Stalin-Joseph-1930

Stalinin gizli parol kimi istifadə etdiyi Azərbaycan xalq mahnısı – MARAQLI

Baxış sayı: 292
Vaxtilə “Xalqlar həbsxanası” adlandırılan SSRİ-yə rəhbərlik edən, “millətlər atası” ayaması ilə məşhurlaşan  İosif Stalin Bakıda həbsdə yatarkən Azərbaycanın xlaq mahnısından parol kimi istifadə edib.
“Gencaile.az”  Moderator.az-a istinadən təqdim etdiyi bu yazıda həmin mahnının parola necə çevrildiyindən danışacaq:
1908-ci ilin mart ayında Bakıda həbs olunaraq Bayıl türməsinə göndərilən Stalin sentyabr ayına qədər burada qalır və  böyük Məhəmməd Əmin Rəsulzadə onun həbsxanadan xilas edilməsində yardımçı olur.
Həbsxanada olduğu müddətdə yoldaşlarının Stalinlə çox maraqlı ünsiyyət metodu var idi. İnformasiyanın yazıldığı kağızlar daşlara bükülərək Stalinin qaldığı hücrənin pəncərəsindən içəri atılırdı və ondan da eyni üsulla cavab alınırdı. Bu zaman təhlükəsizliyi tam təmin etmək, daşın əvvəlcədən atıldığını bildirmək üçün hücrə pəncərəsinin kənarında xalq mahnımız olan “Pəncərədən daş gəlir” oxunardı. Bu zaman hücrədəkilər artıq məsələnin nə yerdə olduğunu bilər və daşı səs-küy yaratmadan tutardılar. Beləcə, Stalin Bayıl həbsxanasında olduğu müddətdə aralarında xüsusi parol olaraq istifadə edilən bu mahnını çox eşidir və əvvəldən axıra qədər əzbərləyir. Buna Stalinin Azərbaycan dilini qismən bilməsi də kömək edir.
Pəncərədən daş gəlir,
Ay bəri bax bəri bax.
Xumar gözdən yaş gəlir,
Ay bəri bax bəri bax.
Səni mənə versələr,
Ay bəri bax bəri bax.
Hər görənə xoş gəlir,
Ay bəri bax bəri bax.
Pəncərənin milləri,
Ay bəri bax bəri bax.
Аçılıb qızıl gülləri,
Ay bəri bax bəri bax.
Oğlanı yoldan eylər,
Ay bəri bax bəri bax.
Qızın şirin dilləri,
Ay bəri bax bəri bax.
1938-ci ildə  Moskvanın məhşur “Böyük teatr”ında Azərbaycan mədəniyyəti günləri keçirilən zaman maraqlı bir hadisə yaşanır. Stalin böyük çıxışdan bir gün əvvəl Üzeyir bəy Hacıbəylinin rəhbərlik etdiyi truppanın məşqlərini də izləyir və çox bəyənir. Üzeyir bəy onu sabahkı böyük çıxışa dəvət edir. Stalin bir şərtlə gələcəyini deyir:  “Əgər Azərbaycandan gələn incəsənət adamları çıxışda “Pəncərədən daş gəlir” mahnısını oxuyarlarsa…” .
Üzeyir bəy bununla razılaşır. Çıxışa bir gün qalanda mahnını qəti bilməyən gənc ifaçılara öyrədə bilir, hətta onu yenidən nota alır. Sabahısı gün Azərbaycan mədəniyyət günlərində “Koroğlu” operası ilə yanaşı, bu mahnı da səsləndirilir və  Stalin çıxışçıları ayaq üstə alqışlayır.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir