kisi

Tək rənglə zəriflik- Monoxromun sirləri

Baxış sayı: 821

Monoxrom. Rəngə rəng, tona ton tendensiyası. Bir digər adı ilə tək rənglilik. Bəli, bu məqaləmizdə başdan-ayağa eyni rəngin tonlarını ustalıqla geyinməkdən bəhs edirik.

İzahı asan olsa da, bu stili tətbiq etmək göründüyü qədər sadə deyil. Əgər ilk dəfə monoxrom təcrübəsi yaşayırsınızsa, bəzi nüanslara diqqət etməlisiniz.

Diqqət etməli olduğunuz ilk məqam parçadır. Bir-birinə uyğun olmayan parçaların rəngləri eyni olsa da, bu, uyğunluq deyil, qarışıqlıq yaradacaq.

Məsələn, bütünlükdə qara rəngdən ibarət bir görüntü hazırlayarkən böyük həssaslıqla seçim etməlisiniz, pambıq qara parça ilə polyester qara parçanı birlikdə istifadə etmək düzgün deyil. Polyester qara parça daha çox yaşıl və qırmızımtıl tona, pambıqdan hazırlanan parça isə göy çalara malikdir. Bu halda, ikisindən birini seçib görünüşünüzü tamamlamalısınız.

Bütünlükdə qara geyinmək istəyirsinizsə, pencək-şalvar-köynək dəstindən qaçmağı məsləhət görürük. Bu görünüş həddindən artıq ciddiyyət yaradacaq, bu isə daxil olduğunuz məkanda rahat ünsiyyət qurmağınıza mane ola bilər. Köynək əvəzinə eyni rəngdə futbolka, tenniska seçə bilərsiniz. Yaz aylarında qara rəngin ağırlığını kətan dəstlər ilə tarazlaya bilərsiniz.

Əvvəllər birlikdə istifadə etdiyiniz eyni rəngli şalvar və köynəklərinizi geyinərkən də ehtiyatlı olun. Bir neçə dəfə yuyulmadan sonra denim şalvarınızın və ya köynəyinizin rəngi sola bilər. Solğun rəngli paltarınızı zil qara, dümağ, yaxud parlaq əlvan rənglərlə birləşdirmək doğru addım deyil.

Başdan-ayağa ağ geyinmək də ən azı qara qədər çətindir. Əlbəttə, kişilərin ağ rəngin ara tonlarını bilməsi, gündəlik həyatda bunu ayırması çox rast gəldiyimiz hal deyil. Amma zövqlü görünmək istəyirsinizsə, bəyaz geyimlərinizi bir-birinə yaxın tutun, əgər rəngdə fərqlilik hiss etmirsinizsə, onları dəstləşdirə bilərsiniz.

Mavi rəng monoxrom stil yaratmaq üçün ən ideal rəngdir. Buz mavisi və tünd mavi arasındakı tonlardan istifadə edərək qüsursuz görünüş yaratmaq mümkündür. Firuzəyi və yaşıla çalan mavi rənglərdən uzaq durun. Cins şalvar və pencəklərinizi mümkün qədər eyni marka və eyni yerdən almağa çalışın ki aralarında ton fərqi olmasın.

Nəhayət, trendləri sevən və izləyən birisinizsə, qarderobunuzda krem, bej rənglərə yer açın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir