim-infeksionist Əminə İsmixanova vurğuladı ki, qeyri-sabit hava şəraiti və temperatur dəyişkənliyi infeksiyaların da sürətlə yayılmasına səbəb olur: “Həm böyüklər, həm də uşaqlar arasında düşməyən hərarət, davamlı öskürək, halsızlıq və bu kimi əlamətlər müşahidə olunur. Qış aylarında qapalı məkanlarda hava sirkulyasiyasının azalması, belə yerlərdə insanların sıx toplaşması, həmçinin təhsil müəssisələrində uşaqların sıx kontaktı, mövsümlə əlaqədar immun sisteminin aşağı düşməsi kimi faktorlara görə yoluxmaların artması müşahidə olunur.  Bütün bunlar isə bu mövsümü qripdir, yoxsa COVID-19-un yeni ştammıdır, ya da tanımadığımız bir virusdurmu deyə əhali arasında narahatlıq yaradır.”

Ə.İsmixanova əlavə etdi ki, son günlər qəbuluma gələn xəstələrdə pnevmoniya, otit, sinusit, haymorit, konyuktivit və bu kimi ağırlaşmalar müşahidə olunur. Müalicəyə daha çətin tabe olur.

Müsahibimizin bu virusa yoluxan xəstələrə tövsiyəsi isə bu cür oldu: “Kəskin respirator virus infeksiyasına yoluxanlara məsləhətim odur ki, ilk günlərdə maye və mineral balansını təmin etsinlər. Temperaturun qalxdığı dövrlərdə maye qəbulu artırılmalı və bədən yetərli enerji ilə təmin olunmalıdır. Mövsümi meyvə və tərəvəzlərin gündəlik qida rasionuna əlavəsi də vacibdir. Hərarət yüksək olarsa soyuq halda isladılmış dəsmal iri damarların üzərinə qoymaq, kömək etməzsə paracetamol,  qeyri-steroid tərkibli iltihab əleyhinə preparatlardan istifadə etmək, əgər temperatura tabletka da kömək etməsə, mütləq şəkildə həkimə müraciət etmək lazımdır. Təbii ki, yuxarı tənəffüs yollarının infeksiyaları hava-damcı yolu ilə  keçdiyindən bu halda profilaktik hər hansı bir dərman kömək etmir. Belə halda insanlar çox olan yerlərdən uzaq durmaq, maska taxmaq, gigiyenik qaydalara əməl etmək və vaksin olunmaq lazımdır.”

Kütləvi hal alan xəstəlik daha çox uşaqlar arasında yayılıb. Bununla bağlı valideynlər nəyə və necə diqqət etməlidirlər?

Uşaqlarda müşahidə olunan ürəkbulanma və qusmanın səbəbi…

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev sözügedən mövzu ilə bağlı bildirdi ki, uşaqlarda immun sistem böyüklərlə müqayisədə nisbətən zəifdir. Bunun səbəbi immun sistemin tam formalaşmamasıdır. İlk 6-7 il immun sisteminin aktiv inkişaf etdiyi dövrdür. Bu yaşa qədər olan uşaqlar tez-tez xəstələnirlər, xüsusən də payız-qış mövsümündə.

Valideynlərə məsləhət:

Uşaqların gündəlik qida rasionunda bütün qida maddələri olmalıdır

Yetəri qədər maye qəbul edilməsi şərtdir

Hər bir uşaq gün ərzində 8-11 saat yatmalıdır

Əllərin düzgün və təmiz yuyulmasına diqqət yetirmək vacibdir

Mövsümə uyğun geyimlərdən istifadə olunmalıdır

Həmsöhbətimiz, eyni zamanda, uşaqlar arasında müşahidə olunan ürəkbulanma və qusmanın səbəblərini də açıqladı: “Mədə-bağırsaq xəstəlikləri, sidik yolları infeksiyaları, nevroloji xəstəliklər və zəhərlənmələr 60-70 faiz hallarda mədə-bağırsaq sistemi ilə əlaqədar olur. Qusma 24-48 saat ərzində əsasən keçib getməlidir. Keçmirsə, mütləq həkimə müraciət etmək lazımdır, çünki bu hal uşaqlarda su itkisinə səbəb olur. Digər ən önəmli məqamlardan biri də uşağın pəhrizinə fikir verməkdir. Ətli, yağlı, qızarmış yeməklərdən istifadə etmək olmaz. Asan həzm olunan qidalardan (meyvə, ayran, qatıq, buxarda bişirilən tərəvəzlər, çörək və s.) istifadə olunması tövsiyə olunur. Bu zaman az-az və tez-tez yemək daha yaxşıdır”.

Mütəxəssis bu kimi halların qarşısını almaq üçün valideynlərə bəzi tövsiyələr və məsləhətlər verdi: “Valideynlər uşaqların gündəlik qida rasionunda bütün qida maddələrin olmasına diqqət yetirilməlidir. Xüsusən istər xəstəlik dövrü, istərsə də sağlam zamanda yetəri qədər maye qəbul edilməsi şərtdir. Qidalanma qədər yuxu da uşaqlar üçün çox önəmlidir. Hər bir uşaq gün ərzində 8-11 saat yatmalıdır. Bundan əlavə, əllərin düzgün və təmiz yuyulmasına diqqət yetirmək vacibdir. Mövsümə uyğun geyimlərdən istifadə olunmalıdır. Nəzərə almaq lazımdır ki,  anemiya, B, Fe, Zn və D vitamlərinin əskikliyi də müqaviməti azaldır və tez-tez xəstələnməyə səbəb olur.”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir