interpress_fa09b4a0930eba186553b1c5c5f55d6f_yslafpx3ukgh6840cz57-640x336

Söhbət əvəzinə smaylik, görüş yerinə videozəng

Baxış sayı: 359

Sürətlə inkişaf edən texnologiya və texnoloji alətlərə sahib olmaq həyatımızı asanlaşdırmaqla yanaşı, həm də sosial həyatımıza zərər verir. İndi ənənəvi üsullar yerinə virtual yollar köməyimizə yetir, elektron ticarət, elektron hökumət, elektron görüşlər vaxt baxımından bizə fayda versə də real ünsiyyət imkanımızı əlimizdən alır. Virtual platforma maddi-fiziki ehtiyaclarımızı asanlaşdırır, lakin mənəvi-psixoloji baxımdan fayda vermir, əksinə zərər verir. İnsan münasibətləri istiqamətini dəyişməyə başladı, real görüşlər minimuma endi, virtual görüşlər sürətlə artdı.

 

Hər dəyişiklik faydalı olmur

Dünya sürətli sosial-iqtisadi dəyişiklik prosesini yaşadığı bir vaxtda elm və texnologiya da düz mütənasib olaraq irəliləyir. Dünyada bu sürətli dəyişikliyin nəticələri bir çox aspektlərdə cəmiyyətlərə və davranış modellərinə təsir edir, sosial münasibətlər anlayışına təsir edir. Dəyişiklik çoxşaxəli təsirə malik olduğundan cəmiyyətin bir çox istiqamətində hiss olunur.

Üz-üzə ünsiyyətdən virtuala, kağızdan rəqəmsal sənədlərə, uzun müddət sərf edərək iş müraciəti etmək yerinə online müraciətlər kiimi bir çox dəyişikliklər virtual dünyanın məhsuludur. Virtuallaşmanın tarixi inkişafı – internetin həyatımıza girdikdən bu günədək olan inkişafı insanlığın məruz qaldığı mənəvi böhran da hesab edilir. Çünki həyatımız asanlaşdırdığı qədər sosial çevrəmizlə münasibətlərimizi qoparmağımıza da o səbəb olur.

Rəqəmsal sistemə keçməzdən əvvəl ünsiyyət qurmaq üçün müəyyən vaxta ehtiyacımız var idi, əvvəl görüş təyin edirdik, sonra görüşür, sosiallaşırdıq. Həyat normal axarında idi, tələsmirdik, qaçmırdıq, yorulmurduq. Lakin indi bir neçə saniyə ərzində dünyanın istənilən nöqtəsindəki tanışımızla ünsiyyət qura bilirik, mesajla, adi zənglə, görüntülü zənglə və s. Texnologiya o qədər sürətlə inkişaf edir ki bəzən özümüz də onun sürətinə yetişə bilmirik.

Doğrudur, sosial şəbəkələr həyatımıza olduqca rahatlıq gətirdi, həm fikrimizi çatdırmaq, həm yeni fikirlərlə tanış olmaq üçün əlverilşli ünsiyyət vasitəsidir. İnsanlar sosiallaşma ehtiyaclarını və real həyatdakı ünsiyyətlərini rəqəmsal platformalara köçürdükdən sonra dostluq, qohumluq əlaqələri də müstəvi dəyişir. Real həyatdakı münasibətlərimiz indi bir-bir sosial platformalara keçir. Başqa sözlə desək sosiallaşmaq da zamanla rəqəmsallaşdı.

 

Çox insan real ünsiyyətdən qaçır

XXI əsrdə texnologiyanin inanılmaz sürətli inkişafı bizə müsbət təsiri ilə yanaşı mənfi təsirini də nümayiş etdirdi. İnternet sayəsində tanınmış kitabxanaların elektron məhsullarını gözdən keçiririk, satışda olmayan kitabların electron versiyasını əldə edirik, uzaqda olan yaxınlarımızı canlı görə bilirik, yeni dostluqlar və münasibətlər əldə edə bilirik. Bütün bunlar müsbət xüsusiyyətlərdir, yaxşı bəs o zaman internetin bizə verdiyi mənfi tərəflər hansılardır?

Bir vaxtlar insanlar üzbəüz ünsiyyətdən zövq alırdılar, amma indi virtual ünsiyyət daha çox dəbdədir. Ofisdə bir-biri ilə ünsiyyət qurmağa “ərincəklik” edən iş yoldaşları bir-birinə sözü olanda “facebook”dan mesaj yazırlar. Bir çox insan virtual məkanda hisslərini daha yaxşı ifadə etdiklərini deyirlər. Mütəxəssislər isə bunu ünsiyyət problemi ilə əlaqələndirirlər. Hətta bəzi sosioloqlar internet vasitəsi ilə ünsiyyət qurmanın fərdin real şəxsi ünsiyyət qurmasındakı ən böyük sədd olduğunu düşünürlər.

Pandemiya illərində təhsilin online sistemə keçirilməsi, iş yerlərinin bir çoxunun online olaraq fəaliyyət göstərməsi iş və təhsil məhsuldarlığını azaltdı. Xüsusilə virtual dərs alan abuturiyentlərin imtahan göstəriciləri əvvəlki illərdə normal təhsil sistemi ilə dərs alan abuturiyentlərin nəticələri ilə müqayisə edildikdə itirdiklərimizin daha çox olduğunu müşahidə etdik. Özümüzü virusdan qoruduğumz o qapanma müddətində sosial həyatımız, ünsiyyət bacarımız, təhsilimiz də deformasiyaya uğradı. Milli dəyərlərimizdən hesab etdiyimiz o böyük süfrələr, qonaqlı-qaralı evlərin sayı azaldı, hər kəs əlindəki ekranın əsirinə çevrildi. Bizi özünün böyük, vahiməli toruna salan virtual dünya hər gün üzərimizdə bir az da çox hakimiyyət qurur.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir