zekiyev

Sonuncu məşəlçimiz İlham Zəkiyev: “Anamın səsinə ayıldım” – MÜSAHİBƏ

Baxış sayı: 5. 842

İki qat paralimpiya, iki qat dünya çempionu, 5 dəfə isə Avropa birinciliyində qızıl medal qazanmış İlham Zəkiyev bu yaxınlarda “Gencaile.az”ın müxbirinin iştirakı ilə məktəblilərin suallarını cavablandırıb, uşaqlara öz həyat yolundan danışıb, tövsiyələr verib. 

Dünən Avropa Oyunlarının açılışında sonuncu məşəlçimiz kimi səhnəyə çıxan İlhamla balacaların söhbətinin ən maraqlı məqamlarını diqqətinizə təqdim edirik:

–         Mən hərbi xidmətə idmançı kimi getmişdim, fiziki keyfiyyətlərimə görə məni kəşfiyyatçı kimi xidmətə qəbul etdilər. Xidməti vəzifəmi yerinə yetirərkən düşmən snayperinin atəşi başımın bir tərəfindən daxil olub, digər tərəfindən çıxdı. 5 gün komada qaldım, 5 gün sonra anamın səsinə oyandım. Ancaq görmə qabiliyyətimi itirmişdim. Həmin vaxt mənim üçün bununla barışmaq çox çətin idi. Ancaq bir müddət sonra ailəmin, dostlarımın köməyi ilə yenidən özümdə güc tapdım və daha sonra idmana qayıtdım. “>İlham Zəkiyev uşaqları ilə birgə

(İlham Zəkiyev övladları ilə birgə)

– Neçə övladnız var? 

–         2005-ci ildə ailə həyatı qurmuşam. Onu da deyim ki, mən ailə qurduğum xanımı görmüşəm. Hazırda üç övlad atasıyam. Qeyd etməliyəm ki, mən toy ərəfəsində ölkə rəhbərliyindən xeyli dəstək görmüşdüm. Hətta ölkə prezidenti İlham Əliyev mənə məktub da göndərmişdi. Üstəlik, toydan sonra mənə avtomobil də hədiyyə etmişdi.

 – Dediniz ki, həyat yoldaşınızı görmüsünüz. Bu, necə baş vermişdi?

–         Həyat yoldaşımla qohumluq əlaqəmizin olması mənim əvvəldən onu görməyimə şərait yaratmışdı.

 – Övladlarınızın idmançı olmasını istərdinizmi?

–         Övladlarımı buna məcbur etmərəm, çünki məcburi şəkildə məşğul olmaqla uğur qazanmaq olmaz. Həm də ola bilər ki, onların başqa sahəyə marağı daha çox olar. Seçimi özləri etsə, daha yaxşı olar. Amma bununla belə, sağlamlıq naminə idmanla məşğul olmalıdırlar.

– Maraqlıdır, övladlarınızı hansı prinsiplərlə tərbiyyə edirsiniz?   </b>

–         Ən başlıca prinsiplərim Allahın verdiklərinə şükür etmək, vətənini, millətini və dövlətini sevməkdir.

–         Məktəblik dövründə hansı fənləri çox sevmisiniz?

–         Ən çox sevdiyim fənlər coğrafiya, tarix və riyaziyyat olub. Hətta coğrafiya olimpiadasında ikinci yerə də layiq görülmüşdüm.

–         Coğrafiya müəlliminizi xatırlayırsınız?

–         Fəridə Şövkətova. Hazırda Sumqayıt Təhsil Şöbəsində işləyir.

–         Sizcə, insanı həyata bağlayan ən böyük qüvvə nədir?

–         İnsanı həyata bağlayan onun ailəsidir, onun vətənə sevgisi və sevdiyi işlə məşğul olmağıdır.

–         Hər dəfə himnimiz səslənəndə hansı hissləri keçirirsiniz?

–         Allah bütün idmançılarımıza bu hissi nəsib etsin. Hər kəs bu himnə həmin vaxt ayaq üstə qulaq asır. Düşünəndə ki, həmin himnin səslənməsinə səbəbkar sənsən – bu, doğrudan da inanılmaz, bənzərsiz hissə çevrilir.

–         4 il böyük idmandan uzaq qalmısınız. Kimlər dayaq oldu sizing idmana qayıtmanıza?

–         İstənilən idmançıya məşqçiləri və ailəsi dayaq olmalıdır. Mənim üçün də ikiqat dəstək lazım idi. Mənə də ailəm, məşqçilərim dəstək oldu. Allahın qarşıma çıxardığı bütün gözəl insanlara da verdikləri dəstəyə görə minnətdaram.

–         Biz məktəbliləri necə görmək istərdiniz?

–         Sizləri savadlı, intellektli və vətənini sevən gənclər kimi görmək istəyirəm.

–         Asudə vaxtınızı necə keçirirsiniz?

–         Asudə vaxtımı ailəm və dostlarımla keçirməyi xoşlayıram.

–         Sizcə, idmanda rəqibə qalib gəlmək çətindir, yoxsa insanın özü-özünə.

–         Çox gözəl sualdır. İnsan özünə qalib gəlməsə, heç bir rəqibə qalib gələ bilməz.

–         Ən çətin görüşünüz hansı olub?

–         Bu yaxınlarda sonuncu Avropa çempionatında rusiyalı idmançıya qarşı döyüşüm bir az çətin oldu. Ancaq onun üçün daha çətin oldu – çünki artıq beşnci dəfədir ki, mən onu məğlub edirdim.

–         Daha hansı uğurlar qazanmaq istərdiniz?

–          Paralimpiyaçı kimi bütün uğurları qazanmışam, elə bir titul yoxdur ki, onu əldə etməyim. Ancaq istərdim ki, sağalım və ölkəmizi, xalqımızı Olimpiya Oyunlarında təmsil edim və Olimpiya çempionu olum.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir