Ferid Mahmudov

Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu: “Təəssüf ki, son 40-50 ildə bu xəstəliyə o qədər də fikir vermirlər” – MÜSAHİBƏ

Baxış sayı: 182

Leyşmanioz insanlar və məməlilərə yoluxan, ya dəri yaralarına, ya da daxili orqanların – dalağın, qaraciyərin və sümük iliyinin və s. zədələnməsinə səbəb olan protozoan xəstəliklər qrupudur. Leyşmanioz əsasən 2 kliniki-patoloji təqdimatda təsnif edilə bilər: dəri leyşmaniozu və visseral leyşmanioz. Leyşmanioz, müalicəsi və fəsadları barədə Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu, Azərbaycan Tibb Universiteti dermatovenerologiya kafedrasının müdiri Fərid Mahmudovla söhbətləşdik.

 

– İnsanlar leyşmanioza necə yoluxur?

– Leyşmanioz xəstəliyi ağcaqanadlarla yayılır. Xəstəlik insanlara həm heyvanlardan, həm də insanlardan keçə bilər. Ağcaqanad heyvanları dişləyirsə, onları yoluxdurur, heyvanlar da insanlarla ünsiyyət zamanı bu xəstəliyi onlara keçirir. İnfeksiya keçəndə dəridə yara, xora əmələ gəlir. Leyşmaniozun zoonoz, antroponoz növləri var. Zoonoz növü heyvanlardan insanlara keçir. Bu növə yoluxduqda, xoraların sayı daha çox olur, ikincili infeksiya yanaşı olur. Antroponoz növü insandan insana keçir. Hər iki forma ağcaqanadlar vasitəsilə ötürülür.

 

– Bütün ağcaqanadlarmı leyşmanioz yarada bilər?

– Xeyr, onun xüsusi keçiricisi var, bu ağcaqanadların adı flebatomus papatasivə flebotomus sergentidir. Görünüşcə, elə adi balaca ağcaqanadlardan fərqlənmir, amma dişləməsi insanı leyşmanioza yoluxdura bilər.

 

– Bu ağcaqanadlar əsasən hansı ərazilərdə olur?

– Təbiətdə onların olduğu epidemioloji zonaları var. Su, bataqlıq olan yerlərdə bu ağcaqanadlar çoxdur. Gəncə tərəfdə bu tip ağcaqanadlara daha çox rast gəlmək olur. Hələ 100 il də bundan əvvəl orada bu ağcaqanadları aşkar ediblər. Gəncədə bu xəstəlik çox yayılıb. Kürdəmir, Bərdə zonasında da bu xəstəlik aşkarlanıb. Leyşmanioz xəstəliyi şəhərdə də çoxalıb. Bizi bu amil narahat edir. Leyşmaniozun şəhərdə niyə yayıldığını araşdırmalıyıq. Ədəbiyyatda da həmişə Azərbaycanda leyşmaniozun antroponoz formasının olduğu qeyd olunur. 40 ildir ki, bunu heç kim araşdırmır. Məqsədimiz, leyşmaniozun hansı formasının yayıldığını müəyyən etməkdir. Bundan sonra ÜST ilə bu xəstəliklə mübarizə etmək üçün qurum yaratmaq fikrindəyik.

Təəssüf ki, son 40-50 ildə bu xəstəliyə o qədər də fikir vermirlər. Bu infeksiyon xəstəlikdir, onun diaqnozu vaxtında düzgün qoyulmalıdır ki, müalicə olunsun. Leyşmanioz müalicə olunmasa, yaraların çapıqları ömürlük qalır. Üzdə olanda insanlar estetik cəhətdən əziyyət çəkirlər. Bu xəstəliyə yoluxma adətən açıq yerlərdə olur. Ağcaqanad da insanın paltarla örtülməyən yerlərini dişləyə bilir.

 

– Sizcə, leyşmaniozun şəhərdə yayılmasının səbəbi nədir?

– Bu gün Azərbaycana gələn turistlərin sayı artıb. İraqdan, Suriyadan, İrandan ölkəmizə çoxlu turistlər gəlir. Onların leyşmanioza yoluxma faizi çox yüksəkdir. Şəhərdə bu xəstəlik belə yayılır. Leyşmanioza tutulmuş turist gəlir kiminsə evinə qonaq qalır və nəticədə başqasına da bu xəstəliyi ağcaqanadlar vasitəsilə yoluxdurur. Həm də şəhərdə itlərin sayı çoxalır. Ola bilsin ki, leyşmaniozun həm zoonos forması, həm də antroponoz forması yayılıb.

Onu da qeyd edim ki, biz qrup şəklində həkimləri rayonlara göndəririk ki, bizdə bu xəstəliyin statistikası olsun. Azərbaycanda leyşmaniozun rəsmi statistikası 2010-cu ildən hazırlanır. Hal-hazırda biz bu xəstəliyin artıb-artmadığını bilmirik. Məsələn, 2010-cu ildə bu xəstəliyə 5 nəfərin tutulduğu qeydə alınıb. Bu o demək deyil ki, cəmi 5 nəfər bu xəstəliyə yoluxub. Ola bilsin ki, müəyyən səbəblərdən digər yoluxanlar aşkarlanmayıb. Son illərdə 37-40 nəfərdə leyşmanioz tapılıb. Leyşmanioza tutulanların qeydiyyatının aparılması çox vacibdir.

 

– Bu xəstəlik haqqında insanlar az məlumatlıdır. Necə bilmək olar ki, insan leyşmanioza yoluxub. Bu xəstəlik hansı əlamətlərlə özünü göstərir?

– Ağcaqanad insanı yayda dişləyir. Amma xəstəliyin inkubasiya dövrü var: 3-6 həftəyə qədərdir. 3-6 həftədən sonra xırda xora əmələ gəlir. Xoraların əmələ gəlməsi payız aylarına təsadüf edir. Artıq sentyabr, oktyabr aylarında xəstəlik özünü göstərməyə başlayır. Qışa yaxın xəstəlik sönür. May aylarında bu xəstəlik yenidən özünü bildirir, aşkara çıxır. Xəstəlik zamanı dəridə xora əmələ gəlir, bir neçə xora da müşahidə oluna bilər. Xora üzdə, əllərdə, ayaqlarda, yəni ağcaqanadların dişlədiyi yerlərdə əmələ gələ bilər.

 

– Bu xəstəlikdən necə qorunmaq olar?

– Əsas problem natəmizlikdir. Ona görə bu xəstəlik kənd yerlərində daha çox yayılıb. Şəhər ətrafında az olur. Sanitariya Gigiyena və Epidemiologiya stansiyası leyşmaniozun yayıldığı yerlərdə dezinfeksiya işləri aparmalı, gölməçələri qurutmalıdır. Ağcaqanad həmişə sulu yerlərdə olur. Bu, epidemik xəstəlikdir. Elə rayonlar var ki, evləri gəzsən, həmişə ailədə kiminsə bu xəstəliyi keçirdiyini görə bilərsən. Maraqlısı budur ki, xəstəlik özündən sonra yüksək immunitet saxlayır. İnsan 2-ci dəfə leyşmaniozla xəstələnmir.

 

– Xəstəlik öz-özünə keçə bilərmi?

– Buna birillik xora da deyirlər. Bir çox hallarda bir ilə özü müalicəsiz keçir. Leyşmanioza “Aşqabad xorası” da deyirlər. Həmin zonada bu xəstəlik geniş yayılıb. Özbəkistan, Türkmənistan və Aşqabadda visseral leyşmanioz da olur və bu, sinir sistemini və daxili orqanları zədələyir. İnsanlar müalicə olunmasa, qısa zaman ərzində ölürlər. Bizdə visseral leyşmanioz yoxdur. Əsasən dəri leyşmaniozu yayılıb. Yəni, qanla gedib daxili orqanlara çıxmır.

 

– Leyşmanioz necə müalicə olunur?

– Müalicəsi bir aya qədər çəkə bilər. Gərək xora bağlansın və bunu yaradan mikrobu tapmayana qədər müalicə davam edir. Ola bilsin ki, xora bağlansın və bir müddətdən sonra yenidən yaransın, yəni, artıq xroniki vəziyyət alır. Bu da insanın immunitetindən asılıdır. İstənilən xəstəliyin gedişatı insanın immunitet sistemi ilə bağlıdır.

10 ildir ki, leyşmaniozun dərmanı qlukantimdir. Əsas bu dərman istifadə olunur. Amma qlukantimin toksiki təsiri çoxdur, qaraciyərə də təsir edir. Biz toksiki təsiri olmayan leyşmaniozu müalicə edən dərman axtarırıq. Azərbaycanın təbiəti çox zəngindir, təbiətdən yararlanaraq çoxlu dərmanlar düzəltmək olar. Biz də onların arasında toksiki təsiri olmayan, insana xeyir verməklə yanaşı ziyan da vurmayan dərmanın hazırlanması üzərində işləyirik. Bu istiqamətdə həm kafedrada, həm dispanserdə iş aparılır. Bir-iki ilə buna nail olacağımızı düşünürük.

 

Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir