gemi

Ucuz ala biləcəyimiz məhsul üçün niyə böyük pullar xərcləyirik?

Baxış sayı: 158

Son dönəm insanların lüks həyata düşkünlüyü ciddi miqyas alıb. İnstaqram insanların öz dəbdəbəli həyatını nümayiş etdirəcəyi məkana çevrilib. Bahalı telefonlar, bahalı yeməklər, bahalı geyimlərE İnsanlar az qala yarışa çıxıblar. Baxırsan ki, aylıq məvacibi 500 manat olan azərbaycanlı kreditlə də olsa 1200 manatlıq bahalı telefon və ya kürk alır. Maraqlıdır, insanları daha ucuz qiymətə satın ala biləcəkləri bir məhsul üçün böyük pullar xərcləməyə sövq edən nədir?

Bahalı əşya və məhsullar hər zaman daha keyfiyyətli, daha fərqli və daha çox özəlliyə sahibmiş kimi təqdim edilir. Amma həqiqətənmi elədir? İnsanlar asanlıqla qazanmadıqları pulu necə bu qədər asanlıqla xərcləyə bilir? Bir əşyanın qiymətinin bizim təsəvvürümüzə necə təsir göstərməsi ilə bağlı aparılan araşdırmlara görə, bizim dəyər anlayışımız baxımdan qiymət o qədər önəmlidir ki, daha ucuz olanla eyni keyfiyyətdə də olsa, bahalı şeyləri daha üstün və ya təsirli hesab edirik.

Kaliforniya Texnoloji İnstitutu və Stanford Universitetinin apardığı bir araşdırma üzə çıxarıb ki, iştirakçılara eyni şərab daha yüksək qiymətə təqdim olunanda reaksiyaları fərqli olub: onlar bu şərabı daha çox bəyəndiklərini deyərək, onu böyük zövqlə içiblər. Başqa bir araşdırmada isə “plasebo” ağrı kəsicilərdən istifadə olunub. Dərmanın qiyməti baha deyildiyi zaman ondan istifadə edənlər “təsirinin güclü olduğunu” söyləyiblər.

 

On min dollarlıq viski daha çox zövq verir, nəinki ikiqat daha ucuzu

Harvard Universitetində psixoloq və istehlakçı sahəsi üzrə professor olan Maykl Nortona görə, insanlar ikiqat bahalı olan məhsulun ikiqat daha keyfiyyətli olduğunu düşünür. Hətta bu məhsulları satın alanların prosesdən sonra çox razı qaldıqları özünü göstərir. Daha bahalı məhsullara yönəlmə səbəbimiz də məhz bu səviyyədə razı qalma duyğusunu yaşamaq istəməyimizdir.

Hər kəsin “3 ulduz” verdiyi bir restoran, şirniyyat və ya film, bəzilərininsə “5 ulduz” verdiyi məhsuldan daha etibarlı bir seçimdir. Amma ən yaxşı təcrübəni yaşamaq arzusu, riskə baxmayaraq, digər seçimi tərcih etməyə yönləndirə bilər.

Hər hansı bir məhsul və ya təcrübə üçün böyük pullar ödəyən insanlarda da eyni məntiqin keçərli olduğu qeyd olunur. “On min dollarlıq viski, yarı qiymətdəki viski ilə müqayisədə ikiqat daha artıq zövq verə bilər. Bəziləri isə sadəcə, özünəməxsus, daim xatırlayacağı sayaq təcrübələri yaşadığı zaman uğur əldə etmiş kimi hisslər keçirir.

Araşdırmaçı Coşua Kartu həvəskar yarış maşını sürücüsü və Ferrari kolleksioneridir. Eyni maraq dairəsini paylaşan seçmə bir sosial çevrə ilə əlaqə qurmasını təmin etdiyi üçün maşınlara da maraq göstərdiyini deyir. “Maddi üstünlük və fərqliliklər yaşadığımız zaman xoşbəxtliymiz çox böyük olur. Amma digər bütün məsələlərdə olduğu kimi, onları da tez-tez və çox etdikcə daha az zövq almağa başlayırsınız. Ferrari satın alma yolu ilə, çox ilginc, özəl insanlardan ibarət bir qrupun parçası olursunuz”.

Kartu bu günə qədər yaşadığı ən yaxşı təcrübənin bir rus “MiG” müharibə təyyarəsi ilə uçmaq olduğunu deyir: “Normal sərnişin təyyarələrinin iki qatı yüksəkliyində uçduq. Günün ortasında ulduzları və dünyanın ən yüksək yerlərini gördük. Həyatımın ən gözəl təcrübəsi idi”.

Hər kəsin bir müharibə təyyarəsində uçmağa və ya Ferrari kolleksiyasına gücü çatmasa da, araşdırmaçılar “təcrübəyə bağlı keçmişə” marağın böyük olduğunu və buzdan hazırlanan oteldə qalma, ilginc bir yerdə yemək yemə və ya ilginc bir dadı dadmaq kimi təcrübələri yaşamağın daha geniş yayıldığını iddia edir.

 

Kimi də uğur qazandığını sübut etmək üçün pul xərcləyir

Bəziləri isə uğur qazanan insan olduqlarını göstərmək üçün çox pul xərcləməyə yönəlir. Kartu deyib ki, artıq ünsiyyətdə olduğu insanlara onların səviyyəsində olduğunu göstərməsi lazım olub. Amma bir müddət sonra insanlara təsir göstərmək istəyi əhəmiyyətini itirib.

İqtisadiyyat nəzəriyyələrində isə göstərilir ki, bir əşyaya tələb artdığı zaman onun qiyməti düşür. Amma tərsinə, Veblen məhsulu olaraq adlandırılan lüks məhsullarda bu nəzəriyyə özünü doğrultmur. Əksinə, məhsulun qiyməti artdıqca ona tələbat da artır.

Professor Elizabeth Kurrid-Halkettə görə, Amerikada varlılar daha az lüks istehlak malları alırlar. Məsələn, bahalı bir marka çanta almaq yerinə keyfiyyətli, orqanik qida məhsullarına yönəlirlər. “Günümüzdə insanların sosial statusunu müəyyən etmək baxımdan maddi nəsnələr daha az əhəmiyyət kəsb edir. Bu məhsulların həddən artıq bol olması artıq keçmişdə olduğu kimi az tapılır və lüks olmasına mane olur. Yəni, təcrübələr və bahalılığı haqlı qılacaq bir hekayəsi olan məhsullara yönəlimlər onlar baxımdan bir status simvolu yaradır.

Lüks məhsullar satın almanın daha bəsit bir səbəbi isə bu məhsullarda xoşbəxtlik axtarışıdır. Onların alan insanı xoşbəxt edəcəyi düşünülür. Norton isə xərcləmə yolu ilə xoşbəxtlik hissinin nə qədər çox xərcləmə edildiyinə yox, nə şəkildə xərcləmə edildiyinə bağlı olduğunu vurğulayır.

Norton eyni zamanda bildirib ki, artıq bir çox insan məhsul satın alaraq xoşbəxt olmaqdan uzaqlaşır. Yeni təcrübələr üçün para xərcləməyə yönələnlər də artıb. Nortonun araşdırmaları həmçinin sübut edir ki, pul xərcləmək insanları daha xoşbəxt edə bilər.

“Özünüz üçün nəsə aldığınız zaman o an xoşbəxt olursunuz. Amma bu xoşbəxtlik zamanla artmaz. Halbuki başqalarına bir şeylər vermək zamanla xoşbəxtliyi daha da artırır”.

 

Dünyadakı varlıların toplam sərvəti 39.9 trilyon dollardır

Statistika isə ortaya ilginc nəticələr qoyur. Məlum olur ki, dünyanın ən varlı insanları gündə yox, saniyədə pul qazanırlar. Bu məbləğ isə kasıbların gözlərini hədəqəsindən çıxarır. Amma bu pulları xərcləyərkən çox diqqətli davranırlar. Məsələn, “Forbes” jurnalında tez-tez ən varlı adamların sırasında yer alan, 67,8 milyard dollarlıq sərvəti ilə birinci olan Karlos Slim 12 yaşından bu günə qədər yediyi, içdiyi və aldığı paltarlar da daxil olmaqla bütün xərclərini bir kənara qeyd edir. 13 ildən sonra dünyanın ən varlı insanı ünvanını əldən qaçıraraq ikinci olan Bill Qeyts isə dünyanın ən bahalı evində yaşayıb. Amma özəl bir təyyarəsi, gəmisi olmayıb. Heç lüks partilərə də qatılmayıb. Sərvəti 56 milyard olan Qeyts gündə 17 saat çalışıb və saniyədə 250 dollar qazanır. Dünyanın ən varlıları siyahısında üçüncü olan Varren Buffetti isə maliyyə dünyasının dahisi adlandırılar. Amma bu dahi 20 ildir eyni pulqabından istifadə edir.

Keçək, onların yaşayış yeri ilə bağlı tərcihlərinə. Dünya varlıları onlar daha çox London və Nyu-York şəhərlərini tərcih edirlər. Araşdırmalara görə, dünyada illik xərcləri 100 milyon dollardan çox olan 63 min nəfər yaşayır. Bu adamların toplam sərvətləri isə 39,9 trilyon dollar təşkil edir. Rəqəmlərlə bu qədər. Bu günlərdə mərkəzi Nyu-Yorkda olan Luxury İnstitutu maraqlı bir araşdırma hazırlayıb. Həmin araşdırmaya görə, sərvət sahibləri və milyarderlərin lüks həyat tərzi ilə bağlı bir çox yanlışlar var. Yanlışların sıralaması isə belədir:

1.Varlılar pulu asanlıqla qazanıb, asanlıqla xərcləyirlər. Halbuki, onlar nəyisə satın almadan öncə yanlarında çalışan araşdırmaçıları onlara məlumat verir, ən ucuz və sərfəlisini alırlar.

2.Varlılar başqa bir aləmdə yaşayan harınlardır. Əslində varlılar bir çox kasıblardan və ya orta sinif nümayəndələrindən fərqli olaraq daha az alış-veriş edir. Milyonçuların həyata dair ən böyük narahatlığı isə uşaqlarını yaxşı yetişdirmək, yaşadıqları həyat standartını qoruya bilmək, eyni şəkildə valideynlərinin də yaşlılıqlarında rahat yaşayışını təmin etməkdir.

3.Milyonçular üçün bir malın bahalı olması hər şeydən önəmlidir. Bunun yanlışlığını isə iqtisadi araşdırmalar ortaya qoyub. Varlılar həyat təcrübəsinin də qatqısı ilə keyfiyyətli malı dərhal ayırd edə bilir. Onların qabağına onlarla marka qoysan, mütləq ən keyfiyyətlisini seçəcək.

4.Varlı müştərilər heç vaxt müştəri məmnunluğu ilə bağlı rəy sorğularına qatılmırlar. Əksinə, əksər varlı müştərilər savadlı olduqları üçün bilirlər ki, markanın önəmini bu cür rəylər müəyyənləşdirir. Ona görə də maksimum aktiv olurlar.

5.Milyonçular internetdən çox istifadə etmir. Bu da yanlış bilgidir. Vaxtının çoxunu işləməklə keçirən varlılar onlara zaman qazandıra biləcək hər şeydən istifadə edirlər. Bunların sırasında isə internet üst yerlərdədir. Onlar internetə daha çox lüks mallar, lüks xidmətləri axtarmaqla yanaşı, işlərini daha sürətlə icra etmək üçün baş vururlar. Yəni bank əməliyyatları və internet vasitəsilə alış-veriş üçün…

6.Bazar araşdırmaları və rəyləri varlıların satın alma qərarları üzərində təsirli deyil. Araşdırmadan məlum olub ki, varlıların 80 faizi güvənli hesab etdikləri şəxslərin və qurumların qərarlarına önəm verir.

7.Lüks marka sahibləri sadəcə, ən varlıları hədəf almalıdır. Əslində araşdırmalar göstərib ki, savadlı və həyatı anlayan varlılar üçün uşaqlarının, özünün səyahət planları, sağlam yaşam tərzi daha çox önəm daşıyır.

 

Milyonçuların da daxil olduğu kateqoriya var

Dünya iqtisadiyyatı üçünsə varlılar iki kateqoriyaya ayrılır. Bunlardan ilki “HNWI (High-net-worth individuals-Yüksək dəyərli fərdlər) adlanır. Bu sinfə daxil olan zənginlər 1 milyon dollar və ya daha çox var-dövlətə sahibdilər.

İkinci sinfə aid olanlar isə “U-HNWI (Ultra high-net-individuals-Ultra yüksək dəyərli fərdlər) adlanır. Bu sinfə daxil olanlar isə 30 milyon dollardan daha çox var-dövlətə sahibdilər. Araşdırmalar onu da göstərib ki, yeni varlı olmuş insanlar daha öncəki varlılara görə ilk mərhələdə daha çox pul xərcləyirlər. Onlar öz var-dövlətini daha çox göstərməyə çalışırlar. Çox bahalı evlər, maşınlar alırlar. Tanınmış və çox varlı insanların getdikləri klublara üzv olmağa çalışırlar.

İkinci mərhələdə isə ailə ilə bağlı məfhumlara önəm verməyə başlayırlar. Evli deyillərsə, ailə qururlar. Uşaqlarına yaxşı bir təhsil vermək üçün uğraşırlar. Vergi məsələlərinə daha çox diqqət edirlər. Üçüncü mərhələdə isə xeyriyyə işlərinə maraq göstərirlər. Bu müddətin uzunluğu zəngindən-zənginə fərqlidir. Bəzən 10, bəzən 20, çox vaxt isə 30 il ala bilər.

Bu arada onu da deyək ki, son 10 ilin milyonçuları daha çox var-dövlətə özləri sahib olanlardır. Halbuki 50-60-cı il öncəyə qədər insanlara var-dövlət miras olaraq qalırdı.

“Forbes” jurnalı diplomu belə olmayan, dünya üzrə 25 məşhur multimilyonçunun adını açıqlayıb. Həmin siyahıda Türkiyədən Əhməd Nazif Zorlu da yer alıb. Məlum olub ki, Zorlu 15 yaşında liseyi tərk edib. Buna səbəb ailəsinə maddi yardım etmək üçün işləmək istəməsi olub. “Forbes”in siyahısının başında liseyi 17 yaşında ikən tərk edən məşhur aktyor Robert De Niro da var. Məşhur multimilyonçular arasında olimpiada çempionu, boksçu George Foreman, maneken Gisele Bundchen, Jim Clark, aktyor Sidney Poiter, aktrisa Uma Thurman ve Jessica Simpson yer alır.

Amma indi dünya zənginləri və onların övladları tənqidə məruz qalacaq davranışlar nümayiş etdirir. Onların yaşadığı hər cür lüksü sosial şəbəkədə paylaşması, hətta absurda varan zənginliklərini nümayiş etdirmələri birmənalı qarşılanmır. İçi dollarla dolu olan lüks idman maşınları, ev heyvanı olaraq pələng, şir saxlayanlar, onları maşınlarına mindirənlər… Psixoloqlar hesab edirlər ki, onlar da zənginliklərindən yetərincə zövq ala bilməyən kəsimdir. Yəni, varlı olmaq bu kateqoriyaya bəs etmir. Üstəlik, bunu nümayiş etdirib, başqalarında həsəd yaratmaq və hətta qıcıq yaratmaq, söyüş qazanmaq da onların zövqləri sırasına daxildir.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir