76

Tibbdə yeni kəşflər – “ağıllı” sarğı” və “ağıllı kəmər”

Baxış sayı: 1. 478

Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları “ağıllı sarğı” hazırlayıblar. Bu sarğı dərinin temperaturuna nəzarət edir, avtomatik surətdə infeksiyaya qarşı dərman buraxır.

Xarici mətbuatın yazdığına görə, içərisində elektronika və dərman olan yeni sarğı yaraya insanın köməyi olmadan qulluq edir.

Hidrogeldən düzəldilən möhkəm sarğı yetərincə elastikdir, hətta dizdə və dirsəkdə olduğu halda hərəkətləri məhdudlaşdırmır. Onun içində innovasiyalı ötürücülər var. Sarğı dərinin temperaturuna nəzarət edir və avtomatik surətdə infeksiyaya qarşı dərman buraxır. 90 faiz sudan ibarət olan hidrogel insan dərisinin xüsusiyyətlərini təkrar edir. Gel titan, alüminium, silikon, keramika, qızıl kimi materiallarla və adətən elektron komponentlərin hazırlanmasında istifadə olunan başqa maddələrlə güclü qarşılıqlı əlaqə yaradır. İçərisindən keçən titan tellər sarğını cərəyankeçirən edir, onun içinə elektron qurğular, məsələn, yarımkeçirici çiplər yeritməyə imkan verir.

Sarğıya işıq diodları da quraşdırılıb. Yaranın temperaturu müəyyən həddə çatanda və ya dərman bitəndə, bu diodlar yanmağa başlayır.

Sarğı təcili ixtisaslı yardım tələb olunanda, uzaq məsafədən həkimi xəbərdar edə bilir.

Yeni sarğının müəllifi Szuanxe Ccao “ağıllı” gelə bənzər elastik, orqanik elektronika hazırlamağa ümid bəsləyir. Bu vasitəni bədənə hətta implantasiya etmək mümkün olacaq.

Qeyd edək ki, “ağıllı sarğı” ilk növbədə, daim tibbi nəzarət tələb edən və infeksiya riskinin yüksək olduğu yanıqlar üzərində sınaqdan keçiriləcək.

“CES 2016” sərgisi ərəfəsində isə Fransanın gənc “Emiota” şirkəti öz istehsalı olan yeni “Belty Good Vibes” adlanan “ağıllı kəməri” təqdim edib.

“Vistanews.ru” saytının məlumatına görə, “ağıllı kəmər” istifadəçinin vəziyyəti ilə yanaşı, onun sağlamlığına da nəzarət edəcək.

Tərtibatçıların sözlərinə görə, “Belty Good Vibes” insanın gündəlik həyatının yaxşılaşdırılması məqsədilə yaradılıb. Nəticədə tamamilə orijinal və unikal kəmər alınıb ki, bu, həm də olduqca dəbli görünür.

“Ağıllı kəmər” ən keyfiyyətli materiallardan istehsal olunub, bir sıra faydalı funksiyalar və imkanlara malikdir. İstehsalçı qeyd edir ki, “ağıllı kəmər” ancaq əllə tikilir və yalnız təbii dəridən istifadə olunur. Bu kəmərin əsas xüsusiyyətlərindən biri də avtomatik olaraq sıxma gücünü müəyyən etmək, onun daşıyıcısının sağlamlığını və fiziki fəallığını izləmək, əldə olunan bu məlumatları sonradan xüsusi mobil əlavəyə göndərmək imkanına sahib olmasıdır.

Kəmərin qiyməti 395 dollardır və rəsmi satışına 2016-cı ilin sonunda başlanacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir