toy

Toya hazırlaşanların diqqət etməli olduğu məqamlar

Baxış sayı: 2. 250

Toy – insan həyatında ən önəmli və xöşbəxt hadisələrdən biridir və buna görə də tələsməyin, çünki toy hazırlıqları günləri sizin yaddaşınızda ən əziz və xoş günlər kimi yadda qalacaq! Çalışın ki bu günlərin hər birindən həzz alasınız. Əlbətdə siz istəyirsiniz ki sizin toyunuz fərqli, seçilən və bütün toylardan gözəl keçsin, və yəqin siz özünüzə sual verirsiniz ki “Bunu reallaşdırmaq üçün nə etmək lazımdır?”. Biz məsləhət görürük ki, siz ilk növbədə Toyunuzun ətraflı hazırlıq planını yazasınız. Ətraflı və dəqiq yazılmış hazırlıq planı, toyunuzun uğurlu təşkilini təmin edəcək. Nəzərinizdə saxlayın ki, toya hazırlıq işləri çoxdur və buna görə də işləri, Gəlin və Bəy, aralarında bərabər bölsələr daha ədalətli və daha yaxşı olar. Ama bəzi işləri birlikdə görsəniz daha uğurlu və maraqlı olar, məsələn, gəlin paltarının və bəy geyiminin seçimi, toy maşınının seçimi, Şadlıq Sarayının seçimi.

Toya hazırlıq planını bu şəkildə yaza bilərsiniz:

  • Toy Gününün tarixi: İlk növbədə əlbətdə ki Toy gününün tarixini seçmək lazımdır. Toy gününü seçərkən aşağıda sadalanan faktorları nəzərə alın:
– İlin hansı fəslində toy etmək istərdiniz

– Toyun formatı, stili və tematikası

– Şadlıq Sarayının həmin tarixdə boş olub olmaması

– Məzuniyyət götürə bilmə imkanı

– Toya hazırlıq üçün kifayyət qədər vaxtın olub olmaması

  • Toyun stili: Toyunuzun stili və tematikası haqda fikirləşin, müzakirə edin. Gözlərinizi yumun və toy gününüzü təsəvvür edin, onun necə olmasını istərdiniz? Əgər ağlınıza heç bir yaxşı ideya gəlmirsə, üzülməyin, internet sizin bu işdə köməkçiniz ola bilər. İnternetdə axtarış sistemləri vasitəsi ilə kifayət qəsər ideya tapa bilərsiniz.
  • Şadlıq Sarayı: Çalışın şadlıq sarayını toydan 6-8 ay öncə seçəsiniz və “behləşəsiniz”, bu halda sizin, istədiyiniz tarixi seçmə şansınız daha yüksək olacaq. Yeməklərin və içkilərin menyu seçimini bəy, gəlin və onların valideyinləri birgə müzakirə edib təsdiq etsələr daha yaxşı olar, böyüklərin təcrübəsindən istifadə etmək həmişə xeyir gətirir.
Nəzərinizdə saxlayın ki “behləşmə” zamanı siz şadlıq sarayı administratoruna qonaqlarınızın təxmini sayını deməli olacaqsınız, bu məlumatı öncədən özünüz üçün təyin etsəniz yaxşı olar. Admınıstratorla toy məclisinə aid olan bütün digər detalları da dəqiqləşdirin, nə suallarınız varsa ona verin ki, sonra anlaşılmamazlıq olmasın. Toydan bir həftə əvvəl kontrol üçün şadlıq sarayına gedib administratorla bir daha görüşün və ya heç olmasa telefonla administratora zəng edin, beləliklə siz əmin ola biləcəksiniz ki onlar sizin toy barədə unudmayıblar və hər şey qaydasındadır.
  • Qonaqların siyahısı: Yuxarıda yazdığımız kimi, Şadlıq Sarayı axtarışına və seçiminə getdikdən öncə qonaqlarınızın təxmini sayını müəyyənləşdirməlisiniz. Toya bir ay qalmış isə, qonaqların tam siyahısını və qonaqların məclisdə yerləşdirilməsi planını hazırlayın. Yerləşdirmə planını hazırlamaq üçün sizdə zalın masalarının sxemi olmalıdır, bu sxemi siz şadlıq sarayı administratoru ilə birliktə hazırlaya bilərsiniz.

Yaxşı olar ki, siz toyunuza yalnız sizə yaxın insanları dəvət edəsiniz, o zaman sizin toyunuz daha mehriban və daha yüksək əhval-ruhiyyədə keçəcək, həm də əmin ola biləcəksiniz ki dəvət etdiyiniz bütün qonaqlar toyunuza gəlib iştirak edəcəklər. Uzaq tanışları toya dəvət etməklə, siz onları böyük ehtimal ilə narahat edəcəksiniz və sonunda bundan qazanan yalnız şadlıq sarayının sahibi olacaq.

  • Vaxt ayırın:

Toy hazırlıqlarına gündə neçə saat vaxt ayıra bilərsiniz? Bu sualın cavabını özünüz üçün tapın və hər gün nə qədər vaxt ayıracağınızı təyin edin. Məsələn, hər gün saat yarım və ya iki saat. Və hər gün bu vaxtı yalnız toy hazırlıqlarına həsr edin.

  • Büdcə: Toyunuzun büdcəsini müəyyənləşdirin. Kompyuterdə elektron cədvəl yaradın, büdcənizin dəyərini daxil edin və bütün xərclərinizin qeydiyyatını bu cədvəldə aparın. Beləliklə sizin həmişə büdcənizin vəziyyəti haqda məlumatınız olacaq, bu çox önəmlidir. Çalışın ki bankdan kredit yalnız məcburriyyət qarşısında olsanız götürəsiniz.
  • Görüləcək işlərin siyahısı:
Özünüzə bir gündəlik və ya dəftər tutun, bu gündəliyə bütün görüləcək işlərin siyahısını yazın. Rahatlıq üçün, çox vaxt tələb edən və çətin işləri bir neçə xırda işlərə bölə bilərsiniz. Sonra həmin işləri gündəlikdə günlər üzrə paylaşdırın. Hər hansı bir işi görüb bitirdikdə üstündən xətt çəkin, beləliklə siz həmişə biləcəksiniz ki hansı işləri artıq görmüsünüz və hansı işlər hələ görülməlidir.Siz həmin gündəliyə, toyunuza aid digər məlumatları da daxil edə bilərsiniz, misal üçün: satıcıların və dükanların telefon nömrələri və ünvanları, qiymətlər, geyim brendlərinin adları və modelləri, sizin öz komentləriniz və s.
  • İnternetdə axtarış: Dükanlara, satıcılar ilə görüşə, şadlıq sarayı administratoru ili görüşə və digər satıcılarla görüşə getməkdən öncə, yaxşı oladrı ki, internetdə toya aid olan bütün mallar və xidmətlər barədə məlumat toplayasınız və şəkillərə baxasınız. Beləliklə siz daha dəqiq nə istədiyinizi biləcəksiniz və satıcıya daha dəqiq izah edə biləcəksiniz, eləcə də siz xoşunuza gələn şəkilləri notbuk, planşet və ya telefonunuzun yaddşına yaza və satıcıya göstərə bilərsiniz.
  • Geyim, Ayaqqabı və Aksessuarlar:

Gəlin və Bəy üçün toy geyiminin, ayaqqabının və aksessuarların axtarışına toydan 4-6 ay əvvəl başlanmanızı məsləhət görürük. Beləliklə sizin bir çox variantlara tələsmədən baxmaq imkanınız olacaq, və sonunda siz həqiqətən ürəyinizcə olan və büdcənizə uyğun olan əşyaları seçib ala biləcəksiniz. Toy geyimi dükanlarını “gəzməyi” isə istirahət günlərinə salsanız daha yaxşı olar, çün ki iş günləri, işdən sonra yollarda ki tıxaclar və işdən sonra ki yorğunluq sizə rahatlıqla seçim etmək imkanı verməyəcək.

  • Nigah: İlk öncə özünüz üçün müəyyənləşdirin, niğah qeydiyyatını sadəcə “ZAQS”-da imza ataraq həyata keçirmək istəyirsiniz və ya Şadlıq Sarayında mərasim şəklində. Nəzərinizdə saxlayın ki, “ZAQS”-a(və ya “ASAN xidmət”ə) ərizəni niğahdan bir ay əvvəl vermək lazımdır. Əgər niğah mərasimini Şadlıq Sarayında keçirməyə qərar verdinizsə, o zaman nigah mərasimini aparacaq “ZAQS” təmsilçisi ilə anlaşın və toydan bir həftə əvvəl onunla telefon əlaqəsi saxlayin ki, hər şeyin yolunda olmasından əmin olasınız.
  • Foto-Çəkiliş:
Fotoqrafla tam razılaşmadan öncə mütləq özünüz onun işlərinə, portfoliosuna baxın, əsas odur ki onun işi Sizin xoşunuza gəlsin. Fotoqrafı toydan 3-6 ay əvvəl seçməyiniz məsləhətdir, bu halda fotoqrafın sizin toy gününüzdə boş olma ehtimalı daha yüksək olacaq. Toydan 1-2 həftə öncə fotoqrafa telefon zəngi edin və əmin olun ki hər şey yolundadır.
  • Video-Çəkiliş: Azərbaycanda video-operator xidməti adətən Şadlıq Sarayı tərəfindən təmin edilir, və xidmət haqqı ümumi hesaba yazılır. Lakin siz onların təklif etdiyi video çəkilişdən imtina edib, özünüz digər operatoru dəvət edə bilərsiniz. Opetator seçimində də sizə dost və tanışlarınız, eləcə də internetdə axtarış yardımçı ola bilər.
  • Tort:

Şadlıq Sarayları adətən toy tortunu özləri təklif edirlər, siz onların təklif etdikləri tort variantlarını və qiymətləri nəzərdən keçirə bilərsiniz. Əgər onların təklifi sizi qane etməsə, özünüz tortu istədiyiniz şirniyyatçıya sifariş edin.  Seçiminizi etdikdən sonra tortun nə vaxt və hara çatdırılması barədə şirniyyatçı ilə anlaşın. Toydan bir həftə əvvəl isə şirniyyatçıya telefon zəngi edib əmin olun ki sifarişiniz barədə unutmayıblar.

  • Toy Maşını və ya Fayton: Maşını bir neçə saatlıq icarəyə götürmək olar. Siz maşını, istəyinizdən asılı olaraq, sürücü ilə va ya sürücüsüz icarəyə götürə bilərsiniz. Əgər bu məsələdə qənayət etmək istəyirsinizsə, o zaman maşını qohumlarınızdan və ya dostlarınızdan da bir neçə saatlıq istəyə bilərsiniz. Əgər maşını başqa bir stildə güllər ilə bəzətdirmək istəyirsinizsə, bu barədə öncədən florist ilə anlaşın. Çalışın maşını toydan 1-2 ay əvvəl seçib, sahibi ilə “behləşəsiniz”. Toydan bir həftə əvvəl isə maşının sahibi ilə telefon əlaqəsi qurun və hər şeyin yolunda olduğundan əmin olun.
  • Floristika və Dekor:
Gəlinin gül buketinin düzəldilməsi, toy zalının və toy maşınının güllər ilə bəzədilməsi üçün sizə yaxşı florist lazım olacaq. Bunlardan əlavə, floristin köməyi gəlin üçün gül çələngi düzəltmək və gəlin paltarını güllər ilə bəzətmək üçün də lazım ola bilər. Çalışın yüksək səviyyəli floristin xidmətindən istifadə edəsiniz. Floristin səviyyəsini müəyyənləşdirmək üçün onun gördüyü işlərin foto və video görüntülərinə baxa və ya onun digər toy üçün hazırladığı toy zalına gedib baxa bilərsiniz, beləliklə siz onun bacarıq səviyyəsinin canlı şahidi olacaqsınız. Təmbəllik etməyin, gedin və baxın, axı bu sizin toyunuzdur və siz istəyirsiniz ki o bütün toylardan gözəl olsun!  Toydan bir həftə əvvəl florist ilə yenidən əlaqə saxlayın və əmin olun ki sizin sifarişiniz barədə unutmayıb.
  • Toy aparıcısı, Tamada: Toyun əhval-ruhiyyəsi və energetikası aparıcıdan da bir çox asılıdır, və buna görədə aparıcı seçiminə xüsusi diqqət yetirməyinizi tövsiyyə edirik. Adətən Şadlıq Sarayları öz aparıcılarının xidmətlərini təklif edir, ilk öncə bu variantları nəzərdən keçirin. Hər tamadanın özünə məxsus “toy-aparma” stili var, və siz, toyunuza və qonaqlarınıza uyğun olan stili seçməlisiniz. Seçiminiz hansı tamadanın üzərində dayansa, ondan xahiş edin ki sizə öz işlərinin video görüntülərini təqdim etsin və ya, əgər imkan olsa, onun apardığı hansısa bir toy mərasiminə gedib, özünüz onun işini canlı şəkildə izləyin, belə siz daha aydın anlayacaqsınız ki, bu tamada sizin toya və sizin qonaqlarınıza uyğundur ya yox. Tamada seçimini toydan 4-6 ay əvvəl etmək məsləhətdir. Toydan bir həftə əvvəl isə tamada ilə yenidən əlaqə saxlayın və əmin olun ki hər şey qaydasındadır.
  • Dəvətnamə:

Dəvətnamə seçimi çox vacib və məsuliyyətli bir işdir, çün ki qonaqlarınızda ilk toy əhval-ruhiyyəsi məhs dəvətnamədən yaranır. Ama təəsüf ki çox adam bu işə yetərincə diqqət yetirmir və dəvətnamələri hazır formada Şadlıq Sarayından alır.Dəvətnamələri toydan 10-15 gün əvvəl qonaqlarınıza paylayın, beləliklə onlarında öz işlərini planlaşdırmağa yetirincə vaxtları olacaq.

  • “Qızıl”, Zinyət əşyaları: Adət-ənənəmizə görə, bəy gəlin üçün “qızıl” almalıdır. “Qızıl” seçiminə, bəy və gəlin, birliktə getsəniz daha yaxşı olar, çünki o əşyaları gəlin bəyənməlidir və eyni zamanda bəyin büdcəsinə uyğun olmalıdır. Bu işi də siz istirahət günlərinə sala bilərsiniz və axtarışlara toydan 2-3 ay əvvəl başlasanız daha yaxşı olar, beləliklə sizin daha çox variantlara baxmaq imkanınız olacaq və qiymətdə aldanma ehtimalınız daha az olacaq.
  • Bəy və Gəlin ifasında rəqs:
Bu məqamı bütün qonaqlar səbirsizliklə gözləyir, çün ki toyun ən gözəl hadisəsi elə budur, Bəylə Gəlinin ifasında gözəl və romantik rəqs. Buna görə də toy rəqsinə çox diqqət yetirmək lazımdır, yaxşı müəllim və ya rəqs studiyası tapın və rəqs hazırlığına yetərincə vaxt ayırın. Repetisiyalara toydan 2-3 ay əvvəl başlamaq məsləhətdir, bu vaxt ərzində siz rəqsi yaxşı səviyyədə öyrənə biləcəksiniz.
  • Səyahət: Toydan sonra həyat yoldaşınızla yollanacağınız səyahət – həyatınızın ən romantik və gözəl anlarla dolu günləri kimi yaddaşınızda qalmalıdır. Buna görə də bəy və gəlin hansı yerləri görmək istədiklərini, hansı istirahət növünə daha çox üstünlük verdiklərini, hansı peyzajları daha çox xoşladıqlarını müzakirə edib qərar verməlidirlər. Elə insanlar var ki, çimərlik istirahət növünə daha çox üstünlük verirlər, bəzi insanlar tarixi yerləri sevirlər, digərləri isə meşəlik və təbiəti. Bunları mütləq nəzərə almaq lazımdır ki, səyahətdən ikinizdə zövq ala biləsiniz.
Qərar verdikdən sonra, turizm agentlikləri ilə əlaqə saxlayın, qiymətlərlə maraqlanın və seçiminizi edin. Bundan sonra səyahətin çox önəmli bir hissəsi olan Səyahət Planını hazırlayın, gedəcəyinin ölkənin və ya şəhərin hansı yerlərini görmək istədiyinizi, hansı tarixi yerləri ziyarət etmək istədiyinizi və s., bunların hamısını yazın və səyahətin günləri üzrə paylaşdırın. Gedəcəyiniz ölkənin və ya regionun geoqrafiyası və mədəniyyəti barədə məlumat toplayın, bu məlumat sizə naviqasiya üçün və yerli insanlar ilə ünsiyyət qurmaq üçün lazım ola bilər. Bu məlumatları toplamaq üçün siz internetdə axtarış sistemlərinin köməyindən istifadə edə bilərsiniz. Səyahəti toydan 5-6 ay öncə “sifariş edin”, bu halda səyahət sizə daha ucuz başa gələcək və istədəyiniz oteldə boş otaqların olma ehtimalı daha yüksək olacaq. Səyahətə özünüzlə aparacağınız əşyaları toydan 3-4 gün əvvəl yığmağa başlayın, heçnə yaddan çıxarmayın ki, səyahət zamanı əlavə pul xərcləri etməyəsiniz.
  • Toy Gününün planı:

Və nəhayət, sonuncu iş, Toy gününün planını hazırlamaq lazımdır. Misal üçün, gəlinin toy günü planı bu formada yazıla bilər:

  1. 09:00 – 10:00 -> Yuxudan oyanmaq. Duş qəbul etmək
  2. 10:00 – 10:30 -> Səhər yeməyi
  3. 11:00 – 13:00 -> Saç ustası
  4. 13:00 – 13:30 -> Vizajist
  5. 14:00 – 14:30 -> Gəlin paltarını geyinmək və aksessuarları taxmaq
  6. 14:30 – 15:30 -> Qız evində furşet
  7. 15:30 – 17:30 -> Bəy və Dostlar ilə gəzinti, Foto-sessiya
  8. 17:30 – 18:00 -> Şadlıq Sarayına gediş
  9. 18:00 – 23:30 -> Toy mərasimi

Bu qədər! Artıq siz toya tam hazırsınız. Toy günündən həzz alın və Xoşbəxt Olun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir