sehv

Səhv edəndə belə düşünün! – SUBYEKTİV

Baxış sayı: 1. 895

Sadəcə, səhv etdiyimizi, yanıldığımızı hər vəsiləylə özümüzə xatırladır, əhvalımızı pozur, bir daha geri gəlməyəcək saatlarımızı, günümüzü məhv edirik. Bununla bir şeyin dəyişməyəcəyini özümüz başa düşənə qədər ətrafımızdakılar da bizə kömək olmursa, o zaman bir daha fikirləşirik: Yenə səhv etmişəmmiş. Mənə səhvimi göstərən, mənə dəstək olan, məni səhvimlə belə sevən insanları da səhv seçmişəmmiş. İnsanlar bir-birlərini ən çətin günlərində daha yaxşı anlayırlar. Daha yaxşı tanıyırlar, dost olmayan “ dost” larını. Bəs səhv nədir? Səhvin yaşatdığı peşimançılığı necə ata bilərik?

Şübhəsiz ki, hər birimizin  öz doğruları vardır. Bu doğrulardan kənara çıxdığımızda səhv etmiş oluruq. Ancaq bu da faktdır: Səhv bizə inkişaf etmək fürsəti verir. Səhvlər bizə nəyin olmayacağını göstərərkən eyni zamanda, nəyin ola biləcəyini də göstərir. İstəmədən səhv edib birinin qəlbini qırdığınızda qarşınızdakı insanı necə incitdiyinizi öyrənirsiniz. İmtahandan istədiyiniz nəticəni almadığınızda o dərsə daha çox çalışmağınız lazım olduğunu öyrənirsiniz. Ətrafımızdakı hər kəs nələrisə səhv edir. Bu insanların həyatı öyrənmə şəklidir. Kimsə səhv edərkən səhv etdiyinin fərqində deyildir, bəlkəd gec də olsa anlaşılacaqdır: işin son nəticəsi yaxşı planlaşdırılmamışdır.  Fransız filosofu Qabriel Onore Marsel demişdir: “ Əgər səhv etməsəydim, çox az iş görə bilərdim”.  Heç düşündünüzmü bu dünyada ən böyük səhvləri kimlər edib?

Cəsurlar, alimlər, sənətçilər, liderlər. İnsanın uğurları artdıqca səhvləri də böyüyür. Səhvə yol verməyən insanlar heç nə etməyən insanlardır.

Əgər səhvin verdiyi mənfi haləti aradan qaldırmaq istəyirsinizsə, bunları edin:

•        Bağışlayıcı olun. Baxın, Allah sizin səhvinizə görə sizi hər dəfəsində bağışlayır. Çölə çıxdığınızda ağaclar üstünüzə hücüm etmir və ya yer siz içinə girəsiz deyə yarılmır.

•        Səhv etdiyinizdə belə düşünün: Bu səhvdə ehtiyacım olan hansı məlumat gizlənib. Ehtiyacınız olan məlumatı alın, rahatladığınızı görəcəksiz. Öyrənmiş olduğunuz yeni məlumatla irəli gedə biləcəyinizi düşünün.

•        Zehninizdə səhvi yaradan davranışınızı etmədən öncəki zamana gedin. Sizi bu davranışı etməyə təhrik edən nə idi?  Bu nəticəni alacağınızı bilsəydiz, edərmiydiniz?

Bu şəkildə düşünsəniz, səhvinizə yüklədiyiniz məna dəyişəcək və özünüzü daha yaxşı hiss edəcəksiniz. Ehtiyacınız olan tək şey səhvə qarşı baxış bucağını dəyişdirməkdir. Özünüzə səhv etmə və xətalarınızdan öyrənmə fürsəti verin. Unutmayın nəticə nə qədər mürəkkəbdirsə, öyrənəcəyiniz məlumat o qədər çoxdur.

AYGÜN ƏLİZADƏ

Psixoloq




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir