saç

Saçın gözəlliyini necə qoruyaq?

Baxış sayı: 4. 681

SAC01

Sağlamlığın ümumi vəziyyəti baxımından saç insan orqanizminin o qədər də mühüm hissəsi deyil, amma estetik baxımdan qiymətli və eyni zamanda çox kövrək bəzəkdir. Saçın gözəlliyini və sağlamlığını qorumaq isə o qədər də asan məsələ deyil. Saçı müntəzəm yumaq və arabir bərbərxanaya baş çəkmək bundan ötrü kifayət etmir. Saçınızın görünüşü sizin və ətrafınızdakıların gözünü oxşasın deyə, kondisionerdən tez-tez istifadə edin – sizin saçınız bundan həzz alacaq. Kondisionerdən müntəzəm istifadə saçın bərpasına və ölmüş hüceyrələrin başın dərisindən vaxtında qopmasına kömək edir.

Düzgün seçim

Uyğun kondisioner, eləcə də şampun seçimi saçın sağlamlığını qorumaqdan ötrü çox vacibdir. Adətən bütün şampun və kondisionerlər nəzərdə tutulduqları tipə görə bir neçə kateqoriyaya bölünürlər: normal, quru, yağlı və ya qarışıq tip üçün.
Balzam-kondisionerlərin də bir neçə növü var. Ən geniş yayılanı yaxalayacı kondisionerdir. Hər dəfə başı yuyandan sonra ondan istifadə etmək məsləhət görülür. Bu zaman saç kondisə edən maddənin müsbət yüklü hissəcikləri ilə örtülür. Belə qoruyucu qat saçı hilkə düşməkdən və çox zəif olduğu nəm halda gərilməkdən müdafiə edir. Eyni zamanda tuklər elektriklənmir, dağılmır.
Yüksək keyfiyyətli kondisioner hər cür, o cümlədən çox nazik saç üçün faydalıdır. Ayda(quru və zədəli saçlar üçün həftədə bir dəfə) bir dəfə kondisioneri yuyulmuş nəm saça sürtüb 10-15 dəqiqə saxladıqdan sonra bol isti su ilə yumaq lazımdır. Başqa bir üsul da var : başı şampunla yuyub saçı qurutmalı, sonra yuyulmuş nəm saça kondisioner yeridib duş üçün papağı qoyub yarım saat gözlədikdən sonra yaxalamalı.
Son vaxtlar yuyulmayan kondisionerlər çox populyardır. Onlar saçı günəş şüalarının xlorlu suyun mənfi təsirindən müdafiə edir, həm də boyanmış saçın rəngini qoruyur. Belə kondisionerdən istifadə edərkən əvvəlcə başı şampunla yumaq, sonra yaxalayıcı-kondisioner çəkib bir az saxlayaraq yumaq, saçı dəsmalla qurutduqdan sonra onun bütün səthinə qoruyucu kondisioner çəkib tam quruyanadək gözləmək lazımdır. Bu üsul sonradan saç düzümü etməyi xeyli asanlaşdırır.

Yumurta maskası və daha nələr…

Tanınmış fabrik istehsalı olan bahalı kondisioner almaqla saçın qayğısına qalmaq mümkündür. Bəri başdan deyək ki, ucuzunu almağın mənası yoxdur – pula qənaət etmiş olsanız da, fayda görməyəcəksiniz. Bundansa hər bir mətbəxdə tapılan təbii kosmetik vasitələrdən istifadə etmək sərfəlidir.
Yumurta – saç üçün əla kondisionerdir, o, zülal çatışmazlığını aradan qaldırır, saçı möhkəmləndirir, onu yumşaq və «sözəbaxan» edir, özü də lesitinlə zəngindir. Saçın uzunluğundan asılı olaraq başın dərisinə bir və ya iki yumurta yeridib tamam quruyanadək saxlamalı. Sonra başı şampunla yumalı. Bu prosedurdan sonra saçınız xeyli yaxşılaşacaq. Saç üçün yumurtalı maskadan ayda bir dəfə istifadə etmək lazımdır.
Alma sirkəsindən isə saçı yaxalamaq üçün istifadə edirlər. Sirkə saçı yumşaldır, ona parlaqlıq verir, dəri piyinin artığını və şampunun qalığını təmizləyərək, turşu-qələvi balansını normaya salır. Kəpəyin yaranması da azalır. Alma sirkəsini həm tək, həm də faydalı otlarla birlikdə işlətmək olar. Otları əvvəlcədən sirkəyə töküb bir qədər saxladıqdan sonra süzürlər.
Avokadonun ləti 75% yüngül piydən və təxminən 25% yağdan ibarətdir. Bu meyvə A, B, C vitaminləri və mineral maddələrlə zəngindir. Avokado saçı və dərini əla yumşaldır və nəmləndirir.
Banan – çoxdan məşhur və sevimli meyvədir. O, karbohidratlar, vitamin və mineral maddələrlə, xüsusən də kaliumla zəngindir. Banan saç üçün də əla nəmləndiricidir.
Pivənin tərkibindəki şəkər və protein saçı həcmli edir, onu istənilən cür yığmağa imkan verir. Pivəni şampuna da qatmaq olar, yaxalayıcı kimi istifadə etmək də.
Bal vitamin və minerallarla zəngindir. Bu tutumlu ərzaq məhsulu saç üçün çox faydalıdır-o, saçı yumşaltmaqla yanaşı kondisioner rolunu da əla oynayır.
Mayonez saça sakitləşdirici və yumşaldıcı təsir göstərir. Maska və təpitmə kimi çox faydalıdır.

Ev reseptləri

Bizim ev şəraitində müstəqil hazırlayacağımız saç kondisionerləri büsbütün təbii inqredientlərdən ibarətdir. Onlar keyfiyyətinə görə bahalı saça qulluq vasitələrindən heç də geri qalmırlar.
Yumurtalı kondisioner – 1 yumurtanı 1 xörək qaşığı şampunla qarışdırın. həmin qatışıqla nəm saçınızı və başınızın dərisini yaxşı-yaxşı masaj edin. Bir neçə dəqiqə saxlayandan sonra bol ilıq su ilə yuyun.
Ballı kondisioner – 1 çay qaşığı balı eyni miqdarda şampunla qarışdırıb saçınıza sürtün. Başınıza üzgüçü papağı geyinin ki, balın təsirini gücləndirəsiniz. Yarım saatdan sonra saçınızı şampunla yuya bilərsiniz.
Aloye – 1 çay qaşığı aloyeni eyni miqdarda şampunla qatıb başınızın dibinə sürtərək 10-15 dəqiqə saxlayandan sonra saçınızı yaxalayın.
Ətirli kondisioner – 1 xörək qaşığı şampuna lavanda, rozmarin və ya nanə efir yağlarından 3-4 damcı əlavə edin. Alınmış qatışığı saçınıza sürtüb bir neçə dəqiqə saxlayandan sonra yuyun.
Normal saçlara qulluq etmək üçün universal şampun – Aloye şirəsi nəmləndirici təsir göstərir, limon şirəsi isə əla təmizləyici effektə malikdir.
Bütün saç tipləri üçün ot özəkli kondisioner – Bu kondisioner saça ipək zərifliyi və əla parıltı verir, ətri isə sakitləşdirici təsir göstərir. Bu kondisioneri yumurlar. Hazırlanma qaydası: 1 xörək qaşığı xəndəkotu, 1\2 xörək qaşığı çobanyastığı çiçəyi və 1\2 xörək qaşığı gülümbahar çiçəyinin qurusunu qarışdırın. Qatışığın üstünə 2 stəkan distillə edilmiş və ya təmizlənmiş qaynar su əlavə edib tamam soyuyanadək gözləyin. Sonra məhlulu süzüb pulvizatorlu təmiz şüşəyə tökün. Ürəyiniz istəyən efir yağından 15-20 damcı (lavanda, səndəl, yaxud rozmarin) əlavə edib şüşəni yaxşı-yaxşı çalxalayın. Şüşəni soyuducuda saxlamaq lazımdır. Kondisioneri pulvizatorun köməyilə yuyulmuş nəm saça səpirlər. Bu kondisionerin saxlanma müddəti 2 həftədir.

Saçın sevdiyi otlar

• Saç parıldasın deyə, onu yuyandan sonra cəfəri dəmləməsi ilə yaxalayırlar: 50 qram cəfərinin üstünə yarım litr su əlavə edib 15 dəqiqə qaynadıb soyudur və süzürlər.
• Sarışın xanımlara çobanyastığı çiçəyinin dəmləməsi tam uyğun gəlir. 3-4 xörək qaşığı çiçəyin üstünə 1,5 litr qaynar su töküb, vam odda 10-15 dəqiqə saxlayırlar. Bunun daha qənaətli üsulu da var : 2 xörək qaşığı çiçəyin üstünə 1 litr su əlavə edib qaynadın. Tünd qızılı rəng almaq istəyirsinizsə 4- 6 xörək qaşığı çobanyastığı çiçəyi götürün.
• Şabalıdı və qara saçları yaxalamaq üçün mayaotu dəmləməsindən istifadə etmək olar : 2 xörək qaşığı mayaotu və qanqal götürüb 1 litr suya tökün. 20 dəqiqə qaynatdıqdan sonra süzün və soyudun.
• Bütün saçlar üçün gicitkən yarpağının dəmləməsi faydalıdır : 3 xörək qaşığı qurudulub ovulmuş gicitkənin üstünə 1 stəkan qaynadılmış su töküb 30 dəqiqə dəmləyin və süzün. Süzülmüş məhlulla saçı yaxalayın.
• Adaçayından universal yaxalayıcı : 20 qram qurudulmuş adaçayının üstünə 1 stəkan qaynadılmış su əlavə edib 30 dəqiqə gözlədikdən sonra süzün.
• Cökə çiçəyindən yaxalayıcı bütün saç tiplərinə yarayır : 3-4 xörək qaşığı qurudulmuş çiçəyin üstünə 2 stəkan qaynar su əlsavə edib 10 dəqiqə ərzində qaynadın və süzün. Yuyulub qurudulmuş saçı bu məhlulla yaxalayın.
• Şabalıdı və qara saçlar üçün aşağıdakı qatışıqdan məhlul hazırlayın : sizə gicitkən, dazıotu, boymadərən, çobanyastığı çiçəyi və pıtraq kötüyü lazım olacaq. Hərəsindən 1 xörək qaşığı götürüb üstünə 1,5 litr qaynanmış su töküb və 30-40 dəqiqə su buxarında (termos da yarayar) dəmləyin. Sonra onu süzüb 38-49 dərəcəyədək soyudun. Başı yuyandan sonra bu məhlulla yaxalamaq məsləhətdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir