28 may

Saat 9-a 10 dəqiqə işləmiş – Azərbaycanın tarixi günü

Baxış sayı: 804

1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin tarixə qovuşması ilə onun 44 nəfərlik Müsəlman fraksiyası bir gün sonra Azərbaycan Milli Şurasını yaratdı. Milli Şuranın sədri Batumda Osmanlı nümayəndələri ilə danışıqlar aparan Məhəmmədəmin Rəsulzadə, onun müavinləri Həsən bəy Ağayev və Mirhidayət Seyidzadə, katibləri isə Mustafa Mahmudov və Rəhim ağa Vəkilov seçildilər. Rəyasət Heyətinə Müsavat Partiyasından Məhəmmədəmin Rəsulzadə, Həsən bəy Ağayev, Məhəmmədhəsən Hacınski, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməhəmmədov, Məhəmmədyusif Cəfərov, Sosialistlər blokundan Xudadat bəy Məlikaslanov, Camo bəy Hacınski, Əkbər ağa Şeyxülislamov, İttihad partiyasından isə Xosrov bəy Sultanov daxil oldular.

Mayın 28-də Tiflisdə, keçmiş Qafqaz sərdarının sarayında Həsən bəy Ağayevin sədrliyi altında Azərbaycan Milli Şurasının növbəti iclası keçirildi. H.Ağayev Azərbaycanın müstəqil bir dövlət olması məsələsini səsverməyə qoydu. Katib M.Mahmudov Milli Şura üzvlərinin adlarını tək-tək oxudu. Hər üzv ayrı-ayrılıqda “razıyam” cavabını verdi, yalnız Cəfər Axundov və Sultanməcid Qənizadə bitərəf qaldılar.
Yekunda sədr Həsən bəy Ağayev üzvlərə müraciətlə dedi: “Bu saatda, yəni 9-a 10 dəqiqə işləmiş Azərbaycanın istiqlaliyyəti Azərbaycan Milli Şurası tərəfindən qəbul edilmişdir”.

Beləliklə, Azərbaycan Milli Şurası Azərbaycanın İstiqlal Bəyannaməsini (Əqdnaməni) qəbul etdi. Əqdnamə 6 maddədən ibarətdi:

– Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi, Cənub-Şərqi Zaqafqasyadan ibarət olan Azərbaycan dəxi kamiləlhüquq müstəqil bir dövlətdir.
– Müstəqil Azərbaycan dövlətinin şəkli-idarəsi xəlq cümhuriyyəti olaraq təqərrür ediyor.
– Azərbaycan Xəlq Cümhuriyyəti bütün millətlər və bilxassə həmcivar olduğu millət və dövlətlərlə münasibati-həsənə təsisinə əzm edər.
– Azərbaycan Xəlq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrovunda yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin elər.
– Azərbaycan Xəlq Cümhuriyyəti ərazisi daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə inkişafları içün geniş meydan burakır.
– Məclisi-Müəssisan toplanıncaya qədər bütün Azərbaycan idarəsinin başında arayi-ümumiyyə ilə intixab olunmuş Şurayi-Milli və Şurayi-Milliyə qarşı məsul hökuməti-müvəqqətə durur.

İndi isə bu maddələrin məzmununu geniş aydınlatmağa çalışaq.

1-ci maddə: “Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi, Cənub-Şərqi Zaqafqasyadan ibarət olan Azərbaycan dəxi kamiləlhüquq müstəqil bir dövlətdir”.

Bu maddə ilə sərhədləri hələ tam bəlli olmayan müstəqil dövlətin yerləşdiyi coğrafi ərazinin ilkin konturları cızılır, çünki I Dünya müharibəsi hələ bitməyib, məğlubların əraziləri bölüşdürülməyib, qaliblər Parisdə yeni dövlətlərlə bağlı sülh masasına əyləşməyiblər. Üstəlik, yenicə müstəqil olmuş Azərbaycan, Gürcüstan və Ermənistan arasında sərhədlər müəyyən edilməyib. Bu maddədəki başqa önəmli məqam müstəqilliyə və hakimiyyət haqqına sahib olmağın vurğulanmasıdır. 4 iyul 1776-cı ildə Amerikanın 13 ştatının hamılıqla və bir səslə qəbul etdiyi İstiqlal Bəyannaməsində yazılır: “Bəşər tarixində elə bir məqam yetişir ki, hər hansı xalq onu başqa bir xalqa bağlayan siyasi əlaqələri qırıb atmağa, təbiətin və Yaradanın ona da bəxş etdiyi qanunlara uyğun olaraq dünya dövlətləri arasında müstəqil, kimdənsə asılılıqsız mövqe tutmağa çalışır…”

Azərbaycanda da Rusiya ilə 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə başlanmış əlaqələrin qırılıb atılması məqamı artıq yetişmişdi, bu mühüm anı dəyərləndirmək lazım idi.
İlk maddədə müstəqilliyi elan edilən dövlətin adını görürük. “Azərbaycan” adı tarixi baxımdan daha çox Arazdan cənubdakı torpaqlarımıza aid edilsə də, dövlət adı olaraq siyasi və hüquqi şəkildə ilk dəfə qəbul edilirdi. Bunun bugünkü Quzey və Güney Azərbaycan türklərinin milli-mənəvi birliyinin təmin edilməsində müstəsna önəmi oldu.

2-ci maddə: “Müstəqil Azərbaycan dövlətinin şəkli-idarəsi xəlq cümhuriyyəti olaraq təqərrür ediyor”.
Bu bənd müstəqilliyi elan olunmuş dövlətin siyasi idarəetmə forması ilə bağlıdır. Məhəmmədəmin Rəsulzadə sonralar “Əsrimizin Səyavuşu” əsərində yazacaqdı ki, Azərbaycanda Avropada tətbiq olunmayan həqiqi bir xalq cümhuriyyəti qurulmuş, vətəndaşlar arasında siyasi bərabərlik bərqərar olunmuş, sosial ədalətsizliyin zərərli nəticələri aradan qaldırılmışdı.

3-cü maddə: “Azərbaycan Xəlq Cümhuriyyəti bütün millətlər və bilxassə həmcivar olduğu millət və dövlətlərlə münasibati-həsənə təsisinə əzm edər”.

İstiqlal Bəyannaməsini elan edənlər başa düşürdülər ki, dövlətin formalaşması və güclənməsi üçün öncə qonşu ölkələrlə normal münasibətlər qurulmalı, ardınca o, beynəlxalq aləmdə tanıdılmalıdır. Təsadüfi deyil ki, Bəyannamənin elanından iki gün sonra – mayın 30-da hökumətin başçısı Fətəli xan Xoyskinin adından dünyanın əksər siyasi mərkəzlərinə: London, Paris, Vaşinqton, İstanbul, Stokholm, Berlin, Madrid, Moskva, Roma, Vyana, Buxarest, Tokio, Haaqa, Kopenhagen və başqa şəhərlərə istiqlal haqqında radioteleqrafla rəsmi məlumat verilib. Ardınca Azərbaycanın qonşu ölkələrdə, xüsusilə Osmanlı və Qacar xanədanlıqlarında səfirliklərinin açılması məsələsi həll edilib, Paris Sülh Konfransında ölkəni qalib dövlətlərin tanıması üçün Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə nümayəndə heyəti göndərilib. 10 yanvar 1920-ci ildə Azərbaycan Cümhuriyyətini Paris Sülh Konfransının Ali Şurası de-fakto tanıyıb.
4-cü maddə: “Azərbaycan Xəlq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrovunda yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin elər”.

Yeni yaradılan dövlət dinindən, milliyyətindən, cinsindən (yəni kişi və qadın fərqi qoyulmadan!), toplum içərisindəki mövcud ictimai vəziyyətindən asılı olmayaraq hər kəsin mülki və siyasi haqlarının qorunacağını vəd edir. Parlamentin təşkil edilməsi ilə bu vəd yerinə yetirildi. Rəsulzadə sonralar “Əsrimizin Səyavuşu”nda bunu da yazacaqdı:

“[Azərbaycan Cümhuriyyətində] hər kəs nə istərsə söylər, oxuyar, yazardı. Millətin hər partiyasının özünə xas təşkilatı və qəzeti vardı”.

Təkcə Azərbaycan Cümhuriyyəti Parlamentinin stenoqrafik hesabatları ilə tanışlıq bu millət məclisinin simasında fərq gözləmədən bütün vətəndaşlara siyasi hüquqlar verildiyinə əyani şəkildə əminlik yaradır.
5-ci maddə: “Azərbaycan Xəlq Cümhuriyyəti ərazisi daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə inkişafları içün geniş meydan burakır”.

M.Rəsulzadə Parlamentin 10 dekabr 1918-ci il tarixli ikinci iclasında deyir:

“Məhkumluq acısını dadmış olan Azərbaycan türkü məhkum millət yaratmaz. Azərbaycan Cümhuriyyəti övladını ögey-doğmaya ayırmaz: erməni, rus, yəhudi, gürcü, nemsə, polyak və sair azlıqda olan millətlər Azərbaycan vətəndaşı qalmaqla bərabər, milli-mədəni muxtariyyətə malik olub kəndi ümuri-məzhəbiyyə, milliyyə və mədəniyyələrini kəndiləri idarə etməlidirlər”.

Gerçəkdən də, istər dövlətin idarə olunmasında, istər ticarət, elm, təhsil və mədəniyyət sahələrində bütün millətlərin inkişafına əngəlsiz meydan açılmışdı.

6-cı maddə: “Məclisi-Müəssisan toplanıncaya qədər bütün Azərbaycan idarəsinin başında arayi-ümumiyyə ilə intixab olunmuş Şurayi-Milli və Şurayi-Milliyə qarşı məsul hökuməti-müvəqqətə durur”.
İstiqlal Bəyannaməsi elan olunan anda Azərbaycanı idarə edəcək siyasi qüvvə hökumətin də hesabat verməli olduğu Azərbaycan Milli Şurası idi ki, onun da başında görkəmli dövlət xadimi Məhəmmədəmin Rəsulzadə dururdu. Bu durum Məclisi-Məbusanın (Parlamentin) yaradılmasınadək davam edəcəkdi.

Müəllif: Dilqəm Əhməd




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir