obama

SİRR NƏDƏDİR: Dünyanın ən uğurlu insanları niyə həmişə eyni üslubda geyinir?

Baxış sayı: 1. 377

Yaşadığımız əsrdə dəb sənayesinin hegemonluğuna baxmayaraq, dünyanın ən varlı və müvəffəqiyyətli insanları eyni tərzdə geyimlərə üstünlük verir. Bəs bunun səbəbi nədir?

“Bu gün nə geyinəcəm” sualından azad edir

Geyim nə qədər çox olarsa, qərar qəbul etmək bir o qədər çətinləşir. Bu fikirlə facebookun yaradıcısı Mark Zukerberq də şərikdir. İş günü ərzində yüksək vəzifəli insanlar üçün ciddi qərarların qəbul edilməsi, müxtəlif növ məsələlərin həlli olduqca vacibdir. Odur ki, onlar eyni geyim seçməklə kiçik qərarların qəbul edilməsi zərurətindən xilas olur. Onlar “Bu gün nə geyinəcəm” sualını həyatlarından çıxardıqları zaman həm daha yaradıcı olur, həm də özünü daha rahat hiss edir. Məsələ ondadır ki, belə insanlar üçün geyim üzərində baş sındırmaq vaxt və enerji itkisidir:

“Səhərlər nə geyinəcəyimi fikirləşməkdənsə, ona xərclədiyim vaxta daha mühüm məsələlərə sərf edərəm. Xırda məsələlərə fikir verməmək daha böyük qərarların daha tez həll olunmasına kömək edir”.

Barak Obama da tərzini dəyişməyənlərdəndir. ABŞ prezidentinin fikrincə, həyatda geyim seçimindən daha vacib  məsələlər var:

“Gördüyünüz kimi, kostyumlarım bir qayda olaraq eyni rəngdədir: boz və ya mavi. Ciddi əhəmiyyət kəsb etməyən məsələlərin üstündə baş sındırmaq istəmirəm, onların sayını azaltmağa çalışıram. Geyimlə bağlı da düşünüb qərar vermək istəmirəm. Çünki verməli olduğum daha vacib qərarlar var”.

Stiv Cobsun qarderobu: qara vodolazka, mavi cins şalvar, “New Balance” idman ayaqqabılarından ibarət idi. Cobs hətta bir zamanlar “Apple” işçiləri üçün xüsusi geyim forması düşünsə də, bu fikrinin bəyənilmədiyini qeyd etmişdi.

Dünyanın ən gözəl qadınlarını geyindirən məşhur Karl Lagerfeld, adətən, eyni modeldə hazırlanan geyimlərə üstünlük verir. Karl Lagerfeld siyahıdakı digər şəxslərə nisbətən, minimum dəyişikliklər etsə də, görünüşü, əsasən, eynidir. Dizaynerin kapsul kolleksiyasına kostyum, ağ köynək, günəş eynəyi daxildir. Bu məqamda iynə haqqında deyilmiş “Aləmi bəzər, özü lüt gəzər” tapmacası lap yerinə düşür.

Məlumat üçün bildirək ki, eyni tərzdə geyimlərdən ibarət qarderoba “kapsul qarderobu” deyilir.

Vaxta qənaət

Geyim seçimi qadınlara inanılmaz həzz versə də, kişilər üçün ağır yük deməkdir. Bir neçə il əvvəl Moskvada alimlər araşdırma iştirakçılarına qarderobda ancaq 3 ay ərzində 33 geyimdən istifadə etməyə icazə verib. Eksperiment zamanı sübut olunub ki, bununla vaxta qənaət etmək olar. Belə ki, iştirakçıların heç biri səhərlər işə gecikməyib, əksinə, iş saatından daha tez gəliblər. Ən önəmlisi, insanlar özünü daha azad hiss etməyə başlayıb. Başqa sözlə desək, qarderobda geyimlərin sayını azaltmaqla özünüzə daha çox vaxt ayıra, istirahətinizi daha səmərəli keçirə bilərsiniz.

Gündəlik stressi azaldır

Nyu-Yorkda incəsənət muzeyinin direktoru Matilda Kahl eyni modeldə tikilən paltarlar geyinməyin səbəbini belə izah edib:

“Səhər nə geyinəcəyimə qərar vermək məcburiyyətində olmadığım üçün, gün boyu özümü daha az gərgin  hiss edirəm. Əvvəllər geyim üzərində çox düşünürdüm. Yolda “Başqa paltar geyinsəydim, daha yaxşı olardı” deyirdim. Bu cür fikirlər insanı gərginləşdirir. İndi isə geyimlə bağlı bütün komplekslərdən azad olmuşam”. Matilda Kahlın qarderobunda iki paltarı var: ağ  ipək köynək və qara şalvar.

Boşuna xərclənmiş enerji

21-ci əsrin ən uğurlu rejissoru Kristofer Nolan da bu cərəyana tabe olanlar cərgəsindəndir. Nolan  hər gün nə geyinəcəyini düşünməyin boşa xərclənmiş enerji olduğunu düşünür. Buna görə də, ingiltərəli rejissor qarderobuna bir neçə rahat geyim əlavə etməyə qərar verib. Rejissorun qarderobuna dar qara şalvar, mavi köynək və pencək, həmçinin bir cüt rahat ayaqqabı daxildir.

Nolan üçün nə geyəcəyinə qərar vermək prosesi yalnız boşa xərclənən enerji deyil. Onun fikrincə, paltar nə qədər çox olarsa, bir o qədər çox yer tutur. Kapsul qarderobu isə daha az paltar yumaq, həm daha səliqəli olmaq deməkdir.

Daha az geyim, daha yaxşı nəticə

Dallasda yaşayan Denaye Barahona da dağınıq, böyük qarderobunu minimuma endirib. Denaye Barahona bildirib ki, qarderobunu sahmana salmazdan əvvəl evi geyim fabrikinə bənzəyib. O, kapsul qarderobuna qərar verdikdən sonra  çox sakitləşdiyini, özünü daha yaxşı hiss etdiyini deyib. Kapsul qarderobu indi ona qəşəng bir restoranı xatırladığını deyir və əlavə edir: “Daha az variantım var, amma bilirəm ki, daha az geyimlə, daha yaxşı nəticə əldə edilir. Artıq əsas məqsədim daha gözəl görünmək deyil, özümü daha yaxşı hiss etməkdir”.

Dəb tamahkarı olmadan da onunla ayaqlaşmaq olar

Nyu-yorkda yaşayan yazıçı Alisa Qreqori ötən ildən bəri qarderobundakı geyim sayını azaldıb. O, hesab edir ki, möhtəşəm görünməyin ən ucuz və ən asan yolu budur: “Uniforma kimi seçilmiş bir neçə paltar insan tamahkarlığının, acgözlüyünün qarşısını alır. Həmçinin insanı müdrikləşdirir”. Hər gün eyni paltarı geyinməklə özünü romanlardakı obrazlara bənzədən Alisa “Şəkilli kitablarda hiss etmirik, amma, heç bir obraz hekayə bitənə qədər paltarlarını dəyişdirmir. Eyni tərzdə geyim almaq dəbdən geri qalmaq əlaməti deyil”.

Lazımsız xərclərdən xilas olmaq

Orta hesabla bir amerikan ailəsinin illik qarderob xərci 1700 dollardır. Bu pulun bir miqdarı əslində, insanların ehtiyacı olmadığı  geyim və aksessuarlara xərclənir. 1930-ci illərdə bir amerikan qadının qarderobundakı paltar sayı orta hesabla 9 idi. İndi isə qadınların əksəriyyəti hər gün üçün dəyişəcək paltarı  var. Bu da hər ay orta hesabla 30 paltar deməkdir. Kapsul qarderobun ən böyük töhfəsi insanları lazımsız xərclərdən azad etməsidir.

Daha yaxşı geyinməyi yox, özünüzü daha yaxşı hiss etməyi düşünün

Məşhur aktyor Dryu Berrimor geyimə münasibətini və həyata yeni baxışını bu yaxınlarda yazdığı məqaləsində aydın ifadə edib:  “40 yaşım var, artıq geyimlər mənim üçün heç bir məna ifadə etmir. İki uşaq dünyaya gətirdikdən sonra nəinki 20, hətta 30 yaşında aldığım geyimlərin heç biri əyninə olmadı. İndi isə qarderobumu “pəhrizlə arıqlatmışam”.  Yəni, geyimlərin sayını azaltmışam. Artıq özümü daha xoşbəxt və azad hiss edirəm. Çünki həyatımın geyimlərdən asılı olmasına icazə vermirəm”.

Özünü başqa nə ilə təsdiqləyə bilər ki? 

Dəb dünyasından asılı cəmiyyətə çevrilməyimizə baxmayaraq, bəşəriyyət artıq azadlıq axtarışındadır və bunun üçün psixoloqlar yeni-yeni çıxış yolları təklif edir. Bu məsələ ilə bağlı tanınmış psixoloq Dəyanət Rzayev də fikirlərini bölüşüb:

“Dünya ulduzlarının səhnə geyimlərini stilistlər seçir. Mark Zukerberq, Stiv Cobs kimi dahilər isə, əksinə, eyni modeldə hazırlanmış geyimlərə üstünlük verir. Dünyanın ən varlı insanı Bil Qeytsdir. Amma o da çox sadə geyinir. Görkəmli alim Eynşteyn bir paltonu 20 il geyinib. Başqaları köhnə, yamaqlı paltoda gəzdiyini ona irad tutanda isə demişdi ki, onsuz da hamı Eynşteynin kim olduğunu bilir. Son dövrlərdə özünü geyimi, saç düzümüylə təsdiq etməyə çalışanlar, geyim-keciminə milyonlar xərcləyib diqqət mərkəzində olmağa can atanlar özünü başqa nə ilə təsdiqləyə bilər ki?  Stiv Cobs, yaxud Mark Zukerberqin özünü təsdiq etməyə ehtiyacı yoxdur. Bu baxımdan, Zukerberqlə, Stivin həmişə eyni stildə gəzməsi çox normal haldır. Onların müvəffəqiyyəti paltardan asılı deyil. Öz ixtirasını yaradanda onların məqsədi pul qazanmaq və ya dəbdəbəli geyinmək olmayıb. Ümumiyyətlə, insan qarşısına hər hansı məqsəd qoyubsa, ona ağlı və zəkası sayəsində nail olacaq, geyimin burda heç bir rolu ola bilməz. Almaniyanın büdcəsi bütün müsəlman dünyasının büdcəsindən çoxdur. Amma alman əhalisi sadəliyi, sadə həyat tərzi ilə seçilir. Təəssüf ki, şərq ölkələri dəbdəbəyə daha çox can atır, bunu dəyişmək də artıq çətin məsələdir. Əslində, buna Amerika alimlərinin düşünülmüş planının bir hissəsi də demək olar. Məhz onların planına uyğun olaraq hər il bahalı maşınlar, geyimlər dəbə gəlir, şərq ölkələrindən pulları məhz belə yollarla sovurub çıxarırlar. Maraqlıdır ki, dəbi yaradanların özləri sadə geyinir”.

Publika.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir