restoran

Restoranda diqqət yetirilməli 7 vacib məqam – Müştəriyə ipucu

Baxış sayı: 700

Dostlarınız, yaxınlarınız, qonaqlarınızla gedib, həm dincələcəyiniz, həm də dadlı yemək yeyəcəyiniz kafe, restoran seçimi edərkən hansı kriteriyalara diqqət yetirirsiz?

Məkanın prestiji, məşhurluğu, müştərilərim tərifi, dadlı yeməkləri, münasib qiyməti? Bəs seçdiyiniz restoranın həqiqətən gigiyena baxımından standartlara cavab verməsini necə təyin edirsiniz? Hər bir qida xidməti göstərən müəssisənin etibarlılıq imici onun sanitar-gigiyenik normalara əməl etməsi ilə ölçülür.

Müştəri məkana daxil olub, əyləşdiyi vaxtdan bu 7 məqama diqqət yetirsə, orda yemək yeyib-yeməməyə düzgün qərar verə bilər.

 

Xidməti personalın geyimi

Onlar qırmızı, yaşıl, göy rəngli geyimdə yox, açıq rəng, ag, qolu mütləq uzun geyimdə olmalıdır. Bu, birinci servis qaydasıdır. Qoldan boşqaba tük düşə bilər. Bir qədər iri, məşhur restoranlarda xidməti personal qolunda təmiz ağ dəsmal gəzdirir. Bu da boşqabları götürərkən köynəyin qolunun yox, həmin dəsmalın bulaşması üçündür.

 

Vitrində maskalı personal

Əgər restoranda yeməklər açıq bufet, İsveç masası sistemində təqdim olunursa, o yeməklərin xidmət xəttində, vitrində duran işçilər ağızlıq –maska, əlcək taxmalıdır. İnsan qeyri-iradi şəkildə asqıra bilər, ağız suyu avtomatik qida çirklənməsi yaradır. Əlindən hər hansı mikrob açıq yeməklərə keçə bilər. Əlcəklər cırılmadan, müəyyən müddətdən bir dəyişilməlidir.

 

Ofisiant – saqqal, telefon, siqaret

Ola bilər ki, restorana xammal gigiyenik normalar çərçivəsində daxil olur, mətbəx təmizdir, aşpaz hər şeyi təmiz hazırlayır, amma zala gətiriləndə ofisiantın əlinin çirkli olması ilə qida artıq çirklənmiş sayılır. Ofisiantın üzü, saçı, dırnaqları, geyiminin səliqəsi, təmizliyinə diqqət yetirilməlidir.

Yaxşı olar ki, saqqalsız, qaşları, saçı səliqəli olsun. Ofisiant siqaret çəkib gələndən dərhal sonra yeməyinizi gətirirsə, o yemək çirklənmiş sayılır. Ofisiant xidmət zamanı telefona əl vurmamalıdır. Telefon ən çirkli əşyadır, mikrob mənbəyidir.

 

Restoranın ümumi ərazisi

Fikir vermək lazımdır: ayaqyolu hardadır, tullantı necə daşınır? Restoranda bulaşıq qablar aparılıb-gətirilən qapı ayrı olmalıdır, yemək gətirilən qapı ayrı.

Ofisiant bulaşıq qabları daşıdıqda yerə düşən salfeti əyilib götürürsə, sonra da o əllə sizin sifarişi gətirirsə, o qida təmiz sayılmır, geri qaytarılmalıdır.

 

Personal tualeti ayrı

Sanitar-gigiyena qaydalarının birinci göstəricisi tualetdir. Personalın tualeti ilə müştərilərin istifadə edəcəyi tualet ayrı olmalıdır. Mətbəxdə və tualetdə dezinfekterantlar qoyulmalıdır.

Müştəri ilə aşpazın əlinin təmizliyi eyni dərəcədə olmalıdır. Personal siqaret çəkdikdən, telefonla danışdıqdan, tualetdən istifadədən sonra rəngsiz, iysiz sabunla əllərini yumalı və mütləq dezinfekterantda dezinfeksiya etməlidir.

 

Masanın altına da əl çəkin

Peşəkar mütəxəssislər masaya əyləşən kimi, qeyri-ixtiyari əlini masanın altına çəkir. Müştərilər də əyləşdiyi masanın dezinfeksiya olunduğunu bilmək üçün bunu yoxlaya bilər. Masanın üstü təmiz, altı çirklidirsə, deməli, orada normal dezinfeksiya işləri aparılmır.

Adətən kiçikyaşlı uşaqlar əlləri yeməkli, yağlı halda masanın altından tutub çəkir. Həmin yağ orda qalır, artıq o masa təmiz sayılmır. Hər iş gününün sonunda masa xlor tərkibli vasitə ilə dezinfeksiya olunmalıdır. Həftədə bir dəfə isə masaların altı təmizlənməlidir. Masaya salınmış süfrədə ləkə varsa, onun dəyişdirilməsi tələb olunmalıdır. Müştəri yağ ləkəli süfrədə əyləşdirilirsə, orda yemək yeməyə dəyməz.

 

İsti yemək, soyuq içki

Əgər suların, içkilərin üzərində “Sərin içilsin” sözü yazılıbsa, o içkilər ilıq, isti halda masaya gətirilirsə, deməli, uyğun temperaturda saxlanmayıb və içilməməlidir. Çünki o içkilərin tərkibində olan asit adlı maddə istidə daha çox yandırıcı təsir edir və zərərlidir. Masaya gələn içkilərin son istifadə tarixinə baxın.

Qidanın temperaturu 65 dərəcədən aşağı düşməməlidir. Müsbət 5-60 dərəcə temperatur təhlükəli zona hesab olunur, qida bu hədd arasında olduqda bakteriyalar çoxalır, artıq kirlənmiş hesab olunur.

Əgər sifariş etdiyiniz yemək isti halda yeyilməli qidaya aiddirsə, mətbəxdən masaya gələnə kimi soyuyubsa, geri qaytarılmalıdır. İsti yeməklərin, xüsusən ət yeməklərinin soyuq təqdim olunması artıq aşpaz və ya xidməti personalın səhvidir. Müştərinin soyuq yeməyi qaytarıb, yeni hazırlanmış isti yemək tələb etməyə haqqı var.

Müştəri həmişə haqlıdır, amma restoranın mətbəxinə girməyə və baxmağa ixtiyarı yoxdur. Bunun üçün onun tibbi sertifikatı olmalıdır. Ola bilər, müştəri patogen xəstəlik daşıyıcısıdır, onun təmiz, steril mətbəxə girməsi artıq təhlükədir. Əgər ən adlı-sanlı, sosial şəbəkələrdə reklamı çox, interyeri gözoxşayan restoranda yuxarıda qeyd olunan vacib qaydalar pozulubsa və səhvləri görürsüzsə, orda əyləşib-əyləşməmək barədə ciddi düşünməyə dəyər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir