Su yastığı necə seçilməli?

Baxış sayı: 373

Dəniz mövsümü artıq başlayıb. Övladları ilə dənizə gedən valideynlər çox vaxt narahat və qorxu içində olurlar. Uşaqların üzə bilməməsi, boğulma ehtimalı onların istirahətini bölür. Nəticədə onlar dincəlmək yerinə uşaqlara nəzarət edərək onların boğulma riskini azaltmağa çalışırlar. Elə bu səbəbdən də yay girər-girməz su yastıqlarının satışında xeyli artım olur. Qolluq, dizlik, dairə, döşəkçə formasında olan su qoruyucu yastıqlarına isə təlabat günü- gündən artır.

Su yastıqlarının satışı daha çox dənizə yaxın yerlərdə həyata keçirilir. Bilgəh yolunun üstündə də bu cür satış məkanları kifayət qədərdir. Satıcı Məhəmməd Sultanov deyir ki, gün ərzində 10-dan çox yastıq satılır. Əksəriyyət bu qoruyucu yastıqları uşaqları üçün alır: “Bunların xüsusiyyətlərini bilmirəm. Analar uşaqları bu “kamer”lərə keçirirlər və bədəninə uyğun olanını alırlar. Biz özümüz isə xaricdən sifariş edirik”.

İstənilən qiymətə, istənilən formalı su yastığı tapmaq olar. Satıcının sözlərinə görə, ən ucuz su yastığı 4 manat, ən bahalısı isə 20-25 manat aralığındadır. “Ümumən belə yastıqları nəfəslə şişirtmək olduqca çətindir. Buna görə də ayrıca nasos da satırıq. Onun da qiyməti 3 manatdan başlayır”.

Xilasedici Rüstəm Mehmanov da yay aylarında boğulanların əksəriyyətinin azyaşlı olduğunu deyir. Onun sözlərinə görə, boğulan uşaqların heç birində su yastığı olmadığından onları xilas etmək də mümkün olmur. Qışqıra, köməyə çağıra bilməyən uşaqlar üçün vacib olan su yastıqlarının alınması mütləqdir: “Ümumiyyətlə, anlaya bilmirəm ki, analar necə risk edib uşağı dənizə “kamer”siz buraxırlar. Ləpə, dalğa olmasa belə suyun çəkmə xüsusiyyəti var. “Kamer” elə şeydir ki, lap dənizin ortasında olsan belə, ölüm təhlükəsi çox cüzi, hətta yoxdur. Bəzən baxırıq ki, uşaq “kamer”in ortasındadır, amma, bu “kamer” onun üçün deyil. Uşaq rahatlıqla arasından çıxa, boğula bilər”.

Həmsöhbətimizə görə, azyaşlılara, 0-3 yaş aralığnda olanlara boyun, qol və ya ayaqlar keçirərək manej formasında olan yastıqlar alınmalıdır. 3-5 yaş aralığındakı uşaqlara bel dairəsi və qolluqlar məsləhətdir. 5 yaşdan yuxarı olan uşaqlar üçün isə bel dairələri almaq kifayətdir. Dairə elə olmalıdır ki, rahatlıqla bədəndən çıxmasın. Məsələn, əgər uşağın əlləri yanında ikən dairəni rahatlıqla salıb-çıxarmaq olursa, bu, onun üçün münasib dairə deyil. Uşaq əllərini də hərəkət etdirərək dairəni geyinib-soyunmalıdır.

Su yastıqlarında heç bir defektin olmamasına diqqət etmək lazımdır. “Bəzən olan defekti içəri hissədən yapışdırıcı ilə yapışdırıb satırlar. Bu isə uşağın boğulması üçün ciddi təhlükədir. Bunu yoxlamaq olduqca asandır. Dairəni şişirdin və möhkəm sıxın. Defektli dairələr mütləq boşalacaq”.

Su dairələri, yastıqları, qolluqlarını uşağın yaşından böyük almaq düzgün deyil. Boğulmadan qoruyan vasitələrin yaş həddinə baxmalıdır. Qətiyyən 1 ölçü belə böyüyü alınmamalıdır.

Dəniz döşəklərinə gəlincə, R.Mehmanov bunu, ümumiyyətlə, uşaqlara alınmamasını məsləhət görür. Dediyinə görə, uşaqları müəyyən yaşa kimi, mümkündürsə, dənizə buraxmamaq lazımdır. Belə olan halda həm valideynlər rahat olur, həm də uşaqlar üçün təhlükəli vəziyyət yaranmır: “Su yastıqlarına verilən pulu rezin hovuzlara vemək daha münasibdir. Dənizdə dəniz suyu ilə doldurulan hovuza körpələri rahatlıqla buraxmaq olar. Əslində bu cür hovuzlar 0-3 yaş uşaqlar üçün ən yaxşısıdır. Həm boğulmur, həm də rahat dincəlir.

Mütəxəssislərin apardığı çoxsaylı təhlillər göstərir ki, əgər böyüklər uşaqların istirahətinin təşkil edilməsini əvvəlcədən düşünsəydilər, suda uşaqlarla bağlı bədbəxt hadisələrin əksəriyyətinin qarşısını almaq olardı. İsti yay günlərində hamını, o cümlədən uşaqları da dəniz, çay, su hövzələri cəlb edir. Yaxınlıqdakı insanların, hətta valideynlərin olması, suda təhlükəsizliyə heç də zəmanət vermir. Çimərlikdə istirahət vaxtı uşaqlar üzərində daimi nəzarətin olmaması, bədbəxt hadisə zamanı ilk tibbi yardım göstərilməsində səriştəsizlik hallarına kifayət qədər tez-tez rast gəlinir.

Valideynlər çox vaxt heç bir səbəbini izah etmədən uşaqlarına suya yaxınlaşmağı, sahildən uzaqlaşmağı qadağan edirlər. Əsassız qadağalar uşağın davranışına heç vaxt lazımi təsir göstərmir. Məktəbəqədər və yeniyetmə uşaqlar çox vaxt arzu edilənin əksinə hərəkət edir. Buna görə də uşaqlara qarşı hay-küy, qışqırıq və kobudluq yolverilməzdir. Uşaqlara səbrlə və asan anlaşılan tərzdə suda özünü necə aparmaq barədə izahat verilməlidir. Özü də bunu təkcə çimərlikdə deyil, evdə də etmək lazımdır. Nəzarət etmək lazımdır ki, uşaq təhlükəsizlik qaydalarını pozmasın və onların nə qədər zəruri olduğunu dərk etsin. Yalnız bu zaman siz əmin ola bilərsiniz ki, uşağınız suda olarkən bunlara riayət edəcək.

Qadağalara baxmayaraq çox uzaqlara üzdüyünə görə valideynlərin uşaqlarını danlamasına tez-tez rast gəlmək olar. Belə hallara uşaqlar çox vaxt ötəri yanaşırlar. Onlara izah etmək lazımdır ki, uzağa və dərinə üzmək qoçaqlıq deyil, daha çox riskdir. Bu da nəticə etibarilə öz həyatını təhlükəyə qoymaqla yaxınlarını əsəbiləşdirir və onların əhvalını pozur.

Uşağa izah etmək lazımdır ki, uzaq məsafəyə üzdükdə, o, qüvvəsini itirməklə çətin vəziyyətə düşər, geri qayıtmağa taqəti qalmaz. Məhz buna görə də müəyyən edilib ki, çimmə zonasının işarələnmiş sərhədlərini keçmək olmaz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir