Valideyn

Sosioloq valideynlərə səsləndi: “Heç nə olmaz, övladımız zəif oxusun, amma intihar etməsin!..”

Baxış sayı: 454

Son günlərdə bir neçə məktəblinin intihar etməsi cəmiyyətdə böyük narahatlıq doğurub. Artıq aidiyyəti qurumlar məsələni nəzarətə götürdüklərini və bu yöndə tədbirlər gördüyünü açıqlayır. Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu barədə danışarkən qeyd edib ki, xüsusilə ailələr bu məsələni daim diqqətdə saxlamalıdırlar:

“Əlbəttə ki, bu cür hadisələr bizi üzür. Ailələrdəki durum, uşaq və yeniyetmələrin vəziyyəti, onların rastlaşdıqları problemlər bizim diqqətimizdədir, . Dövlət orqanlarımız, cəmiyyətimiz, insanlarımızın hər biri, o cümlədən xüsusilə ailələr bu məsələni diqqətdə saxlamalıdırlar. Çünki hər birimiz yeniyetməlik dövrünü keçirmişik, onu hiss etmişik. Bu dövr çox ehtiyatlı davranmalı dövrdür. Ona görə də bir daha qeyd edirəm ki, bu məsələyə, onunla bağlı müzakirələrə ehtiyatlı yanaşmalıyıq. Əlaqəli qurumlar bununla bağlı işləyirlər”.

 

Bəs ailələr əsasən hansı məqamlarda diqqətli olmalıdırlar?

“Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı mövzu ilə bağlı danışarkən aşağıdakıları dedi: “Məktəb intiharları ilə bağlı nədənsə daha çox ailələri günahlandırırlar. Amma bildiyiniz kimi, bu məsələdə  aidiyyəti qurumların, Təhsil Nazirliyinin də öhdəlikləri var. Bəli, bu gün ailələrdə də problemlər var. Valideynlər işlədiklərindən bəzən övladlarını tək qoymaq məcburiyyətində qalırlar. Xüsusən də yeniyetməlik dövründə uşaqlar tamamilə tək böyüyür, valideynləri onların ətrafında bəzən kimlərin olmasından xəbərsiz olurlar.  Amma bəzən şahidi olmuşuq ki, intihar edən məktəblinin ailəsində problemlər olmayıb, yəni, ideal ailə tipi olub. Bu o deməkdir ki, həmin uşağın ətrafı onun bu cür addım atmasına gətirib çıxarıb.

Nişan üzüyü seçərkən niyə bahalı üzüklərə üstünlük verilir?

Ailələrdəki gərginliyə gəldikdə, bəli, indi bu gərginlik xeyli artıb. Mövcud vəziyyət təkcə Azərbaycanda deyil, bütün dünyada baş verir ki, bunun da əsas səbəblərinn biri pandemiyadır. Onun yaratdığı psixoloji, sosial gərginliklər bütün cəmiyyətlərə, ailələrə ciddi təsir edib. Lakin pandemiyadan əvvəl də bu problemlər var idi, amma bu cür məktəb yaşında uşaq intiharlarının sayı çox deyildi. Diqqət edirsinizsə, intihar edənlərin böyük əksəriyyəti yeniyetmə, daha çox ətraf mühitin təsir edə biləcəyi dövrdə olanlardır. Çox təəssüf ki, son zamanlar kiçikyaşlı məktəblilərin də intiharının şahidi olduq, amma say etibarı ilə yeniyetmə intiharı daha çoxdur”.

Sosioloq valideynləri daim diqqətli olmağa çağırır: “Son zamanlarda Daxili İşlər Nazirliyi  (DİN) məktəblərdə maarifləndirici, uşaqların intiharı, narkotikdən asıllığın qarşısının alınması mövzularında tədbirlər keçirdi. Lakin bu tədbirlərin sayı çox olmadı. Yaxşı olardı ki, bu cür tədbirlər davamlı keçirilsin və valideynlər də həmin tədbirlərə cəlb olunsun. Bu bir faktdır ki, 13-14 yaşlı uşaqlar arasında siqaretə aludə olanlar var. Bundan valideyn xəbərdardır ya yox, bu sual altındadır. Ona görə də məktəb-valideyn birliyi mütləq şəkildə vacibdir.

Daha bir məsələ, biz dövrün uşaqları ilə ayaqlaşa bilmirik. Onların arzu və istəkləri, düşüncə formaları tamamilə fərqli formada inkişaf edir. Doğrudur, gənc valideynlərin əksəriyyəti çalışır ki, bununla bağlı hansısa onlayn təlimləri, psixoloqların tövsiyələrini dinləsinlər, uşaqlarına yetsinlər. Amma az öncə qeyd etdiyim kimi, sosial qayğılar, dolanışıq problemləri insanlara imkan vermir ki, övladlarına yetərincə zaman ayırsınlar, onların tərbiyəsi ilə yaxından məşğul olsunlar. Əksəriyyət valideynlər uşaqlarının psixologiyasını 20-30 il əvvəl mövcud olan kriteriyalar ilə ölçür. Məsələn, tez-tez hansısa valideynlərin dilindən eşidirik ki, “30-40 il əvvəl mən də yeniyetmə olmuşam, amma bu cür problemlər olmayıb” və sairə. Unutmaq olmaz ki, o dövrün  psixologiyası ilə hazırkı uşaqların, yeniyetmələrin psixologiyası eyni deyil. Uşaqların hamısının azad şəkildə internetə çıxışı var. Biz bilmirik ki, işdə olduğumuz zaman övladımız nə işlə məşğuldur, nələri izləyir, nələrə maraq göstərir. Ona görə də valideynlər uşaqlarına maksimum dərəcədə nəzarət etməlidir. Bizim övladımızı bizdən çox heç kim düşünmür. Valideyn olaraq ilk növbədə övladımızın təhlükəsizliyini düşünməliyik”.

Sosioloq qeyd edir ki, bəzən təhsillə bağlı valideyn basqısı da yeniyetmələrin psixologiyasına təsir edir: “Heç nə olmaz, övladımız zəif oxusun, amma intihar etməsin. Bu günlərdə şahidi olduq ki, hansısa yeniyetmə topladığı az bala görə intihar etdi. Doğrudur, cəmiyyət olaraq hər kəsi bu cür hadisələr üzür, narahat edir. Amma həmin intihar etmiş uşağın valideyni qədər heç kəs əzab çəkə bilməz. Əgər bir gənc, yeniyetmə bir imtahan balına görə bu cür dəhşətli addım atırsa, heç nədən qorxmadan intihar yolunu seçirsə, bu o deməkdir ki, vəziyyət heç də ürəkaçan deyil. Uşaqların təhsil yükü bilavasitə onların psixologiyasına təsir edir. 10-11-ci sinif şagirdləri demək olar ki, məktəbə, dərslərə gedə bilmir. Çünki gün ərzində ən azı 2-3 repetitor yanına gedir. Bu səbəbdən bir çoxu bəzən məktəbdən yayınır. Bu isə onların sosial adaptatsiyasına, psixologiyasına mütləq təsir edir.

Əlbəttə ki, valideyn də bu məsələdə əziyyət çəkir, sosial problemlərin yaşandığı dövrdə kifayət qədər xərc çəkib, övladını repetitor yanına qoyur və bunun qarşılığında övladından yaxşı oxumasını tələb edir, az bal topladıqda danlayır, narahat olur. Əlbəttə ki, bütün valideynlər istəyir ki, çəkdikləri əziyyətin qarşılığında övladı yaxşı oxusun. Amma bunu uşaqdan ehtiyatla istəmək, onun psixologiyasına təsir etməmək lazımdır”.

 

Xalidə GƏRAY

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir