stress

Streslə daha çox qadınlar, yoxsa kişilər qarşı-qarşıya qalır?

Baxış sayı: 1. 496

Bütün dünyada streslə ən çox qarşılaşan qadınlardır. Bunun fizioloji səbəbləri olduğu kimi, sosioloji səbəbləri də var. Bir insana stresin təsir dərəcəsi stresin qısa və ya uzunmüddətli olmasından, həmçinin o insanın xarakterik xüsusiyyətlərindən asılıdır. Qadınlar stresə məruz qaldıqları kimi, kişilər də stresə məruz qalırlar. Ancaq qadınlar da, kişilər də stresə fərqli reaksiyalar göstərirlər. Bunun əsas məqamları isə aşağıdakı kimidir:
1. Qadınlarda streslə birlikdə xüsusi fizioloji reaksiyalar da ortaya çıxır.

2. Qadınlar və kişilər müxtəlif cür streslə qarşı-qarşıya qalırlar.

3. Qadınların və kişilərin streslə mübarizə tərzləri fərqlidir…

Qadınlarda psixonevroloji pozuntuların (qorxu, nevroz, depressiya, bipolyar pozuntular və s.) daha çox müşahidə edilməsinin əsas səbəbi qadın orqanizmində olan estrogen və progesteron hormonlarıdır. Belə ki, bu hormonlar orqanizmin stresə qarşı verdiyi cavab reaksiyalarını artırır. Bundan əlavə stress zamanı insan orqanizmində endokrin sistemi də daxil olmaqla kardiovaskulyar metabolik və nevroloji sistemlərdə dəyişikliklər baş verir. Xarici və ya daxili qıcıq reseptorlar tərəfindən qəbul edilərək mərkəzi sinir sisteminə ötürülür və bu zaman hipotalamo-hipofizar-adrenal sistemdə dəyişiklik ortaya çıxır. Kortikotrop, vazopressin və norepinefrin hormonları bu dəyişikliklərdə baş rol oynayan əsas hormonlardandır. Hipotalamusda ifraz olunan kortikotrop hormonu (stimuləedici hormondur) daha sonra hipofizin ön payında adrenokortikotrop hormonunun ifrazı ilə nəticələnir. Adrenokortikotrop hormonu da (ACTH) öz növbəsində böyrəküstü vəzilərdən qlükokortikoid hormonunun ifrazına səbəb olur. Nəticədə isə orqanizmdə gərginlik, həyəcan, arterial təzyiqin qalxması və s. kimi dəyişikliklər baş verir. Bunlar arasında daha çox rast gəlinən psixonevroloji pozuntular isə panik nevroz və depressiyadır. Qorxu, həyəcan, təşviş hücumları ilə davam edən nevroz xəstəliyi qadınlarda kişilərə nisbətən 2-3 dəfə daha çox müşahidə olunur. Ancaq qadınlara panik nevroz diaqnozu qoyarkən, digər tibbi xəstəliklər də araşdırılmalıdır. Çünki qadınlarda (xüsusilə də, 40 yaşından yuxarı olan qadınlarda) tiroid xəstəlikləri daha çox müşahidə edilməkdədir. Əgər tiroid xəstəliyi müalicə olunmazsa, bu, psixoloji vəziyyətin daha da gərginləşməsinə, həmçinin panik nevroza qarşı aparılan müalicənin yaxşı effekt verməməsinə gətirib çıxara bilər. Bununla yanaşı, digər xəstəliklər də (anemiya, premenopauza, ürək-damar xəstəlikləri, nikotindən və kofeindən istifadə edilib-edilməməsi) araşdırılmalıdır. Panik nevroz zamanı qadınlarda ciddi bir səbəb olmadan qorxu, həyəcan, boğulma, tərləmə, yuxusuzluq, gərginlik, diqqətin azalması, yaddaşın zəifləməsi, ətrafların soyuması, ürəyin döyünməsi, arterial təzyiqin yüksəlməsi, beyində pis fikirlərin əmələ gəlməsi (məsələn, ölüm qorxusu kimi), həmçinin “Sanki hər an nə isə pis bir hadisə baş verəcək” hissi əmələ gəlir. Belə xəstələr uzun müddət müxtəlif həkimlərdə müalicə olunur, lazımsız analizlərdən və müayinələrdən keçirlər. Ancaq yenə də istədikləri nəticəni əldə edə bilmirlər. Belə olduqda hökmən mütəxəssisə müraciət etmək və düzgün müalicə almaq lazımdır. Panik nevrozun müalicəsində dərmanlarla yanaşı, əgər ehtiyac varsa, psixoterapiya da çox vacibdir. Farmakoterapiyada əsas yeri antidepresantlar və müxtəlif sedativ preparatlar tutur. Lakin panik nevrozu olan xəstələr bilməlidirlər ki, bu xəstəliyin müalicəsi uzunmüddətlidir (6 aydan 1 və ya 2 ilə qədər). Üstəlik, onlar dərmanları dərhal kəsməməli və həmişə həkim nəzarətində olmalıdırlar.

Qadınlarda stress nəticəsində əmələ gələn psixonevroloji pozuntulardan biri də depressiyadır. Qadın depressiyaya vaxtaşırı düşür və bu vəziyyətdən çıxmaq üçün əlindən gələni edir. Lakin stress uzun müddət qadın orqanizminə təsir etdikdə depressiya qaçılmaz olur. Bu vaxt qadınlarda ruh düşkünlüyü, tənhalıq hissi, hər şeyə marağın azalması, hər şeyin mənasız görünməsi və s. müşahidə olunur. Araşdırmalar göstərir ki, qadın və kişilərdə depressiyaya düşmə “forması” fərqlidir. Belə ki, subay kişilərdə depressiya daha çox, evli kişilərdə isə depressiya daha az olur. Qadınlarda isə əksinə subay qadınlarda depressiya daha az, evli qadınlarda isə depressiya daha çox olur. Bunun səbəbləri müxtəlifdir. Əsas səbəblərdən biri isə qadının məsuliyyətinin artmasıdır. Nevroz olan qadınlarda olduğu kimi depressiyaya düşən qadınlarda da müalicə farmokoterapiya və psixoterapiya ilə aparılır və bu müalicələr də o biri müalicələr kimi uzunmüddətlidir.

Daim sağlam və xoşbəxt olmaq diləyi ilə…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir