BAGCA

Uşaq nə zaman baxçaya qoyulmalıdır?

Baxış sayı: 2. 223

“Uşaqlarımızı nə zaman bağçaya qoymalıyıq? Bağça tərbiyəsi neçə yaşdan sonra önəmlidir? Erkən yaşda körpənin bağçaya verilməsinin mənfi tərəfləri”.

Bu suallar hər bir körpəsi olan ananı narahat edir.

Uşaq psixoloqlarının fikrincə, 3 yaşına qədər olan uşaqlar emosional baxımdan analarına həddən artıq bağlı olur. Onların həyatlarının mərkəzində məhz anaları dayanır. Anaları onları qeyri-şərtsiz sevir, qoruyur və bilmədiklərini öyrədir.

Belə bir mühiti dəyişib bağça mühitinə keçmək 3 yaşına kimi uşaqların psixologiyasına mənfi təsir edir. Anası ilə ideal həyat yaşayan körpə qoparılaraq başqa bir dünyaya “bağça aləminə”, yad insanların diktəsinə, onların tabeçiliyinə buraxılır.

Belə ki, bu hadisə onların dünyasına hansı izlər buraxacağını, şəxsiyyətinin formalaşmasında hansı mənfi yönümlü xarakterlər yaranacağını zaman göstərəcək. 3 yaşına qədər uşağın saatlarla başqa uşaqlarla oyun oynamaq və anasız qala bilmək tələbatı yoxdur. Deyə bilərsiz ki, bağçada intellekti gücləndirən oyunlar, sosiallaşmağa kömək edən mühit var.

Amma intellekti inkişaf etdirən xüsusi mərkəzlər var. Belə mərkəzlərə ana ilə gəlib 1-2 saat məşğul olaraq ananı yanında hiss etmək uşağın özgüvənini qorumağa yardımçı olur. İnkişaf mərkəzində ana həmişə yan otaqda olur və hər an uşağın köməyinə çata bilir. Bu məşğuliyyət uşağın xoşuna gəlir və çox məmnuniyyətlə gedir. Diqqət etmisinizsə, uşaqlar bağçaya gedərkən ağlayır, narazıçılıqlarını bildirirlər. Ona görə ki, onlar psixoloji olaraq analarından ayrıla bilmir.
Özlərini atılmış, tərk edilmiş hiss edirlər və bu qorxu vahiməyə çevrilir. Bu hadisələrdən psixoloji travma alan uşaqlar aqressivləşir, sanki bağçanın qoyduğu qayda-qanunlara itaət etməni, anadan zamansız yerə ayrılmağın acığını evdə kobudluqları və kaprizləri ilə nümayiş etdirir. Bu tip uşaqlar narazı, “dəymə-düşər” olurlar.

3 yaşından sonra bağçaya verilən uşaq zamanla anasından ayrılmağa alışır və bunu özü istəyir. Bir şərtlə ki, 3 yaşınadək uşaq anasına yetəri qədəri ilə “doyub” və heç vaxt uzun müddət anasından ayrı qalmayıb, həmçinin qəfil anasını itirmək qorxusunu yaşamayıb.

Müasir dünyanı uşaq bağçası olmadan təsəvvür etmək mümkün deyil. Əksər valideynlərə, xüsusi ilə işləyən valideynlərə bağçasız mümkün deyil. Amma bütün bunlara baxmayaraq “ayrılığa hazır dövrdə” uşaq bağçaya verilməlidir. Çünki onun ətrafını aktiv şəkildə dərk etməyə həmçinin başqa uşaqlarla ünsiyyətə, məşğələlərə maraq və ehtiyacı var. Təbii ki, bütün bunlar uşağın xeyrinə nəticələnir. Yaşantınızı, həyat tərzinizi, arzu və istəklərinizi körpənizə bağladığınıza görə onların psixoloji vəziyyətini nəzərə almadan onların yerinə hər hansı bir qərar vermək qəti qadağandır.

Uşaqların cəmiyyətdə sağlam şəxsiyyət kimi formalaşmasında hər bir hadisənin böyük rolu var. Buna görə də nə olursa olsun, onların yaşını, psixoloji vəziyyətini nəzərə alıb addım atmaq lazımdır. Axı uşaqlar bizim gələcəyimizdir!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir