dava

Söyüşkən, söydürən və söyülən ailələr…

Baxış sayı: 375

Yaşadığımız şəhər, qəsəbə və kəndlərdə ta qədimdən hamı bir-birini müəyyən xasiyyətlərinə və keyfiyyətlərinə görə tanıyıb. Söz düşəndə deyiblər ki, filan tayfa söyüşcüldür, filan tayfa xəstədir, filan tayfanın əxlaqı yerində deyil, filan tayfa pintidir və sair. Bu gün həmin tayfalardan biri haqqında- söyüşcül, söydürən və söyülən ailələr, adamlar haqqında danışmaq istəyirəm. O adamlar ki, bu xüsusiyyətləri ilə heç də cəmiyyət tərəfindən normal qarsılanmırlar. Baxmayaraq ki, onları məzəmmət edənlər çox olur, lakin qanlarındanmı, təbiətlərindənmi irəli gəlir, bu xüsusiyyətlərindən əl çəkə bilmirlər, necə deyərlər, tərbiyə olunmurlar. Elə buna görə də harada belə adamlarla qarşılaşırıqsa, onları qınamalı oluruq…

 

Söyüşcül adamlar

Bəli, necə olur ki, belə bir tayfa formalaşır, bu barədə məlumatımız olmasa da, lakin hər birimiz yaşadığımız yerlərdə bu cür insanların olduğunu görmüşük, tanımışıq. Hər kəs də onlarla söhbətdə dərinlərə getməyib, bilib ki, gözünü yumub, ağzını açacaq. Yəni bu cür insanlar söyüşcül xüsusiyyətlərinə görə əsla utanmır, çəkinmirlər. Onlar düşünürlər ki, bu, adi bir şeydir, söyüşlə danışanda nə olacaq ki?..

Beləliklə, babanın söyüşcüllüyü oğula, oğulun söyüşcüllüyü nəvəyə keçə-keçə bir tayfanın söyüşkən olması ilə nəticələnir. Düşünəndə, həqiqətən də belə ailələrdə yaşamaq nə qədər çətindir. Məsələn, belə bir ailəyə gəlin getmisən, qayınatan bir səhvin olanda, sənə tənbehi söyüşlə edir. Sən də ailəndə heç vaxt belə sözləri eşitmədiyinə görə, gəl, bu sözləri qəbul et görüm, necə edirsən?

Elə ailələrdə yaranan və boşanmalarla nəticələnən problemlərdən biri də söyüşcül ailələrdir. Belə ki, gəlin bu söyüşləri qəbul etmir. Ailə isə qəbahətinin nə olduğunu anlamaq istəmir. Ancaq arada bir ailə dağılır.

Tanıdığım bir neçə belə ailə var. Söyüşcül ailələr, adamlar deyiləndə tək kişilər deyil, həm də qadınlar, uşaqlar da nəzərdə tutulur. Rayonda yaşayanda qonşuluğumuzda belə ailələr var idi. Maraqlıdır ki, onlar tək dalaşanda deyil, mehriban söhbət zamanı da söyüşlərdən istifadə edirdilər. Bunu bəzi qonşularımız gülə-gülə, bəziləri isə başını bulamaqla qarşılayırdı. Belə söhbətlərdə biz də iştirak edəndə anam bizə gözü ilə anladırdı ki, buradan uzaqlaşın.

Qonşumuz Həsən kişi vardı. Yaman söyüşcül idi. Axşamçağları kişilər yığılıb məhəllədə nərd oynayırdılar. Onlar ki bir yerə toplaşdı, Həsən kişi də gəldisə, deməli, qız-gəlin o səmtdən keçməməli, qapı-pəncərələr bağlanmalı idi ki, Həsən kişinin söyüşləri bu dəqiqə pəncərələrdən içəri dolacaq. Elə arada qulağımız bu sözləri də çalırdı ki, “ay Həsən kişi, qız-gəlin var, ağzını təmiz saxla”. Amma Həsən kişiyə bu sözlər kar edirdimi? Elə ki, dara düşdü və yaxud da qələbə qazandı, açırdı ağzını, tökürdü söyüşləri.

Həsən kişinin arvadı da özündən geri qalmırdı. Onun da özünəməxsus söyüşləri vardı ki, qadınlarla söhbətində istifadə edirdi. Anamgil “ay Səlbi, söyüşsüz danışa bilmirsən?” deyəndə cavabı bu olurdu ki, söyüş söyməyəndə canımdan tikan çıxmır.

Övladları da təbii ki, özlərinə oxşayırdı. Onlar da söyürdülər. Məhəllədə dəfələrlə uşaqların dalaşdığının şahidi olurduq. Səbəbkar isə həmin ailənin iki oğlunun söyüşləri ilə bağlı olurdu. Dəfələrlə döyülürdülər də. Lakin yenə də söyüşdən kənar qalmırdılar.

…Gün o gün oldu ki, həmin söyüşcül oğlanlar böyüdü, Həsən kişi elçi getdi, evinə gəlin gətirdi. Gəlin gəldi, gördü, nə? Qayınata, qayınana, qayın, ər-hamısı söyüşcüldür. Yazıq gəlinin bunların içində necə deyərlər, başı havalandı. Bir də gördük ki, budur, səsi məhkəmədən gəlir. Ailəsi dağıldı, bir uşaqla qayıtdı atası evinə. Ona qonşular nəsihət edəndə ki, “ay bala, onların söyüşkənliyinə görə ailəni dağıtma, bunlar belədir”, dedi ki, “mən götürə bilmirəm. Yoldaşın ağzını açır, valideynlərimi söyür. Onun buna haqqı yoxdur. Sonra da deyir ki, mən söyüşcüləm, gərək məndən inciməyəsən. Belə şey olar? Mənim valideynlərimin günahı nədir?”..

Psixoloq Günay Vəliyeva deyir ki, söyüş emosiyaların təzahürüdür. Odur ki, insan həm sevinəndə, həm də əsəbiləşəndə söyüş söyə bilir. Lakin söyüş var, söyüş. Biri var, öz-özünə deyinəsən, kiminsə haqqında yüngülvari söyüş söyməklə ürəyini boşaldasan, biri də var vulqar sözlərlə ağzını açasan. Bax, belə olanda təbii ki, ailələr dağılacaq. Axı hər kəs söyüşcül ailədə böyümür, bircə dəfə də ailəsində bu cür sözlər eşitmir. Buna görə də söyüş onda qıcıq yaradır və bu sözlərdən bezərək o mühitdən uzaqlaşmağa çalışır. 5-6 yaşında olan uşağa söyüş söyməsini tərgitmək asandır, nəinki 20-25 yaşında olan gəncə.

Başqa bir qonşumuz da söyüşcül idi, həm də ailəliklə dalaşqan idilər. Məhəllədə o adam qalmırdı ki, dalaşmasınlar, həm də ailəliklə bir yerə yığılıb həmin adamı döyüb gedirdilər. Qızlarının qonşularla dalaşanda ağzından çıxan sözlərin bircəsini, necə deyərlər, boynuma diri ilan sarısalar, deyə bilmərəm. Elə sözlər danışırdı ki, qulaqlılar olsun, eşitməsin. Ailənin ümumilikdə hərəkətini gözlülər olsun görməsin. Həmin ailənin oğlanlarına qız verən, qızlarını alan olmadı. Axırda məhəttəlçilikdən qohumla evlənən, başqa rayona gedənlər oldu. Bu gün də onları xatırlayanda özümdən utanıram ki, o söyüşləri eşitməli, o mənzərələri görməli olmuşam.

aile

Söydürən əmilər, dayılar, nənələr, bibilər…

Təbii ki, söyüşcül ailələr bunu övladlarına ötürdükləri kimi, nəvələrinə də ərməğan etmiş olurlar. İndi sosial şəbəkələrdə də dəbdədir ki, əmilər, dayılar, nənələr, xalalar, bibilər uşağa söyüş öyrədir, söydürür və videosunu çəkib “Tiktok”a, “İnstagram”a, “Fecebook”a yerləşdirir, bundan gəlir əldə etməyə çalışır. Lakin bicə anlıq da olsa düşünmür ki, o uşağın gələcəyini baltalayır, xarakterini məhv edir.

Söyüşcül ailələrin ailə qurub onlarla birlikdə yaşayan övladlarının uşaqlarına da sözsüz, bu keyfiyyətlər sirayət edəcək. Yəni uşaq ailədə gözünü açıb nə görürsə, o dəyərlər çərçivəsində də böyüyür. Baba-nənə, ata, əmi də təzə dili açılmış uşaqlara söyüş öyrədib, sonra onu danışdırıb uğunurlar. Hələ evə qonaq gələndə də onun məharətlərini göstərməsi üçün qızışdırıb ortalığa salırlar. Yazıq uşaq da nə qansın ki, nə danışır? Söyləyir, ətrafdakıların kloununa çevrilir.

Böyüdükcə, bu xüsusiyyət də onunla birlikdə böyüyür ki, bağçada, məktəbdə, gələcəkdə işlədiyi kollektivdə bu xüsusiyyət onu hörmətdən salır. Hətta bu xüsusiyyət savaşa, həbsə qədər gedib çıxır. Valideynlər həbsxanaya övladlarının arxasınca gedir, onun nə üçün həbs olunduğunu bilir, lakin evə qayıdandan sonra nəvələrinə yenə də söyüş öyrətməkdən əl çəkmirlər.

Psixoloq Günay Vəliyeva vurğulayır ki, uşağa söyüş öyrətmək qəti şəkildə qəbuledilməzdir. Bunu edərkən böyüməkdə olan bir uşağın sabahına qəsd edildiyi düşünülməlidir. Düşünülməlidir ki, axı bu söyüş sabah uşağın taleyini həll etmiş ola bilər. Odur ki, valideynlər buna imkan verməməlidir. Ən yaxın qohum olsa belə, ona acıqca övladlarına bu cür vulqar sözləri öyrətməsini qadağan etməlidir.

Mənə müraciət edən valideynlər olur. Uşaqlarına söyüş öyrədən qohumların qəlbini qırmamaq üçün dillənmədiklərini deyirlər. Mən isə onlara məsləhət görürəm ki, utanmaq, qəlb qırmamaq kimi hisslərlə övladınızın həyatının məhvinə doğru irəliləyirsiniz. Sabah söyüşlərin onun həyatına vurduğu zərbələrin ağırlığını siz yaşayacaqsınız.

 

Söyüş xəstəlik və sindromdur

Beləliklə, söyüşcül ailələr və onların söyməyi öyrətdikləri yetirmələri yaşadığı şəhər, qəsəbə, kənddə ailəsinə həmişə söyüş gətirir. Dəfələrlə şahidi olmuşuq ki, söyüşün nə olduğunu bilməyən ailələrin üzvləri belə söyüşcül adamların söyüşünə qarşı reaksiyasız qalmır, onların söyüşünə elə söyüşlə də cavab verir. Buradan belə nəticə hasil olur ki, söyüşcül insanlar digər insanların da söyüş söyməsinə səbəb olurlar. Belə olanda isə ortalıq qarışır, dava-dalaş başlayır, məsələ hüquq-mühafizə orqanlarınadək böyüyür.

Söyüşü psixoloq və doktorlar xəstəlik kimi də dəyərləndirirlər. Hətta onun bir sindrom olduğunu təsdiqləyənlər də var. Məsələn, Turet adlandırılan sindrom fərdlərin qeyri-iradi və təkrarlanan hərəkətlər etməsinə səbəb olan bir xəstəlikdir. Bu sindrom ilk dəfə 1985-ci ildə fransız həkim Gerard Gilles de La Tourette tərəfindən aşkar edilmişdir. Sindrom uşaqlıqda başlayıb yetkinliyə qədər davam edə bilər və həm kişilərdə, həm də qadınlarda baş verir.

Bu sindromlu insanlar birdən yüksək, mənasız səslər çıxara və özlərinə hakim ola bilməyəcək şəkildə qeyri-iradi hərəkət edə bilərlər. Turet sindromu da bəzi insanlarda qeyri-iradi söyüşlərə və ya pis sözlərə səbəb olur. Bu sindromlu insanlarda göz qırpma, dilin çölə çıxması və çiyin çəkmə kimi bədən hərəkətləri də müşahidə edilir ki, bunu söyüş söyən çox sayda insanlarda da müşahidə etmək olur.

Turet sindromu fərdlərin sosial mühitdə, iş və məktəb həyatında arzuolunmaz hərəkətlər etməsinə, idarəolunmaz səslər çıxarmasına səbəb olur. Bu sindromlu fərdlər həyatlarının bütün sahələrində çıxardıqları səslər, söyüş səbəbiylə çətin vəziyyətdə ola bilərlər. Fərdlərin yaşadığı bu çətinliklər depressiya, sosial fobiya, özünə inamsızlıq, özünə hörmətsizlik kimi psixoloji problemlərə yol açır.

Söyüşlər hər zaman heç də təhqir xarakteri daşımır. Həm də əzizləmə şəklində ola bilir. Məsələn, bir də baxırsan ki, kimsə övladını sevələyir və ona “it balası baldır”, “köpək qızı şipşirindir”, “itin küçüyünün dilinə bax” kimi ifadələr də işlədilir.

Maraqlıdır ki, görəsən söyüşlərin bütün növlərinin arxasında Turet sindromu dayanır, yoxsa?..

 

Müasir dövrdə söyüş…

Söyüşcül nəsillərdən, onun davamçılarından, söyüş öyrədilən uşaqlardan danışdıq. Bir qədər də müasir dövrdə sosial şəbəkələrdə söyüş söyənlərdən, status və ya şərhlərə söyüşlə cavab verənlərdən danışaq. Son vaxtlar tez-tez qarşılaşdığımız situasiyalar belə fikirləşməyə rəvac verir ki, biz artıq kütləvi şəkildə Turet sindromuna yaxalanırıq? Eşitdiklərimiz və oxuduqlarımız söyüşün artıq təhqir formasıdır. Bəs, nə üçün təhqir?

İnsanların haqsız olduqlarını qəbul edə bilmədikləri zaman təhqir yolu ilə hisslərini boğmağa çalışdıqlarını bildirən psixoloq Onur Okan Demirci bu vəziyyətin də dərin psixoloji təsirlərdən yarandığını bildirib.

Son zamanlar cəmiyyətdə tez-tez mediada əks olunan qəzəb və təhqirləri dəyərləndirən psixoloq bu hadisələrin dərin psixoloji təsirlərlə yaşandığını ifadə edərək, bunun ən əhəmiyyətli səbəblərindən birinin də insanın özündə əskik hiss etdiyi boşluqları aradan qaldırmağa çalışması olduğunu vurğulayır: İnsan özünün qeyri-adekvat olduğu hisslərini ortaya qoyaraq və ya diqqət çəkəcəyindən narahat olaraq təhqirə müraciət edə bilər.

Mütəxəssislər insanların danışıq vaxtının 0,3-0,7%-ni söyüşlərə sərf etdiyi təxmin edirlər. Bu nisbət ilk baxışda aşağı görünə bilər. Lakin nitqin məzmununun nə qədər geniş olduğunu nəzərə alsaq, bu nisbət heç də kiçik deyil. Söyüş tez-tez qəfil refleks kimi də görünür.

aile

Söyüş söyməyək!

Təbii ki, başımızın salamat olmasını, qonşu-qohumlarla münasibətlərin yaxşı olmasını, ailəmizdə problemlərin yaranmasını, cəmiyyət arasında hörmətdən düşməyi istəmiriksə, söyüş söyməyək. Sözsüz, hər birimiz əsəbi halda olarkən deyinməyə başlayırıq. Bunun heç kimə zərəri yoxdur. Təklikdə ürəyimizi hansısa kiçik söyüşlərlə yumşaltmaq əslində sağlamlıq üçün faydalıdır.

Lakin söyüşə artıq özündən başqa daha bir nəfər də qatılırsa, deməli, bunun sonunda xoşagəlməyən nə isə ola bilər. Məsələn, iki dostun söyüşlə zarafatının sonda davaya, ərin arvadını söyməsinin ailənin dağılmasına, uşağa öyrədilən söyüşlərin onun sonrakı həyatındakı problemlərə səbəb olacağı kimi.

Beləliklə, söyüş söyməyək. Ağzımızı təmiz saxlayaq. Hətta dəstəmaz aldıqdan sonra ağızdan çıxan istənilən bir söyüş dəstəmazı pozursa, dəstəmaza yenidən ehtiyac yaranırsa, deməli, söyüş insana və insanlığa layiq deyil.

Söyməyək, söyülməyək, söydürməyək… Bu, ən yaxşısı ola bilər.

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir