cinayet

Sosial şəbəkələr baş kəsdirir – namus cinayətləri

Baxış sayı: 258

Son illər müasir texnologiya həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Və onun sürətli inkişafı insanların sosial şəbəkələrə daxil olub sosiallaşmasını daha əlçatan edib. Texnoloji imkanların doğru-dürüst dəyərləndirilməməsi, bəzilərinin sosial şəbəkələrdə “aşiq” və “məşuqə” axtarışına çıxması cəmiyyətdə ağır fəsadlara yol açıb.

Son aylar həyat yodaşlarını amansızcasına qətlə yetirənlər bu acımasız davranışlarının səbəbini ” Arvadım, başqası ilə mesajlaşırdı, öldürdüm” kimi fikirlərlə izah edirlər. Bir sözlə, texnologiyanın imkanlarından belə yaramaz məqsədlər üçün istifadə etmək xəyanətlərin artmasına və bunun fonunda qətllərin geniş vüsət almasına gətirib çıxarıb.

Cəmiyyətdə namus cinayətlərinin, xəyanət problemlərinin çoxaldığını söyləyən “Təmiz Dünya Qad;nlara Yardım” İctimai Birliyinin sədri Mehriban Zeynalova bu iddiaların bəzən qəsdən, müttəhimin cəzasını yüngülləşdirmək məqsədilə ortaya atıldığını söyləyib. Onun sözlərinə görə, hətta öldürülən qadınlar haqqında sonradan fikir ortaya atırlar ki, guya xəyanət edib, bu səbəblə öldürülüb:

Mehriban Zeynalova

“Sovet dönəmində belə hadisələr, demək olar ki, yox dərəcəsində idi. Namus üstündə baş verən cinayətlər çox az idi. Məhkəmə isə milli mentaliteti, emosiyaları nəzərə alırdı və cəzanı yüngülləşdirirdi. Son zamanlar isə bütün hadisələri məhz əxlaq, namusla bağlayırlar. Düzdür, bəzi cinayətlər həqiqətən namus üstündə baş verir. Amma məsələn, bu yaxınlarda Qəbələdə öldürülən qadının başqa kişi ilə yazışması ortaya çıxmadı. 3 uşaq anası olan hamilə qadın ailəsinə bağlı idi və bütün zorakılığa baxmayaraq ailəsi ilə yaşamaq istəyirdi. Bir neçə il əvvəl hətta 60-70 yaşlı qadınları da guya əxlaq üstündə öldürmüşdülər. Bu həqiqətən gülünc hadisədir. Qadının əxlaq problemi varsa, bunda kişi də iştirakçıdır. Yəni kişinin evindən xəbəri yoxdursa, evinə gələn gəlirin digər gəlirlə uzlaşmasını bilmirsə, həmin gəlirdən yeyirsə, deməli iştirakçıdır. Sonradan gəlir azalır, yaxud nə isə baş verir və kişi qadını öldürürsə, deməli, özü binamusdur.

Digər tərəfdən, kişilər bəzən cəzadan qurtarmaq üçün belə vasitələrə əl atırlar. Bu gün qız uşaqlarının doğulmaması, selektiv abortlar, erkən və məcburi ərə vermə kimi məsələlərin kökündə məhz bu mesajlar dayanır. Arvadım əxlaqsız idi, ona görə döydüm, öldürdüm, boşadım, uşağıma soyad vermirəm, uşağın kimdən olduğunu bilmirəm və s.kimi iddialar qadına qarşı münasibətin çox pis şəkildə formalaşmasına gətirib çıxarır. Bunun qarşısını almaq üçün hər bir hadisəni ayrıca araşdırmaq lazımdır. Qadın təşkilatları işə qoşulmalıdır. Hər bir hadisədə qonşuları, qohumları, hər iki tərəfin yaxınlarını dindirmək, çıxarışları ortaya qoymaq, keçmişini araşdırmaq lazımdır. Hətta öldürüləndən sonra qadının üzərində damğa qalır və bəraət almır. Həmin qadınların övladları da ömür boyu o travma ilə yaşayır. O uşaqlar travmalı böyüdüyündən onların içində qisas qərəzlik yaranır. Bu məsələ mahiyyətcə düşündüyümüzdən də böyük problemdir”.

M.Zeynalova onu da əlavə edib ki, məlum məsələyə barmaqarası baxılmamalıdır:

“Kim əxlaqsızdırsa, məhkəməyə çıxsın, hər şey aydınlaşdırılsın. O qadının övladlarının günahı nədir ki, travma ilə yaşayır? O uşaqların evlənməsi, ailə qurması, cəmiyyətə adaptasiyası var. Onlar özləri də qadına münasibət məsələsində formalaşmalıdır. Uşaq böyüdükdə, anam əxlaqsız olub, bütün qadınlar əxlaqsızdır – travması ilə yaşamamalıdır.

Bütün bunları mətbuata çıxarmaq, İP yığmaq biabırçılıqdır. Başa düşmək lazımdır ki, belə hadisələrin gündəmə gətirilməsi ölkədə bütün qadınlara qarşı yönəlir. Beləliklə, qadınlar bu ipdən asılı vəziyyətə düşürlər”.

Sosioloq, professor Əhməd Qəşəmoğlu da namus cinayətlərinin hazırda ən aktual və ağrılı məsələlərdən biri olduğunu diqqətə çatdırıb. Sosioloq bütün bu problemlərin kökünü dəfələrlə qeyd etdiyi kimi maddi dəyərlərin ön plana çəkilməsində görür:

ehmed qesemoglu

“Bütün qəzetlərimiz, jurnalistlərimiz isə bu məsələdən yazanda, sanki, odu yaddan çıxarıb, tüstüsü haqqında yazırlar. Bu məsələnin mətbuatda geniş müzakirə olunması, yayılması çıxış yolu deyil. Biz tədbirlərimizi qabartmalı və cəmiyyətə SOS siqnalı çəkməliyik, ayrı yolumuz yoxdur.

Dəfələrlə dediyim kimi cəmiyyətdə maddi dəyərlər aparıcı rol oynadıqda hər cür şeytan əməlindən, fəsadlardan qaçmaq olmayacaq. Bunu min illərdir təkrar edirlər ki, cəmiyyətdə mənəvi dəyərlər aparıcı rol oynamalıdır. Belə olmadıqda cəmiyyətin əxlaqi immun sistemi dağılır. Bu tək namus məsələsi deyil, hər gün daha iyrənc hadisələr eşidirik”.

Xüsusilə texnikanın inkişafı ilə xəyanət cinayətlərinin artdığını dilə gətirən Ə. Qəşəmoğlu deyib ki, mətbuatda “Arvadım, başqası ilə mesajlaşırdı, öldürdüm”, “Telefonda yad kişilərlə danışırdı, bıçaqladım” və s. kimi başlıqlarda xəbərlər tez-tez yayılır:

“Qadına telefonu qadağan etmək olmaz. Sözsüz ki, texnika bizi həyatımızın ayrılmaz hissəsidir və hökmən olmalıdır. Amma tərbiyə sistemi elə olmalıdır ki, nəfsi tərbiyə etsin. Adəmlə Həvva yarandıqda nə telefon, nə də texnika var idi. Onlara qadağan olunmuş ağaclara əl uzatsanız, ayıb yerləriniz görünəcək deyilmişdi. Onlar bu hərəkəti etdikdə onlar əncir yarpağı ilə həmin hissələri qapadırlar ki, görünməsin. Bu o deməkdir ki, nəfsə aid bir şeyə əl uzatdıqda ayıb şeylər ortaya çıxacaq. Təəssüf ki, bunları insanlara öyrətmirik və yalnız qorxu ilə tərbiyə etməyə çalışırıq. Biz bu istiqamətdə işlər görməliyik. Azərbaycanın elə də böyük əhalisi yoxdur, aktiv əhali cəmi 3-4 milyondur. Onlarla işləmək sosial psixologiya baxımından çox asandır. Lakin biz işləmirik və məsələn, məmura, səlahiyyətli şəxsə elm adı çəkəndə qorxur.

Texnologiya ilan zəhəri kimi bir şeydir. Düzgün istifadə etdikdə dərmandır, səhv və artıq istifadə etdikdə ölümdür. Bu gün telefon var, 20 il sonra hansı vasitənin çıxacağını bilmirik. Amma insanın mənəvi dəyərləri yüksək olsa, “alma ağacına əlini uzatmasa” hər şey qaydasında olar. Mənəviyyat pozulduqda əxlaqsızlıq üçün telefona, internetə ehtiyac olmayacaq, ayrı yol tapılacaq. Həyəcan siqnalı çalmalıyıq, mənəviyyatla bağlı məsələlərə diqqəti artırmaq lazımdır. Əhali bir-biri qudurğanlıqla deyil, mənəvi məsələlərdə yarışmalıdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir