Rehman Memmedli

Tanınmış gitara ifaçısı: “Amma bunu övladlarıma deməyin” – MÜSAHİBƏ

Baxış sayı: 151

Nənə-babanın uşağın inkişafındakı rolu çox böyükdür. Onlar uşağın emosional, intellektual baxımdan daha yaxşı böyüməsinə yardımçı olurlar. Bəzən deyirlər ki, valideynlərinin daim yanında dəstəkləyici fəaliyyətini görmək uşaqlarda güvən hissini artırır. Ancaq bir məsələ də var ki, nəvə nənə-baba üçün bir sərvətdir. Elə bir sərvət ki, qoxuladıqca ətrinə doymadığınız, sevdikcə tükənməyən bir sərvət.

“Mənim nəvəm” rubrikamızın qonağı tanınmış gitara ifaçısı Rəhman Məmmədli də belə düşünür. İki nəvə sahibi olan ifaçı onlara çox bağlıdır. Qeyd edək ki, oğlunun qızı Mələyin 1, qızımın övladı Nihalın isə 2 yaşı var. Oğlu, sevilən bəstəkar Tural Məmmədli deyir ki, Rəhman müəllim yaxşı ata olduğu kimi, həm də yaxşı babadır. Bunu Rəhman müəllimlə söhbətimizdən də aydın hiss edirik.

 

– Rəhman Məmmədli necə babadır?

– Rəhman Məmmədli necə atadırsa, ondan bir pillə artıq da babadır. Nəvələrimi çox sevirəm. Onları sevməkdən sevgi xəstəliyinə tutulmuşam (gülürük). Nəvə sevgisi tamam başqadır. Bu sevgini sözlə izah etmək mümkün deyil. İki nəvə sahibiyəm, bir həftədən sonra üçüncü nəvəm də dünyaya gələcək.

– Allah saxlasın bütün nəvələrinizi. Maraqlıdır, sizin üçün bala şirindir, yoxsa nəvə?

– Əslində bu, siyasi sualdır. Nəvə daha şirindir, onları daha çox istəyirəm. Amma bunu övladlarıma deməyin (gülürük). Nəvəm dünyaya gəlməyənə qədər nəvəsi olan dostlarımla mübahisə edirdim ki, heç bir uşaq mənim oğlum və qızım qədər sevimli ola bilməz. Ancaq sən demə, böyük danışmışam. Nəvə həqiqətən şirin imiş. Nəvəsi olmayan yaşıdlarıma nəvə arzulayıram ki, qoy Allah Təala onlara da bu hissi yaşatsın. İnsan nəvə sahibi olduqdan sonra sanki yeni bir həyat yaşayır. Mən nəvələrimlə nəfəs alıram. Nəvələrim mənim görən iki gözümdür. Hərə bir cür nəvəsinə tərif verir. Bir gün Zəlimxan Yaquba sual verirlər ki, nəvə nədir? Deyir ki, nəvə nənə və babanın canlı oyuncağıdır. Ancaq mən deyirəm ki, nəvə Allahdan sonra nənəni, babanı vəzifəsindən asılı olmayaraq, qarşısında diz çökdürən, əyən bir varlıqdır. Misal üçün, ulu öndərimiz Heydər Əliyev də nəvəsini boynunda gəzdirirdi. Dünyanın milyarderlərinin belə, nəvəsinin qarşısında əyildiyi, nəvəsini belinə mindirdiyi kimi şəkillərinə tez-tez rast gəlirik.

 

– Nəvələrinizə zaman ayıra bilirsinizmi?

– Əlbəttə. Evdə olanda bütün vaxtımı nəvələrimə həsr edirəm.

– Bəs övladlarınız sizi qısqanmır?

– Bəzən olur. Mən belə vərdiş etmişəm ki, övladlarım qarşıma neçə dəfə çıxsa, hər dəfə onları öpürdüm. Bu yaxınlarda qızım məndən soruşdu ki, axırıncı dəfə onu nə vaxt öpdüyümü xatırlayıram? Amma yadıma düşmədi. Sən demə, həqiqətən də nəvələrim dünyaya gəldikdən sonra qızımı öpməmişəm. Nəvələrim başımı o qədər qatıb ki, görürəm, qızım haqlı qısqanclıq iradını bildirir.

 

– Gitaranızı sinənizə sıxıb nəvələrinizə mahnı ifa etmisinizmi?

–  Gitarada hərdən “Apardı sellər Saranı” ifa edirəm, nəvəm də o musiqinin sədası altında rəqs edir. Yuxudan oyanıb gəlir yanıma ki, mən musiqini ifa edim, o da oynasın.

 

– Siz tanınmış gitara ifaçısısınız, oğlunuz Tural isə istedadlı bəstəkardır. Yəqin ki, sizin istedadınızın oğlunuza keçməsi gendən gəlir. Bəs nəvələrinizin necə, musiqi duyumu varmı?

– Nəvəmin musiqi duyumunu sözlə ifadə etmək mümkünsüzdür, onu görmək lazımdır. Turalın qızı Mələk musiqi səsi eşidəndə, qəribə bir reaksiya verir. Onun reaksiyasını görəndə, bir musiqiçi kimi təəccüblənirəm. Mələyin gözəl musiqi duyumu var.

 

– Gələcəkdə nəvələrinizin hansı peşənin sahibi olmasını istərdiniz?

– Bu çox çətin bir sualdır. Bunu zaman göstərəcək. Açığını deyim, mən heç birinin seçiminə müdaxilə etməyəcəyəm. İnanmıram ki, övladlarım da sənət seçimində onlara müdaxilə etsinlər. Uşağın özünün istəyi və həvəsi bizim üçün daha önəmlidir. Mütləq deyil ki, mən musiqiçi, oğlum bəstəkardırsa, nəvəm də musiqiçi olmalıdır, əsla. Bəlkə həyatda elə bir mövqe tutacaq ki, mən övladlarımla fəxr etdiyim kimi, onlar da öz övladları ilə fəxr edəcəklər. Qabaqcadan nəsə demək çətindir.

– Deyirlər, ilk nəvə daha şirin olur, elədirmi?

– Siz deyəsən məni təxribata çəkirsiniz (gülürük). Mən buna görə çox mübahisələr etmişəm. Təbii ki, insan ilk nəvəsini çox sevir, ancaq bir qram da olsun nəvələrimi seçmirəm. Sizə sual versələr ki, hansı gözünüzü daha çox sevirsiniz, nə cavab verərsiniz? Təbii ki, sizin üçün hər ikisi əzizdir. Nəvələrim də mənim üçün elədirlər. Hər ikisi mənim üçün dəyərlidir. Heç bir nəvəmə fərq qoya bilmirəm.

 

– Nəvələrinizin tərbiyəsi ilə valideynləri, yoxsa nənəsi ilə siz məşğul olursunuz?

– Nəvələrimin tərbiyəsi ilə anaları məşğul olur. Uşaq mütləq ana tərbiyəsi almalıdır. Nəvələrimin nənəsi də onları çox sevir. Onun da sevgisi aşırı dərəcədədir. Biz nəvə xəstələriyik.

 

– Nənə-baba yanında böyüyən uşaq bir az ərköyün olur. Nəvələriniz ərköyündürmü?

– Qız nəvəm bir qədər ərköyündür. Əslində ərköyün deyəndə nəyi nəzərdə tutursunuz, bilmirəm. Biz nənə-babayıq, işimiz nəvələrimizi əzizləməkdir. Onların nazını çəkməkdir.

Onu da nəzərinizə çatdırım ki, mən nə övladlarıma, nə də nəvələrimə heç zaman əl qaldırmamışam. Döymək tərbiyə üsulu deyil. Uşağa qaldırılan əli isə vəhşilik hesab edirəm. Ömrümdə bir dəfə də olsun övladlarıma əl qaldırmamışam. Döyməklə uşaq tərbiyələndirmək olmaz. Bizim ailənin tərbiyəsi bir qədər fərqlidir. Hər şey hörmətə və dostluğa bağlıdır. Övladlarım mənim baxışımdan tutublar ki, nə demək istəyirəm.

 

– Son dövrlər cəmiyyətdə qız uşaqlarına qarşı bir aqressiya var. Hətta tez-tez eşidirik ki, analar dünyaya gələcək uşaqlarının qız olduğunu biləndə, onu tələf etdirirlər. Siz bu barədə nə düşünürsünüz?

– Bu məsələyə münasibətim çox pisdir. O yolu tutan, o hərəkəti edənlər ən nifrət etdiyim insanlardır. Allah nə verirsə, bir bildiyi vardır, ona qane olmaq lazımdır. Mən qız-oğlan övladını ayırd etmirəm, hər ikisi Allahın verdiyi hədiyyədir. Qızı verənə şükür, onu Yaradana qurban olum. Allahın ən böyük günahlarından sayıram, qız övladını tələf etməyi. Ümumiyyətlə, Allahın verdiyi nemətdən necə imtina etmək mümkündür? Onu anlaya bilmirəm. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir